adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Dövlət başçılarının falçılığı

MEHMAN CAVADOĞLU
15941 | 2022-02-02 15:33

Rusiya –Ukrayna münasibətlərində özünün pik həddinə çatmış gərginlik dünən Boris Conson- Volodimir Zelenskiylə Viktor Orban-Vladimir Putin cütlüklərinin sinxron dueti şəklində davam elədi. Böyük Britaniya Baş nazirinin Kiyevə səfərinin əsas məqsədi məhz Ukrayna ətrafında baş verən proseslər olsa da, Kremllə Macarıstan arasındakı danışıqların xeyli fərqli gündəliyi var idi. Buna baxmayaraq hər iki paytaxtakı görüşdən sonra keçirilən mətbuat konfranslarında əsas diqqət istənilən an məcrasından çıxmaq təhlükəsi altında olan Rusiya-Ukrayna münasibətlərinin üstünə fokuslaşmışdı.

Prezident Putin V. Orbanla keçirdiyi birgə mətbuat konfransında Şimali Atlantika Blokunu Rusiyanın təhlükəsizlik maraqlarını saya saymamaqda ittiham etdi. Söhbəti yenidən ABŞ və NATO-nun Moskvanın rəsmi məktubuna verdiyi cavabın üstünə gətirərək onu yaxından öyrəndiklərini söylədi. Xatırladaq ki, Dövlət katibi Blinken tam mətni mətbuata açıqlanmayan həmin sənədin bəzi məqamları haqqında ictimaiyyətə bilgi vermiş və bidirmişdi ki, Qərb NATO-nu Şərqə doğru genişləndirmək planlarından əl çəkməyəcək. Ayının yüz oyunu bir armudun başında olduğu kimi bu “məktub-məktub” oyununun da ilk növbədə NATO-nun genişləndirilməsi planlarının qarşısını almaq məqsədi daşıdığını nəzərə alsaq belə “net” cavabdan sonra Kreml rəsmilərinin daha nəyi öyrənmək istədiklərini təxmin eləmək xeyli müşkül məsələyə çevrilir.

Putin Şimali Atlantika Alyansının genişləndirilməsinin yolverilməzliyi ilə yanaşı Moskvanın daha iki mühüm tələbinin nəzərə alınmamasından da əndişəlidi. Söhbət Rusiyanın sərhədlərinə yaxın ərazilərdə zərbə silahı sistemlərinin yerləşdirilməsinin yolverilməzliyi və Alyansın Avropadakı hərbi infrastrukturlarının 1997-ci il vəziyyətinə qaytarılması tələblərindən gedir.

NATO-nun bugünkü coğrafiyası sözün həqiqi mənasında Rusiya liderinin yuxusuna haram qatıb. “Bu gün NATO-nun haralara gəlib çıxdığına baxın: Polşa, Rumıniya, Baltikyanı ölkələr (görünür, V. Orban böyründə durduğu üçün Macarıstanın adını çəkmir-red.). Bizə bir söz dedilər, başqa şey etdilər. Xalq arasında deyildyi kimi bizə “atdılar”, sadəcə, aldatdılar” – deyə Putin qəzəbini boğmadan hər şeyi bütün çılpaqlığıyla macar qonağıyla birgə keçirdiyi brifinqdə bəyan elədi.

Daha sonra o, Ukraynanın NATO-ya qəbul edilməsinin Krım üçün təhlükə törətdiyini söyləyir, rəsmi Kiyevin təhlükəsizlik doktrinasında Krımın hərbi yolla qaytarılacağının əks olunduğuna istinad edərək deyir: “Təsəvvür edin ki, Ukrayna NATO-nun üzvüdü, güclü şəkildə silahlanıb, Polşa və Rumıniya kimi (yəqin, yenə Orbana görə Macarıstanın adını çəkmir-red.) müasir zərbə sistemləriylə təchiz olunub. Və Krıma qarşı hərbi əməliyyata başlayır, hələ Donbası demirəm. Belə vəziyyətdə biz neyləməliyik, bütün NATO-ya qarşı vuruşmalıyıq?” Hərçənd, bu cür ritorik sualların əlində naəlac qalmamağın, hadisələrin qansız-qadasız məşum sonluğa gəlib çatmamasının ən salamat variantı beynəlxalq hüquq normalarına əməl edərək Krımı və Donbası dinc yolla öz halal sahibinə – Ukraynaya qaytarmaqdır ki, problemin bu cür ədalətli cözümü zati-alilərinin avtoritar düşüncə tərziylə kəskin ziddiyyət təşkil etdiyi üçün apriori mümkün deyil.

Moskvadakı brifinqdə Macarıstan lideri V. Orban da öz Rusiyalı həmkarıyla həmrəylik nümayiş etdirdi. Ümumiyyətlə, onun bir çox məsələrdə Avropa Birliyindəki həmkarlarından fərqli mövqe nümayiş etdirməsi və daha müstəqil siyasət yürütməsi Qərbdəki həmkarları tərəfindən heç də birmənalı qarşılanmır. Macar baş nazirin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda iştirakı eləməsi də Avropa siyasi kuluarlarında az qıcıq doğurmur.

Orban indiyə kimi Rusiyaya qarşı hazırlanan sanksiyalara da həmişə mənfi münasibət bəsləyib və bildirib ki, bu cür təzyiq vasitələriylə hədəfə çatmaq mümkün deyil. Əvvəlki təcrübələr də açıq-aydın göstərdi ki, Rusiya iqtisadiyyatı sanksiyalara yaxşı duruş gətirdi. Sanksiya siyasətinin Macarıstana Rusiyadan çox ziyan vurduğunu söyləyən baş nazirin fikrincə bu cür tədbirlər əslində, Rusiyanın daha da inkişaf etməsinə səbəb olur.

O özünün Moskvaya bu dəfəki gəlişini sülhməramlı səfər adlandırdı və Putinlə bir çox vacib məsələri müzakirə etdiyini bildirdi. ABŞ və NATO arasındakı son gərginliyin bütövlükdə AB ölkələrinə sərf eləmədiyini xüsusi olaraq vurğuladı: “Avropa Birliyinin üzvü olan heç bir ölkə Rusiya ilə konfliktə girmək istəmir”. Çox maraqlı yanaşmadı, üzvlərinin mütləq əksəriyyəti AB üzvü olan NATO-nun bu qarşıdurma və gərginlik prosesinin əsas tərəflərindən biri olduğunu nəzərə alandasa, üstəlik, xeyli müəmmalı açıqlama təsiri bağışlayır.

Rusiya ideri bu cür “konstruktiv” açıqlamalara görə mətbuat konfransının sonunda öz macar həmkarını əməlli-başlı mükafatlandırdı: “Avropada gələn il də qaz problem olacaq, ancaq Macarıstanda olmayacaq”.

Putin Kremldə Ukraynanın himayədarlarını “asıb-kəsərkən” Boris Conson Kiyevdə Putini Ukraynanın başına tapança dirəməkdə, geniş miqyaslı hərbi kampaniyaya hazırlaşmaqda ittiham edirdi: “RF-nın Ukraynaya müdaxiləsi bu ölkə üçün dəhşətli siyasi və humanitar fəlakət deməkdir. Bu, Rusiyanın özü, eləcə də bütün dünya üçün də böyük hərbi fəlakət olacaq. Bu həm də Ukrayna xalqının maraqlarının qayğısına qaldığını söyləyən prezident Vladimir Putinin böyük məğlubiyyəti olacaq.” Daha sonra rəsmi Moskvanı yeni Yalta sistemi qurmaqda ittiham eləyən Britaniya hökumətinin başçısı Ukraynadan sonra Gürcüstan və Moldovanın da eyni aqibətlə üzləşəcəyindən narahat olduğunu da bəyan etdi.

Kiyevdəki brifinqin maraqlı məqamı Zelenskiylə Conson arasındakı “yumşaq dialoq” oldu. Consonun “ilk rus əsgərinin ayağı Ukraynaya dəyən kimi Rusiyaya qarşı sərt sanksiyalar tətbiq ediləcək” xəbərdarlığına Zelenski sakit tərzdə bir “düzəliş” verdi: “Biz Rusiyanı cilovlamaq üçün kompleks addımları müzakirə etmişik. Bu məsələdə mənim mövqeyim bəllidir. Əvvəldən görülən tədbir effektlidir, sonradan görülən yox. Profilaktika reanimasiyadan daha yaxşıdır. Bunu Britaniyanın bu yaxınlardakı qərarları da aydın sübut etdi”.

Zelenskinin bu replikası onun Qərb müttəfiqləriylə münasibətlərinin heç də rəvan getmədiyinin növbəti sübutudur. Boris Consonun Ukrayna səfərindən vur-tut üç-dörd gün əvvəl rəsmi Kiyevlə Vaşınqton arasında da birinci şəxslər səviyyəsində ciddi bir gərginlik yaşanmışdı. Ukrayna prezidenti C. Baydenlə telefon danışığı vaxtı ABŞ prezidentinin Rusiyadan gözlənilən real təhlükənin, hərbi müdaxilənin guya fevral ayında başlayacağı barədə xəbərdarlığına çox sərt, görüşdən dərhal sonra məhz bu məsələylə bağlı keçirdiyi xüsusi mətbuat konfransındakı ritorikasından göründüyü kimi həm də əsəbi reaksiya vermişdi. Hazırkı həssas dönəmdə panıka qaldırmağın ümumi prosesə ziyan vurduğunu bildirən dövlət başçısı demişdi: “Bu gün əvvəlki kimi gərginlik yoxdu. Düzdü, hərbiçilərin sayı artırılıb, amma bu barədə mən hələ ötən ilin əvvəllərində RF-nın keçirdiyi təlimlər vaxtı demişdim. İndi vəziyyət həmin təlim dpvründə olduğundan heç də gərgin deyil. Odur ki, bu sahədə ölçülü-biçili davranmaq lazımdı. Xarici liderlərin bəyanatlarından belə təəssürat yaranır ki, Kiyevin küçələrində tanklar hərəkət edir. Bu belə deyil, bizə panika lazım deyil… Bəzi hörmətli dövlət başçıları nəinki diplomatik dildə, hətta açıq mətnlə tez-tez siqnallar ötürürlər ki, müharibə məhz sabah başlayacaq”.

Bu cür xəbərlər təkcə əhali arasında panika doğurmur, yalnız insanların psixoloji durumunda və cəmiyyətin ab-havasında yaranan neqativlərlə müşayət olunmur, həm də ciddi iqtisadi sarsıntılara və itkilərə səbəb olur. Prezidentin sözlərinə görə belə saxta çaxnaşmalar ucbatından ölkədən yarım milyarda yaxın vəsait çıxarılıb.

Ən maraqlı məqam budur ki, Rusiyanın Ukraynaya müdaxiləsinin hansı günün hansı saatında baş tutacağıyla bağlı proqnozlar verməklə təkcə saysız-hesabsız hərbi-siyasi ekspertlər, keçmiş və indiki generallar məşğul olmur, artıq dövlət başçıları da bu cür “falçı”ların sırasına qoşulub. Özü də yuxarıdakı misallardan göründüyü kimi super dövlətlərin başçıları. Az qala hər gün mətbuatda bir neçə belə proqnozlar yayımlanır, üstəlik, doğrulmadıqca sayları azalmaq əvəzinə daha büyük sürətlə artmaqda davam eləyir.

Rəsmi Kiyevin arxayınçılığı, Rusiyanın səbatsızlığı, Qərbin özünə yaraşmayan çılğınlığı göstərir ki, Ukrayna ətrafında neçə vaxtdan bəridir hökm sürən və yüksələn xətt üzrə inkişaf edən gərginlik artıq dalana dirənib. Hadisələrin dramatizmi əvvəlki cazibəsini itirib və sanki şahmat taxtası üzərində çox nadir rast gəlinən çuqçvanq vəziyyəti yaranıb. Özü də bütün oyunçuların hamısı bu duruma düşdüyündən növbəti gedişi etməyə heç kim tələsmir.

M. Cavadoğlu

TƏQVİM / ARXİV