adalet.az header logo
  • Bakı 11°C
09 Mart 2018 12:38
224559
RUBRİKA
A- A+

"Nizami Gəncəvi 14 şairi öldürdü...” - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı şair Aqşin Evrəndir. Adalet.az müsahibəni təqdim edir.


- Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Yuxu təkcə arzuların yox, həm də gündəlik ağlımıza gələn müxtəlif hadisələrin, beynimizdən keçən kadrların toplusudur. Biz bəzən real həyatda fikirləşməkdən qaçdığımız şeyləri yuxuda aydınlığı ilə görürük. Yəni ikinci bir həyat yaşayırıq. Yatmış bir insan yarıölmüş, yəni həyatla əlaqəsini kəsmiş bir insan deməkdir. Bizim o biri dünyamızda – yuxu həyatımızda ailəmiz, qohumlarımız, sevdiyimiz qadın, qazandığımız uğurlar var. Məncə, biz yuxu dünyasında yaşasaq, daha xoşbəxt olarıq. Çünki yuxunun faciəsindən oyanmaq olur, həyatın isə yox.


- Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Heç bir təsiri olmur, çünki mistik qatlarla çox oynayan insan deyiləm. Mənim üçün hər şeyin psixoloji alt qatı var. İstənilən problemi, xaosu altşüurumda analiz edib, doğru səbəb və nəticə tapmağa çalışıram. Yuxuların bizim real həyatımızla hansısa bağlantısı olmasına inanmıram. Bu, önündən qara pişik keçən adamın yoldan qayıdıb həkimə getməməsi və yıxılıb evdə can verməsi kimi gülünc prosesə bənzəyir.


- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Çox nadir hallarda yuxu görürəm. Doğmalarımı isə real həyatda da, yuxuda da çox gec-gec görürəm. Son aylarda Mövlud tez-tez yuxuma girir. Həmişə də gülür. Sonuncu dəfə isə Mövludun yalnız gülüşünü gördüm.


- Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Bu yaxınlarda Səməd Vurğun yuxuda mobil telefonuma zəng eləmişdi. Mənə dedi ki, Yusifi (oğlu Yusif Səmədoğlunu nəzərdə tutur – red.) içməyə qoyma, özün də orda çox qalma, çıx gəl. Səsi çox ağrılı idi. Çox pis oldum, onu bağrıma basıb təskinlik vermək istədim. Bu yuxunu status kimi yazmışdım, adını unutduğum bir xanım yuxunu yozmuşdu: mənim psixoloji durumum, mənəvi vəziyyətim haqda dediklərinin çoxu düz idi. Yəni onun yozumu doğru idi. Amma özüm heç vaxt yuxu yozmamışam.


- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- Ümumiyyətlə, həyatda heç bir mistik prosesin olduğuna inanmıram. Yuxu qeyri-ixtiyari xəyal qurmaqdır.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Çox vaxt futbolla bağlı gördüyüm yuxular əksinə çıxır. Tutaq ki, yuxuda komandanın 4-1 uduzduğunu görürəmsə, səhəri gün həmin oyunu 4-1 udur. Bunu bir dostuma danışdım, dedi, belə yuxu görəndə hesabı yadında saxla, səhər tez gedim Topazda "şot” yazım. (gülür) Ümumilikdə isə yuxularımın heç vaxt reallaşmasını istəmərəm.


- Həyatınızda gördüyünüz ən yadda qalan və ən gözəl yuxu hansılardır?

- Haradasa 13-14 il əvvəl yuxuda gördüm ki, qar təpəqələrinin arasında uçuram. Uçuşun möhtəşəm qoxusu var idi. Bu "qarda uçuş” un təsirindən uzun müddət çıxa bilməmişdim. O yuxu məndə unudulmaz təəssürat buraxıb.


- Yunan filosofu Heraklit yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Hər bir yuxu ayrı bir həyatdır. Biz bu həyatı – yuxunu avantaja çevirə bilərikmi? – bax bu sual üzərinə ciddi-ciddi düşünmək lazımdır. Əgər yuxularımızı idarə etməyin yolunu tapsaq, biz çox rəngarəng bir ömür yaşamış olarıq və bəlkə də bir çox suallarımıza cavab tapa bilərik.


- Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

- Bir dəfə Şeyx Nizami Gəncəvini yuxuda görmüşdüm. Yuxuda 12-ci əsrə getmişdim. Nizami şam işığında əsər yazırdı. Çölə çıxıb gördüm ki, guya 14 şairi öldürüb küçənin ortasına düzüblər. Hamı təşviş içində idi. Bir qadın qışqıraraq soruşurdu ki, bunu kim eləyib? Sonra Nizami Gəncəvi çıxıb "mən öldürmüşəm” deyib əlini çiynimə qoydu, gülümsədi. Bu, ağlasığmaz yuxu olmasına rəğmən, nəhəng Nizamini yuxuda görmək möhtəşəm hiss idi.


- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Müəyyən mənada yuxular bizə bəzi seçimlərin və hadisələrin hansı nəticələrə səbəb olmasını göstərir. Birmənalı şəkildə həqiqətə çatmaq isə mümkünsüzdür. Biz əvvəlcə "çatmağı” bir anlayış olaraq çözməliyik. Ümumiyyətlə, çatmaq deyilən bir şey varmı? Çatmaq bir şeyin yanındamı, səthindəmi, yoxsa içindəmi olmaqdır? Bəşəriyyət həqiqətdən milyard işıq ili qədər uzaqdadır... və Orada – biz insanlardan asılı olmayan əbədi bir dünya var: o dünyanı öyrənmək azadlıq kimi cəlbedicidir.