adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

OXU, MƏMLƏKƏT ADINA OXU ... - İlqar Rəsul yazır

İLQAR RƏSUL
55058 | 2021-02-22 15:02

Biri deyir, bəs hanı Xankəndi?

O biri deyir, Mən bilirdim alınmayacaq.

Axtarsan, bəlkə hələ Şuşanın təzədən işğal olunmasını arzulayan da taparsan...

İçində yarısınadək su olan stəkana "stəkan yarıya qədər boşdur" deyənlərdən yox, "stəkan yarıya qədər doludur" deyənlərdən olmaq lazımdı məncə. Üstəlik də, stəkanın yarısından çoxu doludursa.

Dünənə qədər "torpaqlar getdi deyənlər" (və deməyənlər) bu gün Xankəndi cığallığı edirlər.

Komandanı Xankəndini qapısından qayıtmaqda qınayırlar. Amma bəlkə Şuşanı azad etdiyinə görə təqdir eləmək Millətin və Məmləkətin birliyi üçün daha faydalı olar?

Ermənilər ruslarla birgə Xankəndində tədbir keçirir. Əlbəttə yalnız gözlə görünəni seyr edəndə üzücüdür. Amma düşünəndə, əksinə: dünən "paytaxtı" Şuşaya köçürən erməni, bu gün Xankəndində qala bildiyinə şükr edir.

Və...

Dünənə qədər erməninin əli ilə bütün Qarabağı əlində saxlayan Rus, bu gün Xankəndinədək çəkilib, həm də guya sülhməramlı adı ilə. Arada da ermənilərin xoşuna gələn işlərə rəvac verir ki, erməni xalqını tam küsdürməsin özündən.

Rus olaydı öz xoşuna Türkiyənin Qafqaza girməsinə razı olaydı, özü də o qədər küncə çəkiləydi. Rusiya politoloqları özləri də deyirlər ki, bu biabırçılıqdı əslində.

Elə o rəzilliyini gizlətmək üçün də bəzi müstəqilvari, ermənisayağı təşəbbüslərdə bulunur Qarabağdakı Rus.

Əslində

Rusun və erməninin indi Qarabağda etdikləri göz qabağındadı(Elə əllərindən gələn də göz qabağında nəsə etməkdi ki, bəlkə bu yolla Azərbaycanda narazılıq yarana). Sıravi azərbaycanlı da, erməni də bilir Xankəndində və ətrafında nələr baş verdiyini. Üstəlik Bakıda və Ankarada atəşkəsdən sonra Qarabağda uçan milçəyin də videogörüntülər incələnir. Azərbaycanla Türkəyənin indi nə düşündüklərindən, planladıqlarından və etdiklərindən isə, görünən odur, nəinki sıravi azərbaycanlının, heç siyasətlə məşğul olanların da çoxunun xəbəri yoxdu.

Bu əlbəttə ki, yaxşıdı. Demək ki, Əliyevlə Ərdoğan daha tədbirli və effektiv işləyirlər.

Həm də Azərbaycana və Türkiyəyə bəhanə vermək üçün ruslar əllərindən gələni etdikləri bir zamanda.

Paşinyan Şuşada yallı gedəndə Azərbaycanda çoxları dövlətin birinci şəxsini yumşaq desək qınayırdı. Sonra məlum oldu ki, o məşhur "yallı" oynanada Bakıda artıq Şuşaya necə giriləcəyi müzakirə olunurmuş.

İndi də Xankəndi "çaştuşkası"na görə qınaqlar vüsət alıb. Görək bu dəfə nə məlum olacaq...

P.S. əslində burada anlaşılmayan bir şey yoxdu ey. Kimisi bunu gerçək təəssübdən edir, kimsi nifrətdən, kimsi siyasi mənfəətdən və s. Amma dünən publik proqnozu özünü doğrultmayan ekspert, siyasətçi bu gün yenə eyni həvəs və iddia ilə niyə tələsik bədbin proqnoz verir ki. Doğrudanmı Məmləkət naminə?

TƏQVİM / ARXİV