SON DƏQİQƏ:

O BÖYÜK ZİYALI

  22519   |  
Şriftin ölçüsü  

... Dünyada insanın üç böyük varlığa borcu var: Allaha, valideynə və müəllimə! Düşünürük ki, bu borcu hələ heç kim qaytara bilməyib. Amma sadəcə olaraq, hər an onları xatırlamaq, yada salmaq elə özü hardasa o borcun bir hissəsinin çiynindən götürülməsidi. Və biz də həmişə çalışmışıq ki, gücümüz nəyə çatırsa, Allahın, valideynin və müəllimin borcunu qaytaraq...

... Hər il o böyük ziyalını – BDU-nun müəllimi, filologiya elmləri doktoru, professor, kafedra müdiri, Milli Məclisin sabiq deputatı mərhum Şamil Qurbanovu doğum günündə yada salmışıq və xatırlamışıq. Ən azından ona görə ki,  Allah tərəfindən unudulmayan Şamil Qurbanov tələbələri tərəfindən də heç vaxt yaddan çıxmır. Çünki onun böyük ürəyi, ziyalı qəlbi və ən nəhayət, düşüncəsinin işığı həmişə bu xalqın, bu millətin üstünə düşüb.

Bu gün cəmiyyətimizdə Şamil müəllim kimi ziyalıya, işığa, nura çox böyük ehtiyac var. Onları biz gündüz vaxtı çıraqla axtarırıq. Heç gündüz vaxtı da, gecə vaxtı da belə böyük ziyalıları tapmaq çox çətin məsələdi. Ona görə ki, onlar öz nurunu, öz işığını doğmalarının üzərinə deyil, elin-obanın üstünə salırlar. Və bir də onu xatırladaq ki, heç vaxt Şamil Qurbanov kimi ziyalılar dünyasını dəyişəndə ağlamaq lazım deyil. Onu itirən cəmiyyəti ağlamaq lazımdı. Çünki Şamil Qurbanov kimi böyük ziyalı dünyasını dəyişirsə, deməli, hardasa dünyaya işıq salan bir nur yox olur.

Volterin belə bir hikmətli fikri var: “Ziyalı o deyil ki, savadlıdı, o adamdı ki, keçmişlə gələcək arasında özünün yerini müəyyənləşdirə bilsin.”. Bax, bu mənada böyük Şamil Qurbanovun yeri bir ziyalı olaraq həmişə görünüb və görünür.

Şamil Qurbanov 1934-cü il may ayının 10-da Gürcüstanın Bolinisi rayonunun Faxralı kəndində anadan olub. 1955-ci ildə bu kənddə 11 illik məktəbi bitirib. Və həmin il də ADU-nun (indiki BDU) jurnalistika şöbəsinə daxil olub. Universiteti fərqlənmə diplomu ilə bitirib və “Azərbaycan məktəbi” jurnalında ədəbi işçi kimi fəaliyyətə başlayıb. 1961-ci ildə  universitetin jurnalistika fakültəsində baş laborant vəzifəsinə keçib, 1962-ci ildə Azərbaycan  ədəbiyyatı tarixi kafedrası üzrə aspiranturaya qəbul olub. Və 1965-ci ildə “Zaqafqaziya rusdilli mətbuatında Azərbaycan mətbuatı (1905-1917)” mövzusunda dissertasiyanı vaxtından əvvəl müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb. Müdafiədən sonra o, “Bakı” və “Baku” qəzetlərində ədəbiyyat şöbəsinin müdiri işləyib. 1968-ci ildə yenidən universitetə qayıdıb və “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasında dosent kimi pedaqoji fəaliyyətə başlayaraq Azərbaycan dilindən dərs deyib. 1971-ci ildə universitetin Rus ədəbiyyatı tarixi kafedrasına keçib və rus ədəbiyyatından mühazirə oxuyub. 1973-cü ildən Türk və Şərqi slavyan xalqları ədəbiyyatı kafedrasına keçib. Və həmin kafedranını dosenti, sonra isə professoru olub. 1975-ci ildə “XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan-rus ədəbi əlaqələri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb. 1989-cu ildən isə həmin kafedraya rəhbərlik edib.

Şamil Qurbanovun ən böyük xidmətlərindən biri də odur ki, Ömər Faiq Nemənzadə və Şeyx Cəmaləddin Əfqani haqqında unikal tətqiqatlar aparıb. Onların hər biri haqqında 4-5 kitab nəşr edilib. Bu böyük alim həm elm aləmində, həm də ictimai-siyasi fəaliyyətində çox böyük uğurlara imza atıb. Onun ən böyük xidmətlərindən biri də Nəriman Nərimanov və Məhəmməd Əmin Rəsulzadədən, bugünkü Türkiyənin qurucusu M.K.Atatürkdən və 20-ci yüzilliyin sonlarında milli müstəqilliyinə qovuşmuş Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyev barəsində möhtəşəm yazılar qələmə almasıdı.

O, böyük alim olmaqla yanaşı, yazımızın əvvəlində qeyd etdiyimiz  kimi böyük də insan idi... böyük də türk idi... böyük də vətənpərvər idi... Şamil müəllimin yanında heç kəs haqqı tapdalaya bilməz, ona kölgə salmağa gücü çatmazdı. Çünki Şamil müəllim harda olsa haqqın, ədalətin, dürüstlüyün yanında olub və haqsızlığa qarşı vulkan kimi püskürərdi. Necə ki, bir vaxtlar Milli Məclisdə çoxlarının cəsarət edib deyə bilmədiyi və böyük əks-səda yaradan fikri səsləndirdi. O demişdi ki, Fransanın prezidenti Jak Şirak qudurub, bizim haqq işimizi görmür, erməniləri müdafiə eləyir. Təbii ki, belə bir fikri səsləndirmək, özü də Milli Məclisin tribunasından demək elə də asan deyildi.

Sonradan bu böyük ziyalıya qarşı ölkəmizdə mövcud olan ermənipərəst qüvvələr tərəfindən təpkilər oldu. Hətta bir qrup onun öyrədilmiş seçiciləri Milli Məclisdən Şamil Qurbanovun geri çağırılmasını tələb edirdi. Bax, həmin vaxtlarda Şamil Qurbanovu xalq şairi Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, universitetin professorları Pənah Xəlilov, 91-dən olan İsgəndər Quliyev müdafiə etdi.

Və ən çox da Şamil müəllimi müdafiə edən onun tələbəsi, yazıçı-publisist, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas oldu. Aqil Abbas dedi ki, Şamil müəllim, sənin o ağzından öpürəm. O Jak Şirakın ölkəmizdə nə qədər qohum-əqrəbası varmış. Amma onların qohum-əqrəbası çox olsa da, sən düz demisən, hələ bir az da yumuşaq demisən. Nə demisənsə, əcəb eləmisən və biz tələbələrin də sənin yanındayıq. Sonrakı illər də göstərdi ki, Fransa heç vaxt haqq-ədalətin yanında olmayıb. Həmişə türklərin düşməni olan, şər-böhtan deyən vandal bir tayfaya himayədarlıq edib. Və indi dünya görür ki, onların himayədarlıq etdiyi ermənilər Azərbaycanın işğaldan azad olunmuş rayonlarında hansı vəhşilikləri törədib. Bax, Şamil Qurbanovu da yandıran və vulkan kimi püskürdən bunlar idi.

Dünyada heç vaxt ləyaqəti, qüruru var-dövlətlə, vəzifəylə almaq mümkün deyil. O yalnız və yalnız insana nəsildən-nəsilə, kökdən-kökə, qandan-qana keçir. Professor Şamil Qurbanov da belə bir kökdən rişə almışdı. Bayaq dedik axı, o heç vaxt ağa qara deməyə, düzə əyri kimi baxmağa dözə bilməzdi. Ürəyi partlasa da, içindəkini dilinə gətirərdi və xalqa çatdırardı.

Bu gün sözün həqiqi mənasında Azərbaycanda Şamil Qurbanov kimi böyük ziyalılara, aydınlara ehtiyac var. Biz demirik ki, bu gün məmləkətimizdə aydınlarımız yoxdu, amma onlar çox azdı. Onlar nə qədər çox olsa, millətimiz, xalqımız və dövlətimiz də bir o qədər güclü, bir o qədər möhtəşəm, bir o qədər qüdrətli olar.

Şamil Qurbanovun adını daşıyan savadlı bir nəvəsi də var – balaca Şamil Qurbanov. Amma o, balaca olsa da, artıq Türkiyədəki Muğla Dövlət Universitetini bitirib. Bir nəvəsi Ülkər isə Milan Dövlət Universitetinin tələbəsidi.

Biz heç də bu yazını təsadüfən qələmə almadıq. Çünki mayın 10-da Şamil müəllimin dünyaya gəldiyi gündü. Yəni onun həyata, vətənimizə, millətimizə bir işıq olaraq qovuşduğu bir andır. Biz tələbələri də o böyük müəllimi yada salmaqla çiynimizdən bir ağır yük götürüldüyünü hiss edirik. Hiss edirik ki, müəllimini yada salmaq, xatırlamaq, olum və ölüm günündə bir daha yad etmək çox savab işdir. Elə yazımızı da o böyük ziyalı haqqında yazılmış şeirin bir bəndilə tamamlamaq istəyirik:

 

Bəhrəsi hardadı, özü ordadı,

Söhbəti ordadı, sözü ordadı.

Odu içindədi, közü ordadı,

Hələ açılmamış sirdi Şamilim...

 

Səməndər Məmmədov

Faiq QİSMƏTOĞLU

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-07
2021-05-06

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK