adalet.az header logo
  • Bakı 27°C
  • USD 1.7

Donbas müharibəsi və Makronun vasitəçilik təşəbbüsü

MEHMAN CAVADOĞLU
580 | 2022-02-21 15:03

Ötən həftənin sonlarında Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirmək təşəbbüsüylə çıxış etdi və öz təklifinə həm Vaşinqtondan, həm də Moskvadan müsbət cavab aldı. Zirvə görüşünün gündəliyinin xarici işlər naziri S. Lavrovla dövlət katibi E. Blinkenin bu ayın 24-də keçiriləcək görüşündə müəyyənləşəcəyi barədə verilən anonsa baxmayaraq bu qəfil təşəbbüsün əsas məqsədinin Ukrayna böhranı olduğu heç kim üçün sirr deyil.

Artıq bir aydan çoxdur ki, Rusiyanın Ukraynanı işğal edəcəyi barədə yaranan yarı süni, yarı təbii gərginlik öz pik həddinə çatandan sonra Kremlin belə bir avantüraya getməyəcəyi barədə az saylı siyasətçi və ekspert proqnozları özünü doğrultdu. Rus qoşunları Ukraynayla sərhəddən geri çəkilməyə başladı, Belarusdakı günişmiqyaslı hərbi təlimlər vaxtından əvvəl yekunlaşdı. Bununla da dağdan ağır dövlət rəhbərləri və kəşfiyyat orqanları başçılarının müharibənin başlayacağı günün tarixiylə bağlı daha çox hərbi-siyasi ajiotaj yaratmağa hesablanmış proqnozları havadan asılı qaldı. Bu proqnazların hamısını bir yerə toplayıb gözdən keçirsək görərik ki, həmin siyahıda yalan olmasın, az qala son bir ayın bütün günlərinin öz fəxri yeri var.

Həmin gərgin günlərdə vasitəçi missiyasıyla Avropanın dövlət və hökumət başçılarıi Moskvanın və Kiyevin yolunu su yoluna döndərmişdilər. Putin qatı Ukraynapərəst mövqeyinə görə həmin vasitəçilərdən ikisini – Böyük Britaniyanın Baş naziri B. Consonu və Türkiyə prezidenti R. T. Ərdoğanı qəbul etməkdən müxtəlif bəhanələrlə imtina etməklə öz diplomatik yükünü xeyli azaltsa da, gərginliyi azaltmırdı. Çünki o, görüş, barışıq və anlaşma təklifini yalnız iki ünvandan, Vaşinqtondan və Brüsseldən gözləyirdi ki, həmin ünvanların sahibləri nəinki bu cür təşəbbüslər barədə düşünmürdülər, əksinə Moskva əleyhinə hərəkətlərini və ritorikalarını gündən-günə daha da sərtləşdirirdilər. Təsadüfi deyil ki, Kreml keçən ilin sonlarında yeni dünya düzəni yaratmaq, daha dəqiqi, bügünkü dünya düzənini təxminən

25 il geri atmaqla təzələmək barədəki hədə-qorxu dolu təkliflərini məhz həmin iki ünvana göndərmiş və təbii ki, rədd cavabı almışdı.

Qərbdəki barışmaz opponentlərini Ukraynanın işğalı təhlükəsiylə şantaj eləmək cəhdlərinin real nəticə vermədiyini görən Kreml bu riskli plandan əl çəkib əvvəlki təzyiq rıçaqlarını işə salmağa başlayır. Özü də sistemli şəkildə. Əvvəlcə Dövlət Duması üzdəniraq DXR və LXR-i tanımaqla bağlı qərar çıxardır və hökumətə müraciət edir, ardınca Donbasda keçmiş DTK təlimatlarında əks olunmuş ən müdhiş ssenarilər işə salınır. Özləri öz mülki obyektlərini bombalayır və intensiv artilleriya atəşinə tutur, fasiləsiz həyəcan siqnallarıyla əhali arasında xof yaradır, insanlar yarıxoş, yarızor Rusiyanın başqa vilayətlərinə köçürülür və s. və i.a. Ukrayna ordusunu təxribata çəkmək üçün onun mövqeləri uşaq bağçalarının, məktəblərin, xəstəxanaların həyətində qurulmuş top qurğularıyla atəşə tutulur. Bir sözlə, hələ də bitmək bilməyən təxribatların sadəcə quru statistikası və xronologiyası SSRİ-nın bir çox xalqları, o cümlədən Azərbaycan xalqı üçün əsl “de-javyu”dur. İştirakçılar dəyişsə də metodlar eynidir.

Kremlin hələlik bütün Ukraynanı işğal eləməyə, daha doğrusu, hələlik bu yükün ağırlığı altına girməyə cəsarəti çatmasa da, Donbas avantürasını axıra çatdırmaq ehtimalı çoxdur. Ukraynanın işğalı təkcə beynəlxalq təzyiq və sanksiyalar baxımından onun gözünü qorxutmurdu. Bu müharibənin “burdan girib ordan çıxacağıq” şəklində bir blıts-kriq olmayacağını, rus ordusunun amansız müqavimətlə üzləşəcəyini, ən yaxşı halda itkilərin miqyası baxımından “pirr qələbəsi” olacağı çox az adamda şübhə doğururdu. Putini çəkindirən ən mühüm amil məhz bu məqam idi. Özü də belə bir perspektiv onu humanist mülahizələrə görə yox, şəxsi nüfuzu baxımından narahat edirdi. Ümumukrayna böhranının səngiməsi fonunda Donbas məsələsinin sərt mərhələyə qədəm qoyması da çox güman ki, onun itirdiklərinin acığını çıxmaqla həm özünün, həm də rus “derjavniklərinin” pozulmuş daxili müvazinətini bərpa eləmək cəhdinin nəticəsiydi. Hərçənd, Qərbin burda baş verən proseslərə də eyni sərt ritorikayla cavab verməsi bu istiqamətdə düşündüklərini gerçəkləşdirməkdə ona mane olurdu. Odur ki, belə bir vaxtda Makronun vasitəçilk təşəbüsü ondan ötrü lap göydəndüşmə oldu.

Görüş barədə razılıq alınan kimi Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonovun dilindən verilən açıqlama da bu deyilənlərə əyani sübutdur. ABŞ-ın nüfuzlu SBS televiziyasına danışan səfir deyib ki, "biz heç bir ölkənin ərazisini işğal eləməyə çalışmırıq. Mən bir daha təsdiq edirəm ki, Donetsk və Luqansk Ukraynanın bir hissəsidir". Bununla yanaşı səfir bildirib ki, onun ölkəsi də NATO-nun şərqə doğru genişləndirilməsinin əleyhinədir. İndi əsas problem Ukrayna problem deyil, gələcək dünya düzəninin necə olacağıdır. Bu hamının möhkəm təhlükəsizlik təminatı olan bir düzən olmalıdır”- deyə səfir bildirib.

Burda maraqlı məqam səfirin bütövlükdə Ukraynanı yox, məhz DXR və LXR-in Ukraynanın bir hissəsi olmasını qabartmasıdır ki, hazırda həmin bölgədə baş verən qanlı çarpışmalar bu fikirlərin səmimiliyini şübhə altına qoyur. Qeyri-rəsmi hesablamalara görə həmin bölgələrin sakinlərinə paylanan rus pasportlarının ümumi sayı 500 minin üstündədir. Əgər Rusiyanın Donbası işğal planı olmasaydı rus ordusu burdan çəkiləcəyi təqdirdə mürəkkəb hüquqi fəsadlara gətirib çıxardacaq bu pasport oyununu ortaya atmazdı.

Maraqlı məqam burasıdır ki, görüş barədə razılığın əldə olunmasına baxmayaraq Donbas qarşıdurması səngimək bilmir (əslində, bu razılığın əldə edilməsinin əsas səbəbi də elə Donbasdakı gərginlik oldu). Ordakı son hadisələrin mahiyyəti, xüsusilə əhalinin köçürülməsi kimi çox ciddi bir avantüra göstərirdi ki, Kreml bütöv Ukrayna üçün mümkünsüz olan “blits-kriq” planını burda həyata keçirməkdə qərarlıdı. Baydenlə görüş barədə razılıq həmin planı təxirə salsa da, qeyri-müəyyənliyin ömrünü uzatdı.İndi belə çıxır ki, burdakı proseslər hələ nə vaxt baş tutacağı bilinməyən həmin o məşum görüşə kimi davam etməlidir. Hərçənd, vəziyyət çoxdan məcrasından çıxdığı üçün, onu ciddi fəsadlar olmadan indiki templə də uzun müddət davam etdirmək mümkünsüz görünür. Qarşıdurma ya cilovlanmalı, ya da məntiqi sonluğuna çatmalıdır.

 

M. Cavadoğlu

TƏQVİM / ARXİV