SON DƏQİQƏ:

"Ədalət"in vaxtı: Tahir Əmiraslanovla

  53356   |  
Şriftin ölçüsü  

"Zaman üçün qüsur tapa bilərik, ancaq zaman danışarsa, utanmaq məcburiyyətində qalarıq”, – deyiblər. Bəlkə də, bu dünyada nailiyyətlərini, uğursuzluğunu, sevincini, kədərini lal zamanın boynuna atmayan, insanı zamandan fövqəl görən tək-tək insan tapılar, amma fərqləri ilə yanaşı söhbətinə, idrakına doyum olmaz. "Ədalət”in vaxtı”ndakı növbəti qonağı bu cür – zamanla mübarizədə qalib çıxmış insanlardan hesab etmək olar. Qonağımızla maraqlı söhbətdən öncə, onu daha yaxından tanıyaq:

Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov –  1958-ci ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1979-1984-cü illərdə Leninqrad Sovet Ticarəti İnstitutunun ictimai iaşənin təşkili və texnologiyası fakultəsində təhsil alıb.

Onun təşəbbüsü ilə 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Milli Kulinariya Mərkəzi yaradılıb və ilk gündən Tahir Əmiraslanov həmin təşkilata rəhbər təyin edilib. 1992-ci ildə onun əməyi nəticəsində Azərbaycan sabiq SSRİ məkanından və türk dünyasından Ümumdünya Kulinariya Təşkilatları Birliyinə qəbul edilən ilk və yeganə ölkə olub.

Bu təşkilatın 90 ildə yalnız 96 nəfərə verdiyi ən yüksək kulinariya mükafatının sahibidir. 1998-ci ildən YUNESKO-nun Beynəlxalq Xalq Yaradıcılığı Təşkilatının üzvü, 2000-ci ildən Ənənəvi Qida Komitəsinin sədr müavini, 2004-cü ildən sədridir. Rusiya Kulinariya Assosiasiyasının vitse prezidenti, Dünya hakimlər kollegiyasının üzvüdür. Fransa Kulinariya Akademiyasının, Malta, Rumıniya, Yerusəlim, BƏƏ-nin və s ölkələrin Kulinariya Assosiasiyalarının fəxri üzvü, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, tarix elmləri namizədidir.

Müxtəlif dillərdə (yapon, macar, rumın, ingilis, rus və s.) çap edilmiş 20-dən çox kitabın, o cümlədən Azərbaycanın ilk Kulinariya ensiklopediyasının, çoxsaylı məqalələrin müəllifidir. Mühəndis, texnoloq, usta aşpaz, professor, tarix üzrə fəlsəfə doktorudur.

...Və Tahir Əmiraslanovun zaman anlayışı:


- Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

– Zaman mürəkkəb olduğu qədər də çox sadə anlayışdır. Zaman yoxluqdan, boşluqdan yaranan fiziki dünyanın parametridir. İncildə deyilir ki, dünya qaranlıq içindəydi və bunun üzərində müqəddəs ruh Elovim qərar tutmuşdu. Və o dedi: "Qoy dünya işıq olsun”, beləliklə dünya işıqlandı. Bununla da ilk dəfə bərk maddə yarandı, eyni zamanda işığın sürəti yarandı. Allah dünyanı işıqlandırmaqla, enerjini, kütləni, məsafəni, məkanı və zamanı yaratdı. İşıq yoxa çıxarsa, zaman da yoxa çıxar. Bax, zaman bu cür yarandı. Bizsə bu işıq zərrəciklərinin, dolayısı ilə zamanın içindəyik. Buna görə Eynşteyn deyirdi ki, işığın sürətini keçmək olmaz, amma zamansız yerdəyişmə, yəni merac mümkündür. Şərq ədəbiyyatında, nağıllarımızda, dini kitabımızda bunun haqqında danışılır. Deyilir ki, müxtəlif məkanlara düşsək, orada zaman axını da başqadır. Bəlkə, orda Yer günəşin ətrafında 365 günə yox, 500 günə fırlanır?! Zaman məfhumu məkana görə dəyişir. Zaman ölçüsünü kainatda baş verən təbii hallara əsasən biz özümüz qoymuşuq. Bəzi nağıllarda göstərilir ki, məsələn, bir nəfər başqa məkana düşür, orada yeddi gün keçirir, amma yaşadığı yerə qayıdanda görür ki, əslində uzun zaman keçib, adamlar qocalıb. Bunların hamısı şərq fəlsəfəsində həmişə olub. Zamanı çərxi-fələk də adlandırırlar:

Zaman insanı yeyir, gözü heç doymayandı

Yalnız  uca yaradan bizi tək qoymayandı.


Mənə gəlincə isə, sutkada 24 yox, 25 saatım var...


– Niyə məhz 25?

– Bir saat artıra bilirəm. Digər vaxtlardan qoparıb bu əlavə saatı yaratmışam.

 

"Zamanı biz yaratmışıq, zaman bizi yarada bilməz”

 

– Onda belə çıxır ki, siz zamanı hər kəsin qəbul etdiyi kimi görmürsünüz...

– Zaman nisbi anlayışdır. Onu hər kəs özü təyin edə bilər. Zamanı idarə etmək bizlikdir – bu günə bir gün deyim, ya bir ay deyim və s. Bəzi Şərq ölkələrində bilirsiniz ki, zaman ay təqvimi ilə  bölünür. Məsələn, miladi təqvimlə mənim ad günüm martdadırsa, qəməri təqvimlə qışa düşə bilər, payıza da düşə bilər, hətta bir ildə iki dəfə ad günüm ola bilər. Ona görə də adamın hansısa ritmlə yaşaması onun düşüncəsinə təsir edir, amma o ritmin – zaman düşüncəsinin içindən çıxanda o, başqa cür yaşaya bilir. Zamanı idarə etmək bizim əlimizdədir. Allah bizi yaradarkən öz ruhundan verib. Nəsiminin diliylə desək, "Girdim Adəm donuna”, yəni biz Allahın Yer üzündə bərk maddədə təcəssümüyük. Deməli zamanı biz yaratmışıq, zaman bizi yarada bilməz.


– Yəni zamanı özümüzə tabe edə bilərik...

– Bəli, tabe edə bilərik...


– Elə isə niyə biz ona tabeyik, ondan asılıyıq?  Zamanı özümüz öz əlimizlə bölüb içinə girmişik?

– İnsan çox şeylərdə özünü aldadır. Və öz yalanlarını həqiqət kimi qəbul edir. Fiziki anlamlar, real anlamlardan fərqlənirlər, onları olduğu kimi də qəbul etmək olar, olmadığı kimi də. Məsələn, biri filin qulağından tutub deyir, həyat yorğandır, o biri quyruğundan yapışıb deyir ki, həyat kəndirdir. Bax, oturduğumuz binanı görmürük, çünki onun içindəyik, amma dərk edirik. Zaman da belədir. Biz zamanın, zaman da bizim içimizdədir. Zaman dəqiq məfhum deyil. Biz müəyyən şeylərdə onu anlayırıq. Biz işıq zərrəciklərinin içində üzürük, eləcə də zamanın içindəyik. İşıq bitəndə biz də bitəcəyik. Amma fiziki olaraq, ruhumuz ki bitmir!.. Vücud ruhun paltarıdır və köhnəlmiş paltarı atmaqdan qorxmaq lazım deyil.

 

"İnsan zamanı da, məkanı da, həyatını da dəyişdirə bilər”

 

– Bəzi insanlar özlərini  yaşadıqları zamana aid etmirlər. Ya 100 il öncə və ya sonra, ümumiyyətlə, başqa zamanda yaşamalı olduqlarını deyirlər, siz necə, öz zamanınızdasınız?

–  Biz həqiqəti olduğu kimi qəbul etməliyik. İnsana 2 cür tale verilir: birinci tale əvvəlcədən proqramlaşdırılıb. Yəni, biz harda, nə vaxt, kimdən doğulacağımızı qabaqcadan seçə bilmərik, bu bizim ixtiyarımızda deyil. Amma digər ikinci tale bizim əlimizdədir. Bizim seçim qabiliyyətimiz var. Bütün məxluqlar arasında Allah-Taala yalnız bizə seçim hüququ verib. Məsələn, mələklər buyruq quludurlar, onlar seçə bilməzlər. İnsan Kainatı düşündükcə onu formalaşdırır, dəyişdirir. İstədiyi kimi hərəkət edib, zamanı da, məkanı da, həyatını da dəyişdirə bilər.


– Bəs insan niyə dəyişdirmir, özünü aid olmadığı zamanda görmək istəyir? Niyə öz zamanı ilə ayaqlaşmır, özünü, deyək ki, cəngavərlər dövründə və yaxud robot əsrində təsəvvür edir?

– Bəzi insanlar xəstə təxəyyüllüdürlər. Xəyallarını real olaraq qələmə vermək istəyirlər. Bəziləri özlərinə həddindən artıq dəyər verirlər. Bu dünyada Nizami Gəncəvi, Şəbüstəri, Plutarx və başqaları kimi dahilər olub, öz dövranlarını yaşayıb gediblər. Dünyadan nə dəyişib ki, onların gedişi ilə?! Dünya öz məhvərində, öz axarında yenə də davam edir. Necə ki, bizsiz də davam edəcək. Yəni, özünü həddindən artıq qiymətləndirmək olmaz. İnsan özü üçün, ailəsi, yaxınları üçün qiymətlidir.


– Ümumiyyətlə, zamanın nəbzini tutmaq asandır?

– Zaman əgər bizimkidirsə, əlbəttə ki, asanddır, o nə "köpəyoğlu”dur ki, bizə qulaq asmasın...

 

"İstədiyim vaxt zamanın başına oyun açmışam”

 

– Zamanın sizdən aldıqları çox olub, ya sizin ona verdikləriniz?

– Mən zamana nələrsə vermişəm ki, o, bunların müqabilində ala bilib də...  Yoxsa necə alacaq, olmayan yerdən nə ala bilər ki?! İstədiyim vaxt zamanın başına oyun açmışam.


–Bəs zaman necə, o sizin başınıza oyun açıb?

– O min illərdir nə edirsə, ona da davam edir, başqa nə edəsidir ki!.. Gördüyü işi görür, zamanın pisi-yaxşısı yoxdur. Zamanı pis və ya yaxşı edən biz insanlarıq. Zamana münasibəti yaradan bizik. Zaman, az öncə dediyim kimi, fiziki anlamdır, ona seçim verilməyib. O, sadəcə, axdığı kimi axır. İndi ona necə daxil olub yanaşılmalı, qarşısına bənd qoyulmalı, sürətini artırmalı – bu, ancaq insandan asılıdır. Günahı zamanın üstünə atmaqla deyil. Zamanı zaman edən bizik. İnsanlar daima düşmən axtarışındadırlar. "Mən bunu edə bilmədim, günahı zamandadır və ya filankəsdə, qonşuda, yaxud da məkanda, şəraitdədir”.  Əslində, bütün qələbələr və məğlubiyyətlər insanın özündə, daxilindədir.


– Deyirlər zaman naşı bir cərrahdır, onun etdiyi əməliyyatın yeri illər sonra mütləq qanayacaq...

– Zaman bədbəxt bizə nə edir ki, neyləyiriksə, biz ona edirik! Bəzən biz 20 yaşında deyilənləri 40 yaşında etməyə başlayırıq, onda dərk edirik.


– Bunda zaman günahkar deyilmi? 20-də lazım olan 40-da edilirsə, deməli burda zamanın "barmağı” var...

– Xeyr, bizim quruluşumuz düzgün qurulmayıb. İnsan artıq müəyyən yaşa gəldikdə dərk etməlidir, mənən yetişməlidir. Görürsünüz ki, elə adam var 20 yaşında kişiləşir, belə deyək məsuliyyətini dərk edir, adam da var ki, 50 yaşında özünü uşaq kimi aparır. Bunun günahı zamandadırmı?! Kənarda günah axtarmaq zəiflikdir. Kimsə səhv edir, illər keçəndə onu dərk edəndə deyir ki, uşaq olmuşam, ağlım kəsməyib. İşi görən adam onun yolunu tapır, bilməyən bəhanəsini.

 

"Həyat güzgüdür, ona necə baxırsansa, onu da göstərir”

 

– Həyatınızda vaxt itkisi və ya təəssüfləndiyiniz məqamlar olub?

– Bir insan kimi atamı itirəndə təəssüflənmişəm. Çünki atamla kifayət qədər ünsiyyətdə olmamışdım. Amma bu bizə yazılan taledir. Onunla mübarizə apara və ya dayandıra bilmərik. Amma öz əlimizdə olan taleyə nəzər salsaq yox, mən vaxt itkisinə yol verməmişəm. Çətinliklərim olub, amma onları dəf etmişəm, darıxmadan yaşamışam. Həyatın bir qanunu var: harda nə axtarırsansa, onu tapırsan. Mən həyatda gözəllik, yaxşılıq, ülfət, saflıq axtarışında olmuşam və tapmışam. Düzdür, arxadan vuran, satan, xəyanət edən də olub, amma bunlar boş şeylərdir. Qələbə çalmaq üçün oturub gözləmək və ya onu qazandıqdan sonra bununla kifayətlənmək olmaz. Həyat güzgüdür, ona necə baxırsansa, onu da göstərir.


– Bəs vaxt bölgüsünə riayət edirsiniz, yoxsa elə hər şey spontan gəlir?

– Elə məqamlar var ki, riayət etməliyəm. Məsələn, bu gün sizə müsahibə verəcəkdim, ona görə də başqa işləri təxirə saldım. Çünki başqalarının da zamanına hörmət qoymalıyam. Amma sizlə bu görüşü təyin etməsəydim, onu dolu keçirmək üçün başqa vasitələr tapacaqdım. Ən azından kitab oxuyacaq, telefonla nəvəmlə danışacaqdım, bəlkə də şeir yazacaqdım. Mənim zamanım doludur, boş vaxt tapa bilmirəm.


– Vaxtınızı ən çox nə alır?

– Nəyə sərf eləsəm o alacaq. Məsələn, nəvəmlə vaxt keçirməyi sevirəm, yaradıcılığa,  ailəmə sərf edirəm, peşəmlə əlaqədar işlərimi görürəm, balıq tutmağı sevirəm, adamın eynini açır. Bir işdən yorulanda digərinə keçirəm.  Həyatda o qədər maraqlı şeylər var ki!.. Vaxtı boşa keçirənləri heç cür anlamıram.


– Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?

– Yaşamağı bacarsınlar, kainatı, özlərini dərk etsinlər. Özünü dərk və idarə edə bilsələr, kainatı da, zamanı da idarə edə biləcəklər. 


Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik. 


Şəfiqə Şəfa    



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK