GERİYƏ BAXANDA: İKİNCİ DÖNƏM

TOFİQ ABDİN
32727 | 2013-10-19 00:47
(Qəzet satanın politik sualı...
Əslində bu təsadüfü sual olmasaydı, bu yazı da yazılmazdı)

Zaman o Zaman idi... O Zaman ki, unudulmaz dramaturqumuz İlyas Əfəndiyev demişdi: "GERİYƏ BAXMA, QOCA..." Amma insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. GERİYƏ BAXANDA proyektimizin İKİNCİ DÖNƏMində də ömrün müəyyən məqamları öz yazılarımla birlikdə, zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda da son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
Yazımmı, yazmayımmı deyə düşünürkən bir də görürəm ki, yazmağa başlamışam və bu dəfə necə deyərlər "öz poçerkimə" uyğun olmayan bir temada yazmağı düşünürəm və inanın ki, heç bir sifariş-zad yox, sadəcə məni dəli eləyən budur ki, kənardan baxanda ən savadsız adamın da başa düşəcəyi bir şeyi anlaya bilmədiyim üçün və ya anlada bilmədikləri üçün içimi yeyirəm. Necə ola bilər axı, necə ola bilər ki, bu qadasını aldığım müxalif siyasilər bu qədər sadəlövhdürlər ki, bizim və ya sıradan bir vətəndaşın başa düşdüyü şeyləri onlar bu qədər yaxın buraxırlar ürəklərinə və başlayırlar biri-birilərinin könüllərinə toxunmağa ki, bunun bir ucu da gəlib çıxır bu sıradan vətəndaşın üstünə. Sıradan vətəndaş da bəzən bir çox zaman məni və ya bir başqasını özündən daha çox bilmiş bir adam kimi gördüyündən əli çatmadığı adamlardan soruşacağını bizlərdən soruşur və...
O günü inanın ki, heç dəxli olmadan belə bir şeylə qarşılaşdım.
Adam Qara Qarayev metrosunun içərisində qəzet satır (bir çox zaman da gözləri yumulu olur və nəsə danışır özü-özüylə, güman ki, dua eləyir və mən bu duanın nə olduğunu bilmirəm) və mən də qəzet alıram və deyirəm ki, mənə bir "Xalq Cəbhəsi" qəzeti ver. Adam qəzeti verir və məndən soruşur: "Siz bilərsiz, bu Yurdçular, elə bu Klassiklər deyilmi?" ( o zaman bu birliklərin ikisi də vardı, indi bilmirəm: kim yatıb, kim oyaq)
Vallah, mən bilən belə soruşdu, bəlkə belə soruşub: bu Yurdçular bu İslahatçılar deyilmi? Mən gücənib bir cavab verirəm. Amma o cavabı indi xatırlamıram və sonra bir də soruşur: "BUNLARIN NİZAMNAMƏSİ BİR DEYİLMİ?"
(Adam sualı o günlərdə vermişdi ki, Qüdrət Həsənquluyevi Xalq Cəbhəsinin İdarə heyətindən çıxarırlar. Yanlış başa düşmüsəmsə məni bağışlayın. İdarə Heyəti məsələsini deyirəm.)
Yəni, adam bunu haqlı soruşur: "Yəni bu Yurdçular da, bu Klassiklər də və bu İslahatçılar da (daha kimlər var, bilmirəm) vaxtilə bir olublar, mən belə başa düşürəm". Yəni Xalq Cəbhəsinin silahdaşları olublar və sonradan pərən-pərən düşüblər (və yaxud pərən-pərən salıblar) adam yəqin ki, bunu bilir. Adam qəzet satır, yəqin ki, xəbəri var, ona görə özünü yoxlamaq üçün bir də soruşur və soruşur: "BUNLARIN NİZAMNAMƏSİ BİR DEYİLMİ?"
İnanın, mən bir az çaşıram və bir zamanlar Kommunist Partiyası sıralarına keçiriləndə suallardan biri də o Partiyanın nizamnaməsi haqqında idi. Mən o nizamnamənin nə olduğunu bilmirdim və mənə belə bir sual verdilər ki, bəs Kommunist partiyasının nizamnaməsi nədir, dedim: "Sülh".
"Çıxarın bayıra bunu", - dedilər. O gün atdılar bayıra məni və amma mən dağılmış o Kommunist partiyasının üzvü oldum bir neçə ay... Çünki tapşırmışdılar üzv olum...
İndi adam məndən soruşur: "BUNLARIN NİZAMNAMƏSİ BİR DEYİLMİ..."
Mən gözlərmi döyürəm, çünki heç bir partiyanın üzvü deyiləm və bu yeni partiyaların da nizamnaməsi olub olmadığını bilmirəm. Heç təklif də olunmur üzv olunmaq...
Yox təklif olunsa belə başım çıxmayan yerə gedən deyiləm və bunu ona görə də xüsusi olaraq vurğulayıram ki, Əli Kərimli ilə də, Qüdrət Həsənquluyevlə də eyni məsafədəyəm.
Mən "Azadlıq" qəzetini oxumuram və "Xalq Cəbhəsi" qəzetinə yazılar yazırdım, humanitar şöbəyə, belə deyək və bu rolitika mənim girəcəyim kol deyil, amma BİR VƏTƏNDAŞ olaraq düşünürəm ki, nədir bu mübarizə, nədəndir bu mübarizə? Neyçin bu adamlar bir yerə yığılıb bu ölkənin dərdini-sərini, türklər demiş, çözə bilmirlər ki, o qəzet satan adam da məni bir adam bilib, çətin bir sual verir və mən də onun sualına cavab verə bilmədiyim üçün o gün özümü lənətləyib bütün ovqatımı pozuram.
Nədir bunun mayası?
Yox, bunun mayası məncə, birinci sinif şagirdinə də bəllidir, amma görünür ən çətin şey bəlli şeylərin həllini tapmaqdır ki, bizim də qarşımızı bax bu kəsir və inanın ki, bir vaxtlar ürəyim ağrıya-ağrıya oxuyurdum ki, bəs bir qəzet yazır: BİZ QOYMARIQ XALQ CƏBHƏSİ ÖZƏLLƏŞDİRİLSİN!
Aman Allahım, yazıya bir bax. Bu o Xalq Cəbhəsiydi ki, vaxtilə lərzə saldı bu boyda məmləkətə və adamlar onun üçün həyatlarını verdilər: öldülər, yoxa çıxdılar, diri-diri basdırıldılar, itkin düşdülər və indi baxın bu bir şirkətmi, yoxsa torpaq sahəsimi belə fikirlərlə qarşı-qarşıya qalırıq: BİZ QOYMARIQ XALQ CƏBHƏSİ ÖZƏLLƏŞDİRİLSİN.
Ürəyim ağrıyır, vallah, ürəyimiz ağrıyır. Bu ayrılıq, bu didişmə nə qədər sürəcək və nə qədər davam edəcək. Bir partiyanın nə qədər qolu budağı olar, canım Əfəndim?
Bir partiyadan ayrılmaq olar, başqa bir partiya da qurmaq olar. Bunu o zaman edərlər ki, ölkədə hər şey öz qaydasındadı və yalnız daha irəli getmənin yolları aranır, amma indi bizim bu vəziyyətimizdə, axı bir partiyanı neçə yerə parçalamaq olar. Neçə yerə, canım əfəndim.
Yox, hamı bilir nədir, bunu hamı bilir, hamı bilirsə, bəs onda nədən gedir bu oyunlar və nədən bu ölkənin başının qatırlar, nədən bu yaxın keçmişin dost insanları biri-birini qaralayır və biri-birini başa düşə-düşə, başa düşmək istəmirlər. Bağırmaq istəyirəm: Nədən? Nədən? Nədən?
Canım əfəndim, hər geri çəkilmədə bir qələbə də ola bilər.
İndi bunları sadalamağın vaxtı deyil.
Biri-birimizlə mübarizə başqasıyla mübarizədən qat-qat çətindir. Bunu hamımız bilirik, vallah, bu sətirləri yazıram və Vüsalə Mahirqızının bir vaxtlar dediyi sözlər az qala gözlərimi yaşartdı...
"Heç kimi bu prosesə qoşulmağa çağırmıram. Çünki əsil çəbhəçilər bu prosesin aparıcılarıdır. Beş-on adamın parçaladığı təşkilatı birləşdirmək üçün hər cür təzyiqlərə sinə gərirlər. Hər gün bu prosesə onlarla adam qoşulur. Cəbhəçilər yenə öz simalarını ortaya qoyurlar. Əyilməz, mərd, mübariz, cəfakeş. Mətbuatda Əli Kərimlinin bir müsahibəsini oxudum. Deyirdi ki, hər itirdiyi dostun əvəzinə onunu qazanıb. Dostu qazanmırlar Əli bəy, dostu seçirlər və qoruyurlar. Çünki qazanılan nəsnəyi həm də asanca xərcləmək olar. Məni bir sual çox, lap çox maraqlandırır. Görən o yeni "dostlar" sizdən köhnə dostların aqibətini soruşurlarmı? Görən o dostları, əski dostları itirməyinizin səbəbi maraqlandırırmı? Və o sualları eşidəndə siz dönüb ətrafınıza baxırsınızmı?"
Təbii, bu deyilənlər çox acı verici məqamlardır, amma bunu da deyək ki, o zaman bunu yazan xanım əfəndi bu hadisənin bir qanadının içində olan bir xanım əfəndiydi. Bunun müəyyən mənada təsiri olsa da, amma çox acı verici sözlərdir. Şəxsən mənim üçün Əli Kərimlinin ünvanına deyilən bu sözlər çox acı vericidir.
Şayət Vüsalə xanım kimi zərif bir məxluq bir dost itkisinin nə olduğunu bu qədər yana-yana yazırsa, bəs bu əski silahdaşlar nədən bu qədər incikdirlər? Bu uzun və daşlı yolda bəlkə, vaxtın azlığından qorxub hər kəs LİDER olmaq istəyir. Hər kəs PREZİDENT olmaq istəyir və bu vaxt azlığı onları belə təntidir.
Bu ölkəyə bir prezident lazımdır. O da hələlik var.
Bu ölkəyə sağlam və əsil müxalifət lazımdır. BÜTÜN DEMOKRATİK ÖLKƏLƏRDƏ OLDUĞU KİMİ. Bax, bu yoxdur. Çat-çat olmuş və yaxud çat-çat edilmiş BİR MÜXALİFƏT bu ölkənin heç bir işinə yaramaz.
Uzağa getməyin. Nümunə: alın sizə YENİ AZƏRBAYCAN PARTİYASI.
Oğul deyərəm içlərindən, içlərindən ha... birisi qalxıb bu partiyanı çırtmalasın.
Bəlkə bu adamların demokratiyası daha öyrədicidir?
Hə, buna nə deyirsiz?

Tofiq Abdin
[email protected]
www.tofigabdin.com

TƏQVİM / ARXİV