adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Aqil ABBAS: PREZİDENTİN ŞUŞANIN 270 İLLİYİNƏ HƏDİYYƏSİ 

AQİL ABBAS
161184 | 2020-11-15 11:30

Bu il  Pənah xanın Şuşanın özülünü qoyduğunun  270 ili tamam  olur. Bu barədə Parlamentdə də  çıxış etmişdim, amma nədənsə həmkarlarım səsimə səs  vermədi. Mətbuatda üzümü Tarix İnstitutuna da tutub yazmışdım ki, heç olmasa bir konfrans keçirdin, məqalələrlə həm öz mətbuatımızda, həm də dünya mətbuatında çıxış edin və  sair və ilaxır. Təəssüf ki, səsimə bircə akademik  İsa Həbibbəyli   səs  verdi. Nə isə,  giley-güzar vaxtı  deyil.

Şuşanın  270 yaşı tamam  olur.  28 iliydi bu xalq «Şuşa» deyib inləyirdi. «Hər  səhər evdən çıxanda Şuşa deyib, bağır, bala!» deyə bağıran şair Akif  Səməd  Təbrizə gedə bilirdi, Şuşaya gedə bilmirdi. 

Amma nə şuşalılar, nə də bu xalq ümidini itirmirdi. Şuşalılar ölülərini həm Bakıda, həm də digər rayonlarda əmanət  basdırırdılar ki, bir gün əzizlərini Şuşada, Cıdır düzündə Vaqifin uyuduğu qəbiristanlığa  köçürəcəklər.

Vaqif Cəfərovun, Mikayıl Gözəlovun, Qacar nəslinin nümayəndəsi Nizami Bəhmənovun, Ramiz Qəmbərovun, Albert  Aqarunovun, Tofiq Oğuzun və Şuşada canlarını bu müqəddəs  torpaq  üçün  qurban  verən bütün  şəhidlərin ruhları intizardaydı. Gəncə qapısından, Çanaqqaladan gözlərini Ağdam  yoluna  dikmişdilər.

Şuşa azərbaycanlılar  üçün Məkkə qədər  müqəddəsdi, əzizdi. Elə Məkkəmizdi! Şuşa torpağı İmam Hüseynin  yatdığı Kərbəla torpağı tək tütyədi. İsa bulağının suyu Zəm-zəm  suyu kimi göz yaşı kimi  təmizdi, şirindi, dadlıdı.

Şuşanın 270 yaşı tamam olur!

Yazıçı Seyran Səxavət deyir: «Qarabağ haqqında ən böyük əsəri Ali Baş Komandan İlham Əliyev yazacaq!»

Və Ali Baş Komandan bu əsəri  yazdı, özü də qızıl hərflərlə!

Şuşanın 270 yaşı tamam  olur!

Şuşanın 270 illiyinə, Pənah xanın  ruhuna və bütün  şəhidlərin  ruhuna, və bütün Azərbaycana ən  böyük hədiyyəni Ali Baş Komandan, Möhtərəm Prezident İlham  Əliyev  etdi! Məkkəmizi bu millətə qaytardı. Və Şah İsmayıldan sonra Azərbaycan   tarixinə öz imzasını atdı.

Xalqımıza və eləcə də bütün şuşalılara gözaydınlığı verirəm!

Tanrı Şuşaya  bayraq sancan qəhrəman əsgərlərimizi qorusun!

Tanrı işğaldan azad olunan torpaqlarımıza bayraq  sancan qəhrəman əsgərlərimizi qorusun!

Tanrı Xalqımızı qorusun!

Və Tanrı Ali Baş Komandanımızı qorusun!

TƏQVİM / ARXİV