adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Fevral 2015 15:29
52039
RUBRİKA
A- A+

"Fəxri kürsü"də Eduard Məmmədov

Eduard Məmmədov 1997-ci ildə Azərbaycan Respublikasının, 1999-cu ildə isə beynəlxalq idman ustası adını alıb. O, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə "Vətən uğrunda" medalı ilə, 2009-cu ildə qeyri-olimpiya idman növünün inkişafında xüsusi xidmətlərinə görə Fəxri Fərmanla təltif edilib. Eduard Məmmədov 3 dəfə ilin ən yaxşı idmançısı seçilib. O, 2013-cü ildə Azərbaycanın Əməkdar məşqçisi adına layiq görülüb.


2009-cu ilin iyununda Eduard Məmmədov İspaniyada World Profi versiyası üzrə keçirilən dünya çempionatını qazanaraq, Low Kick və K-1 bölmələrində 2 qızıl medal, oktyabrda WAKO Low Kick versiyası üzrə Avstriyada keçirilən dünya çempionatını, noyabrda isə WAKO Full Contact versiyası üzrə İtaliyada keçirilən dünya çempionatını qazanıb. Bu nəticə - bir il ərzində 3 dünya çempionatında qalib olmaq kikboksinq tarixində presedentsiz hal sayılır.


Adalet.az-ın "Fəxri kürsü" rubrikasının növbəti qonağı kikboks üzrə 20 qat dünya və altıqat Avropa çempionu Eduard Məmmədovdur.




"Mən kikboksla nəfəs alıram"


- Bildiyimiz kimi, kikboks olimpiadanın proqramına daxil deyil. Haçansa digər olimpiya idman növündə, məsələn, boksda çıxış etmək fikriniz olub?

- Yox. Hər bir idmançı öz idman növünü sevməlidir. Artıq iyirmi ildən çoxdur ki, idmandayam. Mən uşaqlıqda döyüş filmlərinə baxaraq kikboksu sevmişəm. O vaxtlar Brus Li, Jan Klod Van Dammı özümə kumir seçmişdim. Fikirləşmirdim ki, bu haçansa olimpiya idman növü olacaq, ya yox. Mən kikboksdan çox razıyam. Kikboksun özünəməxsus texnikası var. Burada tək fiziki güc rol oynamır. İki güclü rəqib mübarizə aparır, onlardan taktikanı düzgün quran idmançı qalib gəlir. Döyüş zamanı ağıl, intellekt də əsas rol oynayır.
Baxmayaraq ki, kikboks digər idman növlərinə nisbətdə yeni yaranıb, hazırda çox populyardır. Gənclər bu idman növünə çox böyük maraq göstərirlər. Kikboks Olimpiya oyunlarının proqramına ona görə daxil edilməyib ki, burda zədələr çox olur, bir qədər ağır idman növüdür. Hazırda planda var ki, kikboksun yüngül növü olan Light Contact olimpiya oyunlarınn proqramına salınsın. Mən o vaxta kimi karyeramı bitirsəm də, yetirmələrimi orda qalib görmək istərdim.

- Artıq 37 yaşınız var. Baxmayaraq ki, qazandığınız uğurlar yaşlandığınızı biruzə vermir, ancaq hər halda... Karyeranızı haçan bitirməyi planlaşdırırsınız?

- Mənə çoxları deyir ki, axı, haçan idmandan uzaqlaşacaqsan, artıq yaşın çoxdur ...
Ancaq bu yaşda belə, göstərdiyim nəticələr, nailiyyətlərim göz qarşısındadır. 
Keçən il də mənim üçün çox uğurlu oldu. Peşəkarlar arasında dünya kəmərinin sahibi, həvəskarlar arasında İspaniyada dünya çempionu oldum. Dekabrın 21-də ümummmilli lider Heydər Əliyevə həsr olunmuş turnirdə qalib oldum. İlin sonunda Gənclər və İdman Nazirliyi məni ilin ən yaxşı idmançısı seçdi. Hansı ki, bu mükafatı artıq üçüncü dəfədir alırdım. Təltif olunmaq üçün podiuma qalxanda cənab nazir Azad Rəhimov da bunu xüsusi qeyd elədi.
İdmandan həmişə uzaqlaşmaq olar. Mən bu idman növü ilə nəfəs alır, yaşayıram. Beynəlxalq yarışlarda, Avropa və dünya çempionlarında çempion olmağa öyrəşmişəm, artıq bu mənim həyat tərzimə çevrilib. Mən həm həvəskarlar, həm də peşəkar arasında vuruşuram. Peşəkarlar arasında da uğurlarım çoxdur, bir çox versiyalar üzrə dünya kəmərinin sahibiyəm.

"5 yaşdan 40 yaşadək tələbələrim var"


- Paralel həmçinin məşqçilik fəaliyyəti ilə də məşğul olursunuz...

- Neftçi klubunun həm idmançısı, həm məşqçsiyəm. Artıq neçə illərdir ki, orda idmançı-məşqçi kimi fəaliyyət göstərirəm. Klubun prezidenti Sadıq Sadıqov çox sağ olsun, bizə yüksək diqqət göstərir. İndiyədək onlarla Avropa və dünya çempionları yetişdirmişəm. Onlar arasında bu uğuru dəfələrlə təkrarlayanlar da var. Uğurlu fəaliyyətimə görə 2013-cü ildə Əməkdar məşqçi adına layiq görülmüşəm.
İnanın, çox vaxt özümə görə yox, tələbəmə görə narahatlıq keçirirəm. Elə olub ki, mən bir rinqdə, tələbəm isə o biri rinqdə vuruşub, mən özümdən çox onun döyüşü haqqında fikirləşmişəm. Döyüşə-döyüşə tələbəmə təlimatlar vermişəm. Düzdür, öz döyüşümdə qələbə qazanmışam, ancaq bu istədiyim kimi alınmayıb. Hazırda 5 yaşdan 40 yaşadək tələbələrim var. Onların arasında həvəskarlar da var, peşəkarlar da.
Həmişə tələbələrimə deyirəm ki, siz idmançı olmasanız da ən azından gələcəyin əsgərisiniz, sağlam olmalısınız. Ali Baş Komandan sabahı gün əmr etsə ki, əlcəkləri çıxarın, gedin torpaqları azad edin, siz buna hazır olmalısınız.
 Elə olub ki, erməni idmançını 15 saniyəyə nokauta salmışam. 2000-ci ildə Zurab Farayan adlı erməni ilə görüşdə onun qarnına vurduğum zərbədən sonra ayağa qalxa bilmədi, məşqçisi nə qədər təhrik etsə də, o, vuruşmaqdan imtina etdi. Dedi, asandırsa, gəl özün vuruş. Mən bunları tələbələrimə danışarəkən diqqətlə qulaq asırlar. Onlar deyir ki, müəllim biz də onlarla görüşmək, onları əzmək istəyirik. Sadəcə maraqlıdır, soruşuram niyə? Deyirlər, müəllim istəyirik bütün dünyaya göstərək ki, onlardan güclüyük. Hiss edirəm ki, onların hər birinin daxilində bir vətənpərvərlik hissi, döyüş yanğısı var.

-Sizi idmançıların yaxın dostu kimi də tanıyırlar. Daha çox kimlərlə ünsiyyətdəsiniz?

- Birinin adını çəkib, digərininkini çəkməsəm yaxşı olmaz. İstər kikboks, istərsə də digər idman növlərində çıxış edən idmançıların hər biri ilə normal münasibətim var.

- Dəfələrlə dünya və Avropa çempionatlarının qalibi olmusunuz, bununla belə motivasiyanızı itirməmisiniz. Bir çox idman növlərində çıxış edən idmançılar bir-iki dəfə çempion olduqdan sonra passivləşir, bir müddətdən sonra isə artıq karyeralarını bitirirlər. Buna münasibətiniz necədir?

- İstəmirəm özümdən müştəbeh təəssürat yaradım. Bilirsiniz, həmin idmançılar ən azından bir-iki dəfə çempion olaraq, bayrağı dalğalandırıb, himni səsləndirib, bununla da xalqı sevindiriblər. Çempionluq üçün illərini sərf edib, bu müddət ərzində xeyli zədələr alıblar.
Peşəkar idman elədir ki, bədən bir qədər boşaldıqdan sonra həmin zədələr özünü biruzə verir. Tələbələrimə də həmişə deyirəm ki, çempionluğu uzun müddət qoruyub saxlamaq üçün ikiqat əziyyət çəkməli, idmançı həyatının bütün çətinliklərini gözə almalısan.


"Avropa Oyunlarında ilk üçlükdə yer alacağıq"



-Qeyri-olimpiya növlərindən sambo və karate Avropa Oyunlarının proqramına salındı. Kikboks da salınsaydı, Azərbaycan yığması siz və digər məşhur idmançılarımızın sayəsində yüksək nailiyyətlər qazana bilərdi...

- Kikboks sambo və karateyə nisbətdə daha ağır idman növüdür, burda zədələr çox olur...

Özüm iştirak etməsəm də bütün idmançılarımıza bu yarışda uğurlar arzu edirəm. Bu böyük bir yarışdır. İlk olduğu üçün tarixi əhəmiyyətə malikdir. Turnir 50-dən çox ölkədə yayımlanacaq ki, bu da ölkənin dünyada daha çox tanınmasına xidmət edəcək. Əminəm ki, idmançılarımız bu yarışda yüksək səviyyədə çıxış edəcəklər. Düşünürəm ki, ilk üçlükdə yer alacağıq.

