SON DƏQİQƏ:

"Ədalət"in vaxtı: Əsəd Cahangirlə

  51108   |  
Şriftin ölçüsü  

Zaman – bəzən xatirələr mücrüsü, bəzən saralmış fotoalbom, bəzən keçdiyin ömür yolunu göstərən güzgüdür. O güzgüyə insan özü baxıb nə görür, başqaları nə seyr edir... Xoş o adama ki, ömrün zamanla cilalanan güzgüsündə görünənlərdən özü də zövq alır, başqalarına da məmnunuyyətlə göstərə bilir.  Başqa sözlə, zamanla anlaşanlar, zamanda qüsur axtarmaq yerinə onu dərk edib qəbul edənlər zaman güzgüsünün əks etdirəcəklərindən qorxmazlar. "Ədalət”in vaxtı”ndakı növbəti qonağımız özünü zamanla dost hesab etməsə də, ən azından düşmən də deyil: "neytral zonadadır”. Qonağımızı daha yaxından təqdim edim:

Tənqidçi-şair Əsəd Cahangir (Əsədov): 1966-cı ilBeyləqan rayonunun Yuxarı Aran kəndində anadan olub. Orta təhsilini 1973-1983 illərdə doğulduğu kənddə alıb. Bakı Dövlət Universitetinin filologiya fakültəsini 1992-ci ildə Nizami Gəncəvi təqaüdü və fərqlənmə diplomu ilə bitirib.

Yazıçılıq fəaliyyətinə 90-cı illərin əvvəllərindən ədəbi tənqidçi kimi başlayıb, sonra poetik yaradıcılığa keçib. "Zaman”, "Meridian”, "Ekpress” kimi müxtəlif mətbu orqanlarda çalışdığı müddətdə ədəbiyyat və incəsənətə dair çoxsaylı yazılarla çıxış edib (1993-1999).  "O Adam" və "Namaz" poemalarının müəllifidir. Bundan başqa,  "Qədim türk ədəbiyyatının linqvistik poetikası” (2001),  "Ağ saç, qara saç” (2006), "Kim yatmış, kim oyaq” (2012) adlı kitabların müəllifidir. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2004-2009-cu illərdə respublikada ilk ədəbi-tənqid dərgisi olan "Körpü”yə baş redaktorluq edib. 2004-2013-cü illər ərzində "Azərbaycan” jurnalı ədəbi-tənqid şöbəsinin müdiri işləyib. Hazırda jurnalın redaktor müavinidir. 

Aydın Məmmədov (1999), Şahmar Əkbərzadə (2003), Cəlaləddin Rumi (2007), Yaşar Qarayev (2013) və "Qızıl kəlmə"  (2013) mükafatları laureatıdır. Prezident təqaüdçüsüdür. Hazırda dövrü mətbuatda ədəbi proseslə bağlı yazıları ilə fəal iştirak edir. 



... Və Əsəd Cahangirin zaman anlayışı:        


- Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

– Mənim anlamımda iki zaman var: biri obyektiv zaman, yəni məndən kənarda olan zaman. O zamanda mənim sevdiyim və sevmədiyim anlarım var. Orada nostalji xatirələr yer alır: atalı-analı günlərim, kəndimizdəki həyatım, orta məktəb, əsgərlik illərim və s. Bu obyektiv zamanın kədərli tərəfi də var – yaşın  artması, gəncliyin ötməsi. Yaş artıqca zaman saçda dənə dönür, alında qırışa çevrilir. Bir də var subyektiv zaman. Bu zamanda mən özümü daha rahat hiss edirəm. Burda artıq yaşlanıb qocalmaq yoxdur, yadlıq hiss olunmur, sırf özümə aid zamandır.  

 

"Hər insanın içində daxili zaman hissi var

 

–Yəni xəyali zaman?

– Mən buna daxili zaman deyərdim. Mənə elə gəlir ki, hər insanın içində bu daxili zaman hissi var. Məsələn, ola bilsin ki, birinin 60 yaşı var, amma özünü 20 yaşında cavan oğlan kimi hiss edir. Ola bilər ki, bayırda qışdır, amma daxili zamanda bahar çağıdır, ya da əksinə. Rəsul Rzanın belə bir şeiri var:

Küçələrdə bahar gülür

Ürəklərdə hələ qışdır.

Obyektiv zaman uşaqlıq, gənclik illərində xoş olur. Ömrün ikinci çağı başlayanda "bayır zaman” artıq insana yadlaşır. Ölüm bu yadlığa qoyulan son nöqtədir. Obyektiv zaman yadlaşdıqca, subyektiv zaman daha da doğmalaşır. Amma çox vaxt bəzi insanlar real zamandan, cəmiyyətdən daha da qopub özlərinə qapanırlar. Bəzi filosoflar, yazıçılar olub ki, müəyyən yaş dönəmindən sonra səs-küylü şəhər həyatından ayrılıb ucqar yerlərdə öz həyatlarını yaşayıblar, cəmiyyətə biganələşiblər.  


– Dərvişsayağı həyata üstünlük veriblər...

– Dərvişlərin zamanı elə məhz subyektiv zamandır. Məsələn Füzulinin qəzəllərində real zaman yoxdur – o əbədi, subyektiv zamandadır. Daim öz içindəki zamanı yazıb. Əslində buna zaman da demək olmaz, bu, əbədiyyətdir.


– Bu subyektiv zaman təkcə yaradıcı insanlara aiddir, yoxsa hər kəsi əhatə edir? Deməyim odur ki, konkret, dəqiq insanlar var, yalnız real zamana görə həyatını, işini qurur.

– Sadəcə o insanların içindəki daxili zaman oyaq deyil. İçindəki zaman donub, bəlkə də özü anlamadan, gizlidir. Daxilindəki vaxtın, saatın əqrəblərini hiss etmir.

 

"Zamanın nəbzini tutanlar idarə olunanlardır"

 

– Zaman və insan: hansı-hansını idarə edir?

– Zaman tərəfindən idarə olunan insanlar da var, zamanı idarə edənlər də.


– İdarə edənlər kimlərdir: zamanın nəbzini tutanlar, yoxsa seçilmişlər?

– Əksinə zamanın nəbzini tutanlar idarə olunanlardır, zamanın diktəsinə uyğun hərəkət edənlərdir. Amma seçilmişlər var ki, onlar məhz zamanı idarə etmək üçün göndəriliblər. Məsələn Məhəmməd Peyğəmbər, İsa Peyğəmbər kimi seçkin insanlar məhz zamanı idarə edənlər olub, çünki onlar zamanı dəyişdiriblər, təqvimi formalaşdırıblar. İsa peyğəmbərə qədər şənbə günü istirahət idi, işləmək günah sayılırdı. O, məhz həmin gün kor adamın gözünə işıq verdi, cüzamlını sağaltdı. Bundan sonra şənbə yox, bazar günü istirahət hesab olundu. Onun zühuru ilə yeni era, milad başlandı. Yaxud da Məhəmməd Peyğəmbərin zühuru ilə hicri-qəməri tarix başlandı, o özü yeni zaman yaratdı. Konkret misallar çəksəm də, təkcə dini baxımdan yox, digər sahələrdə də zamana əhəmiyyətli təsir edən seçkin insanlar olub.

 

"Özüm də istəmədən zamanla konfliktlərim oldu"

 

– Bəs zamanla ayaqlaşmaq asandır? Kimlər bunu bacarır?

– Zənnimcə, modayla ayaqlaşmaq nə qədər asan və çətindirsə, elə zamanla da ayaqlaşmaq o qədər asan və çətindir. Yəni dəblə geyinmək üçün, əvvəla zövq olmalıdır, sonra maddi imkan. Bütün bunlar olandan sonra dəblə ayaqlaşmaqdan asan heç nə yoxdur. Zamanla da ayaqlaşmaq üçün ilk növbədə insanda istək, daxili güc olmalıdır. Amma ən çətini zamana qarşı çıxmaqdır. Bu, çayın axınına qarşı üzmək kimi bir şeydir.  


– Siz bunların hansına aidsiniz: zamanla ayaqlaşan, yoxsa ona qarşı çıxan?

– Mən bütün məsələlərdə qızıl ortanı tutmağı sevirəm. Başqa sözlə nə şişi, nə də kababı yandırıram. Amma yaş artdıqca hiss edirəm ki, əvvəllər zamanla daha çox uyğunlaşa bilirdimsə, 40 yaşı ötəndən sonra özüm də istəmədən daha çox zamanla konfliktlərim oldu.

 

"Öz zamanından gileylənənlər, Allahın iradəsinə qarşı çıxırlar"

 

– Bəzi insanlar öz dövranında yaşamadıqlarından gileylənirlər. İnsanı belə düşünməyə vadar edən nədir?

– Hesab edirəm ki, bu baxış Allahı inkar etməkdir. Çünki kimin hansı zamanda yaşayacağına Allah qərar verir, insan özü yox. O insan ki, deyir "mən öz zamanımda doğulmamışam”, deməli Allahın iradəsinə qarşı çıxır. Hər şey öz zamanında, yaranmalı olduğu vaxtda baş verir. Hətta bir ağacın yarpağı belə Allahın təyin etdiyi vaxtda – payızda saralıb budağından düşür. Əksini düşünən insanlar öz taleyini, yaşamını qəbul etmirsə, bu başqa bir şeydir, daha çox öz bacarıqsızlığına don geyindirməkdir. Çalışıb zamanı və taleyi anlamaq lazımdır. Qəbul etmək üçünsə, dərk etmək gərəkdir. Bu da zamanla, tədricən baş verən prosesdir.

 

"Mən keçid dövrünün adamıyam"

 

– Zamanın sizdən aldıqları çox olub, ya sizin zamana verdikləriniz?

– Zaman mənim gəncliyimi, illərimi alıb. Bundan savayı mənim zamandan narazılığım yoxdur.


– Yəni zamanla dost olan insanlardansız...

– Nə dostam, nə də düşmən. Zamanla mənim münasibətlərim neytral zonadadır. Öz zamanımdayam, olmalı yerdəyəm. Bu mənim taleyimdir, mən onu qəbul edirəm. Zamanı sevmək, ya da nifrət etməkdən çox, mən onu analiz edirəm. Mən keçid dövrünün adamıyam. Mahiyyətimdə keçid dayanır. Sovet dövründən, müstəqillik dövrünə keçiddə formalaşmış insanam. Hətta doğulduğum gün əkizlər bürcündən xərçəng bürcünə keçid həftəsinə düşür. Doğulduğum rayon dağlıq zonadan aran zonaya keçiddə yerləşir. Seçdiyim ixtisas, yəni tənqidçilik – yazıçı ilə oxucu arasında bir keçid körpüsüdür. Bir sözlə, ötürücülük, körpü rolu bu mənim missiyam və taleyimdir. Mən bunu dərk edib qəbul etmişəm.


– Zamanın sürətindən gileylənmirsiniz ki? Adətən kimi danışdırsan "zaman yel kimi uçur deyir”. Siz necə, tempi tuta bilirsiniz?

– Vəziyyətə görə dəyişir, hansısa məqamlarda zamanın tempini tuta bilirəm, bəzən isə alınmır. İdraki və mənəvi baxımdan zamanın sürətinə uyğunlaşıram, amma maddi mənada tuta bilmirəm.


– Ləng insansınız, ya tələskən?

– Daxilən çox çevikəm, zahirən çox ləngəm. Çünki başım daxilimə çox qarışıb.


– Vaxt itkisi həyatınızda çox olub? Nəyə daha çox vaxt ayırdığınıza təəssüflənirsiz?

– İndi mənim 50-yə yaxın yaşım var. Oturub geridə qalan ömrümü saf-çürük edirəm. Gənclik illərimlə bağlı bircə şeyə təəssüf edirəm ki, lazımsız işlərə gərək vaxt sərf etməyəydim, mənə gərək olmayan kitablara çox zamanımı ayırmayaydım. Bundansa daha vacib işlər görə bilərdim.


– Özünüz bilərəkdən vaxt "öldürmüsüz”?

– Vaxt "öldürmüşəm”, amma bilərəkdən yox. Daha doğrusu, vaxt "öldürdüyümü indi dərk edirəm. Amma o zaman bilmirdim, fərqində deyildim. Yəni o zaman bunu dərk etsəydim, əsla yol verməzdim.


– Vaxtınızı necə bölürsünüz, daha çox nələr vaxtınızı alır?

– Yazıçının iki işi var: yazmaq və oxumaq. Vaxtımı alan da elə bunlardır.


"Həm aşağıdan, həm də yuxarıdan idarə olunuram"

 

– Ümumiyyətlə, planlı şəkildə yaşayan insanlardansız?

– Desəm ki, planlı yaşayıram, yalan olar. Həmişə hiss etmişəm ki, məni idarə edirlər. Cəmiyyət və Allah tərəfindən idarə olunuram. Başqa sözlə, həm aşağıdan, həm də yuxarıdan idarə olunuram. Mənim öz şəxsi istəyimə çox az şeylər qalır.


– İdarə olunmaq necə bir hissdir?

– Pisdir, amma qaçılmazdır. Mən manej atıyam, at ilində doğulmuşam.


– O da bir keçid...

– Hə, elə də demək olar. Manej atı istəmədiyi çevrədə fırlanır. Taleyin küləyi hara aparırsa, ora çapır. Həyatımda çox şeyi istəmədən və ya plansız etmişəm. Məsələn, İncəsənət Universitetində oxumaq istəyirdim, amma filologiya fakültəsinə daxil oldum. Özümü orda filoloq alim kimi görmək istəyirdim, amma Yazıçılar Birliyinə gəlib çıxdım.


– Vaxtla bağlı insanlara tə tövsiyə edərdiniz?

– Cavanlıq var ikən əldə

Gərək qədrin bilə insan

Əmin olma gələr bir də

Bu mülkü tərk edər candan

Vaxtın qədrini bilin, xüsusən də cavanlara üzümü tuturam. Vaxt qızıldır, amma onun qədrini bilməsən nəinki gümüşə, hətta paslı dəmirə çevrilər.


Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik. 


Şəfiqə Şəfa


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK