adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Iyun 2021 11:42
119246
ƏDƏBİYYAT
A- A+

“Qara dəlik” və ya Qaranlıqdan işığa doğru

(Cahangir Ələkbərovun “Qara dəlik” povesti haqqında düşünərkən)

 

Əslində son dönəmlər heç bədii ədəbiyyat oxumağı sevmirdim. Yox ki, həvəsim yox idi. Sadəcə olaraq mövzu etibarı ilə elə bir maraqlı povest və ya romana rast gəlmirdim. İlk baxışda adı diqqətimi çəkdi. “Qara dəlik”. Niyə məhz “Qara dəlik”? İlk anda düşündüm ki, görəsən müəllif bu adla nəyə işarə edir? Bilirdim ki, “Qara dəlik” – kosmosda olan və işığın belə qaça bilmədiyi çox güclü bir qravitasiya sahəsinə sahib olan kosmik cismdir. Ancaq fikrim məni heç də yanıltmamışdır. Müəllif kosmik cismlərdən söhbət açmaq belə niyyətində deyildi. Bəs məqsəd nə idi? Elə bu düşüncələrlə Cahangir Ələkbərovun bu günlərdə nəşr olunan və hələ ki, çox səssiz mülahizələr burulğanında işıq saçan “Qara dəlik” povesti haqqında danışmaq istəyirəm. Qeyd etdiyim kimi hələ ki, səssiz mülahizələr burulğanında var-kər edən bu povest qısa zaman kəsiyində böyük səs-küyə səbəb olmaqla geniş müzakirələr burulğanına yol açacaq.

İlk oxunuşda povest bir ailəni faciəli sonluğa təhrik edən qəhrəmanın həyat hekayəsindən bəhs edildiyi təsəvvürünü yaradır. Əslində isə heç də belə deyil. Müəllif tərəfindən hadisələr o qədər dəqiqliklə və ardıcıl olaraq bir sap üzərində eyni ölçüdə düzülmüş mirvari qaşına bənzəyən yozumla izah olunur ki, hadisələr burulğanının iştirakçısına çevrilməyə bilmirsən. Çox zaman isə povesti oxuduqca sanki hadisələrin elə müəllifin həyatının bir hissəsi olduğunu zənn etməklə düşündükcə hadisələrin cərəyan prizmasından baxışında isə daha dolğun faktların və məkanların dəqiqliyi ani olaraq bu fikirdən də yan keçməyi təlqin edir. Povestdə hər bir sözün deyimində müəllif əslində 70 illik Postsovet məkanının XX əsrin sonlarında baş verən burulğanlarından qaynaqlanan xalqların faciəsini çox ustalıqla bir ailənin fonunda öz oxucusuna təqdim edir. Bununlada o, baş verən hadisələri daha bəşəri dillə təqdim etməyi bacarır.

Hadisələr bir otaqda iki nəfərin səssiz bir-birilərindən sanki qisas alırlarmış kimi baxışları ilə qaranlıqları yaracaq sabahın açılmasını gözləyir. Ata və qəddar oğul. Müəllif obrazlı şəkildə hər addımında öz günahlarını da onun boynuna bicərək necə can verməsini, ölümün pəncəsində necə çabalamasını və buna rəğmən onun varisi olaraq varidatının əldə olunması üçün can verən atanın sinəsi üstündə yazılan kağız parçasının açılmasını səbirsizliklə gözləyən bir oğulun surətini vəziyyətlər halından daha çox əqidəsizliyin, vicdansızlığın nümunəsi kimi təqdim edir. Qisas hissinin gücünü atanın timsalında Epiloq şəklində şərh edən müəllif sonrakı hissələrdə hadisələri dərinləşdirməklə daha dolğun və müfəssəl formada təqdim etməyi bacarır. Hadisələr dörd iştirakçının dilində oxunur, təkrarlanır ancaq hər dəfəsində də hadisələri yenidən danışırmış kimi müəllif təqdimatında daha maraqla izlənilir. Bu məqamda müəllif yazır: “Qocanın sifətindəki qəribə təbəssüm kişini qıcıqlandırırdı. O, başa düşdü ki, hətta indi ölüm yatağının yanında əyləşməyinə baxmayaraq bu adamı fikrində belə ata deyərək çağırmaq istəmir” və ya “ “İstəkli” oğul ilə “əziz” ata arasında gözyaşardıcı vidalaşma mərasimi əlbəttə ki, olmayacaqdı. Qocanın ölümü onu əsla həyəcanlandırmırdı. Onun marağını qızışdıran yalnız can verən qocanın sinəsinin üstündəki qalın zərf idi. Artıq neçənci dəfə idi ki, zərfin üstünü oxuyurdu: “Zairə. Yalnız dəfnimdən sonra açılsın.” O, can verən qocanın qarşısındakı üstünlüyündən imtina edərək onun vəsiyyətini yerinə yetirəcəyinə qərar verdi”. Bax beləcə hadisələr gərkinləşir və daha da kəskin hala keçməklə vəziyyətlər halından kənarlaşır.

Qeyd etmək istəyirəm ki, həm də müəllif mövzunun davamı olaraq hər bir fəsli daha geniş bir formada xüsusi ad vasitəsilə bir az da fəlsəfi baxış bucağında təqdim etməyə çalışır. Elə bunun nəticəsidir ki, oxucu ilə povest arasında hər hansı bir səd hiss edilməməklə hadisələrin necə bitəcəyini və vəziyyətlər halının real həyatla eyniliyinin təcəssümü meydan gəlir.

Epiloqdan sonrakı birinci fəsil “Oğul” adlanır. Bu fəsildə baş verən hadisələrin müəllif təfərindən 1982-ci ildə Postsovet məkanının rəhbəri hesab edilən Brejnevin vəfat etdiyi vaxtlara təsadüf edildiyi bildirilərək Bakının Montin qəsəbəsində təsvir edilir. İki gəncin milliyyətcə erməni olan Eduard (Edik) və azərbaycanlı Zairin arasında baş verən hadisələr bir daha deməyə əsas verir ki, münasibətlər bir millətin digər millətə qarşı olan psixoloji müharibəsi, zehni gərginlik və utancverici münasibətlərin fonunda cərəyan edir. İlk günlər münasibətlər dostluq zəminində başlasa da sonda erməni Eduardın azərbaycanlı Zairə qarşı cinsi zorakılıq göstərməsi ilə hadisələri daha da gərkinləşdirmiş olur. Bununla da müəllif povestdə erməni xislətinin hər an nə qədər düşünülmüş formada bir ailənin timsalında millətin aşılanması və psixoloji gərkinlik fonunda düşmənçilik münasibətlərindən söhbət açır. Povestdə hətta Zairi ailəsinə dəvət edən Eduardın anası ermənilərin guya “milli xörəyi” adlandırdığı və süfrəyə təqdim etdiyi dolmanın təsvir edilməsi belə uzun illərdən bəri erməni daşnaqsütun xilqətindən xəbər verir. Ortaya maraqlı bir sual çıxır. Niyə müəllif məhz povesti bu kimi xoşagəlməz və sadə olduğu qədər də mürəkkəb bir münasibətlər fonunda qurmağa çalışır? Məqsəd heç də gündəlik həyat tərzinin təqdim edilməsi deyil. Məqsəd bir ailənin timsalında Postsovet məkanın pərdə arxası çürük etik tərbiyyəsinin forma etibarı ilə göstərilməsi və psixoloji müharibənin Postsovet məkanından qaynaqlanmasının təqdimidir. Müəllif bu məqamda yazır: “Bundan sonra bizim görüşlərimizin sayı daha da artdı. Artıq dərsdən qaçmağımız gözə çarpmağa başlamışdı. Hadisənin ən xoşagəlməz tərəfi o idi ki, Edik təfsilatı ilə bizim yaxınlığımız haqqında sinif yoldaşına danışdı, o isə eşitdiklərini məktəbin direktoru olan xalasının ovcuna qoydu. Direktor da öz növbəsində valideyinlərimizi məktəbə çağırdı və bu dəhşətli sirri onlara açdı”.

Beləliklə, müəllif povestdə hadisələri daha da gərginləşdirməklə gündəlik həyat tərzindən formalaşan surətlər tipini təqdim etməklə sonradan qloballaşacaq milli problemə çevrilən, 1988-ci il hadisələrinə Qarabağ probleminin millətin, xalqın bəlasına çevrilıməklə ilkin mərhələdə formalaşmasından xəbər verir. Müəllif bu fəsildə qeyd edir ki, baş verən məlum 1988-ci il hadisələrindən sonra Eduard (Edik) anası ilə birgə Krasnodara köçmüş, azərbaycanlı soyadını erməni soyadına dəyişdirərək hərbi məktəbə daxil olmuşdur. Hadisələr fonunda ailənin baş verən cinsi zorakılıqdan sonra üzqarasından yaxa qurtarmaq məqsədilə Gəncəyə köçməsini təsvir edən müəllif vəziyyətlər halını Zairin burada təhsil aldığı orta məktəb direktorunun da milliyətcə erməni Lyudviq Vartanoviç olması və ziyalı görkəmli adam təsəvvürü yaradan daxilində isə qatı millətçi olan birisinin Artsax erməni terror təşkilatının rəhbərlərindən və sponsorlarından biri olması faktı ilə daha da dərinləşdirmiş olur. Ailə daxili vəziyyətlərin gərkinləşməsi fonunda müəllif yazır: “Azərbaycanda növbəti hakimiyyət dəyişikliklərinin birində atam işsiz qaldı və biz rəzalətin nə olduğunu bildik”.

Daha sonra müəllif “qüdrətli ölkə” hesab edilən SSRİ-nin dağılması və onun tərkibində olan respublikaların müstəqillik qazanması, hakimiyyət və mülkiyyət uğrunda mübarizənin necə qızışması faktından söhbət açır. Bu dövrdə bütün respublikalarda olduğu kimi Azərbaycanda da hakimiyyətdə olan başıpozuqluluq və korrupsiya, rüşvətxorluq faktlarının vüsət aldığı diqqətlə izlənilir.

Povest boyu cərəyan edən hadisələr uşaqlıqdan düşdüyü mühit Zairi bir az da tüfeyli həyat sürməyə vadar etməklə ata qazancı ilə dolanmağı, bu azmış kimi hətta həyat yoldaşının ata və anasının maddi kölkəsi ətrafında sürünməyi üstün tutması ilə müşahidə olunur. Hətta onun bir müddət sonra qaynanası ilə gizli münasibətləri hadisələrin daha da gərginləşməsi fonunda ailəsinin dağılmasına və onun tamamilə tənha həyat sürməsinə səbəb olur. Tüfeyli bir övlad anasının vəfatından sonra artıq atasının nə vaxt vəfat edəcəyini və ona çatacaq vərəsəlik hüququndan yararlanmasını səbirsizliklə gözləyirdi. Müəllif bu məqamda yazır: “Ölümündən əvvəl məni yanına çağırdı. Elə bildim ki, barışmaq istəyir. Lakin zənnim məni aldatdı. Bu, bir-birinə dərin nifrət bəsləyən, bir-birinə yad olan iki insan arasında olan söhbət idi. Mən dəqiq bilirdim ki, gec-tez atam məndən heyfini çıxacaq. Və bu, onda alındı. Atam düz ürəyimdən yaralamağı və həyatımı alt-üst etməyi bacardı. O, məni sındırdı və məhv etdi. Və işə bax ki, onun son nəfəsinin yeganə şahidi də məhz mən oldum. Atamın dəfn mərasimində iştirak etmədim. Qoca kaftar özü belə istəmişdi”.

Atasının dəfnindən sonra vəsiyyətinə uyğun olaraq Zair ona çatacaq on min dolları götürüb daxili nifrət hissi ilə atasına məxsus evi, şəhəri, ölkəni həmişəlik tərk edir.

Povestin ikinci fəsili “Qız”, üçüncü fəsili isə “Məhəbbətim mənim” adlanır. Bu fəsillərdə müəllif hadisələri daha müfəssəl və geniş bir formada, aydın, özünəməxsus sakit bir dildə oxucuları ilə bölüşməklə atasının vəsiyyətini yerinə yetirən qız övladının söhbətləri ilə başlayır. Fəsillər bir-birinin ardıcıllığı ilə vəziyyətlər halına uyğun olaraq tamamlandığı məqamdan yenidən təkrar olaraq daha geniş izahat formasında söylənilir. Povestdə cərəyan edən hadisələr beləliklə də daha geniş formada təfsilatı ilə izlənilə bilir. Müəllif tərəfindən hadisələrin inkişafına bu kimi yanaşma tərzi isə oxucunu yormur əksinə daha aydın şəkildə obrazlı formada təqdim olunmasına xidmət edir. Ata ölümündən sonra yazılmış məktubu həyatının bir parçası olaraq hər kəslə paylaşmaq niyyəti ilə hətta nəşr olunması vəsiyyətini edir. Qızı isə sanki bu vəsiyyəti icra edirmiş kimi məktubu oxuyaraq xəyalən dinləyiciləri ilə bölüşür. Povestdə cərəyan edən hadisələr bununla da daha dolğun və orjinal bir formada öz oxucusuna çatdırıla bilir.

Müəllif povestdə Postsovet məkanında baş verən son hadisləri daha aydın izah etməklə bu rejimin dağılma səbəblərini də özünəməxsus bir incəliklə izah edərək yazır: “Brejnevin qızıl dövrü məntiqi sonluğuna yaxınlaşırdı. Bu illər ərzində dövlət özünü elə göstərirdi ki, guya əmək haqqı verir, zəhmətkeşlər isə öz növbəsində özlərini elə göstərirdilər ki, guya əməklə məşğuldurlar. Cəmiyyətin bütün sahələrində oğurluq adi hala çevrilmişdi. İnsanların sanki utanc, qınaq hissi ölmüşdü. Hətta belələrinə paxıllıqla yanaşırdılar. Yalnız maaşla dolananlara isə üstən aşağı baxırdılar. Belə zəhmətkeşlərə el arasında “daşıyanlar” deyirdilər, onlar iş yerindən hər nə olsa çırpışdırmağa çalışırdılar. Bütün bunlar, sosialist əmlakının toxunulmazlığını təmin etmək üçün yaradılmış Müəssisədən Kənar Mühafizənin, Sosialist Əmlakının Dağıdılmasına qarşı Mübarizə Şöbəsinin (cəmiyyətdə rus abreviaturası kimi tanınan OBXSS), Xalq Nəzarəti Komitələri əməkdaşlarının səhlənkarlığı nəticəsində, çox zaman isə onların bilavasitə iştirakı ilə baş verirdi”.

Povestdə maraqlı məqamlardan bir də atanın dini ritual formada axirət dünyasına inanması və hətta özsağlığında qonşusu tərəfində icad edilən texniki vasitələrlə vossap görüntüsü ilə çox sevdiyi həyat yoldaşı ilə danışması da maraqla izlənilən həyat həqiqəti kimi təqdim edilir. Əslində müəllif bununla insanın bu dünyada qarşısına qoyulan məqsəd və məramının sona yetdiyini digər bir dünyaya köçməsi ilə daha bəşəri bir varlıq olaraq yeni həyat missiyasına başalamasına dəlalət etdiyini bildirməklə insan varlığının ölməzliyinin göstəricisi qənaətində olduğunu təsdiqləmiş olur. Müəllif bununla da qaranlıqdan işığa qədər sonsuz insan varlığının mövcudluğunu maraqlı detallar vasitəsilə oxucusunun diqqətinə təqdim edə bilir.

Povestin sonunda məlum olur ki, Zairin doğma anası da erməni qadını olaraq Moskvada yaşayır. Zair burada ögey atasının köməyi ilə azərbaycanlı soyadını erməni soyadına, adını isə sevdiyi aktyorun şərəfinə Frunzik olaraq dəyişərək erməni dilini öyrənmək üçün pullu kurslara yazılır. Müəllif bu məqamda yazır: “Erməni dili kursları başa çatdıqdan bir neçə ay sonra Zair – Frunzik Abramyan Ermənistanın hərbi hissələrinin birinə zabit rütbəsində qulluğa götürüldü və Tovuz döyüşlərində Azərbaycan ordusuna qarşı vuruşdu”.

Müəllif tərəfindən povestdə böyük həssaslıq və incəliklərlə sona qədər izlənilən Qarabağ probleminin çözülməsi, 44 günlük Vətən müharibəsinin başlanması və qələbənin Ali Baş Komandanın qətiyyəti, qəhrəman vətən oğullarının qorxmazlılıq şücaəyəti ilə başa çatması da povestin son Epiloqunda əsas ana xətti olaraq təqdim edilir. Müəllif bir daha oxucusunun diqqətinə çatdıqmaqla yazır: “Sentyabrın 27-də gözlənilmədən Azərbaycan öz ərazisində qondarma Qarabağ Respublikasının cinayətkar hərbi rejiminə qarşı genişmiqyaslı anti-terror əməliyyatına başladı. Ölkədə hərbi vəziyyət və qismən səfərbərlik elan olundu. Komendant saatı tətbiq edildi. Bu Vətən Müharibəsinin başlanğıcı demək idi. Müharibənin ilk günlərindən ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi və Ermənistanın təriflədiyi əsgərləri hərbi texnikanı ataraq döyüş meydanından qaçırdılar. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət etdi və qətiyyətlə söz verdi ki, mənfur düşməni işğal etdiyi torpaqlarımızdan iti qovan kimi qovacağıq. Onu istəyənlər də istəməyənlər də bütün kin-küdurətini unudaraq İlham Əliyevin ətrafında birləşdi”.

Müəllif bu məqamda həmçinin povestdə Ali Baş Komandanın “Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikirlərinin təsdiqinin təzahürü olaraq dəyərləndirərək Vətən Müharibəsinin uğurlu nəticələrindən bəhs edir. Bununla da həmçinin müəllif 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini hadisələr burulğanında qara dəlikdən işığa doğru müstəqil Azərbaycanın bir dövlət olaraq varlığının əbədi günəş tək doğmasının təzahürünü oxucusu ilə bölüşmüş olur.

Nəticə etibarı ilə bütün bu sadalananlar isə bir daha deməyə əsas verir ki, Cahangir Ələkbərovun “Qara dəlik” povesti vaxtında qələmə alınmış orjinal bir zaman kəsiyinin maraqlı yazı nümunəsidir.

 

Anar Burcəliyev

Teatrşünas-tənqidçi