adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 May 2016 14:38
160924
RUBRİKA
A- A+

“Bir barmağımla yazırdım” – HƏR ŞEYƏ RƏĞMƏN

-Adalet.az bu həftədən yeni rubrikasına start verdi. "Hər şeyə rəğmən” adlı rubrikada Azərbaycanın istedadlı əlil insanları ilə bağlı yazılar dərc olunacaq. Ölkəmizdə istər incəsənət, istər idman və digər sahələrdə yetərincə bacarıqlı və bu sahələri özünə hobbi və yaxud peşə kimi görən vətəndaşlarımız var. Həmçinin onların sırasında fiziki qüsurlu şəxslərə də rast gəlmək olar. Fərqli talelər yaşayan bu həmyerlilərimiz fiziki məhdudiyyətlərinə baxmayaraq öz sevdikləri və talantlarına əmin olduqları sahələr üzrə kifayət qədər uğur qazana biliblər. Lakin günümüzdə onları tanımayanlar da az deyil.

Rubrikamızın ilk qonağı ədəbiyyatla birbaşa bağlı bir insandır. Özünün dediyi kimi bir çox həmkarları kimi yaradıcılığın bu növünə maraq və ya həvəslə deyil sırf yeganə məqsəd ilə gəlib.

Samir İmanov 1981-ci il avqustun 27-də Sumqayıt şəhərində anadan olub. Anadangəlmə iflic xəstəliyinin "Paraplegiya” növündən və "Distrofiya” xəstəliyindən əziyyət çəkir və birinci qrup əlildir. Atası sürücü, anası isə poçt işçisi kimi çalışıb. Təhsilini "Sumqayıt Şəhər Evdə Təhsil Məktəbi”ndə alan Samir məktəbi 1999-cu ildə bitirib. Əlilliyi olan insanlardan bəhs edən "Hədəfdəki insan” və "Mənim hədəfim” adlı kitabların müəllifidir. Hal-hazırda üçüncü kitabını bitirmək üzrədir. Azərbaycan, rus, türk və ispan dillərini bilir. Hobbim futbola baxmaq və müxtəlif dillərdə yazılmış kitablar toplamaqdır. Bir neçə müsabiqənin qalibi olmuş və dəfələrlə Fəxri Fərman və diplomlarla təltif olunub. Ailəlidir, bir övladı var. "Əlil Təşkilatları İttifaqının Sumqayıt şəhər regional şöbəsinin sədri və "Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin "Beynəlxalq Humanitar Yardımlar” şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışıb. "www.qartal.org” saytının rəhbəridir. Samir İmanov həyatda bir devizi üstün tutur: "Fiziki vəziyyətin necə olursa-olsun, özünlə fəxr et”dir.


Yazdığı kitablarını və bir sıra köşə yazılarını demək olar ki, əlillər və fiziki qüsurlu insanlara həsr edən Samir İmanovun ədəbiyyata gəlişinin məqsədini də məhz sözü gedən şəxslər ifadə edir:

"Təxminən 5 il əvvəl yazmağa başladım, daha əvvəllər isə ümumiyyətlə ədəbiyyatla maraqlanmırdım, kitab oxumağı sevsəm də, yazmaq barədə düşüncələrim yox idi. Lakin zaman keçdikcə gördüm ki, Azərbaycan ədəbiyyatında boşluqlar var, yazmalıyam. Hansı ki bu günə kimi qocaman yazıçılarımızdan gənc yazarlarımıza qədər heç kim əlillərin həyatını əks etdirən romanlar, kitablar yazmayıb. Bundan sonra qarşıma məqsəd qoydum ki, əlillər haqqında yazılar hazırlamağa başlayım”.

Yazarın hər şeydən əvvəl savadlı və məlumatlı olmasını öndə tutan gənc istedad qarşısına qoyduğu məqsədi reallaşdırmaq üçün əvvəlcə bir müddət araşdırmalar apardığını söyləyir. Samiri əlillər haqqında kitablar yazmağa vadar edən də məhz izlədiyi mətbuatda kifayət qədər informasiyanın olmaması olub. Əlillərin ən yaxın dostlarından biri də psixoloqların olduğunu, lakin onların da fiziki qüsurlu insanla yetərincə danışmaq potensialının olmamasından narazıdır:

"Özümə kompüter aldıqdan sonra xəstəliyim haqqında, daha sonra isə ümumiyyətlə əlilliyi yaradan səbəblər və əlil insanlar barəsində internetdə araşdırma aparmağa başladım. Araşdırmamın əsas səbəbi fiziki vəziyyətim haqqında daha məlumatlı olmaq və əlilliyi olan insanlarla əlaqə yaratmaq olsa da, araşdırma əsnasında vacib bir nüansı kəşf etdim. Bu məsələlərdə Azərbaycan dilində çox böyük bir informasiya boşluğu var idi. Mənə lazım olan məlumatları əsasən, türk və rusdilli saytlardan götürürdüm. Aktiv olaraq ictimaiyyət arasına çıxan əlil dostlarımın sağlam insanlar tərəfindən onlara göstərilən mənfi münasibətlərdən və infrastrukturun olmaması səbəbindən küçələrdə qarşılaşdıqları çoxsaylı maneələrdən bəhs etmələri məni düşündürürdü. Sosial şəbəkələr vasitəsiylə dostluq etdiyim fiziki məhdudiyyətli insanların arasında həyatdan küsən, özünə qapanan, əlilliyini bəhanə edərək əlini hər şeydən üzən insanlar da az deyildi. Bir müddət götür-qoy etdikdən sonra həm informasiya boşluğunu müəyyən qədər doldurmaq, həm əlilliyi olan insanlara qarşı mövcud diskriminasiyaya "DUR!” demək, həm də fiziki məhdudiyyətli insanlara motivasiya vermək məqsədilə kitab yazmaq qərarına gəldim. "Hədəfdəki insan” kitabı haqqında yazdığım məqalədə də deyildiyi kimi, bu məhz zərurətdən doğan ehtiyac idi. Çox sevinirəm ki, kitabı yazarkən qarşıma qoyduğum hər üç məqsədə çata bildim. Əlillik mövzusu çoxşaxəli məfhumdur və təbii ki, onların hamısını bir kitaba sığışdırmaq mümkün deyil. Buna görə də, mən hər biri bir mövzudan bəhs edən məqalələrin yer aldığı "Mənim hədəfim” adlı ikinci kitabımı nəşr etdirdim və layihənin davamı olaraq oxuduğunuz "Özünlə fəxr et” adlı üçüncü kitabım işıq üzü gördü. Görmə əngəlli insanların da kitablarımdan faydalana bilməsi üçün hər üç kitabım Respublika Gözdən Əlillər Kitabxanasının səsyazma studiyasında səsləndirilərək, görmə əngəlli insanların istifadəsinə verildi”.


"Fiziki vəziyyətin necə olursa-olsun, özünlə fəxr et” devizini qalxan edən yazıçımız məhz bu devizlə ictimai həyatda da fəal gənclərimizdən biridir. Samir İmanov yazmağa başladığı dövrdən bəri qələmə aldığı kitabları və məqalələri ilə müxtəlif mükafatlar da alıb. Bunlardan ən yadda qalanı isə Samirin Xəzər Universitetində keçirilən Yaradıcı müəllif ("Creative Autor”-1) adlı müsabiqə olub. Qəhrəmanımız bu müsabiqədə iştirak edən 100-ə yaxın yazar arasında birinci yerə layiq görülüb:

"Xəbər tutduğum bütün yazı müsabiqələrində iştirak edirəm və bu müsabiqələrin bir çoxunda qalib olmuşam. Belə müsabiqələrdən biri haqqında xatirələrimi sizinlə bölüşmək istəyirəm. Xəzər Universiteti, Psixologiya və Konsultasiya Mərkəzi və "Düşüncə” jurnalının birgə layihəsi olan "Creative Autor”-1 müsabiqəsinin final mərhələsindəki iştirakım mənim üçün unudulmaz anlarla yadda qaldı. Müsabiqədə II və III yerin sahibləri bəlli olduqdan sonra hər kəs həyəcanla qalibin adının elan olunmasını gözləyirdi. Qalib isə müsabiqədə iştirak edən 95 şəxsdən yalnız biri olmalı idi. Yarışmanın təşkilatçılarından biri olan Mələk Kərimova mikrofona yaxınlaşaraq bütün diqqətlərini ona yönəldən insanlardan qalib gələn şəxsin adının çəkilməsindən öncə onun müsabiqəyə təqdim etdiyi yazının mp3 versiyasını dinləməyi xahiş etdi. Məqalə ilk dəqiqədən etibarən, hər kəsin dərin marağına səbəb oldu və hamının gözü məndə, qulağı isə yazdığım məqalədə idi. Səs yazısı bitən kimi zala toplaşan hər kəs ayağa qalxaraq 5 dəqiqəyə yaxın məni ayaq üstə alqışladı. Bu mənim həyatımda bir ilk idi. Bu, heç zaman bitməsini istəmədiyim möhtəşəm bir an idi. Orada əldə etdiyim mükafatlardan və diplomdan daha üstün bir qazancım insanların mənə və yazıma verdiyi yüksək dəyər idi. Bu hadisə gələcək işlərim üçün çox böyük motivasiya oldu.

Son üç ildə çox sayda diplom, Fəxri Fərman və müxtəlif mükafatlarla təltif olunmuşam. Müxtəlif nominasiyalar üzrə Milli Qəhrəman Mübariz İbrahimov adına "Gənc Dəmiryolçular” klubunun, "Əlil Təşkilatları İttifaqı”nın, "İstedadlı Əlillər” İctimai Birliyinin, "Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin Diplom və Fəxri Fərmanları bu mükafatlar sırasındadır. Mənə verilən bütün Fəxri fərman və diplomları, "Birleşen Yürekler” Ədəbiyyat və Kültür Dərnəyi tərəfindən verilən medalı, müxtəlif yarışmalarda qazandığım kubokları və ayrı-ayrı şəxslər tərəfindən verilən mükafatların hamısını bura yazsaq böyük bir siyahı alınar. Təbii ki, bütün bunları mənə əbəs yerə verməyiblər. Daim öz üzərimdə işlədim. Özümü inkişaf etdirdim. Bəzən gecələri belə yatmırdım. Bəzən əlimdə olan işi vaxtında bitirmək üçün yeməkdən belə imtina edərək saatlarla kompüter arxasında işləyirdim. Qazandığım hər bir mükafat illərlə çəkdiyim zəhmətin və Tanrıya etdiyim duaların bəhrəsidir.

Haqqında müxtəlif xəbər agentliklərində və media portallarında yazılar dərc olunam Samiri "Ədalət” qəzetində də bir sıra maraqlı yazıları dərc olunub. Oxucuları düşündürməyi sevən müəllifin mətbu orqanlarda çap olunmuş əsərləri də məhz bu yöndə ona rəğbət qazandırıb. Mətbuat nümayəndələri mənim dostumdur. – İlk sözünü bu cür başladı:

Dəfələrlə yerli və xarici mətbuatın diqqətində olmuşam. "Bizim Yol”, "Zaman”, "Xalq Qazeti”, "Ədalət”, "İki Sahil” qəzetlərində, "Ans”, "Lider”, "Dtv”, "Trt-1”, "Trt Avaz”, "Meydan tv”, "Yurd tv” televiziya kanallarında, "Anadolu Ajans”, "Azadlıq Radiosu” kimi media orqanlarında, "xeberle.com”, "sumqayitxeber.com”, "haberby.net” və digər çox sayda veb saytlarda mənim haqqımda reportajlar yayımlanıb və müsahibələrim işıqlandırılıb.

Qonağımız yuxarıdakılarla kifayətlənmir. Onun bir sıra təhsil ocaqlarında şagird və tələbələr üçün təlim konfranslarında əlillərlə bağlı apardığı mülahizələr Samiri yaddaşlarda qalan nümunəyə çevirib. O bu fəaliyyətlərini də uğur sandığına əlavə edərək bildirir ki, bu kimi təlimlər təkcə sağlam insanlara deyil, həm də sosial həyatdan kənarda qalan və cəmiyyət arasına çıxmağa çəkinən əlillərə çağırış məqsədi daşıyır:

"Son vaxtlar atdığım uğurlu addımlardan biri də orta məktəb şagirdlərinə "Əlillik və əlilliyi olan insanlar” mövzusunda verdiyim təlimlərlə bağlıdır. Bu təlimlər arasında ən çox yaddaqalanı Bakı Türk Anadolu Liseyində verdiyim təlim oldu. BTAL rəhbərliyinin dəvəti ilə orada təhsil alan 6, 7 və 8-ci sinif şagirdləri üçün möhtəşəm təlim keçdim. Uşaqların sayı çox olduğu üçün iki qrupa bölündülər və 20 dəqiqəlik fasilə ilə ard-arda keçirilən iki təlimdə 300-dən çox şagird iştirak etdi. Təlim bitdikdən sonra bu cür təlimlərin mütəmadi keçirilməsi haqqında BTAL rəhbərliyi ilə mənim aramda razılaşma əldə olundu”.

-Bunları artıq həyata keçmiş planların adlandırmaq olarsa, bəs hal- hazırda həyata keçirmədiyin və keçirə bilmədiyin planların hansılardır?

-Mənim həyata keçirə bilmədiyim planın olub. Yüksək reytinqli televiziya kanallarından birində xüsusi veriliş yaratmaq istəyirdim. Lakin müəyyən səbəblərdən bu cəhdim uğursuz alındı. Bəzi kanallarda bu planıma oxşar həyata keçirilən layihələr və reytinqi daha az olan internet kanallarının cəlbedici olmaması bu planımın reallaşmasını gecikdirir.

Bütün yaradıcılığını və ictimai fəaliyyətini tam və əsaslı şəkildə əlillərə həsr edən Samir İmanovun gələcəkdə həyata keçirməyi düşündüyü ən vacib planlarından biri də əlillərin həyat şəraiti ilə bağlı qurum yaratmadır: "Azərbaycanda əlillərlə bağlı mindən artıq təşkilatlar var. Onları yaradan rəhbərlər buna görə QHT-lərə dəstək şurasından əgər 12 min manat pul alırsa, onun 2 min manatını təşkilat üçün xərcləyir. Dəflərlə şahid olmuşam ki, bu tip qurumların hətta bəziləri müxtəlif tədbirlərində özlərinin yaratdığı eyni qrup tamaşaçı qismində iştirak edir. Azərbaycanda isə əlillərlə bağlı keyfiyyətli iş görən qurumlar barmaqla sayılası qədərdir.

Yeri gəlmişkən, müsahibimlə əlil insanların cəmiyyətdə tutduğu mövqe ilə bağlı da söhbət apardıq. Samir İmanov cəmiyyətin əlillərə münasibətində hələ tam istədiyinə nail olmadığını vurğulayıb. Bır çoxları kimi onu da narahat edən məsələlərdən biri də odur ki, adi həyat şəraitində bir əlilin bayıra çıxıb arabada gəzərkən bunu rahat şəkildə ictimai ortamdan sıxılmadan edə bilirmi?

-Yaradıcılığa başladığım dövrdən bu günə kimi bunların həllini axtarmağa çalışmışam. Cavabını hamımız bilirik. Əgər bir məhəllə sakini oradan əlil arabasında keçən birini görəndə maraqla ona tamaşa edirsə, deməli, o insan son 6 ay ərzində qarşısına əlil arabasında adam çıxmayıb. Bu o demək deyil ki, Azərbaycanda əlillərin sayı çox azdır. Xeyr, sadəcə onların çoxu evdən çölə çıxmaqda ərincəklik və pessimistlik nümayiş etdirirlər. Belə tanışlarım çoxdur. 2013-cü ildə çap olunmuş "Hədəfdəki insan” kitabında və ondan sonrakı nəşrlərimdə bu mövzuya dəfələrlə müraciət etmişəm.

-Yazdıqların roman və köşələr oxuculara nə dərəcədə maraqlıdır?

-Maraq göstərirlər. Müəyyən qədər bunu hiss etmişəm, düşünürəm ki, əlillər və onların həyatı ilə bağlı ədəbiyyatda və mətbuatda çox az nəşrlər yer aldığı üçün mənim sırf bu məsələ ətrafında yazılar ərsəyə gətirməyim o deməkdir ki, nadir hallarda əlilləri yada salmıram, mən sırf yaradıcılığımı bu sahəyə yönəltmişəm və əlillərin istər sosial, istərsə də psixoloji problemlərini müxtəlif səpkilərdə oxuculara, cəmiyyətin sağlam və fiziki qüsurlu şəxslərinə çatdırmağa çalışmışam.


Samir İmanov həm də bir oğul atasıdır. Oğlunun gözünün nuru olduğunu deyən ata hər dəfə onun gülüşünü və ya dili dolaşa-dolaşa "ata” deməyini eşidərkən dünyanın ən böyük xoşbəxtliyi hesab edir. Onun yaşayış şəraitinin heç də xoş təsir bağışlamadığını görmək əslində bu qədər səmimi xoş söhbətlərin içərisində narahatçılıqdan doğan narazılıq yaradır. Samir İmanovun bağ evindəki birotaqlı mənzili isə yaşayış üçün kifayət qədər əlverişli sayılmır. Gənc istedadlı əlil yazarımız bəzi dövlət qurumu nümayəndəlilərindən dəstək görsə də, bunların əmək veteranları və ya əlillər üçün kifayət etmədiyini vurğulayıb və yaşadığı mənzil şəraitinin yaxşılaşdırılması üçün bir daha aidiyyəti dövlət orqanlarına müraciətini çatdırır.

Rüfət SOLTAN