adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Avqust 2016 12:52
139068
RUBRİKA
A- A+

Dünyanın qara üzü: "Səmavi möcüzə"

Möcüzənin rəngi varmı? Bilmirik. Amma insan övladı gözünün görə bildiyini mütləq çeşidləyib ağ və qaraya bölür. Bu iki rəng özündə digər rəngləri birləşdirib, kainatın rəngarəngliyini ona düşən işıqdan tənzimləyir. Odur ki, dünyada baş verənləri, əməlləri, hadisələri də bu rənglərin prizmasından görürük. "Dünyanın qara üzü” rubrikasında biz bütün möcüzələrə qara rəngdən baxırıq, çünki qara həm də müəmmanın rəngidir, bilinməyən, ya da az bilinən hadisələrin görünməyən tərəfləri, əlbəttə ki, qara rəngə bələnib. Bir insan övladı olaraq o qaraya azacıq da olsa işıq tutmağa çalışırıq. Gözünün gördüyü nurla dünyanın qara bilincini işıqlandırmaq missiyasını üzərinə götürmüş insanlardan birinin - kosmonavt Nil Armstronqun 25 avqust xatirəsi qeyd olunduğundan bu mövzuya bir daha toxunmaq qərarına gəldik.

Nil Armstronq təkcə kosmos tarixində deyil, din tarixində də adını həkk edə bildi. O möcüzə göstərmədi, gördüyü möcüzəni göstərdi. Aya uçuşdan öncə dediyi "Bu, bir insan üçün kiçik, insanlıq üçün böyük addımdır” ifadəsi sonralar dillər əzbəri olmaqla yanaşı, həm də əsl həqiqətlə bağlı bəşəriyyətə ötürdüyü mesaj oldu.

Картинки по запросу Nil Armstronq

1969 – insanın ayı fəth etdiyi il. "Apollon-11” kosmik gəmisinin kosmonavtları – başda Armstronq olmaqla Oldrinq və Kollinsin Ayın səthində tədqiqatı zamanı gözləri önündə qəribə mənzərə açılır: nəhəng açıq kitab dumanlı fonda parıldayır. Gözlərinə, daha doğrusu skafandrın optik cihazına inana bilməyən kosmonavtlar cihaza düzəliş verirlər, amma nəticə dəyişmir: eyni görüntü... Az sonra xışıltılı səslər gəlməyə başlayır, sanki kimsə oxuyur. Getdikcə səs aydınlaşır, bəli bu, həzin, qəribə bir musiqi idi!.. Astronavtlar tərəddüd və vahimə içində donub qalırlar. Baş verənlər lentə yazılır. Kosmonavtlar Yerə enən kimi lent yazısı NASA-da oxunur. İslamdan xəbəri olan əməkdaşlar təsdiqləyirlər: bu, açıq-aydın kəlmeyi-şəhadət idi - "Əşədüənnə la ilahə illəllah” ("Şəhadət gətirirəm: Allahdan başqa allah yoxdur”). NASA dünyanı İslam möcüzəsi qarşısında diz çökdürəcək bir lent yazısını "yuxarı”nın tapşırığı ilə dərhal yox edir. Amma azan səsini yenidən eşitmək digər astronavtların da qismətinə düşür. "Apollon-16”  kosmik gəmisinin astronavtı Vorden də Ayda olarkən eyni musiqini eşitdiyini NASA-ya bildirir. Əlbəttə ki, bu xəbər NASA-nın ürəyincə olmur və göndərilən mesaj lentdən silinir.

Hələ heç bir sirr, xüsusilə birbaşa ilahilik səciyyəlidirsə, gizlədilə bilməyib. 1983-cü ilin fevralında Armstronq Misirdə keçirilən beynəlxalq konfransa qatılır. Bu, Armstronqun təkcə Misirə deyil, ümumiyyətlə İslam dünyasına ilk səfəri idi. Konfransın ilk hissəsi yekunlaşarkən çıxış edən Armstronq qəfil nitqini yarımçıq qoyur. Oradakı hər kəs astronavtın üzünün necə ağardığını, gözlərinin bərəldiyinin şahidi olub. Bir müddətdən sonra özünə gələn Armstronq bayırdan eşidilən valehedici musiqinin nə olduğunu soruşur. Ona izah edirlər ki, bu, müsəlmanları ibadətə çağıran azan səsidir. Bunu eşidən Armstronq onlarla iştirakçı və mətbuat nümayəndələrinin gözü önündə dünyanı çalxalandıran aşağıdakı sözləri deyir: "Bu səs idi... Aya təzəcə addım atmışdıq ki, onu eşitdik...Bu musiqini eşidəndə damarımda, az qala qanım donmuşdu”. Daha sonra o udqunub susur və bu cümlələri əlavə edir: "İlahi! Mən səni yerdə yox, göydə tapdım... Aya duasız getmişdim, indi isə dualarımı əksik etməyəcəm. Məni də bir müsəlman hesab edə bilərsiniz”.

Armstronqun bu çıxışı xristian dünyasında soyuq duş effekti yaratdı. Bu etiraf həm NASA-nın ciddi tapşırığına əməl etməmək, həm də çoxsaylı xristianda İslama meyl yaratmaq demək idi. Nəticələrdən qorxan xristian böyükləri dərhal hərəkətə keçdilər. Və Armstroq təkzib verməli oldu. Onun köməkçisi Vivian Vayt Beynəlxalq Xristian Qardaşlığı Cəmiyyətinin sədri Fil Parşala belə bir məktub ünvanladı:

"Cənab Parşal,

Məndən cənab Nil Armstronq sizə cavab verməyi xahiş etdi. Cənab Armstronq bildirir ki, onun Ayda müsəlmanların ibadət çağırışı olan azan səsini eşitməsi və İslam dinini qəbul etməsi yalan məlumatdır. İslam ölkələrində belə informasiyalar məqsədli şəkildə yayılıb. Bəlkə də, jurnalistlər hörmətli Armstronqun fikirlərini düz başa düşməyiblər. Yaranmış narahatlığa və qarışıqlığa görə cənab Nil Armstronq sizdən üzr istəyir.

Hörmətlə, Vivian Vayt

1983, 14 iyul”.

Bax belə, təmkininə görə "soyuq kapitan” ləqəbi verilmiş Armstronq bu dəfə də soyuqqanlılıq göstərməli oldu və səmavi möcüzənin üstünü yerüstü yalanla örtməyə vadar edildi. 2012-ci ildə dünyasını dəyişənəcən xristian tənbehinə əməl etməli oldu. Sadəcə, bir müsahibəsində jurnalist ona "həqiqətənmi, azan səsini eşitmişdiniz” sualını verərkən o, azacıq susmuş, sonra köks ötürərək "bu barədə çox danışılıb. İndi danışmağa gərək görmürəm” desə də, sualdan yayınmaqla dolayısı yolla həqiqəti təsdiqləyib.

Əslində, o vaxt xristian nüfuzunun zəifləyəcəyindən təşvişə düşən İsavilərin bu qorxusu nahaq idi. Çünki sonrakı araşdırmalar Armstronqun Aya səyahətinə İncildə də işarə olunduğu aşkara çıxartdı. İncildə Müqəddəs İohannın vəhyinin 4-cü hissəsində  "7-ci nişanə”nin güclü əl tərəfindən açılması ilə bağlı cümlə var. İndi kosmonavtın adına baxaq: Armstronq, ingiliscədən dilimizə "güclü əl”, "qolu güclü” kimi tərcümə olunur. İncilə görə, həmin güclü əl cəsur mələyə aiddir. Nəzərə alsaq ki, Yer kürəsindən fəzaya uçan kosmonavt həm cəsarət sahibi olmalıdır, həm də səmaya açılan canlı insandan çox mələyə bənzəyər, deməli İncil Ayın səthinə kimin enəcəyinə işarə verirmiş. Buradakı "7-ci” sayına diqqət edək: bu isə xristian vəhyini İslama bağlayır. Belə ki, Qurani-Kərimin ilk  "Kitabı açan” surəsi 7 ayətdən ibarətdir. Yenə də açıq kitab və 7 rəqəmi kimsə tərəfindən açılır. Bu bir daha onu göstərir ki, biz ölümlü insanlar dinləri bir-biri ilə müqayisə edib, mütləq birini önə çıxarmaqla özümüzü yorsaq da, dünyanı dini ayrı-seçkiliklə qatıb-qarışdırmağa çalışsaq da, əsas gerçəkliyi unuduruq: xristianlığı da, müsəlmanlığı da, yəhudiliyi də yaradan tək Allahdır. Və o, öz qüdrətini hər din vasitəsilə dünyaya göstərə bilər. İstər əsrlər öncə yazılmış İncil, istərsə də fəzada açılan Quran vasitəsi ilə!


Şəfiqə ŞƏFA