adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Aprel 2021 16:24
68376
MÜSAHİBƏ
A- A+

“Diplomat şikayət edirsə... ” - MÜSAHİBƏ

Bir müddət öncə  Azərbaycanın Niderlanddakı səfiri ilə görşmək və müsahibə almaq qərarına gəldim. Məqsədim həm  iki ölkə arasındakı əlaqələrin hazırkı durumu haqqında, həm də Niderlanddakı diasporumuz barədə danışmaq idi.  Heç cür vaxt edə bilmirdim və nəhayət, səfirliyin emailinə bu istəyimi yazdım. Cavab özünü çox gözlətmədi.  Görüş təyin etdik və görüş günü üz tutdum  Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinə,  fövqalədə və səlahiyyətli səfir Fikrət Axundovdan müsahibə almağa.  Yaşadığım yerdən səfirliyimizin yerləşdiyi Den-Haaq şəhərinə təxminən bir saat yarımlıq yoldur. Maşında gedə-gedə düşünürdüm ki, necə edim ki, söhbəti mümkün qədər açıq formatda apara bilim. Fikrət müəllimin tərcümeyi-halından xəbərdar idim (istəyən burdan tanış ola bilər: https://hague.mfa.gov.az/az/content/35/sefirin-tercumeyi-hali), təcrübəli diplomatdır. Uzun illərin təcrübəsi var.   Düşündüm ki, mən yenə də düz bildiyimi deyəcəm və buna uyğun da suallar verəcəm.   Diplomat nə cavab verəcək, bu da artıq başqa məsələdir. Yadıma Türkiyəli diplomat Yaqub Qədri Qaraosmanoğlunun “Zorən diplomat” əsərindən “Diplomatlar məclisində həqiqəti söyləməkdən daha  betər nadanlıq ola bilməz” fikri düşdü və öz-özümə gülümsədim...

... Elə söhbətə də belə başlamağa qərar verdim və yuxarıdakı seçməni Fikrət müəllimə dedikdən  sonra ilk sualımı ünvanladım:

  • Bu fikirlə razısınız?  Həqiqət bildiyimi deyib buna uyğun sual versəm, çox nadanlıq etmiş olmaram?

Fikrət müəllim gülərək:

  • Yox, necə istəyirsinizsə, elə də söhbət edək. Diplomat sözün düzünü deməlidir – dedi və tez də -  ancaq öz təmsil etdiyi dövlətə zərər vermədən – deyə əlavə etdi.

 

  • Fikrət müəllim, söhbətimizə bir əsərdən seçmə ilə başladıq,  növbəti sualımı da başqa bir əsərdən,  Ceyms Oldric “Diplomat”  əsərindən “ Diplomatiyanın yarısı şikayətlərdən ibarət olur” fikri ilə davam edim. Bu fikirlə necə razısınız? Niderland Azərbaycan əlaqələrindən şikayətçi deyilsiniz?

 

  • Hesab etmirəm ki, diplomat işini şikayətlər əsasında qurmalı, yeri gəldi-gəlmədi şikayət etməlidir. Edirsə, demək ki, işini yaxşı qurmayıb.  Niderlandla Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ildən mövcuddur.  Niderland ölkəmizdəki kənd təssərrüfatı layihələrində aktiv iştirak edir. Bir müddət öncə Böyük Şorun təmizlənməsində də iştirak etdilər. Səhv etmirəmsə, hazırda Azərbaycanda 130-a yaxın Nidderland şirkəti fəaliyyət göstərir. Əlbətdə ki, biz çalışırıq ki, bu əlaqələr artan xətt üzrə inkişaf etsin...

 

  • Müharibə ərəfəsində Niderlandın tutduğu mövqe Azərbaycanı qane etdimi?

