SON DƏQİQƏ:

Aqil ABBAS: 37-Cİ İL DEYİL, CƏNABLAR

  49170   |  
Şriftin ölçüsü  

«Atalar və oğullar» məsələsində Stalin deyirdi, ata oğula, oğul da ataya cavabdeh deyil. Təbii ki, bunu sözdə deyirdi, əməldə yox. Ata tutulanda nəinki oğulunu və ya oğullarını bütün ailəni, hətta bütün nəsli Sibirə sürgün edirdi.

İndi 37-ci il deyil. Ola bilər ki, ata oğula cavabdeh olsun, çünki övladına o tərbiyə verib: ata oğulunu ərköyün edib, əməllərinə göz yumub. Bəli, övladları cinayət etmiş atalar cəzalana bilər.

Amma oğul atanın əməlinə cavab verə bilməz. Adətən keçmiş Sovetlər İttifaqında bir adamı dövlət vəzifələrinə, xüsusi xidmət orqanlarına götürəndə, ümumiyyətlə, milisə, prokurorluğa, Ədliyyə Nazirliyinə, Partiya Komitələrindəki vəzifələrə götürəndə və hətta Partiyaya keçəndə bir anket doldurmalı idi. O anketdə atan kimdi, anan kimdi, bacın kimdi, qardaşın kimdi, qardaşının arvadı kimdi, onun atası, anası kimdi, bacının əri kimdi, onun ata, anası kimdi, qayının kimdi, xaricdə qohumun varmı… Qısası, bütün nəsil haqqında məlumat verməli idin. Əgər qardaşın arvadının qardaşı və sair və ilaxır hansısa bir məsuliyyətə cəlb olunubsa, artıq sənin anketin ləkəli sayılırdı və sənə vəzifə vermirdilər və yaxud orqanlarda işə götürmürdülər.

Yadıma məşhur bir hadisə düşdü. Şair Əhməd Elbrus Partiyaya keçəndə anketə yazıb ki, xaricdə qohumlarım var. Büroda soruşublar ki, xaricdəki qohumların kimdi?

Deyib:

-Nelson Mandela, Ancela Deviz, Çe Qevara Fidel Kastro.

Hamı çaşıb.

Əhməd Elbrus deyib ki, xarici ölkələrdə kim azadlıq uğrunda mübarizə aparıbsa, mənim qohumumdu.

Şairi partiyaya keçirmişdilər.

İndi gələk başqa bir məsələyə. Görkəmli hüquqşünas İlyas İsmayılov Moskvada çıxan «Sosialist qanunçuluğu» jurnalında, deyəsən 1974-cü ildə, belə bir məqalə ilə çıxış eləmişdi, indiki kimi yadımdadı, çünki bu barədə əvvəllər də yazmışam. Yazmışdı ki, işə götürdüyünüz adamlardan atasının, anasının, qardaşının, bacısının, ya hansısa qohumunun kimliyini soruşmayın, çünki onların heç birini özü qazanmayıb.

Ona bircə sual verin: dostun kimdir? Çünki dostlarını özü qazanıb.

Bizdə belə bir fikir var: «Dostunu göstər, sənin kim olduğunu deyim». Çox qəribədir ki, almanlarda bunun təmiz başqa bir variantı var: «Düşmənini göstər, sənin kim olduğunu deyim». Yəni görüm sənin gücün nə qədərdi.

Nə isə, qayıdaq mövzuya. Və əslində heç mövzudan kənara çıxmamışdıq.

«Azərxalça»nın sədri Vidadi Muradov həbs olundu. Dərhal bütün saytlarda, sosial şəbəkələrdə yazırlar ki, oğlu Cavid Muradov vəzifəsindən istefa verməlidir və ya verib. Cavid Muradov polkovnikdir, Səbayel rayonunun polis rəisidir. Mən qarabağlıları yaxşı tanıyıram və çoxu ilə də münasibətim var. Amma çox qəribədir ki, nə Vidadi Muradovu tanımışam, nə də oğlu Cavidi. Yox, deyəsən bir dəfə Cavidlə rastlaşdıq, iki-üç dəqiqə səmimi söhbətimiz oldu. Xoş təsir bağışladı. Cavan, enerjili bir gəncdir.

İndi niyə Cavid Muradov istefa verməlidir? Leytenantlıqdan yüksəlib polkovnik olub. Ona yüksək vəzifə etibar olunub. Cavid atasına görə cavabdeh deyil və o nə də Pavlik Morozovdu. Bəlkə istəyirsiz bu ölkədə pavlikmorozovlar yetişdirəsiniz?!

General-mayor Zakir Nəsirov çox haqsız olaraq MTN-in oyununun qurbanı olmuşdu və həbs edilmişdi. Amma onda Daxili İşlər Nazirliyi onun bu sistemdə işləyən oğulunu xaric eləmədi və çox da düz elədi.

Baxıram, İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin oğulunu Qubadlı rayon prokurorluğuna müstəntiq göndəriblər. Yenə sosial şəbəkələr və müəyyən saytlar şivən qoparıb.

Ay cənablar, 37-ci il deyil. Vilyam Hacıyevin oğlu Respublika Prokurorluğunun Korrupsiya İdarəsində işləyib və fəaliyyətində heç bir nöqsana yol verməyib. İndi atasına görə oğlu ömrü boyu ağrı çəkməli və işsiz qalmalıdır?

Vilyam Hacıyev nə cinayət törədib-törətməyib, bu məhkəmədə bilinəcək.

On iki imama ağlayanda bir dəfə də Yezidə ağlayın. Vilyam Hacıyev İmişliyə icra başçısı təyin olunana qədər İmişil böyük bir kənd idi. Vilyamın vaxtında şəhərə çevrildi, o qədər abadlıq işləri gördü ki, bir neçə rayonu çıxmaq şərtilə, heç başqa rayonlarda belə bir abadlıq və inkişaf olmamışdı. İmişli kənd təsərrüfatı rayonundan çıxıb sənaye şəhərinə çevrildi.

Möhtərəm Prezidentin İmişliyə səfərlərində bu rayonda görülən işlər dəfələrlə müsbət qiymətləndirildi.

Bircə faktı nəzərinizə çatdırım ki, İmişli Azərbaycanda ilk dəfə yeganə rayon oldu ki, dövlət büdcəsindən dotasiya almadı, özü-özünü maliyyələşdirə bildi. Bu, məhz Vilyam Hacıyevin Möhtərəm Prezidentin sərəncamlarına vaxtlı-vaxtında əməl etməsindən irəli gəlirdi.

İndi Vilyam Hacıyev nə günah eləyib onu məhkəmə müəyyənləşdirəcək və cəzasını alacaq. Amma buna görə onun oğlunu cəzalandırmaq yenidən 37-ci ilə qayıtmaq deməkdi.

37-ci il deyil, cənablar! Ataların cəzalarını oğullar çəkməli deyil. Təbii ki, həmin o oğullar bu dövlətə, bu millətə sədaqətlə qulluq edirlərsə.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK