SON DƏQİQƏ:

Əsgər-millət yaradan “problem”

  18622   |  
Şriftin ölçüsü  

“Liderlik sənəti kütlənin diqqətini bir düşmənə yönəltməkdən və heç bir şeyin bu diqqəti dağıtmasına imkan verməməkdən aslıdır.”
 

Hitler (`Mənim mübarizəm`, 1925)

Başının üstündən keçən mərmilər göy üzünü yarır, sağında və solunda qaçan əsgərlərin gah başını, gah da qıçını parçalayırdı. Sıçrayan qanlar üzünü qırmızıya boyasa da, o durmadan qaçır, qaçır və qaçırdı. Bütün bu cəhənnəmin ortasında o adamın dayanmaq niyyəti yox idi. Məktubla dolu çantasının kəmərini tərli barmaqlarıyla daha da bərk sıxdı. Gözləri ifadəsiz idi, qulaqlarısa eşitmirdi. Mexaniki addımlarla qan, palçıq və bomba dəryasının ortasından qaçdı. Həyatında ilk dəfə “kimsə” olduğunu hiss edir, nəyisə bacarırdı...

Sadəcə hərbi forma içində özünü dəyərli hiss edirdi. Problemli uşaqlığından sonra dünyanın başına bu günə qədər yaşadığımız ən böyük problemi o açdı. Problemin adı II dünya müharibəsi, çoxuna görəsə Adolf Hitler idi.

Ölümündən yarım əsrdən çox vaxt keçir. Haqqında yazılanlar bəlkə də yerdən aya körpü ola biləcək uzunluqdadır, amma hələ də cavabını gözləyən bəsit bir sual var: Bu adam bunları niyə etdi? Bəlkə də heç bir zaman bu sualın cavabını tapa bilməyəcəyik. Bacardığımızsa nəyi, necə etdiyini danışmaqdır. Gəlin, tarixin gördüyü ən dəhşətli diktatorun həyat yoluna bir daha göz ataq.


Uğursuzluq və yalnızlıq oyuncağı olmuşdu


Uşaqlığından danışa biləcəyimiz çox şey yoxdur. Uşaqlığı ilə bağlı ən maraqlı fakt sonradan məşhur filosof kimi tanınan Ludviq Vittgenstein ilə sinif yoldaşı olmasıdır. Digər məlumatsa gömrük işçisi olan atasının onun tezliklə dövlət işinə düzəlməyini istəməsidir. Adolfsa yaramazlıq etməkdə israr edirdi.

Anasının ölümündən sonra Vyanaya getdi. Məqsədi sənət akademiyasına daxil olub istedadlı olduğuna inandığı ressamlıqda karyera qurmaq idi. Vyanada yaşadığı günlərdə ailəsindən qalan pul özünə güclə çatırdı. Həmin vaxtlarda Vyananın küçələrini gəzir, həm burjuaziya sinfini, həm də işçi sinfini təsiri altına alan anti-yəhudi düşüncəsindən doğan qoxunu ciyərlərinə çəkirdi. Bir müddət sonra pulları qurtardı, subay sığınacaqlarında qalmağa başladı. Çəkdiyi şəkilləri sataraq cib xərcliyini çıxarırdı. Daha çox mənzərə və küçə rəsmləri çəkirdi. İçərisində insan olmayan şəkillər...

Rəssam ola bilmədim, əsgər olum


Hitler akademiyadakı müəllimlərini sənəti ilə təəccübləndirə bilmədi. Rədd edildi. Memar olmaq istəyi də alınmadı. Son çarə kimi sınadığı Avstriya-Macarıstan ordusuna yazılmaq cəhdi də uğursuz oldu. “ Sən bu işlərin adamı deyilsən, yorma özünü” demişdilər. “O isə bacarardı. Bir şans versəydilər çox şey edərdi...“ Ona nəyisə edə bilməyəcəyini söyləyənlərə nifrət edirdi. Üzünə bağlanan hər qapıyla birlikdə, damarlarında axan qanın yerini nifrət tuturdu.

Vyanadakı xəyalları puç olan Hitler Münhenə qayıtdı. Pivə və sosiska qoxan küçələrdə yalnızlıqla vaxt öldürdü. Lakin bu uzun müddət davam etməyəcəkdi. Bir serb millətçisinin silahından çıxan mərmi Avstriya-Macarıstan İmperatorluğunun vəliəhdi şahzadə Ferdinanda dəyəndə həm onun, həm də milyonlarla avropalının həyatını sonsuza kimi dəyişdirən bir cığır açdı. Zatən bir-birinin boğazını sıxmaq üçün nişangahda gözləyən avropalı super güclər müharibə elan etməkdə gecikmədilər. Cəhənnəmin qapıları açılmışdı.

`Həyatımın ən xoşbəxt günüydü, bilmirdim`

Münhen küçələrində müharibə tərəfdarlarının mitinqlərində həyatına məna verməyə çalışan Hitler də var idi. Sonradan xüsusi fotoqrafı olacaq Heirich Hoffmanın çəkdiyi fotoda o, “Müharibə, müharibə” qışqıran kütlənin arasında üzündəki bənzərsiz xoşbəxtlik ifadəsi ilə diqqət çəkirdi. Xoşbəxt idi, bütövlüyün bir hissəsi olmaq içindəki coşqunun partlamasına səbəb oldu. Hərbiyə piyada kimi yazıldı. Almanlar onunla avstriyalılar kimi davranmadı. Müharibəyə gedən ordunun sıravisi kimi hərbi formanı geyindiyi an hiss etdiklərini “Dünya üzərindəki varlığımın ən unudulmaz anları” cümləsiylə xatırlayacaqdı. Hitler I dünya müharibəsinin çox ağır döyüşlərinə şahidlik etdi. Hətta yaralandı da. Göstərdiyi cəsarət və bacarığına görə komandirlərinin hörmətini qazandı. Iki dəfə cəsarət göstərdiyinə görə Dəmir Xaç medalıyla mükafatlandırıldı. Həyatındakı ilk mükafatı hərbi forma içindəykən almışdı. Hərbini buraxsa da bir daha hərbi formanı çıxartmayacaqdı. Ingilis, fransız və amerikan qüvvələrinin almanların biləyini bükməsiylə müharibə bitdi və atəşkəs imzalandı. Almaniya məğlub olmuşdu. Parisdə imzalanan Versal müqaviləsinə əsasən Almaniya koloniyalarından və Avropadakı torpaqlarından məhrum olduğu kimi alman ordusu da simvolik olaraq qalmışdı. Alman ordusunun alçaldılması Hitlerin də nəfəs ala bilməməsi idi. Ordu, silahlar, güc və müharibə onun qəlbi idi. Küt-küt döyünməli idilər. Müharibənin qalibləri o vaxt fərqində deyildilər, amma gənc bir adamın yaşam səbəbinə qəsd etmişdilər. Bu onlara baha başa oturacaqdı.

Fövqəladə vaxtlar, fövqəladə qərarlar

Müharibədən sonra Almaniya pərən-pərən olmuşdu. İmperator taxtından çəkildi. Sosialist höküməti hakimiyyətə gəldi. Ordu tərxis edildi. Anarxiya başlandı. İnflyasiya yüksəldi. Bir ölkənin başına gələ biləcək nə qədər pis şey varsa yağış olub Almaniyanın başına yağmışdı. Fövqəladə bir zaman yaşanırdı. Hər zaman olduğu kimi fövqəladə zamanlar fövqəladə qərarlara hamilə idi.

Tərxis olunmağı gözləyən Hitler bir anda özünü polis casusu vəzifəsində gördü. Vəzifəsi yeni yaranan İşçi partiyasının içinə girib baş verənləri çatdırmaq idi. Bunu qəbul etdi. Dövlət söz mövzusu olan yerdə hər şey təfərrüatdır. Hitler olub-bitənləri öyrənmək üçün getdiyi partiyanın ilk üzvlərindən oldu. Həmin vaxtlarda Almaniyadakı siyasi partiyalar böhrandan çıxmaqda çətinlik çəkirdi. Hitler isə casus kimi girdiyi yeni toplumda bir şey kəşf etmişdi: dinləyənləri sehrə salan xitab etmək bacarığını. Partiyanın fikirləri də ağlına batmışdı. Casusluqdan əks-mövqeyə keçməsi uzun müddət çəkməyəcəkdi. Hər nitqiylə onu dinləyənlərin sayı daha da artırdı. Hitler yenə özünü kütlələr arasında tapmış, `kimsə` olduğunu hiss etməyə başlamışdı. Alovlu çıxışlarıyla kütlələri həyəcanlandırarkən nə qədər böyük zövq aldığının fərqində olanda artıq ağlında nə rəssamlıq, nə də memarlıq qalmışdı. Bambaşqa bir şeyə çevrilirdi.

Sadəcə almanlar bərabər olsun!

Hitlerin qulaqdan qulağa yayılan alovlu nitqləri və qamalı xaçın işçi partiyasının simvolu olaraq seçilməsinin yaratdığı maraq partiyanın üzvlərinin sayının artmasına qapı açdı. Bir müddət sonra Hitler və digər partiya rəhbərləri partiyanın adını Nasional Sosialist Fəhlə Partiyası olaraq dəyişdirdi. Başlanğıcda sadəcə sosialist olması düşünülmüşdü, amma Hitlerin kommunistləri xatırladan hər şeyə nifrəti var idi. Sosial bərabərliyi bəlkə də qəbul etmirdi, amma onunçün önəmli olan almanlar idi. Almanlardan başqasının bərabər olub-olmaması onun vecinə də deyildi. İrqçiliyi `sosialistin` əvvəlinə `nasional`ın gəlməsinə səbəb oldu. Dünyanın diksinərək xatırlayacağı Nasist Partiyası siyasət səhnəsində yerini tutmuşdu. Aralarında Hitlerin də olduğu partiya rəhbərləri qiyamla hakimiyyəti ələ keçirmək istəsə də qısa zamanda ələ keçdilər. İqtidar hirsiylə hərəkətə keçən Hitler vaxtsız banlayan xoruz olmuşdu, amma başı kəsilmədi. Beş il həbs cəzasıyla canını qurtaracaqdı. Cəmi on iki ay qaldığı həbsxanada `Mənim mübarizəm`i yazmağa və ölənə kimi dəyişdirməyəcəyi siyasi fəlsəfəsini tam şəkilləndirməyə kifayət qədər zamanı olmuşdu. Zatən, fəlsəfəsi də uzun illər alacaq qədər zaman istəmirdi. Dəqiq idi: Almaniya sadəcə və sadəcə ölkəyə geyindirilmiş dəli köynəyi olan Versal müqaviləsini cırıb atmalı, şərqi Avropada Almaniyaya `yaşamaq üçün faydalı olan torpaq sahələrini` ələ keçirməli və təbii ki, yəhudi əhalidən xilas olduqdan sonra super güc olmalı idi.


Əldən çıxan fürsət ”böyük böhran”la geri döndü

Hitler həbsdən çıxanda ölkə müharibədən sonrakı böhranlı günlərini arxada qoymuşdu. Inkişaf gözə dəyirdi. Elə görünürdü ki, Hitlerin zamanı keçib və Nasist partiyası isə marjinallaşmışdır. Buna baxmayaraq, partiyanın SA (Sturmabteilung/Fırtına güclər) olaraq tanınan və xüsusi formalarına görə Qəhvərəngli Köynəklilər adlandırılan hərbi qolun üzvləri get-gedə artırdı. Hitler həbsə girmədən öncə kəşf etdiyi natiqlik qabiliyyətini gücləndirmək üçün çox vaxt sərf edirdi. Xüsusi fotoqraflar tutur, hansı üz ifadəsiylə, hansı əl-qol işarəsinin uyğun olacağını təsbit etmək üçün saatlarla güzgü qarşısında dururdu. Sahib olduğu ən böyük silahı kəşf etdiyinin fərqində idi. Həmin vaxtlarda partiya özünü göstərmək üçün təzyiqlərdən istifadə etməyə başlamışdı. Hitler demokratiyanı tramplin kimi istifadə etmək niyyətində idi. Hələ bir iqtidara gəlsinlər, demokratiya məsələsini o zaman həll edəcəkdilər. Həmin günlər partiya sıralarına Hitlerin almanları sehrləməsində böyük rol oynayacaq bir imza da qatılmışdı. Bu daha sonralar təbliğat naziri olacaq Jösef Göbbels idi.
Nitq məsələsində vergili olan bu cütlük seçkilər yaxınlaşdıqca kütləni coşdurduqca coşdururdu. Hitler 1932-ci il seçkilərində səfərlərə təyyarə ilə çıxaraq bu sahədə bir ilkə imza atacaqdı. Nə qədər çox insanın qarşısına çıxarsa virusunu o qədər sürətlə yayacağının fərqində idi. Həmin ana kimi digərləri qədər şansı olan Nasist Partiyası dünyanı təsiri altına alan böhranın işsiz buraxdığı milyonlarla almanı arxasınca apararaq bir anda digər partiyalarla arasında fərq yaratdı. Çarx tərsinə döndü və Hitlerin qaçırdığı şans yeni bir böhranla geri döndü. Gələcəyə dair heç bir ümidi qalmayan kütlələr onlara dövlət inkişafı vəd edən bu səsin sahibinə qulaq asmağa başlamışdılar. Doğrudan dediklərini edə bilərdimi? “Böyük Almaniya” yuxusu həqiqətə çevrilə bilərdimi? Itirəcək nələri vardı ki? Bunu sınamaqdan ziyan gəlməzdi...

Nasistlər körpünü keçdi, demokratiya dərəyə yuvarlandı

Prezident Hindenburq amansız bir seçkinin nəticəsində qalib olan Hitlerə kansler vəzifəsini tapşırdı. İlk pərdə oynanmış, demokratiya işə yaramışdı. Indi demokratiya səhnədən endirilə bilərdi...

Həmin vaxtlar Hindenburq və alman siyasi elitası Hitlerin zərəsiz bir kloundan artığı olduğuna inanmırdı. İqtidarı ona tapşırmaqda heç bir çətinlik görməmişdilər. Bilmədikləri isə, diqqətə alınmamağa nifrət edən bu adamın çarəsiz küçələrin səsi olmağı çoxdan bacarması idi. Hitler həbsxanadakı hücrəsində beynində yaratdığı zəhəri alman xalqının beyninə doldurmağa başladı. Nəfəs kəsici bir təbliğat hücumuyla yəhudi düşmənçiliyi yayılmağa başladı. Ardınca isə məşhur kitabyandırma aksiyaları başladı. 1933-cü ildə, hardasa bir əsr öncə Henrix Heynenin “Bu gün kitabları yandıranlar sabah insanları yandırarlar” deyərək dilə gətirdiyi uzaqgörənlik gerçəkləşmək üzrə idi. SA qüvvələrinin küçə terroruyla anti-yəhudi siyasəti sürətlə həyata keçirilirdi. 1938-ci ildə yəhudilər artıq küçəyə belə çıxa bilmirdilər. Dükanları qarət olunur, özləri döyülür, hər yöndən embarqoya məruz qalırdılar. Nasistlər Almaniyanın zəlil olmasında günahkar gördükləri yəhudilərə hesab ödətdirmək niyyətində idilər...

Kansler Hitler illərdir bağrında bəslədiyi vəhşinin zəncirlərini açmışdı. Ölkəni fövqəladə qaydalar və qanunlarla idarə etməyə başlamış, parlamenti buraxmışdı. Sürətlə diktatora çevrilirdi. Dikatorunsa mühafizəsi olmazdımı? Olar, təbii ki. Hitlerə qarşı çıxanların qorxulu röyası SS də( Schutzstaffel/ mühafizə gücü) bu formada səhnəyə çıxır. Qara formalarıyla diqqət çəkən SS qüvvələri Hitlerin müxaliflərini əzən çəkicə çevrildi. Ilk fəaliyyətləri isə Hitlerin əmriylə SA-nın rəhbərliyində təmsil olunan Hitler müxaliflərinin edam olunması oldu. Nasist rejiminin son günlərinə kimi SS dəhşətli fəaliyyətinə davam edəcəkdi.

 

Artıq dövlət yox, yalnız Hitler var

Həmin ana kimi siyasətlə məsafə saxlayan ordu Hitlerin sonrakı hədəfi idi. 1934-cü ildə Hindenburqun ölümüylə Almaniyada yeni bir səhifə açıldı. Hitler fürsətdən istifadə edib prezident səlahiyyətlərini də mənimsədi. Parlament səlahiyyətlərinin yeni dövlət başçısına verilməsini qəbul etdirdikdən sonra demokratiyanın ruhuna əl fatihə oxunmasının zamanı gəlmişdi. Uzun vaxtdır nasistlərə şübhəylə baxan ordu da Hitlerə biət edəndə tablo tamamlandı. Artıq dövlət demək Hitler demək idi. Demokratiya isə sadəcə boş bir səda idi.

Hitler demokratiya dalğası üzərindən oyun oynayaraq qüdrətli bir diktatora dönmüşdü. Film hələ yeni başlayırdı...
Onun üçün siyasət təbliğat idi. Ən əsası isə alovlu çıxış etmək idi. Detallarıyla məşğul olmağa vaxtı yox idi. Bu tipli işləri ətrafındakı birinci halqadan olan adamlara tapşırmışdı. 1936-cı ildəki 4 illik inkişaf planıyla Almaniyanı hərbi sənaye ölkəsinə çevirən Herman Göring bunlardan biri idi. Onun səy və iradəsiylə Almaniya ağlagəlməz dərəcədə inkişafa daxil olmuş, xüsusilə silah istehsalını hədəfləyən ağır sənaye həmləsiylə Almaniyadakı işsizlik buxarlanmışdı. Almanların belə bir rejimi dəstəkləməsinin cavabı isə bu ilk illərdəki tabloda yatırdı. Artıq Fürer adını alan Hitler onlara vəd etdiyi şeyi - gücü vermişdi. Küçədəki alman gələcəyə inamla baxırdı. Böyük bir millət olduqlarını yenidən hiss etməyə başlamışdılar. İşsizlik aradan qalxmışdı. Üstəlik kəlmələriylə dinləyənləri hipnoz edən liderləri var idi. Daha nə istəyərdilər ki?

Əsgər-millət yaradılır

Hitler də hər diktator kimi kütləni sehrləməyindən istifadə etdi. İlk dəfə yaşadığını, bir kimsə olduğunu ordunun sıravisi olanda hiss etmişdi. O halda bu hər kəs üçün keçərli olmalı idi. Almaniyanın mülki üzünü müharibəyə çevirən Hitler almanları qısa zamanda əsgər-millətə çevirdi. Başda gənclər olmaqla toplumun hər bir üzvü Nasional Sosialist ideologiyasına sadiq formada təşkilatlandı. Hitler Jugend (Hitler Gəncliyi) şüarı altında qız və oğlanları tipləşdirməyə başladı. Madam ki, gənclər rejimin təminatıydı, o halda onlara diqqət ayrılmalı idi. Dövlət bütün imkanlarını yeni bir Nasist Gəncliyi yaratmağa səfərbər etdi. Idman salonlarından festivallara, nəhəng stadion nümayişlərinə qədər “birlik və bərabərlik bütü”nün yaradılması üçün hər şey edildi. Bu baş tutacaqdı...
1936-cı il olimpiya oyunlarına ev sahibliyi edən Berlin eyni zamanda Hitlerin də `Yeni Almaniya`sını dünyaya tanıtmasına platforma oldu. Oyunlar ərzində yəhudilərə qarşı təzyiq və hücumlara fasilə verildi. Nasistlər `yaxşı uşaq` oyunu oynayırdı. Hər şey mükəmməl şəkildə təşkil olunmuşdu. Saat kimi işləyən bir cəmiyyət Fürerin ardınca yürüyürdü.


Bu qədər danışmaq yetər, indi işə keçmək vaxtıdır

Hitler işğalçı siyasətini göstərməyə gecikmədi. Öncə silahsızlaşdırılmış Reyn bölgəsini, ardınca isə doğulduğu Avstriyanı ilhaq etdi. Persepolisə girən Böyük İsgəndər kimi bir kortejlə Avstriyaya girən Hitler böyük coşquyla qarşılandı. Hitlerin ardından SS-lər gəldi. Onlar avstriyalı yəhudilərə qan udduracaqdılar...

Rur və Avstriyadakı `asan qollar` Hitlerin iştahını itiləmişdi. Bu dəfə o, gözünü Çexoslovakiyadakı almanların yaşadığı Sudet (Sudentenland) bölgəsinə çevirdi. Münhendə görüşdüyü fransız və ingilislər `bəlkə buranı da alıb dayanar` düşüncəsiylə bölgənin almanlar tərəfindən işğalına yaşıl işıq yandırdı. Fərqində deyildilər ki, Hitler balıq vermir, balıq tutmağı öyrədir. Nasistlər Çexoslovakiyanı tam işğal edəndə onların gözü açılacaqdı. 1930-cu illər ərzində Hitler `Bax başımı ağrıtmayın, yoxsa müharibəyə çıxarıq!` taktikasıyla bir mərmi belə atmadan istədiyi torpaqları idarəçiliyinə qatır, digər super güclər isə müharibə çıxmasın deyə bunlara göz yumurdu. Nasistlər şərqə doğru genişlənməyə davam edirdi. Hədəfdə bu dəfə Polşa var idi. Elə bu vaxt səhnəyə yeni bir aktyor çıxdı: Stalin və onun nəhəng Qırmızı ordusu. Hitler Stalinə və təbii ki, kommunizmə ən azı yəhudilərə etdiyi qədər nifrət edirdi. Buna baxmayaraq qəzəbini içində boğdu və vaxt qazanmaq üçün SSRİ ilə hücum etməmək paktını imzaladı. Iki diktator müqaviləni qeyd etmək üçün Polşanı aralarında bölüşdürəcəkdilər. Avropa, `Müharibələrin anası` olmağa hazırlanırdı...
 

Avropa `İldırımsürətli müharibə`ylə ildırımla vurulana döndü

Hitler yeni bir müharibə planı üzərində işləyirdi. Bu plana əsasən düşmənə nə olub-bitdiyini bildirmədən ani hücum edəcək və bir anda müharibəni qurtaracaqdı. Bu taktika tarixə Blitzkrieg(İldırım sürətli müharibəsi) adıyla düşdü. Ilk qurbanı isə Polşa oldu. Polşa təyyarələrini səmaya qaldırmağa belə vaxt tapmadı. Nasistlərin Polşanı mədəsinə endirməsiylə dünya oyandı. Ingiltərə və Fransanın Almaniyaya müharibə elan etməsiylə II dünya müharibəsi başlanmışdı. Polşanın ardından Danimarka, Norveç, Hollandiya, Belçika və Lüksemburqu da alman ildırımı vurdu. Hitler amansız müharibə gücüylə lunaparkdakı hədəflərə atəş açan adam rahatlığıyla qurbanlarını devirirdi. Bu isinmə hərəkətlərinin ardından almanlar əsl loxmanı, Fransanı uddu. Fransızlar da nə olub-bitdiyini anlamağa vaxt tapa bilməmişdi. Iki ölkə arasında atəşkəs imzalandı. Hitlerin istəyinə uyğun olaraq bu müqavilə Fransanın şimalında bir qatar vaqonunda imzalandı. I dünya müharibəsində almanların məğlubiyyətindən sonra almanlarla imzalanan atəşkəs sazişinin imzalandığı eyni yerdə, eyni vaqonda. Hitler düşməni sadəcə məğlub etməklə kifayətlənməmiş, eyni zamanda alçaltmışdı da...
Fransızlarla imzalanan atəşkəsin ardınca Hitler həyatındakı ilk və eyni zamanda sonuncu Paris ziyarətini gerçəkləşdirdi. Muzeyləri gəzdi. Eyfel qülləsi önündə şəkillər çəkdirdi. O, Parisin gördüyü ən qəribə turist idi.

Fransanın məğlubiyyətindən sonra Hitler gözünü İngiltərəyə çevirdi. Min illik nasist imperatorluğunun ayrılmaz bir hissəsi olaraq görürdü buranı. Ingiltərəni hədəfə alan `Dəniz Aslan`ı əməliyyatı başladı. Lakin alman hava qüvvələri ingilis hava müdafiəsini yara bilmirdi. Ingiltərəni bir müddət bombaladıqdan sonra diş batıra bilməyəcəyini anlayıb özlərinə yeni bir hədəf seçdilər: SSRİ. Alman baş qərərgah rəisi Moskvanı hədəfləyən müharibə planlarını Fürerin qarşısına qoymuşdu. Lakin Rusiyadan öncə cənubun təhlükəsizliyini təmin etmək üçün Yuqoslaviya işğal ediləcəkdi.


Hitler Napoleonun iziylə

Hitlerin Rusiyanı hədəfə alan Barbarossa əməliyyatı zamanı ilk mərhələdə ruslar qəfil ovlandı. Almanlarla imzaladıqları paktı ciddiyə alan rusları nasistlərin əlindən xilas edən illər öncə Napoleonun işğalından qurtaran qış mövsümü olacaqdı. Alman orduları öncə qışın ağır şərtləri, daha sonrasa özünə gələn Qırmızı Ordu tərəfindən məğlubiyyətə uğradı. Şərq cəbhəsində aldıqları məğlubiyyət bəs etmədi. Müttəfiqlərin Normandiyaya ordu çıxartması ilə iki od arasında qalan almanlar ağ bayraq qaldırmaq məcburiyyətində qalacaqdılar. Hitler heç bir zaman məğlub olmağı ağlına gətirmədiyindən əlindəki gücü son ana kimi cəbhəyə göndərib qırdırdı. Amerikalıların silahıyla, rusların insan potensialının kəsişməsi Almaniyanın dağıdılmasına səbəb oldu. Hitlerin min il ömür planladığı dünya imperatorluğunu qurmaq üçün çıxdığı yolun son metrlərində Berlində gizləndiyi sığınacağı qorumaq üçün nəhəng alman ordusundan bir ovuc uşaq qalmışdı. Bu da çılğın diktatorun ehtirasının qəbzindən başqa bir şey deyildi. Hitler şəxsi hesabını isə başına söykədiyi silahla ödədi. Həm nasist imperatorluğu, həm də özü həyata vida etdi.
 

Və.. Pərdə enir

Müharibə Almaniyanı dağıntılar altına qoydu, alman xalqı da uzun müddətdən sonra bu kabusdan oyandı. Inandıqları fürerin sıradan bir cinayətkar kimi ölməsi hamısını şoka salmışdı. Bu şokun şiddətini yəhudilərə qarşı soyqırım planının müharibədən sonra üzə çıxması daha da artıracaqdı. Hitler arxasınca böyük bir dünya müharibəsiylə yanaşı, 60 milyon insan itkisi və “Aman Allahım, biz nə etdik?” deyən milyonlarla yorğun alman buraxmışdı...

Sözlərin yeri gələndə ən təsirli bombalardan belə daha çox öldürücü olduğunu kəşf etmişdi. Yetər ki, dodaqlarından necə çıxardığını biləsən. Onunçün ələ keçirilməyəcək heç bir beyin yox idi. Nitqinin harasında hansı hərəkət edəcəyini saatlarla məşq edirdi.
Nasistlər hakimiyyətə gələr-gəlməz ağla gəlməyən təbliğat bombardmanıyla 7-dən 77-yə hər kəsi tək bir səbətdə əritməyə başladı. `Mən` yox idi artıq, `Biz` vardı. Hitlerin şəxsində bu kəlmələr ət-sümük kimi olmuşdu.

Rejimin snayperi: Heinrich Himmler. SS-lərin və Məxfi Polisin (Gestapo/ Geheime Staatspolizei) rəhbəri olan adam o idi. Yəhudilərin düşərgələrdə məhv edilmə cavabdehliyini daşıyırdı. Hətta ilk düşərgə olan Dacha-nu da o açmışdı. Göringdən aldığı əmrlə yəhudilərin qaz kameralarında məhv edilməsinin memarı o idi. Müharibənin sonlarına doğru müttəfiqləriylə razılıq əldə etməyə çalışmasına görə Hitler edam olunmasını istəmişdi. Ingilis ordusunun əlində əsir olarkən kamerasında intihar etmişdi.

Nürnberg nümayişləri: Duyğusal enerji reaktoru. Hitlerin həm özü, həm də alman xalqının içindəki duyğusal enerjini ortaya çıxara biləcəyi tək yer kütləvi nümayişlər idi. Diktatorluğun bünövrəsini yaradan bu fəaliyyətlərdə yüz minlərlə insan Fürerin qarşısında tək vücuda çevrilirdi. Dini ritualları xatırladan bu tip nümayişlər cəmiyyətin tipləşdirilməsinin ən diqqət çəkən nümunəsi idi.
Hitler Jesse Ovens-ın əlini sıxmadımı? Hitlerin Berlində keçirilən 1936-cı ildəki Olimpiya oyunlarında fırtına kimi əsən amerikalı atlet Jesse Ovensın uğurundan sonra qəzəblə olimpiya stadionunu tərk etdiyi deyilir. Lakin bu sadəcə uydurmadır. Ovensın medal taxma mərasiminin olduğu gün Hitler heç stadiona da getməmişdi. Digər tərəfdən oyunlar boyu alman idmançılar daxil olmaqla stadionu dolduran bütün almanlar hər fürsətdə nasist salamı verirdilər.

Fransızlarla imzalanan atəşkəsin ardınca Hitler həyatındakı ilk və eyni zamanda sonuncu Paris ziyarətini gerçəkləşdirdi. Muzeyləri gəzdi. Eyfel qülləsi önündə şəkil çəkdirdi. O, Parisin gördüyü ən qəribə turistiydi.
`

Mənim mübarizəm` dən aldığı qonorarla milyoner olmuşduBəşəriyyəti ikinci dəfə dünya müharibəsinə sürükləyən ideologiyasının müqəddəs kitabı olaraq qəbul olunan `Məmin mübarizəm` Hitleri milyoner etmişdi. Ilk dəfə 1930-cu ildə 54 min tirajla dərc olunan kitab 1933-cü ildə 854 min 127 ədəd satılmışdı. Kitab Hitlerə 1933-cü ildə 1 milyon 250 min marka qazandırarkən 1944-cü ildə yayım şirkətində 5, 5 milyon markalıq alacağı qalmışdı. Kitabın 2005-ci ildə Türkiyədə ən çox satılanlar siyahısına daxil olduğunu da qeyd edək...


Rejimin sehrbazı: Jozef Goebbels

Adolf Hitlerin ən sadiq tərəfdarı idi. Nasist rejimində təbliğat naziri olaraq xidmət etdi. Rejimin alman xalqını hipnoz etməsini təmin edən bütün təbliğat fəaliyyətləri onun şeytani düşüncəsinin məhsulu idi. Siyasətə gəlməzdən öncə 18-ci əsr romantik teatr ədəbiyyatı üzrə doktorluğu müdafiə etmiş, sonra qəzet müxbiri, bank müdiri olaraq çalışmışdı. Çoşğulu və enerjili nitqləriylə partiyada qısa müddətdə yüksəldi. Müharibənin ilk və ən öndə gələn dəstəkçilərindən idi. Son ana kimi Hitlerin yanında idi. Hitlerin ölümündən sonra uşaqlarını zəhərlədi. Sonra arvadını və özünü öldürdü. Cəsədləri vəsiyyətinə uyğun olaraq yandırıldı. Hər yöndən olan adam onun təbliğat sənətindəki dühasını qəbul edər.


Sui-qəsddən xilas olmaq rekordu vurmuşdu.

Hitler törətdiyi demokratik qiyamla sadəcə höküməti deyil, dövləti və ordunu da ələ keçirmişdi. Ordu həmişə nasistlərə qarşı məsafəli dayandı. Alman zabitləri bir yandan fürerin əmrlərini yerinə yetirərkən, o yandan da baş komandanlarını aradan götürmək planlarından vaz keçmədi. Ən ciddisi polkovnik Kont Claus Graf Schenk von Stauffenberginki olmaqla nasist lideri bir başa alman zabitləri tərəfindən gerçəkləşdirilən 17 sui-qəsd cəhdindən xilas olmağı bacarmışdı.


Rejimin soyqırımçısı: Hermann Göring

Hitlerin xələfi, nasist imperatorluğunun rəhbər imzalarından biri idi. I dünya müharibəsində pilot idi. II dünya müharibəsində Alman Hava Qüvvələrinin komandanı oldu. Yəhudiləri hədəfə alan soyqırım əmrini özü vermişdi. Müharibədən sonra qurulan Nürnberq məhkəmələrində müharibə cinayətləri və insanlığa qarşı işlətdiyi cinayətlərdən dolayı edam cəzasına məhkum edildi. Asılmasına fürsət vermədən kamerada içdiyi zəhərlə özünü öldürdü.

Ən böyük günahı soyqırım oldu

Hitlerin fikirlərinin məhsulu olan soyqırım 6 milyon yəhudinin həyatı bahasına başa gəldi. Həm də qaraçılar, polyaklar, slavyanlar, dindarlar, homoseksuallar, intelektuallar və ruhi xəstələrlə yanaşı onlarla etnik, dini və sosial qrup da payını almışdı. Qurbanlar öncə gettolara, sonra nasist işğalı altında olan Avropa ölkələrindəki 250-yə qədər düşərgələrə yığılmış, zorla işlətdirilmiş, üzərlərində ağla gəlməyən sınaqlar keçirilmiş və ən sonda qaz kameralarında öldürülmüşdü. Qaz kameralarından çıxarılan cəsədlər peçlərdə yandırılaraq məhv edilmişdi. Bütün bunlara qarşı Hitlerin soyqırım əmrini birbaşa verdiyinə dair heç bir yazılı sənəd ələ keçirilməyib.


Xalqa qadağan etdiyi mahnıları özü dinləyirdi

Nasist lideri Almaniyada və işğal etdiyi ölkələrdə dinləməyi qadağan etdiyi Rahmaninov, Çaykovski və Borodin kimi rus və yəhudi bəstəkarlarını özü dinləyirdi. Hitlerin kolleksiyasında rus bəstəkar Kirill Kondrasjin, rusiyalı pianist Emil Gilels, yəhudi əsilli polşalı kamançı Bronislav Huberman və əfsanəvi rus opera sənətçisi Fyodir Sjaljapin kimi adlarla yanaşı Bethovenin məşhur doqquzuncu simfoniyası, Vaqnerin uçan hollandiyalısı və Brahms, Schumannın əsərləri də var idi. Halbuki, Hitlerin `mənim mübarizəm` də `heç bir zaman yəhudi sənəti olmamışdır` deyirdi.

 

Tərcümə:Emin Piri

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-20
2021-04-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 17, 15, 13, 10, 08, 06, 03, 01,
March: 30, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK