GERİYƏ BAXANDA: İKİNCİ DÖNƏM

TOFİQ ABDİN
36760 | 2013-10-05 09:46
Zaman o Zaman idi... O Zaman ki, unudulmaz dramaturqumuz İlyas Əfəndiyev demişdi: "GERİYƏ BAXMA, QOCA..." Amma insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. GERİYƏ BAXANDA proyektimizin İKİNCİ DÖNƏMində də ömrün müəyyən məqamları öz yazılarımla birlikdə, zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda da son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.

"BUNLARIN HAMISI GÖZƏL ATACIĞIM... AMMA... "

(bu sual məni indi də qorxudur)

Bu tərs sualı qızım Günel mənə verəndə xatırladım ki, çox ağır bir güzəranla səkkiz uşaq böyüdən Atam Məhərrəm kişiyə bir zaman demişdim:
"Əgər adam kimi böyüdə bilməyəcəkdinsə bu qədər uşaq nəyinə gərək idi?"
Atam həqiqətən doluxsunaraq, dedi: "Allah verdi, oğlum, Allah".

***
Elşad Qocayev adında gənc bir jurnalist (təbii tanımadığım üçün gənc jurnalist deyirəm, əski günlərin yazar Möhbəddin Səməd haqqında bir yazı yazmışdı "Azərbaycan" qəzetində və bu yazını da məni tanıyan hüquqşünas, şair dostum Babək Arusulu oxumuşdu və mənə zəng eləmişdi. Telefonu öncə qızım Günel götürmüş və Babək müəllim ona demiş: "görürsənmi atanın yaxşılıqları haqqında nələr yazırlar".
Babək ərinmədən mənim haqqımda qəzetdəki iki sətri oxumuş və qızım telefon trubkasını mənə verəndə dedi: "BUNLARIN HAMISINI BİLDİK (bir gün öncə isə Vaqif Yusiflinin "Xalq cəbhəsi" qəzetində mənim haqqımda "Ayrılıqdan qayıdan şair" deyə gözəl bir yazısı çap olmuşdu, bir az əvvəllərdə isə sevimli Azər Abdullanın gözəl və geniş bir yazısı "Azərbaycan" jurnalında yayınlanmışdı)
ATACIĞIM, AMMA,
MƏNƏ BİR İŞ TAP..." DEMİŞDİ O ZAMAN.

İstanbulda Səlcuq Universitetini bitirib buralara gətirdiyim (gətirdiyim deyirəm ha... gələn yox) qızım Günelin gəldiyim gündən bəri bir il ötdüyünə baxmayaraq iş tapa bilməməsi məni çox sıxırdı. (Mən bu barədə bir dəfə də yazmışdım, artıq bu məsələ iş həvəsindən çox mənə yazı yazmaq imkanı açdığı üçün marağımı artırmışdı). Bu müddət ərzində bir çox hadisələr üst-üst gəldi və onlardan bir də mənim 60 yaşımın tamam olması idi. Əslində mən bu altmış yaşı elə Türkiyədə, İstanbulda qarşılamaq istəyirdim. Çünki oralarda məni tanıyan da yox idi. (Nə gözlərim görəcəkdi, nə könlüm qubar eləyəcəkdi Ələsgər demişkən...) Və oralarda olanda bir zamanlar tanıdığım indinin Millət Vəkillərindən biri (adını yazmıram eldən ayıbdı) demişdi: sənin haqqında bir xüsusi buraxılış eləyəcəyəm və bu ümid də fıs çıxdı. Ona görə ki, belə bir xüsusi nömrə üçün pul lazımdı və mən də hələlik belə şeyləri başa düşmədiyimdən belə şeylərə pul buraxa bilmirəm.

BU HAYHAYDA NƏ ALTMIŞ

...Bəli, altmış yaşımın tamam olması qismətini buralarda yaşamaq yazılıbmış taleyimə və mən də altmış yaşımı qeyd eləməyi heç ağlımdan keçirmirdim əslində, çünki mən bu altmış yaşı təkrar edirəm İstanbulda oxuyub gələn hər iki balamın işsizliyi fonunda qeyd eləməyi özümə ar bilirdim. Həmin aralar Anar müəllimin mənə təklifini cani dildən dinlədim və hələ də içimdə yaşadıram bu təklifləri, vallah sağ olsunlar və hətta şair Fikrət Qoca, Birliyin katibi bir gün dedi ki, sən səmimi qəlbdən deyirsənmi bunları? Mənim də bu "səmimi qəlb" məsələsindən zəhləm getdiyi üçün bir az inciyən kimi oldum və and içdim ki: "Fikrət müəllim, bu dəqiqə mənim altmış yaşımdan daha çox mənim üçün vacib olan bir şey var: üzümü tutub və böyük ümidlərlə də olmasa hər halda inanaraq gətirdiyim bu ölkədə balalarım üçün bir iş tapmaqdı".
Fikrət müəllim mənə bir çox şeylərdə kömək eləsə də, təbii bu iş məsələsində o da imkansızdı bilirəm və mən bu sözləri əslində ona görə vurğuladım ki, səmimiyyətimə inansın...
Mən bu yazını da yazan deyildim, geriyə baxanda mütləq belə şeylər yada düşür. Bu barədə bir yazını mən "Yeni Azərbaycan" qəzetində də yazmışdım, amma inanın ki, "Azərbaycan" qəzetində o yazıdan kəsiyi mənə oxumaq üçün zəng eləyən Babək müəllimin qızıma dedikləri və qızımın da mənə dedikləri olmasaydı, heç zaman geriyə baxanda o acı günlər yada düşməzdi.
Baxın, bu yazı yalnız içimi bir az da olsa yüngülləşdirmək üçün yazılan bir yazıdı və mənim yaradıcılığıma (yaradıcılığa bax ha...) bir elə artıqlıq gətirən bir yazı deyil təbii, bəlkə də əskiklik gətirən bir yazıdı, amma mənim yazı tərzim məhz elə belə kiçik detallar üzərində qurulduğundan da bu yazını yazıram.
Təbii, mən uşağımın bu üsyanına özümü hazırlamış olsam da, heç bir bəhanəm onun üçün bir əsas deyil, ən azından ona görə Türkiyədə oxuduğu universitetdə müəllimləri onun oralarda qalıb işləməsini məsləhət görürdülər, amma mən qoymadım qalsın. Düşünün buradakı adamların bir neçə milyonu Türkiyəyə can atdığı halda, mən uşaqlarımı götürüb bura gəlirəm və...
ƏSLİNDƏ BU İŞSİZLİK TİLSİMİNİN NECƏ BAŞA VURULACAĞI MƏNİM ÜÇÜN ƏN DƏHŞƏTLİ PROBLEMDİ.
Qızım indi işləsə də problem olaraq da qalacaq. Çünki gözəlim bu məmləkətdə bu gündən sabaha heç bir ümid yoxdu və hər zaman işsiz qalmaq qorxusu Demoklis qılıncı kimi başımızın üstündən asılıdır. Etiraf edim ki, qızımın bu işsizlik məsələsində, güzərandan başqa bir az da heysiyyat məsələsi var ki, sonunda bu məmləkət artıq mənimki olmaqdan çıxsa da, ancaq balalarımızın olması üçün bizim bir işlər görməyimiz gərəyir ki, bunu da biz eləyə bilmirik, yəni mən eləyə bilmirəm.
Eləyə bilmirəm və məni də bu dəhşətə gətirən, yəni o günlərin altmış yaşlı bir insanı və belə deyək də, pis, yaxşı bu məmləkət üçün gücü çatan bir işlər görən bir insan, yəni tutalım bu məmləkətə heç olmasa zərər gətirməyən və fəhləlikdən başlayıb böyük bir təşkilatın Azərbaycan Yazarlar Birliyi kimi bir təşkilatın qapısından İçəri girməyə haqqı olan bir insan bu gün yenə də ona buna-ağız açıb balalarına bir iş axtarırsa bunu yaşamağın özü bir dəhşətdir...
Bu nə qədər uzana bilər və nədən belə olmalıdır?
Mənim balam sevimli bir məmləkətdə bir institutu başa vurur və özü istəməsə də onu götürüb buralara gətirirlər və gələndən sonra görür ki, oralarda aldığı təhsil və diplom burada bir qəpiyə dəyməz və yenidən bütün gücünü qoyub yeni bir təhsil üçün can atır və təhsilini daha da möhkəmlətmək istəyir və eyni zamanda aldığı diplomun da dadını görməyə can atır... amma bu ona nəsib olmur.
Və bu mən bilən bir çoxlarına nəsib olmur.
Bəs onda nədən bu uşaqlar bu institutlarda oxuyurlar və nədən bu qədər insan görə-görə öz balasını kor eləyir.
Xeyir mən balalarımın institut oxumasını pis şey hesab eləmirəm, amma bir təhsilin ki, axırı gedib sənə aid olmayan bir yerə dayanacaq, o zaman nədən bu ölkə dağıldı və ona görəmi ki, sübut olunsun ki, biz hələ də millət deyilik, bir qrup insanıq və bu bir qrup insan da yalnız öz haqqı uğrunda insafsızcasına imkanları toplayıb özünün yaşamağını təmin edir və tribunaya çıxıb məmləkət, məmləkət insanı və demokratiya deyə bağıraraq adamların gözünün içinə yalan danışır və o yalan danışır, ona görə ki, bir zamanlar yalana qulaq asmış və o yalanın sehrindən çıxa bilmədiyi üçün indi o məktəbin yetişdirməsi kimi yaşamağa davam edir.
Məsələ buna deyil ki, sabah çağırıb mənim uşağıma iş verəcəklər (bu heç olan şey də deyil) və mən susacam, amma Türkiyə kimi işsizlik baş alıb gedən bir ölkədən gələn bu gənclər, yenidən burada işsizlik və daha nə bilim bir çox ağılalmaz şeylərlə qarşılaşanda bunun sabah nələr gətirəcəyini deyəsən biz heç düşünə bilmirik...

[email protected]
www.tofigabdin.com
Tofiq Abdin

TƏQVİM / ARXİV