- Bir çox ölkələr yarışa əsasən ikinci heyətlə qatılmağı planlaşdırır. Azərbaycan olimpiya yığmasının bu səbəbdən ilk üçlükdə yer almaq şansı ikiqat çoxdur...

- Birinci nömrələr də gəlsə, biz mütləq liderlər sırasında olacağıq. Çünki yarış doğma divarlar arasında keçiriləcək, bu da idmançılarımızın motivasiyasını ikiqat artıracaq. Onlar yüksək nəticə qazanmağa borcludurlar. Unutmaq olmaz ki, Azərbaycan idmançılarına ölkə rəhbərliyi tərəfindən yüksək diqqət və qayğı göstərilir.
Mənə dəfələrlə xarici ölkələrdən təklif gəlib, ancaq həmişə bundan imtina etmişəm, digər ölkənin bayrağı altında çıxış etməyi təsəvvür belə etmirəm.


- Azərbaycan kikboksunda layiqli davamçılarınız olaraq kimləri görürsünüz?

- Bizim olduqca peşəkar, yüksək səviyyəli kikboksçularımız var. Mənim tələbələrim arasında Qiyas Şahverdiyev, Anar Məmmədov var ki, onlar bu il WAKO-da dünya çempionu oldular. Ehram Məcidov, Zabit Səmədov, Pərviz Abdullayev kimi güclü, dünya şöhrətli kikboksçularımız var. Vaxt vardı ki, hansısa yarışa gedəndə bizi zəif hesab edirdilər, ancaq indi elə deyil, əksinə, digər ölkələrin idmançıları bizi təhlükəli rəqib hesab edirlər.



"Hazırda öz çəkimdə mənə uğurlu alternativ görmürəm"



- İştirak etdiyiniz turnirlərdə bir çox idmançılarla qarşılaşıb, əksər hallarda döyüşdən qalib ayrılmısınız. Bəs indiyə qədər ən əzəli, prinsipial rəqibiniz kim olub?

- Yarışa zəif idmançılar gəlmir. Hər bir idmançının güclü rəqibləri olur, ancaq mənim üçün ən prinsipial döyüşlər həmişə erməni Zurab Farayanla olub. O, Full Contactda, mən isə Low Contactda çıxış edirdim, ancaq mən Full Contact versiyasında onu məğlub etdim. Bundan sonra o, çox pis oldu, hətta tətifetmə mərasimində gümüş medalı boynundan çıxardı. Həmin il kikboksun ən güclü versiyası hesab olunan WAKO-da İtaliyada keçirilən dünya çempionatında onu təkrar məğlub etdim. Bir il sonra o mənim versiyamda çıxış etməyə başladı, yenə də qalib gəldim. Bundan sonra o, artıq idmandan uzaqlaşdı.
Bir də Xesus Qarsiya adlı ispan idmançısı vardı, onunla da döyüşlərim prinsipial alınırdı. O vaxtlar mənim karyeramın ilk illəri idi. Qarsiya 1998-ci ildə Avropa çempionatında məni məğlub etdi. Bir il sonra finalda yenidən onunla qarşılaşdım və hakimlərin qərəzli mövqeyi ilə məğlub oldum. 2000-ci ildə İrlandiyada keçirilən qitə çempionatının finalında onu elə bir vəziyyətə saldım ki, daha döyüşün nəticəsini dəyişmək üçün hakimlərə heç bir şans qalmadı. Bir il sonra revanş görüşündə yenidən onu məğlub etdim. Bundan sonra artıq hər kəs bildi ki, kim daha güclüdür.

- Bütün idman növlərində əfsanələşmiş idmançılar olur. Eduard Məmmədov adını da artıq dünya kikboksunun brendi hesab etmək olar. Çünki sizin qədər titul qazanmış kikboksçu çətin tapılsın...

- Mənim yaşımda döyüşən yoxdur(gülür). Əsas məqsədim vətənin himnini səsləndirmək, bayrağını yüksəltməkdir. Yarışlara getməsəm, kim mənim çəkimdə gedib bu uğurları qazanacaq... Yəni, hazırda öz çəkimdə mənə uğurlu alternativ görmürəm. Ancaq gələcəkdə ola bilər ki, ya tələbəm, ya da başqa bir klubdan hər hansı idmançı mənim çəkimdə böyük uğurlar qazansın. Çünki Azərbaycan kikboksu hazırda yüksək inkişaf dövrü keçirir. Bizim idmançılar Azərbaycan Kikboks Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin, vitse-prezident Güloğlan Cabbarovun və yığma komandanın rəisi Sadıq Bağırovun böyük dəstəyini hiss edirlər.



Sahib Əsədbəyli