adalet.az header logo
  • Bakı 20°C
26 Noyabr 2021 13:10
1262
İQTİSADİYYAT
A- A+

Büdcəsiz rayonlar necə maliyyələşəcək?

2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 14 rayona vəsait ayrılacaq. 52 rayon və şəhər gələn il dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək.

“Layihəyə əsasən, Ağdam (dövlət büdcəsindən 4 milyon 980 min manat ayrılacaq), Balakən (1 milyon 612 min manat), Cəbrayıl (2 milyon 874 min manat), Goranboy (2 milyon 156 min manat), Xocalı (1 milyon 527 min manat), Xocavənd (1 milyon 540 min manat), Kəlbəcər (3 milyon 528 min manat), Qax (5 miyon 476 min manat), Laçın (2 milyon 416 min manat), Lerik (2 milyon 434 min manat), Oğuz (2 milyon 484 min manat), Yardımlı (2 milyon 103 min manat), Zəngilan (1 milyon 409 min manat) və Zərdab (2 milyon 917 min manat) vəsait alacaq. Dövlət büdcəsindən rayonlara gələn il cəmi 37 milyon 456 min manat vəsait ayrılacaq”.

Maraqlıdır ki, gələn il büdcədən vəsait alacaq 14 rayonun yarısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir. Qalanları isə respublikanın digər bölgələrindədir. İşğaldan azad olunun şəhər və rayonlarımızdan isə yalnız Şuşa, Füzuli və Qubadlı “özünü dolandıra” biləcək. Həmin rayonlarımıza mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılması nəzərdə tutulmayıb.

Bəs rayonlar özlərini maliyyələşdirmək üçün vəsaiti hardan alacaq?

Ümumiyyətlə, rayonlar özlərini dolandıra biləcəkmi? İcra hakimləri olan qalan nüfuzlarını da itirməyəcəklər ki? Bu addım bölgələrdə mövcud olan korrupsiyanın qarşısını alacaq, yoxsa onun miqyasını artıracaq?

Suallarımızı cavablandıran millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, bu məsələdə narahat doğuracaq heç nə yoxdur. Bu layihə artıq bir neçə ildir ki, həyata keçirilir.

“Hazırda bəzi rayonlarda özünümaliyyələşdirmə metodu həyata keçirilir. Mərhələli şəkildə bu rayonların sayı artırıldı.Əvvəlki illərdə də vətəndaşlarımız bunun hansısa fəsadlarını hiss etmədilər. Burda söhbət bölgələrin yeni idarəetmə modelindən gedir. Yığılan vergilər rayonların özünə sərf ediləcək. Bu gün büdcədəki vəsaitin xərclənməsinə Maliyyə Nazirliyi nəzarət edir. Artıq bundan sonra rayonlara büdcədən vəsait müxtəlif nazirliklər və əlaqədar təşkilatlar üzərindən ayrılacaq.  Əvvəllər bu vəasitlər mərkəzləşdirilmiş qaydada icra hakimiyyətlərinə ayrılırdı və bu zaman bəzi nöqsanlar üzə çıxırdı. Bundan sonra isə vəsait konkret sahələr üzrə ayrılacaq. Həmçinin icra başçıları artıq bundan sonra rayona investisiyanın cəlb olunması istiqamətində çalışacaqlar. Dövlət bundan sonra öz dəstəyini vacib sahələr üzrə göstərəcək”.

 

 

İqtisadçı-ekspert Natiq Cəfərli isə məsələyə başqa prizmadan yanaşdı. “Adalet.az”a danışan N.Cəfərli bildirdi ki, heç nə dəyişməyəcək:

“Azərbaycan Prezidenti çıxışlarında bir neçə dəfə dedi ki, rayonlar xarixdən investisiya cəlb edib, özləri-özlərini dolandırmalıdır. Amma ölkəmizdə bu günki reallıda hər hansı bir rayon özünü maliyyələşdirə bilməz. Çünki bunun üçün ilk növbədə qanunvericilik bazası olmalıdır ki, o da yoxdur”

Azərbaycanda heç bir rayonun özünün müstəsna büdcəsi, müstəsna vergi yığma səlahiyyəti yoxdur deyən iqtisadlçı-ekspertin sözlərinə görə, mərkəzləşdirilmiş büdcə gəlirləri və mərkəzləşdirilmiş büdcə xərcləri olan bir ölkədə bunun olması mümkün deyil.

“Burada, sadəcə, bir məsələ var. İstənilən rayonda qeydiyyatdan keçmiş müəssisələr var ki, onların mərkəzi büdcəyə ödədiyi vəsait rayonlar üzrə bilinir. O rayonların da cari xərcləri Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir. Məsələn, müəssisə Ağcabədi rayonunda qeydiyyatdan keçib, ancaq Bakıda fəaliyyət göstərə bilər. Bu, mümkündür, çünki Azərbaycan qanunvericiliyi buna imkan verir. Yəni o, Bakıda fəaliyyət göstərir, qazandığı vəsaitin büdcəyə ödədiyi vergisi kağız üzərində qeyd olunur. O vergilər də toplandıqdan sonra həmin rayonun cari xərcləri nəzərə alınır və toplanan vergilərin üst-üstə düşməsi və yaxud da vergilərin daha çox olması halında həmin rayon, sadəcə, kağız üzərində öz-özünü dolandıran rayon elan edilir. Bir sözlə, icra hakimiyyətində görüləcək işlərlə bağlı ayrılmalar və rayon ərazisindən toplanan vergilər cari xərclərlə üst-üstə düşürsə, bu, öz-özünü dolandıran, özünü maliyyələşdirən rayon kimi qeydiyyata alınır. Ancaq indiki qanunvericilik, vergi sistemi ilə özünü dolandırmaq anlayışı mümkün deyil. Bunun üçün yerli icra hakimiyyəti institutları ləğv edilərək böyük şəhər bələdiyyələri yaradılmalı, bələdiyyə institutu gücləndirilməli və büdcənin formalaşdırılması üçün bələdiyyələrin vergi toplamaq və yaxud da toplanan vergidən müəyyən pay almaq hüquqları olmalıdır. Məsələn, ƏDV 18 faizdir. Hər hansı bir bələdiyyənin ərazisindən topladığı ƏDV-nin 3 faizi həmin bələdiyyənin büdcəsinə gedir. Mənfəət vergisinin 3 faizi yenə bələdiyyənin büdcəsinə daxil olur. Bələdiyyələr kommunal və nəqliyyat xidmətləri göstərib pul qazanır. Belə bir sistem qurulmadan “filan rayon özünü dolandırır” fikri, düşünürəm ki, yanlış yanaşmadır. Bu baxımdan Türkiyə və Gürcüstan təcrübəsindən kifayət qədər istifadə etmək olar. Azərbaycan reallığını nəzərə alaraq ordakı bələdiyyələrin formalaşdırılması sistemini öyrənib yeni qanunvericilik bazası hazırlasaq, o zaman bəli, regionlar özlərini dolandırmaq üçün müəyyən addımlar ata, hətta özləri də öz aralarında rəqabət apara bilərlər. Yəni onların hansı formada iqtisadi fəaliyyətlə məşğul olması nəzərdə tutulmayıb, ayrıca vergilərdən daxil olan büdcəsi yoxdur. Uzaqbaşı bəzi bələdiyyələrdə pullu xidmət var. O da çox cüzidir. ”.

N.Cəfərli işğaldan azad olunan rayonların bəzilərinin adlarının bu siyahıda olmasının düzgün olmadığını hesab etdiyini də vurğuladı:

“O rayonların siyahısında Şuşa, Qubadlı və Füzuli rayonları var. Gəlin, obyektiv yanaşaq, bu gün o rayonların bərpası üçün dövlət büdcəsindən vəsait ayrıldığı halda, həmin rayonların “özünü maliyyələşdirməsi” sisteminə keçməsi, düşünürəm ki, doğru yanaşma deyil. Məsələn, Şuşa öz-özünü necə dolandıracaq? Şuşada otel var. Həmin otel fəaliyyət göstərir, qonaq-qara gəlir və ondan pul qazanır. Bu, Şuşaya aid məsələ deyil axı, vəsaitlər mərkəzləşdirilmiş qaydada büdcənin vergi hissəsinə köçürülür. Burada mexanizmdə, yəni bunun açıqlamasında bir problem var. Prezident hökumət qarşısında hədəf qoymuşdu ki, rayonlar özləri-özlərini dolandırsınlar. Mənə elə gəlir ki, hökumət nümayəndələri də bəzi hesablama qaydalarına sadəcə dəyişiklik ediblər və bunu "özünüdolandırma” kimi təqdim edirlər”.

Müsavat Partiyasının Divan üzvü Mustafa Hacıbəyli isə “Adalet.az”-a danışarkən bölgünün düzgün aparılmamasını dedi.

“Siyahıya baxırıq, iki rayona maliyyə ayrılır, amma onların arasında eyni iqlimdə, eyni şəraitdə olan yerləşən 3-cü rayona ayrılmır. Özünü maliyyələşdirən rayonu hansı meayarlal seçəcəklər? Əvvəcə bu öz həllini tapmalıdır. Belə absurd qərarların ortalığa çıxmasını başlıca səbəbi, ölkənin idarəetmə sistemindəki çatışmamazlıqlardır. Rayonlar o zaman özünümaliyyələşdirmə sisteminə keçərdi ki, orda özünü idarəetmə institutları inkişaf etmiş olardı. Azərbaycanda bələdiyyə sistemi bərbad vəziyyətdə olduğu halda, onların heç bir səlahiyyətə malik olmadığı bir məqamda rayonlar özünü maliyyələşdirmək üçün vəsaiti hardan almalıdırlar? Onda yəqin həmin rayonların rəhbərləri gedib pul dilənməlidirlər... Bəli, bütün sivil dövlətlərdə olduğu kimi, bələdiyyələrin idarə edilməsi müstəqil seçilmiş bələdiyyələrə həvalə edilir. Dövlət əvvəlcə bu bələdiyyələrə müstəqil gəlir mənbələri əldə etməyə imkan yaratmalıdır. Bütün bu işlər başa çatdırılandan sonra həmin rayonlara mərkəzi büdcədən vəsait ayrılması dayandırılır. Amma bu günki reallıqda rayonlara büdcədən maliyyə vəsaitinin ayrılması dayandırılmır, sadəcə adı dəyişdirilir. Tutaq ki, bir rayonun səhiyyəsinə lazım olan vəsait İcra Hakimiyyətinə deyil Səhiyyə Nazirliyinə ayrılır və ordan ümumi xərclərin içində xərclənir. Yaxud hansısa müəssisənin fəaliyyət göstərməsi üçün vəsait İqtisadiyyat Nazirliyinə ayrılan məbləğin içində gedir”.

 

İltifat HACIXANOĞLU