SON DƏQİQƏ:

"Ədalət"in vaxtı: Əjdər Ol ilə

  46427   |  
Şriftin ölçüsü  

"Əlimdən alınan vaxtları yığsam, başqa bir adama ömür düzələr”– yazır budəfəki həmsöhbətim. Amma giley-güzarını dilə gətirmir. Zamanla yoldaş, dost olub, vaxtdan düzgün istifadə etməyi, özünü bir insan, qələm, fəaliyyət sahibi kimi təsdiqləməyi hədəf götürür. Necə ki, müdriklərdən biri belə deyib: "Xoşbəxtlik uğura, uğur isə zamanı səmərəli dəyərləndirməyə bağlıdır”. Elə isə bu həyat düsturunun həllini tapmış qonağımızı tanıyaq:


Şair Əjdər Ol - bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlayıb. "Dünənim də belə keçdi", "Necə sevməyəsən?!" adlı ilk şeirləri "Azərbaycan" jurnalında dərc ediləndən sonra almanax, jurnal və qəzetlərdə orijinal və məzmunlu, bədii dəyərli poetik və nəsr əsərləri ilə müntəzəm çıxış edib.Sonralar bir-birinin ardınca "Gələcəkdə yaşayıram”, "Alın yazıma düzəliş”, "Səsindən tanınan”,  "İndidən”, "Müdriklik anları”, "Könül vuruşu”  "Yaşa”, "Ölümlə zarafat”, "Tütün limanı” və b. kitabları  ilə oxucularının görüşünə gəlib.

"Molla Nəsrəddin və Əmir Teymurun filləri” pyesi Gənc Tamaşaçılar teatrında, "Son məktub” pyesi isə Akademik Milli Dram teatrında tamaşaya qoyulub( hər iki əsərə rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib). Ssenariləri əsasında " Usta Yusifin kamançası ” və "Qatillə görüş” bədii filmləri çəkilib.

Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin təsis etdiyi "Qızıl kəlmə” və "Beynəlxalq Mahmud Kaşqari adına  mükafat”ın qalibidir.

 

...Və Əjdər Ol ilə zaman yolçuluğu:

 

– Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

–  Zaman bəşəriyyətlə, onun yaşamı ilə ortaq olan amildir. Hava-su, gecə-gündüz kimi zaman da həyatımızın özəyidir. Başqa sözlə insanları birləşdirən məhfumdur: müəyyən vaxtda bir-birimizlə görüşürük, əlaqə saxlayırıq, vaxtdan hərəmiz özümüzə gərəkəni yaradırıq, eyni zamanda onu paylaşa bilirik. Mənim aləmimdə insanlarla zamanı bölüşməyi, onu tənzimləməyi bacarmaq lazımdır.  Nəticədə vaxt bizim üçün – insanlar üçün işləyir. Vaxt uşaqlığa, gəncliyə, qocalığa, aya-günə bölünmüş insanı ömrünü əks etdirir. Zaman mənim dostumdur, belə deyək, yol yoldaşımdır, tərcümeyi-halımdır. Hətta gedib-gələn nəfəsim vaxtı göstərən "cihaz”dır. Əgər yaşayıramsa, vaxtla, zamanla ayaqlaşmalıyam.

 

"Bacarıqlı insan öz zamanına sahib olan insandır”

 

– İnsan zamanı idarə edə bilərmi?

– Vaxtı idarə edə bilən insanlar var. Daha doğrusu, zamanın yaratdığı vəziyyəti yönəldənlər var. Vaxt üzərində sahiblik, hökmranlıq etməyi bacarmaq lazımdır. Amma hər adam da vaxtı idarə edə bilmir. Böyük şəxsiyyətlər, liderlər məhz gedişatı idarə edə biliblər. Yaxud sözü vaxtında demək, işi vaxtında görmək elə vəziyyəti ələ almaqdır. İnsan lazımi anda işini icra edib, sözünü deyə bilmirsə, deməli zamandan istifadə edə bilmir. Zənnimcə, bacarıqlı insan öz zamanına sahib olan insandır. Vaxtı cilovlayan insan, zamana uyğunlaşıb, onunla bərabər addımlaya bilər.  Bəzən zaman özü hər şeyi tənzimləyir, vəziyyəti idarə edir, yəni o bir axındır, qarşısına çıxanı da qabağına qatıb aparır. Əgər insan axının içində vəziyyəti qiymətləndirə bilirsə, deməli ayıqdır, düşüncəsi itidir.

 

– Kimlər bunu bacarır, zamanın axınında baş çıxaran onun öz seçdikləri ola bilərmi?

– Onlar güclü insanlardır. Zaman da məhz belələrini seçir. Zamanı cilovlaya bilənləri dövr üzə çıxarır. Vaxt həm də baxt deməkdir. Yəni insanın baxtı vaxtla üst-üstə düşəndə hər şey uğurlu olur. İnsan o vaxt qiymətləndirilir ki, o zamanın nəbzini tuta bilir. Məsələn, bir hadisə baş verir, onu həll edən adam vaxtın ən duru, ən "şirəli” yerindən pay götürmüş şəxsə çevrilir. Çox olub kimsə, ömrünün çox hissəsini sıravi şəkildə, diqqət çəkmədən yaşayıb, amma vaxtı gələn kimi ondan faydalanmaqla bir anda qəhrəmana çevrilib. Belə baxanda, vaxtın da dilini bilmək lazımdır.

 

– Yəni hər kəsin öz zamanı var. Bəs insan nə zaman hiss edir ki, məhz indi onun zamanıdır, vaxt onun üçün işləyir?

– Təəssüf ki, əksər insanlar bunu hiss edə bilmirlər, ona görə də zamanın yaratdığı şəraitdən yararlanmağı bacarmırlar, beləliklə də vaxt ondan yan ötüb keçir. Amma zamanı duyan insanlar da var, onlar  az öncə dediyim kimi ayıq, güclü, iradəli insanlardır. Yeri gələndə mövqe seçərək səbrlə öz zamanlarını gözləyirlər. İnsanın vaxtdan necə bəhrələnməyindən də çox şey asılıdır. İnsan, həyatı – dənizi, dağı, dərəni, bütövlükdə ətraf mühiti necə qiymətləndirirsə, elə zamanı da o cür dəyərləndirməlidir. İnsan təbiətlə, cəmiyyətlə zaman arasında assosiasiya yarada bilirsə, uduşun bir addımlığındadır.

 

"Zamandan qaçmaq bəhanədir”

 

– "İnsanın öz zamanı” dedik... Elə insanlar var ki, yaşadıqları zamandan şikayətlənirlər, başqa bir zamanın  – keçmişin və ya gələcəyin insanı olduğunu deyirlər. Bu nədən qaynaqlanır: insanın mövcud zamanla uyğunsuzluğu, ya xəyal gücüdür?

– Bəli, belə insanlar var. Onlar keçmişi ideallaşdırırlar, başqa dövrün yaxşı tərəflərini kitablardan, filmlərdən görür, elə bilirlər ki, həmin zamanlarda hər şey rəvan olub, yaşayış daha yaxşı olub... Çünki keçmişin təsvirlərində həmişə yaxşını görüb və ona uyğun da xəyallarını qurur. Ona görə də hesab edirlər ki, xəyallarında qurduqları o ideal zamanda daha xoşbəxt olardılar. Amma elə bir zaman yoxdur ki, orada hər şey qaydasında olsun, çatışmazlıqları olmasın. Hər dövrdə xoşagəlməzliklər, sağalmaz xəstəliklər, gözlənilməz hadisələr baş verir. Zamanların, xalqların qızıl dövrü olmur, dövlətlərin, idarəçiliyin qızıl dövrü olur. Düşünürəm ki, zamandan qaçmaq bəhanədir.

 

– Amma bəzən həqiqətən də elə insanlarla rastlaşırıq ki, onun görünüşünə, nitqinə, davranışına baxan kimi sanki başqa zamandan gəldiyini hiss edirik...

– O, bizim təsəvvürlərimizin təhrifindən irəli gəlir. Çünki biz keçmiş haqqında bilirik, amma onu görməmişik. Görsəydik düşünərdik ki, dünən də, sabah da elə bu gündür.

 


"Zaman da elə Allahdır, onun adlarından biridir”

 

– Mistikaya meyilli insanlar hesab edirlər ki, onlar zaman yolçularıdır. İnanırsınızmı belə fikirlərə?

–  Belə baxanda elə hamımız zaman yolçularıyıq. Bir zamanda doğulub, başqa zamana doğru gedirik. Necə deyərlər zaman zaman içində... Bax elə hamımız çağdaşıq, bir zamanda yaşayırıq, amma müxtəlif ölkələrdə, xalqlarda mühit, yaşam başqadır. Hər mühitdə zaman özgə cür dövr edir.. Zaman mücərrəd anlayış olsa da, biz onu duyuruq, görə bilirik. Yəni o şəkildən-şəklə düşür, onu nəyə çevirsən, o da alınacaq: bəzən gözəllik, bəzən həyəcan şəklində qarşımıza çıxa bilir. Bunlar zamanın çalarlarıdır. Vaxtı səmərəli istifadə edib yaradıcılığa həsr edərsən, mükəmməl bir əsərə çevrilər, mənasız dedi-qoduya xərclərsən, qalmaqala dönər və s. Yəni vaxt xammaldır, ondan nə hazırlanacağı insanlardan asılıdır. Baş verən hər şey vaxtın təcəllasıdır. İnsan Allahın təcəllası olduğu kimi... Gördüklərimiz Allahın surətidir, həm də zamanın surətidir. Zaman da elə Allahdır, onun adlarından biridir.

 

– Bizi əhatə edən zamandan başqa, hər bir insanın daxili zamanı da var...

– Bəli, zaman bizim həm daxilimizdə – ruhumuzda, həm xaricimizdə – təbiətdədir. Hərənin belə deyək, zaman reqlamenti var: o zamana uyğun olaraq həyatını, işlərini qurur. O vaxt qrafikinin yarısını insan özü qurur, yarısını da cəmiyyət formalaşdırır. Həmin qrafikdən – axından çıxanda da uyğunsuzluq yaranır. Bəzən nəzərdə tutduğun vaxtdan kənara çıxmalı olursan. Bu, insanın özündən asılı səbəblərdən də yarana bilər və ya cəmiyyət belə tələb edər. Yaxud qəzavü-qədər belə gətirə bilər. Yəni insanın baxışı bir prizmadan ola bilər, amma başqa prizmalar da var axı! Amma vaxt hər şeyi görür, özü tədricən hər şeyi yoluna qoyur.

 

– Qələm  adamına bu sualı vermədən olmaz: zaman ədəbiyyatın gözüylə necə görünür? Əsərlərinizdə zamanı necə əks etdirirsiniz?

– Şeirlərimdə zamana çox toxunmamışam. Çünki zaman haqqında yazmaqdansa, onu istifadə eləməyi, yaşamağı daha çox düşünürəm. Onunla ayaqlaşmağı sevirəm. Amma dediyiniz kimi qələm adamı az da olsa, zamanı öz əsərlərində də yaşadır. Mənim belə bir misram var: "Əlimdən alınan vaxtları yığsam, başqa bir adama ömür düzələr”...

 

– Belə çıxır ki, əlinizdən çox vaxt alınıb. Vaxtdan giley-güzarınız çoxmu olur?

– Mən ümumiyyətlə, bir insan olaraq gileylənməyi sevmirəm. Gileylənməyə də, əslində bəhanə kimi baxıram. Olur ki, insanlar etdiyi işlə bağlı peşmançılıq çəkirlər. Amma mənim nədənsə xoşum gəlmirsə, vaxt itirmədən nəyin bahasına olursa olsun ondan uzaqlaşıram. İnsan əvvəla özünü nədənsə xilas etməlidir. Sadəcə olaraq, yaradıcı insan qələmlə baş-başa qalanda ona dərdini, düşüncələrini yükləyir. 

 

– Vaxtınızı necə bölürsünüz, nəyə həsr edirsiniz?

– Yadıma gəlir ki, uşaqlıqda sürətlə gələcəyə can atardım. Həyat o zaman gözümdə tamam başqa cür idi. 15 yaşımı ağlaya-ağlaya qarşılamışdım. Düşünürdüm ki, bu yaşıma qədər heç nə əldə edə bilməmişəm. O vaxtdan bəri heç vaxt gələcəyə can atmamışam. Həmişə bu günümü yaşamış, lazımi işləri görməyə çalışmışam. Demək olar ki, mənə lazım olan çox şeyə vaxt ayıra bilirəm. Bir ədəbiyyat adamı olaraq, yazılarımı günün duru yerində, yəni səhər erkən yazıram. Çünki günün o saatında heç kəs mənə mane olmur. Zamanla baş-başa qalıram. İnsanlarla münasibət başlayana qədər, mənim qələmlə münasibətim artıq başa çatır. Sonra iş gəlir, insanlarla ünsiyyət, öhdəliklər gəlir. Gün ərzində də vaxt özü hər şeyi müəyyənləşdirir, nələrsə dəyişə bilər, gözləmədiyin adamlarla görüşün olar... Hər halda maksimum vaxtdan faydalanmağa çalışan adamam. Məsələn, uzun görüşləri sevmirəm, telefonla son dərəcə qısa danışıram...

 

"Özünü düzgün ifadə etmək, vaxtdan düzgün istifadə etmək deməkdir”

 

– Yəni vaxta qənaətcil yanaşırsınız...

– Təkcə vaxtla bağlı deyil, ümumiyyətlə sözümü də qısa-konkret deməyi xoşlayıram. İnsanın insandan fərqi də ilk növbədə bu məqamda özünü göstərir. Adam var 20 dəqiqədir danışır, amma sözünün canını hələ deməyib. Yaxud 1 saata görülməli işi 5 saata görür. Özünü düzgün ifadə etmək, eyni zamanda elə vaxtdan düzgün istifadə etmək deməkdir. Çünki vaxtla davranmaq asan deyil. Kimsə vaxtı öldürməyə, kimsə diriltməyə çalışır. Yanaşmadan asılıdır. Amma vaxtı ötürməklə nə qazanmaq olar? Deyirlər vaxt qızıldır, amma səhrada qızıl nə işə yarayar ki?! Qızıldan gərək istifadə olunsun, ondan faydalanmaq imkanı olsun. Odur ki, insanda ya ustalıq, ya da sehrbazlıq olsun ki,  "vaxt” adlı xammalı istədiyinə çevirə bilsin.

 

– Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?

– Hərənin, əlbəttə öz baxtı, öz vaxtı var. Amma hər vəziyyətdə vaxtla dostluq etsinlər, zamanla qol-boyun yaşasınlar. Xoşbəxt olmağa həyatda minlərlə səbəb var. O səbəblərdən birini, yaxud bir neçəsini tapıb xoşbəxt olsunlar. 


Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik. 


Şəfiqə Şəfa


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK