SON DƏQİQƏ:

ADAM KİMİ YALTAQ İT

  258297   |  
Şriftin ölçüsü  

…İtləri həmişə sədaqtəli görmüşük. Görmüşük ki, it ən çətin anda sahibinə kömək eləyir, hətta onu suda boğmaqdan belə qurtarır. Hətta qabaqlar tez-tez belə bir məşhur film də göstərərdilər: «Qaraqulaq ağ bim». Bu qara qulaq ağ bim öz sahibinə o qədər sədaqətliydi ki, müxtəlif əzab-əziyyətlərə dözərək yiyəsini axtarır. Bir dəfə də dəmiryol xəttini keçərkən ayaqları iki relsin arasında qalır. Qatar da bir neçə dəqiqədən sonra həmin yerə yaxınlaşır. Hansısa bir xoşbəxt təsadüf nəticəsində rels açılır və qara qulaq ağ bim ayaqlarını onun arasından çıxararaq xilas olur…

Öz sahibi, öz yiyəsi yolunda hər cür çətinliklərə, hətta ölümə belə üstün gəlir bu it. Təbii ki, ataların belə bir deyimi də var: «Atdı, itdi və arvaddı bunlar adama çox sədaqətlidilər». Yəqin bu deyimə heç kəsin şübhəsi ola bilməz. Amma şəxsən mənim şübhəm var. Çünki bir çox halda at da öz sahibini təpiklə vurub, it də öz yiyəsini tutub və bəzi arvadlar da ərinə xəyanət eləyib. Bunlarla işimiz yoxdu. Hərə öz əməlinə görə yəqin ki, günlərin bir günündə cavab verməli olacaqdır.

Mən çox duzlu, məzəli, yumorlu adam tanıyıram. Amma onların içərisində ikisi xüsusilə fərqlənir. Yəni onlar şirin sözləri, lətifələri və duzlu söhbətləryilə çoxlarının qəlbini ələ ala bilirlər. Bu ziyalıların hər ikisi çox qeyri-adi bir istedad sahibidir. Biri Aqil Abbasdır, biri də Seyran Səxavət. Hər ikisi Azərbaycan ədəbiyyatında öz hekayələri, povestləri, romanlarıyla yeni bir yol açıblar və oxucuların yaddaşında da əbədi həkk olublar.

Çox tərifləməyim ki, hər iki yazıçının və yaxın dostumun tərifdən o qədər də xoşu gəlmir. Lap yaxşı da eləyib xoşları gəlmir. Çünki tərif yıxan evi fələk yıxmır. Belə də bir deyim var: «Düşmənini məhv eləmək istəyirsənsə onu təriflə».

Seyran Səxavət bir məclisdə çox maraqlı və şəxsən məni düşündürən söhbət elədi. Daha doğrusu, o mənə yeni bir orijinal mövzu verdi və buna görə Seyran Səxavətə bir qonaqlıq borcluyam. Hərçənd ki, mənim qardaşım və yaxın dostum Vaqif Bəhmənli ona işarə edərək dedi ki, bunun yanında çox şey danışma, sabah görəcəksən ki, danışdıqlarını qələmə alıb və qəzetdə dərc elətdirib.

Seyran Səxavətin bu söhbəti çox unikal və həddindən artıq maraq doğuran söhbət idi. O deyir ki, mən həyətdə bir it saxlayırdım, ancaq elə oldu bu it lap məni bezdirdi. Nə vaxt gəlirdim məndən əl çəkmirdi. O qədər yaltaqlanırdı və zəhləmi tökürdü. İt kimi yaltaqlanmırdı ha, adam kimi yaltaqlanırdı. Hələ bir imkanı olsaydı, bu yaltaq it cibimə pul da qoyardı. Bir gün də rayona gedəndə iti maşının yük yerinə qoydum və Hacıqabulda azdırdım. Evə gələndə xanım soruşdu ki, iti neylədin? Dedim ki, azdırdım. Bundan sonra tay o itdən canım qurtardı.

Böyük ustad sənətkarın bu söhbətindən sonra yadıma itdən də yaltaq insanlar düşdü. O insanlar ki, imkanlı, varlı adamların ağzından girib başqa yerindən çıxırlar. Bu adamların da yaltaq adamlardan o qədər xoşu gəlir ki, bir gün onları görməyəndə lap ürəkləri partlayır. Zarafat deyil ey, yaltaq adam elə şirin danışır ki, deyirsən heç bundan sənə yaxın olan yoxdur. Qardaşına inanmırsan, bacına inanmırsan, əmin oğluna, dayın oğluna, bibin oğluna inanmırsan, amma bu yaltaq adama inanırsan. Çünki loru dildə demiş olsaq, onların üzündə şeytan tükü var. Və bu şeytan tükü də çox adamları yolundan çıxarır, yumuşaldır.

Elə ki, bu yaltaq adamlar həmin insandan bəsdi deyincə istifadə elədilər, bax, bundan sonra ilim-ilim itirlər, başqa birisini ələ keçirirlər. Və başqa birisini də inək kimi sağıb xeyrini görürlər. Eşidəndə ki, o inək kimi sağıb xeyrini gördüyü adam ya vəzifədən çıxıb, ya da xəstəxanaya düşüb, heç vaxt onu axtarmaz və tapmaz. Ən azından ona görə ki, bu yaltaq adamlara artıq belələri tay lazım deyil. Çünki onlar şirin dillərini, şeytan tüklərini işə salıb yeni adamların ağzına girib başqa yerindən çıxırlar…

Seyran Səxavət bir yaltaq itdən canını asanlıqla qurtardı. Ay ustad, bəs bu qədər yaltaq adamlar var, onlardan canımızı necə qurtaraq? Bəlkə onları da aparıb azdıraq? Vallah, sənin o qapındakı it yaltaq adamlardan daha səmimidir. Çünki sən o iti azdırdın və bir daha dalınca gəlmədi. Ancaq yaltaq adama itə deyilən sözü ona deyirlər, üzünə tüpürürlər, yenə imkanlı insanın dalınca düşür.

O qədər dalınca düşür ki, axırda o imkanlı adam da ondan bezir. Yox, səhv elədim, bezmir, iyrənir. Sağına baxır yaltaq görür, soluna baxır yaltaq görür, qarşına baxır yaltaq görür, arxaya boylanır yenə yaltaq görür. Bu yaltaqları nə qədər azdırsan da, vallah yenə gəlib səni tapacaq.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK