adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Xudaya yar olan əsgərim - Eminquey yazır

EMİNQUEY AKİF
73422 | 2020-12-02 14:08

Özünü heç tanımadığın birinə qardaş deyəcək qədər doğma hiss etmək... Qardaşsız adam kimi bu hissiyata daha tez qapılıram. Doğma bildiklərimi dost kimi yox, qardaş kimi görürəm. Sağ olsan bəlkə də gülərdin, amma mən sevdiyim qızı da biraz əcaib sevirəm. Təkcə sevgilim kimi yox, bacım kimi. Ona görə də bir yerdə alınmır getmir. Bəlkə də ona görə də gözləntilərim daha çox olur və xəyal qırıqlığına uğrayıram.

Amma Xudayar... Sən milyonların yaddaşında 1 dəqiqəlik səsinlə qalmısan. Təsəvvür edirsən? Ailən, dostun, döyüş yoldaşların, onlar heç, səni uzun-uzun tanıyırlar. Biz isə səni 1 dəqiqəlik tanıyırıq. Cəmi 1 dəqiqəlik. Amma bu 1 dəqiqə çevrilib nə boyda zaman olub, Allah bilir?!

Torpağına həsrət qalan adamlara sevinc yaşatmısan, başqa nə gözləyə bilərik ki səndən? Belə qardaşdan kim inciyə bilər ki?!

"Allahın yanında zaman yoxdur" deyirlər. Bax, elə dünyada da bəzən zaman əriyib yox olur. Sənin 1 dəqiqəlik səsində və cavan şəhidliyindəki zamansızlıq... Biri səni bizə, o biri isə Allaha qovuşdurdu. Ruhun şad olsun qardaşım!

Cənnət əhli səsini eşidib şad olacaq .

Bir video da çıxdı qarşıma. Uşaq döyüşdə olan atası ilə danışır. Ağlaya-ağlaya deyir ki, ata, birdən sən şəhid olsan? Birdən ermənilər səni vursa? Şükür, ata ilə oğlunun qovuşmağını gördüm, ürəyim yerinə gəldi.

Bir anlıq özümü ata kimi təsəvvür etdim. Heç bəlkə də 1 saniyə çəkmədi bu qığılcım. Öz atam yadıma düşdü. Onun çıxdığı uzaq iş səfərləri. 2000-ci illərin əvvəli. Qanlı-qadalı Dağıstan. Günlərlə evdə olmamağı. Anamın ondan zəng gözləməyi.

Ana-bala necə darıxırdıq.

İlahi, nə günlər idi...

O Siemensə gələn bir zəngə ana-bala necə sevinirdik.

İşıqlarımızın günlərlə söndüyü, evimizin damdığı olub. Qaranlıqda ləyən boşaldıb ləyən daşımışıq. Yağışdan xətlərdə dəfələrlə qısaqapanmalar olub.

Amma dözmüşük, o çətin günləri adlamışıq.

Atamdan ki çətin vəziyyətdə deyildik. Sırf bunu düşünərək.

Həqiqətən çətindir.

Təcili yardım işçilərinin "gecdir, heç nə eləyə bilmərik, yaxınların zəng vurun" kəlməsini eşidəndə atamla bir yerdə can vermişəm.

O öldü, çıxıb getdi, mən öldüm, amma qayıtdım.

Bir gün düşünəndə ki günlər ömürdən gedir, bir gün üzündən öpdüyün, qucaqladığın, saçını oxşadığın, səsini eşitdiyin, nəfəsini duyduğun adamı çiynində aparacaqsan, dünya adamın başın fırlanır, ev adamın başına uçur.

Qonşumuz Həsən dayı vardı, yaşı çox idi, kişi düz bir ay ölə bilmədi. Zülm çəkirdi. Bir də görürdün ki, qəfil gözlərini yumdu, nəfəsi get, gəlmədi. Amma elə qəfildən də oyandı.

Və bir gün axşam cəmi iki dəfə xırıldadı, gözlərini yumdu. Vəssalam! Sırf bunun üçün 1 ay zülm çəkdi. Danışsan, beş dəqiqədir, yaşasan, bir il.

Zamanı uzadan ağrılardır, ölümlərdir, gedişlərdir. Ən gözəl anların isə doymazsan qısalığından. Bir il gözəl yaşayarsan, elə bilərsən, beş dəqiqədə baş verib hər şey.

Bircə Allahın yanında zaman yoxdur, çünki orada nə ölüm var, nə də gedişlər. Ölüm yoxdursa, gediş yoxdursa, zaman da yoxdur, əbədilik var.

Daha çox öpmək, qucaqlamaq, səsini dinləmək, saçını oxşamaq, nəfəsini duymaq lazımdır doğmaların.

 

TƏQVİM / ARXİV