adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Vəziyyət gərginləşdikcə Paşinyan arxayınlaşır

MEHMAN CAVADOĞLU
47743 | 2021-03-02 18:01

Dünən Yerevanda təxminən eyni vaxtda Paşinyanın tərəfdarları və əleyhdarlarının ayrı-ayrı meydanlarda mitinqləri keçirildi. Bu, İkinci Qarabağ Müharibəsindəki ağır məğlubiyyətdən sonra fasiləsiz mitinqlər rejimində fəaliyyət göstərən müxalifətin sıradan növbəti mitinqiydisə, generalların passiv qiyamı, daha dəqiqi, itaətsizliyi səbəbindən vəziyyəti daha da çətinləşdiyi üçün özünün sınanmış mübarizə üsulu olan küçə taktikasına əl atmağa məcbur qalmış baş nazirin ikinci kütləvi aksiyasıydı. Üstəlik, aksiyanın Paşinyanın maraqlarıyla səsləşən simvolik bir gündə, yəni martın 1-də keçirilməsi də onun əlinə oynayırdı. İndi qonşu meydandakı tribunada ağzından od püskürənlərin, erməni xalqının məğlubedilməzliyi barədə dastanlar danışanların xaç atasına çevrilmiş Köçəryan-Sərkisyan cütlüyünün əmriylə 13 il əvvəl məhz həmin gün Yerevanın küçələrində böyük qırğın törədilmiş, 10 nəfər dinc nümayişçi qətlə yetirilmiş, yüzlərlə insan yaralanmışdı. Paşinyanın öz nitqinə elə həmin faciə qurbanlarını anlamaqla başlaması da əslində, əli öz xalqının qanına batmış rəqiblərinə göndərilən sərt bir mesaj idi.

Baş nazirin ikinci mitinqinə də opponentlərinin artıq yeknəsək tamaşaya çevrilmiş, eyni natiqlərin “çevir tatı-vur tatı” nitqləriylə qulaqları yağır etmiş mitinqlərindən ən azı iki dəfə çox adam gəldi. Əsl nonsesdir. Əslində, müharibədən məğlub çıxmış baş naziri və ali baş komandanı hakimiyyətdən devirmək çox sadə bir iş olmalıdı. Amma müxalifətin üç ay yarımdı davam edən etirazları nəinki heç bir səmərə vermir, əksinə get-gedə əsl məzhəkəyə çevrilməkdədi. Ordunun rəhbərliyində olan 35 generalın itaətsizlik göstərərək onu istefaya çağırması da, konstitusiyanı ayaqları altına ataraq etirazçıların tərəfinə keçmiş prezidentin dəstəyi də müxalifətin gücünə əlavə güc qata bilmədi.

Hərçənd, xeyli müddətdir ki, fasiləsiz mitinqlər rejimindən süst etirazlar mərhələsinə adlamış müxalifət baş nazirin son səhvindən maksimum yararlanacağına böyük ümidlər bəsləyirdi. Bu məşum səhv “İskəndər” raketləriylə bağlı onun verdiyi ehtiyatsız açıqlamadan ibarət idi. 44 günlük müharibədə “İskəndər”lərdən istifadə olunmamasıyla bağlı eks-prezident S. Sərkisyanın qurduğu tələyə düşməsi Paşinyanın getdikcə güclənməkdə olan mövqelərinə ağır zərbə vurdu. Bu, müxalif düşərgədə yeni ümid qığılcımları doğurmaqla yanaşı, orduda islahatlar aparılacağıyla (oxu; ciddi kadr dəyişiklikləri ediləcəyi) bağlı bir müddət əvvəl verilmiş bəyanatdan əndişəyə düşmüş generalları da öz şinellərini qorumaq üçün açıq müqavimətə ruhlandırdı.

Xatırladaq ki, Paşinyan Sərkisyanın ittihamına cavabında müharibədə “İskəndər”lərdən istifadə edildiyini, lakin onların partlamadığını və yaxud 10 faiz partladığını bildirmişdi. Həmin “10 faiz” kəlməsini onun hansı mənada işlətdiyini özündən başqa heç kim bilməsə də, Moskvanın siyasi və hərbi cameəsi, çox güman ki, bunu təkcə imicə vurulan ağır zərbə kimi yox, həm də ironiya kimi qəbul elədi. Bir sözlə, “İskəndər” raketləri haqqındakı açıqlama aydın səmada çaxan şimşək effekti yaratdı.

Cənubi Qafqazdakı maraqları naminə “manqal inqilabı”nın liderinin bir çox antirusiya demarşlarını və şıltaqlıqlarını qulaqardına vuran və yaxud qulaqburmasını daha münasib vaxta kimi təxirə salan Kreml daha səbrini basa bilmədi. Çünki zərbə imperiyanın ən həssas, ən məhrəm nöqtəsindən – qurşaqdan aşağı vurulmuşdu. Onun hər fürsətdə öyündüyü hərb sənayesi və bu sənayenin fəxrlə təbliğ olunan müasir raket kompleksi məxsərəyə qoyulmuşdu. Təsadüfi deyil ki, Paşinyanın açıqlaması təkcə onlarla rus hərbi ekspertiylə yanaşı Rusiya Müdafiə nazirliyi tərəfindən də rəsmən təkzib edildi. Onsuz da, İkinci Qarabağ Müharibəsi rus hərb sənayesinin bir çox paxırlarını üzə çıxarmışdı. Üzə vurmasalar da, içlərində çəkirdilər. Doğrudur, bundan əvvəl də Yaxın Şərqin ayri-ayrı münaqişə ocaqlarında bəzi rus silahlarının nüfuzuna ciddi xələl dəymişdi. Amma bu vəziyyət Qarabağ savaşındakı qədər kütləvi hal almamışdı.

Dünən Yerevanda keçirilmiş və faktiki olaraq iqtidarla müxalifət-baş qərargah-prezident koalisiyasının duelini xatırladan iki yanaşı mitinq Paşinyanın mövqelərinin hələ də rəqiblərindən güclü olduğunu bir daha sübut elədi. O, özünü çox arxayın va sakit aparırdı. Nitqində də ölkənin böhrandan çıxarmaq üçün təzə heç nə demədi, əvvəlki mövqeyini yenidən təkrar elədi; “Əgər parlamentdə təmsil olunan qüvvələr bizim hələ keçən il dekabrın sonu və bu ilin yanvarın əvvəllərində verdiyimiz təklifləri qəbul eləsələr, onda biz növbədənkənar parlament seçkilərinə getməyə hazırıq. Sizə ikinci imkanı verirəm. Seçkiyə gedək və görək xalq kimin istefasını tələb edir”.

Baş nazirin “sizə ikinci imkanı verirəm” kəlməsindəki ötkəmli intonasiyanı bir kənara qoyaraq onu da deyək ki, bu “ikinci imkan” elə “birinci imkan”ın eynidi. Yuxarıdakı sitatdan göründüyü kimi, ötən ilin sonunda da o müxalifətə erkən seçkilərə getməkdən başqa heç nə təklif etməyəcəyini bildirmişdi. Sonradan bu təklifindən vaz keçsə də, indi yenidən geriyə addım atmağını böyük jest kimi qələmə verərək boyunlarına minnət qoymağı da unutmadı. Üstəlik, hakimiyyətin onlara məcməyidə hazır şəkildə veriləcəyiylə bağlı illüziyalarına son qoydu.

Bu inam təkcə öz mitinqinə toplaşan adamların sayının qat-qat çoxluğundan yox, həm də əhalinin ovqatına yaxşı bələd olmasından qynaqlanırdı. İndi müdafiə nazirliyinin girişindən tutmuş əksər şəhər və rayonlarının hərbi komisarlıqlarının qarşısına kimi ölkənin müxtəlif bölgələrində hər gün çoxsaylı piketlər və etiraz aksiyaları keçirilir. Valideynlər övladlarının Qarabağa əsgər göndərilməsini istəmirlər. Bilirlər ki, bu onları birbaşa ölümün ağuşuna atmaqdı. Amma meyitlərini hələ də döyüş bölgəsindən yığışdırıb qurtara bilməyən qisasçı siyasətçiləri bu az maraqlandırır. Çünki öz övladları onların arasında deyil, yeni müharibə başlasa belə yenə olmayacağını dəqiq bilirlər. Kasıbların uşaqlarını isə öz ifadələriylə desək, tikinti materialı kimi yük maşınlarındakı sement torbalarının, taxta və kərpiclərin arasında gizlədərək Qarabağa daşıyırlar. Terrorçu kimi istifadə elədikləri 62 gəncin nakam taleyi onlara dərs olmadı. Odur ki, indi Paşinyan həm də əhalinin öz uşaqlarının taleyini hər şeydən üstün tutan qeyri-siyasi hissəsinə arxayındı. Bilir ki, ən böyük çoxluq onlardı, əksəriyyəti heç seçkiyə gəlməyəcək, gəlsə də müharibə partiyasına səs verməyəcək.

Tikinti materiallarından söz düşmüşkən, bir ara Rusiya bunları Azərbaycan ərazisindən daşımağa qərar vermişdi. Bu bəzi həmvətənlərimizdə qıcıq yaratsa da, düzgün addım idi. İndi nədənsə yüklər yenidən əlverişsiz və bahalı Ermənistan marşrutuyla daşınmağa başlayıb. Azərbaycanın təzyiq və etirazları nəticəsində Ermənistandan Qarabağa əsgər göndərilməsi dayndıqdan sonra humanitar yardımın yenidən əvvəlki marşrutla çatdırılmasında məqsəd nədir? Olmaya, erməni əsgərlərinin tikinti materialına çevrilməsi projesində Moskva da yer alır?!

M. Cavadoğlu

TƏQVİM / ARXİV