SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: ÜRƏK TƏMİZDİRSƏ...

  43427   |  
Şriftin ölçüsü  

... Adam var onunla bir kəlmə, bir dəqiqə söhbət eləyirsən, görürsən ki, o bir kəlmə, o bir dəqiqə sənin qəlbinə elə bir işıq salır ki, bütün varlığın təmizlənir, paklaşır və durulur. Və bu insanlar heç də adi insanlar deyillər. Bu insanlar hamı tərəfindən sevilən, işığı duyulan, sevgisi hiss edilən və yüksək mədəniyyəti olan insanlardılar...

... Onların bir adı var: ziyalı! Ziyalılığı nə pulla almaq olur, nə də diplomla! Elmlər doktoru, professor, akademik ola bilərsən, ancaq səndə ziyalılıq işartısı tapılmaz. Adi bir çoban, peşə sahibi olarsan, amma səndə o işığı, o nuru görmək olar. Yəni ziyalılıq da bir istedaddır və Allah-Təala tərəfindən insana bəxş olunmuş bir vergidir. Ziyalı adam zamanından və məkanından asılı olmayaraq, özündən və ailəsindən öncə vətənini, xalqını, millətini düşünür. Vətənini, xalqını, millətini düşünürsə, elə öz ailəsini, balasını, nəvəsini yada salmış olur. Ziyalı insan başını kəssən də "Yeddi oğul istərəm” filmində mollanın diliylə demiş olsaq, qanına qəltan eləsən də heç vaxt allahsızlıq eləməz, ağa qara deməz. Yəni onun üçün öncə Vətən, öncə haqq-ədalət və öncə insanlıqdı! Əgər öncə vətənsə, öncə haqq-ədalətsə, öncə insanlıqsa, orda həmişə duruluq, saflıq və təmizlik var!..

Mənim uzun müddətdir tanıdığım Hafiz Tahirov da məhz belə dəyərli, işıqlı və haqq yoluyla addımlayan böyük ziyalıdır. O Hafiz Tahirov ki, Füzuli təhsil sistemində Hüseyn Hüseynovdan sonra öz dəsti-xətti, öz yanaşma tərzi, ağayana və samballı mövqeyiylə həmişə seçilib. Bu da təsadüfi deyildi. Çünki uzun müddət Füzuli Rayon Maarif Şöbəsinin müdiri işləmiş Hüseyn müəllim elə bir ənənə, elə bir məktəb yaratmışdı ki, onu davam etdirməmək, təhsilə kölgə salmaq ən azından insafsızlıq olardı. Belə bir möhtəşəm ənənəni yaşatmaq üçün isə məhz Hafiz Tahirov adlı böyük bir ziyalı yetişdi. O, zaman-zaman Hüseyn müəllimin qoyduğu və yaratdığı təhsil sahəsindəki mükəmməlliyə, sistemə yeni bir rəng də qatdı, yeni dəsti-xətt də gətirdi və o ənənəni davam etdirdi...


Hafiz Tahirov düz 43 ildir ki, Füzuli rayon təhsil sahəsində saç ağardıb. Bir müddət müəllim işləyib. 1982-86-cı illərdə isə təhsil şöbəsində metodist vəzifəsində çalışıb. İllər keçdikcə öz istedadı, savadı, unikal yaddaşıyla digərlərindən seçilib. Ona görə də 1986-98-ci illərdə təhsil şöbəsində müdir müavini vəzifəsinə irəli çəkilib. İnsanın istedadı, savadı və bacarığı həmişə ona baş ucalığı, alın açıqlığı gətirir. Hafiz müəllim də ona göstərilmiş etimadı doğrultmağı bacarıb və çalışıb ki, kiməsə bənzəməsin, özü olsun. Öz dəsti-xətti, öz yaradıcılığı, öz elmi təcrübəsi və biliyiylə böyük uğurlara imza atmaqda çətinlik çəkməyib. Zaman-zaman görüblər ki, o, doğurdan da təhsil sahəsində yeniliklər, orijinal düşüncələr yaratmağa qadirdir. Elə məhz buna görə də 1998-ci ildən 2011-ci ilədək Füzuli Rayon Təhsil Şöbəsinə rəhbərlik edir. Kim nə deyir desin, onun rəhbərlik etdiyi illərdə Füzuli təhsilində çox böyük yeniliklərə və uğurlara imza atılıb.

Həyat o insanları sevir ki, onlar bütün sınaqlardan və çətinliklərdən üzü ağ çıxır. Hafiz müəllimi də yaşadığımız bu həyat, yaşadığımız bu yaşam çox sınağa çəkib. Və o, həyatın sınaqlarından, soyuğundan, qarından, şaxtasından, bütün çətinliklərindən çıxmağı, ayaq üstə durmağı bacarıb. Çünki o, çox böyük ziyalıdı, çox böyük iradə sahibidi. Polad iradəli insanları əymək olsa da, onu sındırmaq mümkün deyil. Heç Hafiz müəllimi kimlərsə əyə də bilməyib. Ən azından ona görə ki, o, hansı vəzifədə, hansı işdə çalışıbsa, haqqa, ədalətə və bir də qəlbinin səsinə sığınıb...

Böyük rus yazıçısı Çexovun gözəl bir kəlamı var: "İnsanın gərək hər şeyi gözəl olsun: özü də, paltarı da, qəlbi də, fikirləri də”. Mətləbə keçməmişdən öncə deyim ki, Çexovu mənə universitetdə oxuduğum illərdə müəllimim, gözəl insan və ziyalı, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli sevdirib. Hafiz müəllimin qəlbi də gözəldir, geyimi, mədəniyyəti də, düşüncələri də. Və bu düşüncələrdə sən ancaq işıq görə bilərsən, duruluq tapa bilərsən... Bu işığı, bu duruluğu tapanda sevinirsən ki, nə yaxşı bu böyük ziyalının bal kimi şirin söhbətini dinləyirsən...

Onunla həmişə telefon danışığımız olurdu. Və bu telefon danışığımızda da söhbətimiz çox şirin alınırdı. Hətta telefon danışıqlarının birində böyük Ramiz Rövşənin "Şükür” şeirini dedim. Həmin şeiri Hafiz müəllim dinləyəndən sonra dedi ki, müəllim, ruhuma və qəlbimə bir işıq gəldi. Səndən əvvəl qan təyziqim qalxmışdı. İstədim dərman atım, zəng gəldi. Gördüm sənsən, şeiri dedin, tay ovqatım rahatlandı, dərmana ehtiyac qalmadı. Sonra da dedi ki, rayona gəlsən, mənimlə əlaqə yarat. Heç səninlə indiyə kimi bir stəkan çay da içməmişik.

Allah-Təala onunla bir stəkan çay içməyi mənə qismət elədi. Çünki mənim nəvələrim də o məktəbdə oxuyur. Səhər saatlarında görüşdük. Kabinetində nə az, nə çox, düz bir saat yarım söhbət elədik. Və bu bir saat yarım mənim üçün 5-10 dəqiqə kimi gəlib keçdi. Hafiz müəllim rus dili və ədəbiyyatı ixtisasına yiyələnib. Və burda da biz Dostoyevskidən tutmuş Tolstoya, Çexova və hətta Viktor Hüqoya "dəyib” gəldik. O qədər gözəl, o qədər şirin, o qədər məlahətli danışırdı ki, sanki mən özümü cənnətdə hiss eləyirdim. Biz insanların yeməkdən çox belə mənəvi söhbətlərə, qidalara, işığa və nura ehtiyacı var. Belə söhbəti də ancaq Hafiz müəllim kimi böyük ziyalılar eləyə bilər...

... O, özünə qarşı nə qədər tələbkar, ciddidirsə, tabeliyində olan işçilərə qarşı da bir o qədər tələbkardır. O, nizam-intizamı və səliqə-səhmanı sevən adamdı! Və öncə də bu səliqə-səhmana, nizam-intizama özü əməl eləyir, sonra da başqalarında tələb edir.

Əvvəllər də nəvələrimi aparıb məktəbə qoyanda onu dərs başlamamışdan 15-20 dəqiqə əvvəl məktəbin girişinin ağzında görürdüm. Çox səliqəli və təmiz geyimi var. Hamıdan tez məktəbə gəlir, elə nizam-intizama da özü nəzarət eləyər. İstər-istəməz həm müəllimlər, həm də şagirdlər direktorun bu qədər tələbkar və ciddi olmasından nəticə çıxarırlar. Əlbəttə, hər bir məktəb direktoru öz yerində olanda və özü tələb etdiyi kimi nümunə göstərəndə başqaları heç bir bəhanə eləmədən nizam-intizama əməl edirlər.

... Masaya çay gətirirlər. Söhbətimiz isə davam eləyir. Müəllim-şagird münasibətlərindən, valideyn məsuliyyətindən danışır. Deyir ki, bütün məsuliyyəti məktəbin və valideyinin üzərinə atmaq düzgün deyil. Valideynin öz vəzifəsi var, məktəbin də öz vəzifəsi. Hər səhər məktəbə gələndə hər şeyə göz qoyuram. Və bir hadisə nəzərimdən yayınan deyil; istər müəllim dərsə gec gəlsin, istərsə də şagird! Bütün bu məsələlər elə həmin an öz həllini tapır.

... Bir çətin tərbiyə olunan şagirdimiz vardı. Həftələrlə dərsə gəlmirdi. Müavinimi və sinif rəhbərini onun evinə göndərdim. Atası ilə görüşüblər, atası da deyib ki, hər gün oğlum çantasını götürüb məktəbə gedir. Sən demə, şagird həm atasını, həm də bizi aldadırmış. O, evdən çıxıb internet-kafeyə gedir, kompüter oyunları oynayır, sonra da evə qayıdıb deyirmiş ki, məktəbdən gəlirəm. Məsələyə aydınlıq gətirəndən sonra valideyn məktəbə gəldi və həmin şagirdi də biz dərsə cəlb eləyə bildik. Gərək məktəb, müəllim və valideyn münasibətləri müasir tələblər səviyyəsində qurulsun. Bax, onda biz istədiyimizə nail ola bilərik.

Bu gün də rəhbərlik etdiyim məktəbdə bu münasibətlər zamanın tələbləri ruhunda qurulub. Yəni bir şagird belə diqqətdən kənarda qalmaz. Mən özüm də rus dilindən dərs deyirəm. Ən müasir texnologiyalardan istifadə eləmək biz müəllimlərin borcudur. Çünki əyani vasitələrlə, görüntülərlə dərs keçəndə şagirdin yadında hər şey tez qalır.

Hafiz Tahirov 2011-ci ildən Füzuli rayonunun Horadiz şəhərindəki Mahir Səfərov adına 1 nömrəli tam orta məktəbində direktor vəzifəsində çalışır, "Əməkdar müəllim”dir. Hərəmiz çaydan bir qurtum içirik. Hafiz müəllim "Əməkdar müəllim” fəxri adının almasının tarixi ilə bağlı maraqlı hadisəni danışır. Deyir ki, mən təhsil şöbəsinin müdiriydim. Nazirlikdən bildirdilər ki, bizə layiqli bir neçə müəlliminizin adını və soyadını göndərin, onlara fəxri ad və medal veriləcək. Mən öz adımı və soyadımı təqdimatda yazmadım. Amma sabiq nazirimiz Misir Mərdanov o siyahıya mənim adımı yazıb. Sözün düzü, cənab prezidentin sərəncamını televizorda eşidəndə sevincimdən gözlərim yaşardı. Ancaq məndən olsaydı, bu ad başqa bir hörmətli müəllimə verilərdi. Görünür, hər şey Allahın və bir də haqqın, ədalətin tərəzisində həll edilir.

Mənim qızım da o məktəbdə müəllimə işləyir – ingilis dili müəlliməsi. Qızım evdən çıxanda dedi ki, ata, məktəbdən gedəndə mənimlə görüşərsən. Mən də istədim heç onunla görüşməyim. Ancaq onun dediyini Hafiz müəllimin nəzərinə çatdıranda o, qızımı kabinetinə çağırtdırdı və dedi ki, ata-bala nə qədər istəyirsiniz söhbət eləyin. Mən də dedim ki, Hafiz müəllim, bizim səndən gizli nə sözümüz olacaq. Qızımla xudahafizləşdim, sonra Hafiz müəllimlə birgə həyətə çıxdıq.

... Hər ikimiz dərindən nəfəs aldıq və hər ikimiz sevindik ki, bir stəkan çayı bir yerdə içə bildik. Yazın gözəl havası, günəşin işığı və Horadiz şəhərinin ağaclarının pıçıltısı bizim qəlbimizə bir rahatlıq gətirdi. Və bu rahatlıq bir daha ona dəlalət edirdi ki, doğurdan da böyük ziyalı, böyük insan, böyük müəllim Hafiz Tahirov təmiz ürək sahibidir. O ürək ki, həmişə orda günəş var, istilik var, vətən məhəbbəti var...

P.S. Həmin tam orta məktəblə bağlı ətraflı yazını növbəti saylarımızda dərc edəcəyik.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK