adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: Min bir dərdin dərmanı - Lənkəran çayı

ƏBÜLFƏT MƏDƏTOĞLU
54306 | 2021-07-23 16:47

Azərbaycanın bütün bölgələri kimi cənub bölgəsinin də öz gözəllikləri və həm də özəllikləri var. Yəni bütün cənub bölgəsinin kənd və qəsəbələrini, rayon və mərkəzlərini bir-birinə bənzətməklə yanaşı, onların fərqli xüsusiyyətlərini də, əlamətlərini də çox aydın bir şəkildə görmək və həm də dəyərləndirmək mümkündür. Bu mənada həm ədəbiyyatımızda, həm tariximizdə, həm də mədəniyyətimizdə, ictimai-siyasi düşüncəmizdə Lənkəranın yeri tamam fərqlidir. Əgər tarixə baş vursaq, təkcə Lənkəran xanlığının dövrünə aid zaman kəsiyi bizlərə günlərlə danışmalı, yazmalı mövzular verər. Bu xanlığın siyasi müstəvidəki rolu çar Rusiyasının nümayəndələrinin, hərbi-siyasi xadimlərinin buraya səfərləri, qonşu İran dövləti ilə və bu dövlətin səlahiyyət sahibləri ilə buradakı təmaslar tariximizin həm yazıya, həm yaddaşa köçürülmüş anlarındandır. O ki, qaldı daha qədim zamanlara, bunları da özündə ifadə edən kifayət qədər yazılı, həm də arxeoloji mənbələr və abidələr var. O cümlədən də, bugünümüzə qədər qorunub saxlanmış qalalar, məscidlər və digər abidələr də həmin siyahıda öz yerini zaman-zaman saxlamaqla danışan, təsdiq edən gerçək faktlardır.

Bu gün Lənkəran bir iqtisadi rayon olaraq özünün yeni dövrünü yaşayır. Ona görə də Regionların İnkişafına Dair Dövlət Proqramın necə gerçəkləşdiyini izləmək üçün növbəti səfərimizi Lənkərana edirik. Bəri başdan deyim ki, Lənkəran son illərdə  daha böyük inkişaf yoluna qədəm qoyub. Bu şəhərin görkəmində dərhal diqqəti çəkən dəyişikliklər birmənalı şəkildə özünü büruzə verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Lənkəranın infrastrukturunu daha da yeniləmək və müasir tələblər səviyyəsinə qaldırmaq üçün imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar  Lənkəran şəhərinin ümumi mənzərəsini həqiqətən  inkişafa, tərəqqiyə doğru dəyişibdir. Burada aparılan yol tikintisi, küçə və asfaltların yenilənməsi, səkilərin salınması, insanların rahatlığında öz faydasını verməkdə və göstərməkdədir. Heç də təsadüfi deyil ki, Lənkərandan digər ətraf rayon və kəndlərə, eləcə də şəhərlərimizlə daha geniş əlaqələrin qurulması üçün çəkilən yollar artıq öz rahatlığı ilə sürücülərin, sərnişinlərin könlünü oxşayır. Adamlar onlar üçün yaradılan bu şəraitdən məmnunluq hissi keçirirlər. Onu da xatırlatmaq lazımdır ki, Lənkərandan keçən yol həm də bir beynəlxalq magistral əhəmiyyət də kəsb edir. Çünki bu yol həm də qonşu dövlətə gedib gələn avtomobillər, nəqliyyat vasitələri üçün də nəzərdə tutulubdur. 

Regionların İnkişafına Dair Dövlət Proqramında nəzərdə tutulur ki, Azərbaycanın hər bir bölgəsi müasir dünyanın bir parçasına çevrilsin, yəni burada müasir otellər, istirahət sahələri, təhsil, səhiyyə, mədəniyyət, sosial xidmətlər, eləcə də digər infrastruktur bütünlüklə vətəndaşların tələbatını ödəsin. Məhz qarşıya qoyulan bu məqsədin də gerçəkləşdirilməsi təbii ki, həm Lənkəran rəhbərliyinin, həm lənkəranlıların, həm də bilavasitə bu işlə məşğul olan Azərbaycan vətəndaşlarının vəzifəsidir. Ona görə də Lənkəranda kənd təsərrüfatının, sənayenin inkişafına xüsusi diqqət yetirilir. Çünki bu həm insanların sosial rifahını, həm də bütövlükdə onların həyat səviyyəsinin yüksəldilməsinə birbaşa təsir edən amillərdəndir. Ona görə də Lənkəranda   təsərrüfat həyatının ən böyük tələbatı olan su təminatı məsələsi həmişə gündəmdə saxlanılır. Doğrudur, Lənrəkran özü Lənkəran çayın Xəzərə töküldüyü ərazidə Xəzər sahilində yerləşir və Lənkərançaydan başqa burada Varavul, Qumbaşı və Boladı çayları da mövcuddur. Amma bu çaylar daha çox yağış və sel sularından qidalandığı üçün yay aylarında suyun səviyyəsi xeyli aşağıya düşür. Bu da təsərrüfat işlərinə təsirsiz ötüşmür. Ona görə də Lənkəranda Xanbulançay  su anbarı yaradılmışdır və həmin çayların suları da ilboyu su anbarını ehtiyat su ilə təmin edir. Son nəticədə də təsərrüfatların suvarılmasında tələbat demək olar ki, ödənilir. Ona görə də Lənkəranda çəltik yetişdirilməsi işi həmişə yüksək nəticələrldə seçilir. Bu gün də Lənkəran bölgəsində çay plantasiyaları ilə yanaşı, çəltik sahələri də zəhmət adamlarının əsas gəlir yeridir. Kifayət qədər məhsuldar olan bu sahələrin inkişaf etdirilməsi həm dövlətin, həm də özəl sektorun həmişə marağında olub və bu gün də Lənkəranda fəaliyyət göstərən Məhdud Məsuliyyətli Cəmiyyətlər çəltik və çay istehsalı ilə məşğul olmaqdadır. Onların arasında «Yaşıl çay» Məhdud Məsuliyyətli Cəmiyyət və «Cənub Aqro» Məhdud Məsuliyyətli Cəmiyyət xüsusilə fərqlənir. Bu cəmiyyətlərin çay və çəltik zavodları regionla yanaşı, ölkəmizi, eləcə də artıq onun hüdudlarından kənarda da alıcıları təmin edir. Bu da onu göstərir ki, hələ böyük Səməd Vurğunun da vəsf etdiyi Lənkəran çayı özünün şöhrətini bu gün də yaşadır və hər kəsin də diqqətini özünə çəkir.

Bu gün Lənkəran şəhərində yeni iş yerlərinin yaradılması ilə bağlı görülən tədbirlər sırasında təbii ki, tikinti-abadlıq sahəsinin xüsusi payı var. Belə ki, salınan parklar, istirahət zonaları, tikilən yeni binalar Lənkəranda tikinti sektorunun böyük uğurlarından xəbər verir. Ümumiyyətlə, Lənkəranda təhsilə, mədəniyyətə göstərilən diqqət də həmişə maraq doğurubdu. Ona görə də son illərdə respublikada qazanılan təhsil uğurlarında Lənkəranın da öz payı var. Şəhərin mədəni həyatının daha diqqətçəkən olmasında yaradıcı insanların, xüsusilə gənclərin əməyi də danılmazdır. Dəfələrlə, Lənkəranda olmuş Azərbaycan Prezidenti cənab  İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Lənkəranda iştirakçısı olduqları tədbirlərdə hər kəs üçün göstəriş xarakterli fikirlər səsləndirərək bildirmişlər ki, Lənkəranda həyat səviyyəsini yüksəltmək üçün hər cür imkanlar var. Burada  sənaye müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, xüsusilə bu qədim diyarın turizm üçün imkanları danılmazdır.  Ona görə də bundan yararlanmaq iki mənada Azərbaycan üçün, xüsusilə Lənkəran üçün önəmli ola bilər. Yəni, buraya yerli və xarici turistlərin cəlb edilməsi baxımından, həm də Lənkərana gələnlər üçün yaradılacaq xidmət sahələrinin daha da müasirləşməsi baxımından çox önəmlidir. Bu addımın atılması həm də yerli büdcənin, eləcə də xidmət sahələrinin imkanlarını bir az da artırar.

Düşünürəm ki, bu gün Azərbaycan Prezidentinin tələb və tapşırıqlarını uğurla yerinə yetirən Lənkəran şəhər rəhbərliyi, eləcə də icra hakimiyyətinin başçısı Taleh Qaraşov və onun komandası Lənkərandakı böyük quruculuğun, inkişafın davamlı və sürətli olmasını təmin edəcəklər. Bu da Azərbaycanın cənub bölgəsinin və bütövlükdə Azərbaycanın ən böyük şəhərlərindən biri olan Lənkəranın şöhrətini daha da artıracaq.

TƏQVİM / ARXİV