adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Fevral 2021 10:54
41318
ELM VƏ TƏHSİL
A- A+

"Müəllimin peşəkarlaşmağına tədrisin distant olmağı mane ola bilməz" - MÜSAHİBƏ

“Kənd müəllimi”nin növbəti qonağı Füzuli rayonu, Yuxarı Alxanlı kənd məktəbinin coğrafiya müəllimi Sevinc Adilovadır.

-Müəllimlik həyatına yeni başlamısınız. Necə duyğudur? Bu peşə üçün 11 il məktəb həyatına, 4 il bakalavra dəyərmi?

-Düzünü desəm , 11 il məktəb həyatını, 4illik bakalavrı müəllim olmaq üçün oxumamışdım. Başqa planlarım var idi. Amma bu gün , sevinirəm ki, müəlliməm. Şagirdlərimin üzündəki təbəssümü, öyrənmək həvəsini, mənim onlara nəyisə öyrədə bilməyimi görəndə çox xoşbəxt oluram. Dərsim olmayan günlər darıxıram onlar üçün inanırsız? 45 dəqiqənin sonunda xəritənin önündən ayrılmaq istəmirlər. Dərsin bitməsini istəmirlər. Bir sözlə , onlar üçün dəyər! Müəllim olmağa dəyər.

-Fəaliyyətə başlayan kimi məktəblərin bağlanması, distant təhsil...Praktik olaraq müəllim kimi peşəkarlaşmağına mane oldumu? Bütün bunları necə həll etdiniz?

-Təbii ki asan olmadı təhsilin distant olmağı. Füzuli cəbhə bölgəsi olduğu üçün , internetlə bağlı problemlərimiz oldu. Maksimum çalışdım ki , şagirdlərlə bu dönəmdən də zərərsiz çıxaq. Nə isə öyrənək. İnternet problemi yavaş-yavaş aradan qalxdıqca onlayn dərsləri keçdik. Məncə bir müəllimin peşəkarlaşmağına tədrisin distant olmağı mane ola bilməz. Çünki öyrənən tərəf də , öyrədən tərəf də tədris prosesindədirlər. Nəhayətində, bu dönəm də geridə qaldı. Dərsləri əyani keçirik artıq. Ümid edirəm covid yenidən bizə mane olmayacaq.

-Füzuli rayonunun kəndini vakansiyada seçməyin özəl səbəbi var, yoxsa təki iş yeri olsun deyə?

-Vakansiyada Füzuli rayonu, Alıxanlı kəndini seçməyimin özəl bir səbəbi yox idi. Hətta ailəm də razı deyildi cəbhə bölgəsi olduğu üçün. Mən MİQ müsabiqəsində topladığım bala uyğun olaraq buranı seçdim. Mənim üçün vətənin hər yeri doğmadır. Hara qəbul olsam işləyəcəkdim. 16 gündür əyani olaraq ders keçirəm , məktəbə gedirəm. Amma sanki illərdir Alıxanlıda yaşayıram.

-Vaxt var idi Füzuli rayonuna, orada çalışan müəllimlərə cəbhə rayonu, cəbhə rayonlarında çalışam müəllim deyirdik. İndisə cəbhə anlayışı yoxdur. Hiss baxımdan sizə yaxşıdır, ya?

-İndi isə Azad Füzuli müəllimi deyiləcək. Bundan gözəl nə hiss ola bilər ki? Azərbaycan Ordusu ilə qürur duyuram. Var olsunlar!

- İxtisasım olmasa da coğrafiya ən çox sevdiyim elm olub. Bu fənni sevməyimdə coğrafiya müəllimim Nazilə müəllimin də sevdirməsinin böyük rolu olub. Özünüzün, şagirdlərin bu fənnə marağı necədir? Sevdirə bilirsinizmi bu elmi?

-Coğrafiya dünyagörüş elmidir. Yerin qızmar nüvəsindən qalaktikalara uzanan , təbiətdə baş verən proseslərdən cəmiyyətdəki hadisələrə qədər öyrənən bir elmdir. Cografiyanı bilməklə istənilən mövzuda fikir sahibi ola bilərsən. Şagirdlərim çox sevir coğrafiyanı. Və mən çalışıram ki, onlar sevməklə yetinməyib , bu elmi dərindən mənimsəsinlər.

-Coğrafiya riyaziyyatından, həndəsəsindən, iqtisadiyyatından digər elmlərə qədər birləşdirir...

- Elə coğrafiyanı maraqlı, oxumağa dəyər edən də budur. Özündə bütün sahələri cəmləşdirib. Xəritələrin hansı proyeksiyalarda tərtib olunması gərəkdiyini bilmək üçün coğrafiya həndəsə ilə inteqrasiya edilir. Müəyyən bir ölkədə təbii artımı hesablamaq üçün riyazi biliklərin olması şərtdir. Fizika qanunları ilə fəzaya çıxırıq , planetləri kəşf edirik. Yer üzündəki bütün canlıların yayılma arealını öyrənərək biologiya elmi ilə bağlantı etmiş oluruq. Coğrafiya öyrənməyə dəyər bir elmdir!

-Bakılı qız üçün kənd yeri çətin deyil?

-Bu sualı dünən versəydiniz yox deyərdim. Amma bu gecə bir böcəkdən qorxub, yuxusuz qaldığım üçün bu sual barədə biraz düşünməli olacam. Yuxarı Alıxanlı kəndi mənə aşa bilməyəcəyim çətinlik yaratmadı. Əksinə , buranın insanları çox mehriban, səmimi, qayğıkeşdirlər. Məni darıxmağa qoymurlar.

-50 bal toplamısınız. Yüksək bal toplayan, şəhərdə yaşayan müəllimlər elə şəhərdəcə işləmək istəyir...

-Əslində mən də şəhərdə işləmək istəyirdim. Coğrafiya fənni üzrə şəhərdə işləməyim üçün daha çox bal lazım idi. Düşündüm ki, yenidən imtahan verib, daha çox bal toplayıb yerdəyişmə edərəm. Amma hal-hazırda burda , Alıxanlıda olduğum üçün xoşbəxtəm. Və hələ ki şagirdlərimdən ayrılmağı düşünmürəm.

-Yəqin ki, başınıza kənd həyatında, şagirdlərlə bağlı maraqlı əhvalatlar gələr..

-Elnur adında bir şagirdimin " müəllim , Yer kürəsi fırlanır, bəs biz niyə fırlanmırıq?" sualına şagirdlərlə bərabər xeyli gülmüşdük. Məlum , pandemiya sbəbi ilə dərsə tibbi maskada gedirəm . 10 gün sonra məktəbdən evə gedəndə şagirdlərim "aa müəllimə , bu sizsiz? , siz bele idiniz ki? "dedilər . Məgər maskasız necə göründüyümü unudublar.

 

Söhbətləşdi: Emin Piri