 

  • Mütləq ki, istəyirsiniz şikayət edim, yuxarıdakı sitatınıza uyğun olsun, etməyəcəm (gülür).  Təbii ki, zarafat etdim. Bilirsiniz, məsələyə bir qədər fərqli yanaşmaq lazımdır. Niderland hökuməti başqadır, parlamenti başqa.  Doğrudur, hökumət parlamentə seçilmiş deputatlardan təşkil olunur, ancaq yenə də fərqli münasibət sərgilədilər. Bundan öncəki parlament (mart ayında Niderlandda yeni parlament seçkiləri keçrildi – V.A) xüsusən son 44 günlük müharibə ərəfəsində Azərbaycana qarşı ədalətli mövqe sərgiləmədi.  Qısa zaman ərzində əleyhimizə 13-ə yaxın qətnamə qəbul etdilər. Bununla bağlı XİN-ə  (Xarici İşlər Nazirliyi), Parlamentin  rəhbərliyinə etiraz məktubları göndərdik. Həmçinin  bu qətnamələrin bir çoxunun təşəbbüskarı və ya həmmüəllifi olan, o dövrdə deputat olmuş Martin van Helvert (CDA – Xristian Demokrat Partiyasından deputat olmuş  Martin van Helvert nəzərdə tutulur – V.A) ilə görüşülmüş, bu qətnamələrin ədalətsiz, birtərəfli, əsassız olması onun diqqətinə çatdırılmışdır. Eyni zamanda, Azərbaycan diasporunun fəalları da qeyd olunan deputatla görüşərək, etirazlarını bildirmişlər.  Yeri gəlmişkən, qətnamə müəlliflərindən biri Martin van Helvert  Ermənistan tərəfdən təltif də olunub.  Hökumət isə bu ərəfədə demək olar ki, bitərəf, neytral mövqe sərgilədi. Hesab edirəm ki, əvvəlki parlamentin Azərbaycana qarşı  tutduğu mövqe ədalətli deyildi.

 

  • Fikrət müəllim, bilirsiniz ki, Azərbaycan parlamentində  Azərbaycan – Niderland parlamentlərarası dostluq qrupu var. Bu qrupun əvvəli rəhbərini vaxtaşırı Niderlanda gəlirdi. Artıq illərdir ki, qrupun yeni rəhbəri var,  deputat  Eldar Quliyev. Necə düşünürsünüz, Niderlandlı deputatların  Azərbaycan parlamentində belə bir qrupun olmasından xəbərləri var?

 

  • Bildiyim qədər Niderland parlamentində cəmi bir neçə buna bənzər qrup var. Onlar belə qrupların olmasında maraqlı olsa idilər, mənə elə gəlir ki, başqa, keçmiş sovet ölkələrinin çoxu ilə bu cür qruplar qurardılar.  Azərbaycan parlamentində isə belə ənənə var, dünyanın əksər ölkələrinin parlamentləri, həmçinin Niderland  parlamenti ilə dostluq qrupu var. 

 

Haşiyə. Səfirlə müsahibədə Azərbaycana girişə icazə verən vizalardan, təyyarə biletlərinin bahalığından danışmaya bilməzdim.  Gündəlik, vaxtaşırı ünsiyyətdə olduğum  soydaşlarımız söhbət əsnasında hər vaxt bu məsələlərdən şikayət edirlər.  Odur ki, növbəti sualım bu barədə oldu.

 

  • Fikrət müəllim, bir neçə il öncə mən Azərbaycanın bütün aidiyyətı qrumlarına, XİN- də daxil, yazmışdım ki, yaxşı olar ki, xaricdə yaşayan, Azərbaycan vətəndaşlığı olmayan  soydaşlarımıza şəxsiyyətlərini  təsdiq edən nəsə bir sənəd versinlər ki, onunla ölkəyə vizasız daxil ola bilsinlər.  Hətta 2016-cı ildə, Dünya Azərbaycanlılarının dördüncü qrultayı ərəfəsində  bu barədə  təkliflərimi aidiyyətı təşkilatlara qovluqda da göndərdim. Sonra eşitdim ki, nəsə “Soydaş” adlı belə bir sənəd üzərində işləyirlər, lakin sonradan xəbər çıxmadı. Biz niyə ölkəmizə viza ilə gedək?

 

 

  • Sizi  anlayıram. Ancaq bilirsiniz ki, indi “Asan viza” deyilən bir sistem var ki, oranın xidməti ilə evində oturaraq bir neçə saata belə viza almaq olur. İrəliləyən zamanlarda bəlkə dediyiniz kimi nəsə ola bilər, bilmirəm. Vizanın qiymətinin də münasib olduğunu düşünürəm…

Bu yerdə müdaxilə etmədən dura bilmirəm, “Bir nəfər üçün bəlkə münasib ola bilər, ancaq ailədə bir neçə dəfə olarsa, heç də az məbləğ alınmır” deyir və dərhal da xaricdə yaşayan (elə ölkədə yaşayanlar üçün də maraqlı olduğunu düşünürəm) soydaşlarımızın çoxu üçün maraqlı ola biləcək digər məsələ, təyyarə biletləri ilə bağlı sual ünvanlayıram.

 

 

  • Təyyarə biletlərinin qiymətinə nə deyə bilərsiniz? Qiymətlərin baha olması ölkəyə turistlərin cəlb olunmasına da mane olur.  Bura gəlməmişdən öncə də kiçik bir araşdırma etdim,  buradan Azərbaycana olan qiymətlər Gürcüstana olan qiymətlərdən  ən azı 100 – 150 avro bahadır. Bunu da bir neçə nəfərdən ibarət ailə üçün hesablasanız kifayət qədər yüksək məbləğ alınar.  Bir səfir kimi xaricdə yaşayan soydaşlarımızın bu narahatçılığını aidiyyatı yerlərə çatdırmağınız yaxşı olar deyə düşünürəm. Xaricdə yaşayan soydaşlarımızın əksəriyyətinin istəyi həm də budur  ki, xaricdə yaşayanlar ancaq onlara ehtiyac olanda yada düşməsinlər…

 

  • Hesab etmirəm ki, xaricdə yaşayan soydaşlarımız ancaq siz deyən vaxtlarda yada düşür. Xeyir, məsələn, bizim səfirliyin qapıları soydaşlarımızın hər biri üçün açıqdır.  Biletlərin qiymətləri isə həm də bazara uyğun tənzimlənir. Bakıya gedən təyyarələr demək olar ki, bir qayda olaraq dolu gedir. Ancaq əlbəttə ki, Azərbaycan tərəf çalışır ki, bazara yeni  avia şirkətlər daxil olsun. Bura Buta şirkətini, Macarıstanın Wizzair şirkətini və s. aid etmək olar.  Təbii ki, soydaşlarımız baxımından qiymətlərin hər kəsə münasib olması çox önəmlidir.

 

  • Növbəti sualım qapalı sualdır, mümkünsə “hə,” yaxud da “yox” cavabı verin. Buradakı Azərbaycan diasporunun fəaliyyəti size qane edir?

 

  • Bu suala birmənalı cavab vermək olmaz. Çatışmamazlıqlar təbii ki, var, ancaq son müharibə ərəfəsindəki fəaliyyət məni tam qane etdi…

 

  • Yəni deyirsiniz ki, hər vaxt daha yaxşısı mümkündür.  Birmənalı söz demək olmaz fikrinizlə razıyam. Ancaq belə fikirlər də var ki,  Azərbaycan diasporu Azərbaycanın aidiyyatı qrumu, səfirliklər  tərəfindən idarə olunur. Yəni diasporumuz idarə olunur. Bu da fəaliyyət göstərməli olduqları ölkədə onların nüfuzuna xələl gətirir. Bununla bağlı nə deyə bilərsiniz?

 

  • Bu fikirlə heç razı deyiləm. Diaspor canlı orqanizmdir, daim yenilənir. Azərbaycan diasporunu isə idarə etmək  fikrimiz olmayıb, belə bir şey yoxdur.  Soydaşlarımızla, diaspor fəaliyyəti ilə məşğul olanların bəziləri ilə görüşürük, ancaq buna idarə etmək demək düzgün deyil. Vaxtaşırı müxtəlif  diaspor təşkilatlarının rəhbərləri ilə görüşlərimiz olur. Soydaşlarımız yaşadıqları yerlərdə Azərbaycan hakimiyyətinin deyil, doğulduqları ölkələrin maraqları baxımından çıxışlar edirlər.  Bunun üçün isə kimisə idarə etməyə ehtiyac yoxdur. Söhbətlərimdən görümüşəm ki, soydaşlarımız bunu özlərinə mənəvi borc hesab edirlər…

 

  • Yeri gəlmişkən, qeyd etdiniz ki, vaxtaşırı bəzi diaspor təşkilatları ilə görüşürsünüz. Ancaq Azərbaycan mətbuatında bu xəbərlər “Azərbaycan diasporu ilə görüş keçirildi,” “Azərbaycan diasporu mükafatlandırıldı” və s. başlıqlarla gedir. Bunu “Bir qrup diasor təşkilatı, fəalı” kimi təqdim etsəniz daha düzgün olmazmı? Axı gərəkəndə meydana yüzlərlə diaspor fəalı çıxır. Qeyd etdiyim kimi təqdimat digər fəalları incidə bilər…

 

  • Doğrudur, burda diasporumuzun fəal üzvləri çoxdur. Onlardan  bəziləri bu yaxınlarda mükafatlandırıldılar və bu mükafatı təşkilatlarındakı hər kəsin adına aldıqlarını dedilər…

 

Bu yerdə nədənsə mənə elə gəldi ki, cənab səfir  ötəri saatına baxdı və odur ki, müsahibəyə yekun vurmaq istədim.  Onsuz da bəzi suallara cavabın diplomatik cavab olacağını təxmin edirdim və bu da qeyri təbii deyil. Bəzi sualları verməkdə, etiraf edim ki, məqsədim həm də cənab səfirin diqqtini həmən məqamlara çəkmək  idi.  Çox inanmaq istəyirəm ki, cənab səfir, məsələn, viza, bilet kimi məsələləri lazım olan yerlərdə səsləndirəcək. Odur ki, son sualımı verirəm.

 

  • Fikrət müəllim, sonda belə bir sual. Diplomatiya termini ilə bağlı maraqlı təriflərdən biri belədir: “İnsanın öz vətəni üçün yalan deməsi bir sənətdir. Buna Diplomatiya deyilir”. Bəlkə qeyri etik sualdır, ancaq sualı verəcəm.    Diplomatik fəaliyyətiniz dövründə yalan danışmaq məcburiyyətində qaldığınız oldumu? Yoxsa məşhur “Həqiqəti demək istəmirsənsə, yalan danışmaq məcburiyyətində deyilsən, sussan yetər”  məsəlinə əməl etmisiniz?

 

  • (Gülümsəyir) Diplomatiyanı vəkilliklə də müqayisə  edərdim.  Diplomat hər bir halda ölkəsinin maraqlarını qorumalıdır. Hesab edirəm ki, diplomat yeri gələndə susmağı, yeri gələndə danışmağı bacarmalıdır. Bəzən susmaqla da çox söz demək olar və bəzən danışmaqla da heç nə deməyə də bilərsən.  Ümid edirəm ki, bu söhbətimizdə həm bir diplomat kimi, həm də bir soydaşınız kimi nəsə deyə bildim.

 

  • (Gülərək) Bunu oxucular müəyyən edəcəklər. Bizə ayırdığınız vaxt üçün təşəkkür edirəm.

 

Vüqar Abbasov.

Niderlanddan xüsusi olaraq “Ədalət” üçün.