İTDƏN QORXAN ŞUŞALILAR - Aqil ABBAS yazır

AQİL ABBAS
4371 | 2024-08-11 19:00

(IV məqalə)

(V məqalə)

Qalxanda çayçı pulu almaq istəmirdi, şuşalıların kafesində olduğu kimi, az qala əlbəyaxa olduq. Birtəhər pulu stolun  üstünə  atıb aradan  çıxdıq. 

Maşına  oturanda Kərim soruşdu:

- İndi hara gedirik?

İradə dedi:

- Xan qızı bulağına, bir də onun mülkünə.

Bu vaxt bir köpəkoğlu köpək gəlib üzbəüzdəki  ağacın kölgəsində şonqudu və bizə baxmağa başladı. Deyəsən, ona tanış gəlmədik. Kərimə dedim:

- Kərim, hamı bizlə şəkil çəkdirir, gəl biz də bu köpəklə şəkil çəkdirək, Şuşada ilk dəfədi it görürəm.

Amma çəkdirə bilmədik. Çayçı gəlib iti qovdu, o da gedib bir az aralıda yolun ortasında uzanıb şelləndi. 

Yanından ötəndə İradə dedi:

- Birdən bizi tutar ey. 

- Qorxma. Özümüzü elə aparaq ki, guya onu görmürük. 

Elə it də özünü  elə apardı ki, guya bizi görmür. Keçib getdik. 

Şuşa salınan gündən kübar şəhər olub. Bəylər, əsilzadələr şəhəri olub. Və bəlkə də yeganə şəhər olub ki, burda mal-qara, qoyun-quzu, it saxlamağa icazə vermirdilər. Şəhərdə bircə fayton atları və bəylərin atları olardı. 

Ağdamlılar zarafatla şuşalılara «itdən qorxan şuşalılar» deyərdilər.

Nemeslərlə müharibənin qızğın vaxtında bizim bir batalyon, o vaxt sovetlər  bizim idi, mühasirəyə düşür. Komandir iki şuşalını çağırıb göndərir kəşfiyyata ki, mühasirədən necə çıxa bilərik. Şuşalılar üç-dörd saatdan sonra qayıdırlar və deyirlər:

- Komandir, qarşıda nemeslərin beş-altı  tankı var, sol tərəfdə artilleriyadı, sağ tərəfdə piyada qoşunlarıdı. Babat hücuma keçsək mühasirəni  yara bilərik. Amma arxa tərəfə üz tutmayaq.

Komandir:

- Niyə?

-Ora iki dənə  it bağlayıblar, zəncir çeynəyirlər. 

Ağdamlılarla şuşalılar bir-birinə söz atmağı xoşlayırdılar. Məsələn, ağdamlılar şuşalıların xəsisliyinə eyham vuraraq deyirdi ki,  çörək yeyəndə pişiyi çarpayının ayağına bağlayırlar. 

Şuşalılar:

- Bunu gigiyenik cəhətdən edirik. Siz də xəngəl bişirməyi bilmirsiniz, ona görə hamınız tökülüşüb gəlirsiz Qəmərin xəngəlxanasına. 

Qəmər də bilirsiniz hansı Qəmərdi? Xan əminin mahnı qoşduğu  Qəmər: «Ay Qəmərim, Qəmərim». Şuşa işğal ediləndə 90 yaşı olardı. Nə qədər eləmişdilər Şuşadan çıxmaq istəməmişdi. Zorla çıxartmaq istəmişdilər, üstünə benzin töküb qohum-əqrəbaya demişdi ki, yaxın gəlsəniz özümü yandıracam, mən bu gün-sabahlığam, ermənilər öldürəcəklərsə qoy Şuşada öldürsünlər. Məşhur tədqiqatçı-jurnalist Vasif Quliyevin də bibisiydi. 
Ümumiyyətlə, şuşalılara  söz çatdırmaq olmazdı. Ələmdar Tağıyev Şuşada polis rəisi işləyəndə  daxili işlər naziri Ramil Usubov ona zəng edir ki:

-  Ələmdar, orda bir baldızım oğlu yaşayır, tanıyırsan, bir az şuluqluq edir. Onu tut sal kepezeyə bir-iki günlük, ağlı başına gəlsin. 

Ələmdar uşağı tapıb saldırır kepezeyə. 

Üstündən bir həftə keçir, Ramil müəllimin baldızı zəng edib deyir ki, ay Ramil, sən Ələmdara demişdin onu bir-iki günlük saxlasın, bir həftədir uşağı buraxmır. 

Ramil müəllim Ələmdara zəng edir ki, o uşağı bir həftədir niyə saxlamısan orda, burax.

Ələmdar müəllim şuşalı olmasa da, şuşalılar kimi zarafatla deyir:

- Cənab nazir, tutmaq pulsuzdu, amma buraxmaq pulnandı. Dədəsi gəlib pulunu versin, buraxım. 

Ramil müəllimi  bərk gülmək tutur.

Yenirik Natəvanın bulağına. «Qoçət»lə üzbəüz bankomat var, ordan pul çıxarmaq istəyirəm. «Ay Qəmərim, Qəmərim»in xəngəlxanası burdaydı, həm də bura Avtovağzalıydı. Meydanda  Sovet İttifaqı Qəhrəmanı Nelson Stepanyanın abidəsi vardı. 

Kərim deyir:

- Hadisələr başlayanda Əli Mahmud Nelson Stepanyanın boğazına zəncir bağlayıb abidəni uçurtdu.  Yerində də o vaxt öz cibinin puluna Şuşa şəhidlərinə bir abidə ucaltdırmaq istəyirdi, vaxtı çatmadı. 

Kərim həmin hadisəni elə mənim kimi  uzun danışır, amma mən oxucunu yormamaq üçün qısa yazıram. 

Düşürük Xan qızı bulağına. 

Xan qızı Şuşaya ilk suyu Zarıslı tərəfdən  çəkdirmişdi, saxsı borularda. Ustalar tez-tez qayalarla rastlaşırmışlar, Xan qızı qayanın hər metrinə bir qızıl onluq qoyurmuş ki, kim yarsa onundu. Və belə bir çətinliklə suyu gətirib çıxarmışdı Şuşaya. İkinci suyu çəkdirəndə Xan qızının qardaşı (bu barədə bir qədər sonra) Xan qızının  varidatını  oğurlayıb qaçmışdı, ona görə ikinci su xətti yarımçıq qalmışdı. Sonradan qardaşını  həbs etmişdilər  və əvvəldə yazdığım kimi, Xan qızı Şuşa həbsxanasını həmin şərəfsiz qardaşına görə tikdirmişdi. 

Xan qızı xeyirxah əməllərinə görə  xalq arasında elə bir hörmət qazanmışdı ki, öləndə camaat Şuşadan Ağdama onun tabutunu çiyinlərində piyada gətirib İmarətdə atasının, babalarının yanında dəfn eləmişdilər. 

Bildiyiniz kimi, Zəfər qələbəsindən sonra bu bulağı Möhtərəm Prezident İlham Əliyev bərpa etdirmişdir.

Natəvanın ermənilərin dağıtdığı, xaraba qoyduğu mülkünü də ziyarət edirik, ordan da düşürük Gəncə qapısında bir-iki şəkil çəkdirib qayıdırıq otelə. 

Mən Avropanın bir çox beşulduzlu otellərində olmuşam. «Şuşa» oteli onların hamısından demək olar ki, möhtəşəmdi, əməkdaşları da çox nəzakətlidi. 
Bu otelin təməli qoyulanda altından bir bina  çıxıb.  arxeoloqlar müəyyən edib ki,  bu bina İbrahim xanın silah-sursat  fabriki  imiş. Abidəni dağıtmamaq üçün oteli sütunların  üstündə  tikiblər. Və oteldən çıxanda şüşələrin altında  həmin abidə görünür. 

Kərimə deyirik ki, yorulmusan get evə, səhər tezdən çıxacağıq Laçına, istəsən gələrsən səhər yeməyinə.

Kərim gedir, biz də foyedə çay içirik. Bu vaxt Bülbülün Şuşadakı ev muzeyinin  direktoru Fəxrəddin Hacıbəyli gəlir və bizi qonaq aparmaq istəyir. Razılıq edirik, amma getmirik, çıxıb piyada otelin  ətrafında gəzişirik. Yenə iki ağdamlı gop eləyirik, İradə də  təbəssümlə dinləyir.

Nənəm  bir qazan  çığırtma bişiribmiş, bu vaxt  evə bir qohum qonaq gəlir.  Nənəm bir qazan  çığırtmanı bir məcməyiyə çəkib qoyur qonağın qabağına ki, onsuz da hamısını yeyə bilməyəcək, qalanlarını da uşaqlar yeyər. Qonaq  gözünə döndüyüm də bir qazan  yeməyi yeyir.

Nənəm:

- Doymadınsa qazanda var, yenə gətirim.

Qonaq:

- Qüdrət xala,  yaxşı şeyi bir az az yesən yaxşıdı. 

İndi mən də yazılarımı az-az yazıb, az-az paylaşıram ki, yaxşı şeyi  bir az az yesəniz yaxşıdı, çox yeyəndə adam pəndam olur. Hörmətli oxucu, mən də sizi pəndam etmək istəmirəm. 

Deyə bilərsiniz ki, yazı Laçına həsr olunsa da, hələ Laçına gedib çıxmamısan elə Şuşadan yazırsan. Şuşa elə bir yerdir ki, nə qədər yazsan bitməz. Folknerin təbirincə desək,Şuşanın hər adamından, məsələn, Vasif Quliyevdən, İlhami Cəfərsoydan, Əli Mahmuddan, Oqtay müəllimdən, Kəllə Sabirdən, elə 28 il Şuşa həsrəti ilə yaşayan Hikmət Sabiroğludan və sair və ilaxır bir roman yazmaq olar, hələ mən daşından-çiçəyindən, Xarı bülbülündən demirəm. 

Darıxmayın, bir şuşalının bir ağdamlı ilə necə məzələnməyindən ayrıca bir yazı yazacam. 

Ardını gözləyin.
 

TƏQVİM / ARXİV