adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Aqil ABBAS: CIDIR DÜZÜ NİYƏ MÜQƏDDƏSDİR?

AQİL ABBAS
4505 | 2022-08-28 10:40

(Mehriban  xanım Əliyevanın ad gününə)
 
 
Axırıncı dəfə Cıdır düzündə 91-ci ildə olmuşam. Üstündən  30 il keçir, yəqin bu gündən sonra  Cıdır düzündə istədiyim  vaxt olacam.

91-ci ildə niyə Şuşaya və Cıdır düzünə getmişdim, bu ayrı  bir yazının  mövzusudur, onu da  ayrıca yazacam. Yəni sizi yormaq istəmirəm. Hərçənd ki siz də  uzun yazıları   oxumağı  xoşlamırsınız və daha çox hansısa iki qadın müğənninin dodaq-dodağa öpüşməsi sizi daha çox maraqlandırır, nəinki Cıdır düzü.

Bəli, axırıncı dəfə  91-ci ildə Cıdır düzünə ayağım dəyib, Şuşaya silah-sursat  aparmışıq.

Nə isə...

Təbii ki, insanların  çoxunun Cıdır düzünün müqəddəsliyi, tarixiliyi haqqında  məlumatı yoxdur. Çünki bu barədə  az yazılıb, onu da indiki  nəsil oxumayıb. Mənim bu yazdığım yazını da  uzaqbaşı 3-5 min adam  oxuyacaq.  Amma bunu yazmaq lazımdı, o 3-5 min adam üçün yazmaq lazımdı.

Mirzə Cəlil yazır ki,

 

sözünü o kəslərə de ki, onlar  sənə qulaq asmır, ya hamamda yatırlar, ya da  xoruz döyüşdürürlər və sair və ilaxır.

Şükürlər olsun ki, indi hamamda  yatan yoxdur, çünki  Operativ Qərargah hamamı  qadağan  edib, xoruz döyüşdürmək də yasaqdır. Deməli, bizim yazımızı heç kim oxumur.

Oxumasınlar, biz təkcə bu gün  üçün yazmırıq, həm də sabah  üçün yazırıq. Necə ki, Mirzə Cəlil, Haqverdiyev, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Ömər Faiq  Nemanzadə yazıblar, oxumayıblar, amma bir əsr sonra  onların yazdıqları bestseller olub.

 

Qayıdaq Cıdır düzünə

 

Dedim axı,  axırıncı dəfə bu düzdə  91-ci ildə olmuşam. Allaha şükür ki, indi  yollar açılıb və insanlar  gedib  Cıdır düzünü  görür. Amma görən həmin Cıdır  düzünə gedənlər  hara getdiklərini  bilirlərmi? Səmimi  deyirəm, 90 faiz  bilmir. Gedənlərin 90 faizi şəkil  çəkdirməyə  və sair  və ilaxıra gedir və Cıdır düzü haqqında  məlumatları yoxdur.

İndi mənim yazımı oxuyub deyəcəklər ki, bilirdik. Və əgər bilirsinizsə niyə indiyə qədər biriniz Cıdır düzünün tarixi bir məkan, muzey və müqəddəs bir yer olduğu haqqında bircə kəlmə yazmamısınız? Yazmısınızsa, göstərin görək.

Cıdır düzü həm tarixdi, həm muzeydi, həm də müqəddəs bir yerdi.
Tarixdi ona görə ki, orda Pənah xan olub, İbrahim xan olub, Mehdiqulu xan olub, Məmməd bəy Cavanşir Batmanqılınc olub, Natəvan olub...

Cıdır düzündə Pənah xanın, İbrahim xanın, Mehralı xanın, Məmməd bəy Cavanşir Batmanqılıncın, Mehdiqulu xanın həm özlərinin, həm də atlarının  ayaq izləri  var.

Bir dəfə oxudum ki, Luvrda müəyyən yerləri  qızıl  çərçivəyə  alıblar ki, Napoleonun  bu yerlərə  ayağı dəyib. Mən demirəm  Cıdır düzündə də haralarısa  qızıl çərçivəyə alaq ki, bura Pənah xanın  özünün  və yaxınlarının  ayağı dəyib.  Hələ bizdə o hiss yaranmayıb.

İnşallah, Şuşanın azad olunmasında verdiyimiz 3 min şəhidin bir gün  ayaq  izlərinin  dəydiyi  yer də  belə müqəddəsləşə bilər.

Cıdır düzü adi düz deyil, yenə deyirəm,  bir tarixdi, bir muzeydi  və  müqəddəs bir yerdi.

Burda Qarabağın igidləri at oynadıblar, cıdır  keçiriblər, qurşaq  tutublar, üzüyün halqasından ox keçiriblər.

Burda Qarabağın  igidləri sevdikləri qızı gözaltı ediblər.

Burda Pənah xandan  başlayaraq çox gözəl tədbirlər keçirilib. Həmin tədbirlərdə xanımlar da qalib igidlərə gözaltı baxıblar.

Qala camaatı burda "Yallı" gedib, Qala camaatı ən xoş günlərini burda keçirib. Bura Qala camaatı   üçün ən müqəddəs yer olub.

Qala camaatının ən çox  sevdiyi, ibadət etdiyi  şəxslər Cıdır düzünün   aşağısında dəfn olunub və hər zaman bura ziyarətə gəliblər, başda  Molla Pənah olmaq şərtilə.

Qalanın girəcəyi Ərimgəldidən başlayır. Xanımlar həm döyüşə gedən ərlərini, oğullarını, həm də ümumiyyətlə, səfərə  gedənlərini  bu Ərimgəldi deyilən  yerdə  oturub gözləyərdilər.

İsa Hüseynovun "Tütək səsi"ndə olduğu kimi, savaşdan qayıdan hər bir kəs  bütün ana və bacıların ümidi idi. Və Ərimgəldidən  yuxarıda, Cıdır düzünün  aşağısında böyük bir  qəbiristanlıq vardı və indi də var. Düzdür,  ermənilər  dağıdıb, amma var. Vaqifin də qəbri ordadı, Mir Möhsün Nəvvabın da, Müctehidzadənin  də  və sair və ilaxır.

Və sən həmin  o məzarlığı  ziyarət  etməmiş Cıdır düzünə  qalxa bilməzsən.
Cıdır düzü ilə bağlı məqaləmi  ona görə  yarımçıq saxlamışdım ki, Şuşaya - Vaqif Poeziya günlərinə  səfər nəzərdə tutulmuşdu. Mən də bu səfərin  iştirakçısı idim. Ayın 29-unda  artıq Şuşadaydıq. Təsadüfən sürücümüz ağdamlıydı. Xahiş etdim ki, gəl  bir  yerlibazlıq elə, bizi  apar  Cıdır  düzünə.  Bir neçə dostla  üz tutduq  üzü yuxarı.

 

Bu da Cıdır düzü

 

Axırıncı dəfə burda yuxarıda  qeyd etdiyim kimi, 30 il əvvəl olmuşdum. Mən heç vaxt bu müqəddəs məkanı, Üzeyir bəyin, Əhməd bəy Ağaoğlunun, Firudin bəy Köçərlinin, Lətif Kərimovun, Süleyman  Ələsgərovun (bu siyahıya bəlkə  100-ə qədər bu torpağın yetişdirdiyi  şəxsiyyətin adını  salmaq olar) ayaq  izləri qalmış  bir  məkanın, Cabbar əminin, Seyid  Şuşinskinin, Xan əminin, Qədir Rüstəmovun o ilahi səsləri qayalarına, torpağına  hopmuş bu məkanı  belə görməmişdim.

Torpaq cadar-cadar olub və bu torpaq da bizlərin  həsrətini   çəkib. Tanrı bu xalqı elə Şuşa  torpağından  yaradıb. Ona görə də torpaq da öz övladları  üçün  darıxıb. Onların  ayaq izlərinə, səslərinə, gülüşlərinə 29 il həsrət qaldığından bağrı yarılıb.

 

Ermənilər  heç vaxt bu yerlərin  sahibi  ola bilməzlər

 

Çünki  Tanrı onları  bu müqəddəs  torpaqdan yapmayıb. Onlar Şuşaya da, Qarabağa da  ələ keçirtdikləri  qənimət kimi  baxıblar, Vətən kimi  baxmayıblar. 200 il  burda  yaşasalar da  dağların suyu, havası, günəşi, bu torpağın  dadı, bərəkəti  yad olduqları  üçün onların  qanına, iliyinə işləməyib.

Əgər onlar bu şəhəri  Vətəni  bilsəydilər Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi,  Şuşanı belə xarabazara  çevirməzdilər, evləri  dağıtmazdılar, mədəniyyət  abidələrini  məhv etməzdilər. Bir dənə  tikinti işləri  aparmayıblar, bir yaraşıqlı bina  tikməyiblər, bir normal  otel  tikməyiblər. 

Yalnız 4-5 oliqarx orda özünə  villa tikib, vəssalam.  Həmin elə o Sovet  hökumətindən qalma  uçuq-sökük  beşmərtəbələrdə yaşayıblar. Yaşadıqları  binalara  baxırsan cındırından cin  hürkür.

O qədər şərəfsizdilər ki, Cıdır  düzünü də dağıdıblar. Ağac əkiblər, mənasız üç-dörd  ev tikiblər, elə bil  Cıdır düzündən də  intiqam alıblar.

Bəli, Cıdır  düzü   bizim  tariximizdi. Ermənilərin  babaları burda at oynada bilməyiblər, çövkan oynamayıblar, qurşaq  tutmayıblar, qılınc oynatmayıblar, üzüyün qaşından  ox keçirtməyiblər. Vaqifin ayaq izi olan Cıdır düzündə nə bir erməni şairinin, nə bir  erməni yazıçısının  ayaq izi qalmayıb.

Və indi Cıdır düzündə 1982-ci ildə Ulu  Öndər Heydər Əliyevin  ucaltdığı Vaqif məqbərəsini onlar  dağıtsa da, 2021-ci ildə Heydər  Əliyevin  varisi  Möhtərəm Prezident həmin məqbərəni yenidən ucaltdı və birinci vitse-prezident  Mehriban   xanımla birlikdə  açılışını etdi.

Əgər Cıdır düzündə bir erməni şəxsiyyətinin izi qalsaydı onun  məqbərəsini  ucaldardılar. Olmayıb axı.

Bu da Cıdır düzü! Torpaq da canlıdır. Öz övladlarının  ayaq   səslərinə  oyandı, sevindi, yarılmış bağrına, yarasına sanki İsa  bulağının  suyunu   səpdilər. Torpaq da bizə qoşulub gülürdü, sevinirdi, bizimlə bir yerdə oynayırdı, bizimlə bir yerdə sevinc göz yaşları   axıdırdı.  

Paşinyanın arvadı Anna bu düzdən Mehriban  xanıma  təxminən belə bir  mesaj  göndərmişdi ki, muğam  dinləmək istəyirsə, qonaq dəvət edərik. Daha sonra bir az da abartmışdı ki, əgər  müharibə etsələr daha  başqa  şəhərlərdə də muğamata  qulaq  asmağa dəvət edərik. Yəni  guya  yeni şəhərlərimizi  işğal edəcəklər.

 

Ali Baş Komandanın sərkərdəliyi ilə

 

Şuşa başda  olmaqla Qarabağ  azad olundu.  Allah  bütün  şəhidlərimizə  rəhmət eləsin, qazilərimizə də cansağlığı versin. Şuşa  azad olundu və Mehriban  xanım Əliyevanın prezidentlik etdiyi Heydər Əliyev  Fondu Cıdır düzündə  möhtəşəm  bir  "Xarı bülbül"  festivalı keçirtdi, "Xarı bülbül" festivalının ənənəsinin  özülünü  qoydu.  

Və Azərbaycanda  yaşayan   bütün  xalqlar bu möhtəşəm  festivalda bir dostluq, qardaşlıq çələngi  yaratdılar.  Bütün  dünya da izlədi. Təbii ki,  Ermənistanda və Qarabağda yaşayan  ermənilər də televizorun  qarşısında oturub  festivala  baxırdılar.

Eləcə də Anna izləyirdi  bu festivalı.
Bizim bu Qələbə  bayramımızı.
Bəli, Mehriban xanım Şuşadaydı, Cıdır düzündəydi və  muğamat  dinləyirdi.
Bəs, sən harda idin, Anna?!

TƏQVİM / ARXİV