adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 May 2015 18:45
59929
RUBRİKA
A- A+

"FƏXRİ KÜRSÜ"də Sibel Özkan : "Azərbaycanı təmsil edən idmançılar çox şanslıdırlar"

Sibel Özkan 1988-ci ildə Türkiyə cümhuriyyətinin Afyonkarahisar şəhərində anadan olub. Ağır atletika növündə mübarizə aparan idmançı indiyədək qazandığı uğurlarla adını Türkiyə idmanı tarixinə qızıl hərflərlə yazdırıb.

Sibelin ulduzu 2008-ci ildə keçirilən Avropa çempionatından parlamağa başlayıb. 48 kiloqram çəki dərəcəsində ikinci olan atlet uğurunun təsadüf olmadığını Pekin yay Olimpiya Oyunlarında artıqlamasıyla sübut edib. O, dördilliyin zirvə yarışının gümüş mükafatını qazanıb. Bir il sonra Cənubi Koreyanın Qoyanq şəhərində keçirilən dünya çempionatında ikinci olan atlet gümüş medal kolleksiyasını tamamlayıb. O, 2010- u ildə doğma divarlar arasında və 2014-cü ildə Almatıda keçirilən mundiallarda da fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

S. Özkan nəhayət, bu il, el məsəli ilə desək, şeytanın qıçını sındıra bilib. O, Tiflisdə keçirilən Avropa çempionatında birinci pilləni heç kimə güzəştə getməyib.


Adalet.az-ın "FƏXRİ KÜRSÜ" rubrikasının növbəti qonağı olimpiya və dünya çempionatlarının mükafatçısı, Avropa çempionu SİBEL ÖZKANdır.


"İlk məşqlərə sevgi ilə başlamamışdım"


- Sibel xanım, keçən ay Tiflisdə keçirilən Avropa çempionatının qalibi oldunuz. Turnir necə keçdi?

- Yarışa çox da ciddi hazırlaşmamışdım. Çiynimdəki ciddi zədə səbəbindən həftənin iki günü sadəcə birdənqaldırma hərəkətini yerinə yetirirdim.Təkanlaqaldırmada isə üç ay ərzində bir dəfə də olsun özümü sınamamışdım. Fəqət, bunlara rəğmən, Avropa çempionu ola bildim.


- Belə demək olarsa, çox da çətinlik çəkmədiniz...

- Rəqiblərim illərdir tanıdığım idmançılar idi. O qədər zəif də deyildilər.


- Rio olimpiadasına artıq 1 il qalır. Hazırkı formanıza nəzərən, Pekində bir addımlığından döndüyünüz çempionluğu qazanacağınıza inanırsınız?

- Olimpiya oyunlarından öncə hazırda mənim üçün önəmli olan ABŞ-da təşkil olunacaq dünya çempionatında uğurlu iştirakdır. Orada çempionluq üçün mübarizə aparacam. Dünya çempionatını qazanacağım təqdirdə olimpiya oyunlarında rahatlıqla çempion olacağıma inanıram.



- Üç dəfə də dünya çempionluğunun bir addımlığında dayanmısınız. Bütün hallarda qızıl medal üçün nə çatmadı?

- 2009-cu ildə Koreyada keçirilən dünya çempionatında təkanla qaldırmada kiçik qızıl medal qazandım. Çox çalışdım ki, toplamda çempion olum, alınmadı. Bir il sonra vətəndə keçirilən mundialda rahatsızığımdan dolayı, ürəyim istəyən kimi çıxış edə bilmədim. Bundan sonra ailə həyatı qurmağımla əlaqədar 4 il karyerama ara verdim. 2014-cü ildə Qazaxıstanda keçirilən dünya çempionatı üçün cəmi 2 ay hazırlıq prosesi keçdim. Bu qədər qısa zaman ərzində hazırlaşmağıma və turnir ərzində ayağımda yaranan ciddi problemlərə baxmayaraq, ikinci olmağı bacardım.


- Qadınların o qədər də rast gəlinmədiyi bir idman növündə mübarizə aparırsınız. Maraqlıdır, sizi ağır atletikaya gətirən səbəb nə olub?

- Mən idmançı karyerama 1999-cu ildə -11 yaşım olarkən cüdo növü ilə başlamışam. Klubumuzda cüdo təlimləri bağlandıqdan sonra məşqçilərin israrlı təkidləri ilə ağır atletikaya gəldim. Çox qısa vaxt ərzində məşğul olmağıma baxmayaraq, yığma komandaya cəlb edildim və beynəlxalq turnirlərdə iştirak etdim. Çox keçmədi ki, müəyyən uğurlar qazanmağa başladım.
Ağır atletikaya gəlişimi tamamilə qismətlə əlaqələndirirəm. İlk məşqlərə sevgi ilə başlamamışdım.


 "Dünyaya yenidən gəlsəm, yenə ağır atlet olardım"



- Ətrafınız tərəfindən təpki ilə üzləşmədinizmi? Qız hara, ağırlıqqaldırma hara deyə...

- Xeyr. Sadəcə, onu deyim ki, ağırlıqqaldırma ilə məşğul olmağıma inanmırlar. Deyirlər çox zərifsən. (gülür)


- Heç peşman olduğunuz məqamlar olub?

- Əsla. Dünyaya yenidən gəlsəm, yenə ağır atlet olardım.


- Bildiyim qədər ailəlisiniz. Bu qədər güclü olmağınız həyat yoldaşınızı qorxutmur ki? (gülərək)

- Mənim güclü olmağım heç vaxt həyat yoldaşım üçün problem olmayıb. Çünki o da heç də zəif fiziki göstəricilərə malik deyil.(gülür)


- O da idmançıdır?

- Xeyr. Özəl şirkətdə işləyir.


- Türkiyə ictimaiyyəti sizi necə tanıyır; Azmı, çoxmu?

- Türkiyəyə ağır atletika növündə ən böyük uğurları gətirən qadın idmançıyam. Hər 10 nəfərdən 7-si məni tanıyır.


- Bir idmançı olaraq layiq olduğunuz dəyəri görürsünüz?

- Bizdə ağır atletika növünə böyük dəyər verilmir. Bir sponsor və ya klub tapmaq belə, çətindir. Hələ də təmsil etdiyim klub yoxdur. Bu yaxınlarda bəlkə "Çaykur Rizəspor" klubu ilə ilkin razılığa gəldim. Rəhbərlik ilk dəfə olaraq klubun tərkibində ağır atletika bölməsi yaradıb.

- Azərbaycandan dəvət gəlsə, qəbul edərsiniz?

- Azərbaycanla danışıqlarım olub, sadəcə, şərtlər qanedici deyildi. Bir klubla görüşdüm. Gələcəkdə şərtlər uyğun olarsa, təbii ki, dəyərləndirərəm.


 - Necə fikirləşirsiniz, Türkiyə ağır atletikası bir daha Xəlil Mutlu və Naim Süleymanoğlu yetişdirə biləcəkmi?

- Təbii ki, yox. Onlardan bir daha olmayacaq.


Amma heç vaxt "heç vaxt" deməzlər...

- Hazırda xeyli istedadlı yeniyetmə və gənc idmançılarımız var, onlara lazımi dəstək göstərilərsə, gələcəkdə çox böyük uğurlar qazana bilərlər. Məsələn, biri Daniyar İsmailov. Son Avropa çempionatında çox uğurlu çıxış etdi.  Sonda da çempion oldu. Baxmayaraq ki, bu, onun qatıldığı ilk böyük turnir idi.
Mənim özüm də indikindən daha yaxşı dəstək görəcəyim təqdirdə nəticələrimin bundan qat-qat yüksək olacağına inanıram. İdmançı üçün dəyər çox önəmli faktordu. 


"Azərbaycanda bu idman növünə yüksək dəstək göstərilməsi məni çox sevindirir"

- Azərbaycan haqqında nələri bilirsiniz?

- İdmanı haqqında məlumatım sadəcə, ağır atletika səviyyəsindədir. "Zirvə" idman klubu haqqında məlumatım var. Ağır atletikanı geniş maraq dairəsinə gətiriblər. Çox böyük idman kompleksi yaradıblar. Bir çox ölkələrdən olan əcnəbi idmançılara dəstək göstərirlər. Bir ağır atlet olaraq Azərbaycanda bu idman növünə yüksək dəstək göstərilməsi məni çox sevindirir.
Adət və ənənələri bütünlüklə bizimlə oxşardır. Ağzımızın dadı və yeməklərimiz də demək olar eynidir. Yeganə fərqli yeməyimiz "Südlü aş"dır ki, o da sizdə var, bizdə yox. (gülür)

- Hansı idmançılarımızı tanıyırsınız?

- Ağır atletika yığmasının üzvü Boyanka Kostovanı tanıyıram. Tiflisdə keçirilən Avropa çempionatında çox gözəl çıxış etdi. Formasını qoruya bilsə, olimpiya və dünya çempionatlarında da ən azından mükafatçılar sırasına düşə bilər.


- Sadəcə Boyankanı?

- Hazırda başqa birinin adı yadıma düşmür. Bir neçəsini vizual olaraq tanıyıram.


- Karyeranızı bitirməyi haçana planlaşdırırsınız?

- Dəqiq bilmirəm. Bacardığım qədər medal kolleksiyamı genişləndirməliyəm. Xüsusən, qızılların sayını artırmalıyam. Ən əsası isə, dünya çempionu olmalıyam. Daha sonrakı hədəf  olimpiya zirvəsidir. Bunları bacarmasam, gözüm arxada qalar.

- Qarşıdan gələn olimpiya və dünya çempionatları üçün ciddi rəqib hesab etdiyiniz idmançılar kimlərdir?

- Çəkindiyim rəqib yoxdur. Çünki əvvəlki yarışlara nəzər saldıqda onların qazandığı nəticələr mənimkindən zəifdir. Amma bir balaca ehtiyatlandığım Çin idmançısıdır.


- Türkiyədə hər kəsin tərəfdarı olduğu bir futbol klubu mütləq var. Maraqlıdır, siz hansı kluba azarkeşlik edirsiniz?

- Mən qatı "Qalatasaray" azarkeşiyəm. "Cim-bom"u lap uşaqlıqdan sevirəm. Oyunlarını daim izləyirəm.


- Bir neçə gün sonra paytaxtımızda təşkil olunacaq Avropa Oyunları haqqında məlumatınız var?

- Bəli. Bu, tarixi bir yarışmadır. Amma təəssüf ki, ağır atletika bu mötəbər turnirin proqramına salınmadı. Yoxsa, ilk turnirin ilk qaliblərindən olmağı çox istərdim.

Ağır atletika o qədər də məşhur, hər kəsin azarkeşlik etdiyi idman növü deyil, amma ölkənizdə təşkil olunan turnirlər həmişə ajiotajla qarşılanır, arena azarkeşlə dolur. Ümumiyyətlə, ölkənizdə idmana verilən yüksək dəyər göz göz önündədir. Azərbaycanı təmsil edən idmançılar hər cəhətdən çox şanslıdırlar.

Sahib ƏSƏDBƏYLİ