adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Iyun 2016 15:06
142378
RUBRİKA
A- A+

Sirli ədəbiyyat: "Gələcəyi keçmişdə yaşadan Lev Tolstoy"

Tarixin bütün qatlarında zamanı və ya zəmanəsini səhv salmış insanlar olub. Bu ya təbiətin yanlışından, ya da Ali Qüvvənin istəyindən yaranıb, amma həmişəki kimi səbəb nə olursa-olsun, nəticə eyni alınır. Müxtəlif zəmanələrdə dolaşan, zamanı "barmağına dolayan” dahilər daim adi insanların marağına səbəb olub, araşdırılıb, öyrəniliblər. Təbii ki, onların sirlərini tam olaraq öyrənməyə də müyəssər ola bilməmişik, amma ən azından tədqiqat predmeti olaraq açıq qalmağı da məsələnin dərinliyini göstərib. Maraqlıdır ki, bu zaman yolçularının böyük əksəriyyəti ədiblər olur, hətta elmin "başına oyun açan” alimlər belə bu sırada ədiblərdən geri qalırlar. Səbəbi nədir, bilmirəm... Bəlkə də ədəbiyyatçıların sıravi insanlarla daha qaynayıb-qarışdığından, onlar arasında sevildiyindən, bəzən ilahiləşdirildiyindən, ya da elə Qurani-Kərimdə deyildiyi kimi səhrəlarda dolaşan sərgərdan olduqlarından elə uca Tanrı da onları zamanlar arasında dolaşdırıb?! Leonardo da Vinçi, Jül Vern, Herbert Uells, Aleksandr Puşkin, Rey Bredberi və b. daim öz dövründən xeyli sonranı görüb, yazıb, bəşəriyyəti təəccübləndirib. Bu zaman yolçuları olmuş ədiblərin sırasına isə daha biri namizəddir. "Sirli ədəbiyyat” rubrikasında bu gün həmin namizəddən – XXI əsri XIX əsrdə yaşadan böyük rus yazıçısı Lev Tolstoydan danışacağıq.

Yazıçının kübar cəmiyyətdən aralanıb üstünlük verdiyi Yasnaya Polyana kəndi elə onun sağlığında, az qala ziyarətgaha çevrilmişdi. Amma bu "zəvvar”lar da öz aralarında iki qrupa bölünürdülər: Lev Tolstoy pərəstişkarları, yəni onu heç olmasa bircə dəfə görmək arzusunda olan oxucular və Tolstoyun texniki kolleksiyasını, onun dövründən çox irəli getmiş gündəlik iş qrafikini izləmək istəyənlər.

Tolstoy nə qədər pul-parasını kasıblara paylayıb, kübar həyatdan imtina etsə də, elitar dostlarından və onların dövrün yeni icadı olan hədiyyələrindən vaz keçməmişdi. Elə bu da onu daha çox XXI əsrin insanına yaxınlaşdırırdı. İndi müasir dövrün terminləri ilə bu şəxsiyyəti bir daha möhtərəm oxucuya çatdırım:


1. Tolstoy dövrünün ilk vegeterianlarından olub və bu sözü də rus insanına o tanıdıb. Vaxtilə ABŞ jurnalı "Good Health”ə özünün verdiyi müsahibəsinə görə, vegeterianlığa 1883-cü ildən başlayıb və anlayıb ki, gələcək insanları müxtəlif xəstəliklərdən də məhz bitkilərlə qidalanma xilas edəcək. Yaxın dostlarından çoxunu ətdən imtina etdirib. Tolstoyun ölümündən sonra isə yazıçının xatirəsinə çoxsaylı oxucu ordusu ətdən imtina edərək, 1912-ci ildə ilk Rus Vegeterian Yürüşü təşkil ediblər.



2. Tolstoy Rusiyanın ilk tanınmış normkoru olub. Normkor – XXI əsrin moda tendensiyasına liderlik edən terminlərdəndir. Söz 2009-cu ildə yaransa da, 2014-cü ildə populyarlaşıb. Uniseks geyimləri nəzərdə tutur, yəni hər iki cinsin də geyə biləcəyi rahat, dərvişsayağı paltarlar. Kütlədən seçilməyən belə geyimlərə hazırda qərbin məşhurları da gündəlik həyatda üstünlük verirlər. Amma bu tendensiyanı özünə tərz kimi seçənlər hətta TV proqramlara, rəsmi qəbullara, ziyafətlərə də belə evsayağı geyimlərdə gəlirlər. Bu cür geyimləri də əsasən, özləri hazırlayırlar. Tolstoy isə hələ XIX əsrdə dvoryan geyimlərindən imtina edib, kobud parçalardan və dərilərdən özünə paltar, papaq və ayaqqabı tikirdi.    


3. Baykinq və Tolstoy – bu termin də XXI əsrə aiddir, amma onu da iki əsr əvvəl Tolstoy sınaqdan keçirib. 1895-ci ildə nüfuzlu ingilis markası olan "Rover” velosipedi ona hədiyyə olunub. Yazıçı onu digər həmyaşıdları kimi nəvələrinə hədiyyə etməyib, əksinə 67 yaşında olmasına baxmayaraq, bu yeni idman növünü Rusiyada dəb salıb. Məhz onun səhər-axşam velosiped sürüşlərindən sonra dövrün kübar kişiləri, hətta korsetli, uzun ətəkli xanımları da velosiped sürməyə başlayıblar. Kasıblar isə yalnız seyr edə bilərdi, çünki onların dövrün ən qiymətli əşyalarından olan velosipedi almağa imkanları yox idi. Özü isə velosiped sürməyə belə ad verirdi: "Velosiped adamı ailə qayğılarından azad edir”.



4.  Daha bir müasir termin – Qadcet: əlaltı vasitə, əyləndirmək üçün qurğu və s. kimi anlaşılır. Müasir texnologiyada smart telefonlarda, planşetlərdə istifadə olunur, səsyazma, oyunlar, hava, məzənnə məlumatları, musiqi, video və digər əyləncələri özündə birləşdirir. Təxminən 2006-cı ildən bu söz geniş kütlə üçün anlaşılan olub. Amma Tolstoy bu ildən çox-çox qabaq qadcetlərlə baş qatırmış. Təbii ki, terminin adını bilməzdi, amma özündən yaxşıca istifadə edib. Belə ki, 1908-ci ildə ixtiraçı və Tolstoy dühasına böyük hörmətlə yanaşan Tomas Edison icad etdiyi fonoqraflardan birini şəxsən yazıçıya hədiyyə göndərib və xahiş edib ki, qeyri-rus oxucularına öz səsi ilə müraciət etsin. Belə maraqlı hədiyyədən çox şad olan Tolstoy ondan əyləncə kimi deyil, yaradıcılıq üçün istifadə edib. Hekayələrini, nağıllarını, ədəbi tövsiyələrini öz dilindən qeydə alaraq orta məktəb şagirdlərinə və universitet tələbələrinə dinləmə üçün göndərirmiş ki, hazırda belə üsullar dövrümüzdə daha çox yayılıb. Özü üçünsə, yaradıcılıq planlarını, süjet xəttini lentə alırmış.


5. Alternativ uşaq təhsili – bu da dövrümüzün vaz keçilməzlərindəndir. Lev Tolstoy isə hələ 1859-cu ildə Yasnaya Polyanadakı uşaqları başına yığıb onlara alternativ təhsil verirmiş. Yəni məktəbdə öyrədilən əsas fənlərlə yanaşı köməkçi fənlər, xüsusən uşaqların maraq dairəsində olan əyləncəvi dərslər keçirdi. Həmin dövrlərdə məktəblərdə keçilməyən nəğmə, rəsm, bədən tərbiyəsini o, şəxsən uşaqlara öyrədirdi və bunu da əlbəttə ki, təmənnasız edirdi. Kasıb uşaqlarının rəsm çəkə bilməsi, müxtəlif əl işləri bacarması üçün şəhərdən ləvazimatlar gətirdirdi. Uşaqlara sərbəst düşüncə, məntiqi qavrayış, dərs qrafiki azadlığını da dünya təhsil sistemindən öncə Tolstoy tətbiq edib.



6. Fitnes – dövrünün kübarları atda gəzməkdən və ovçuluqdan başqa "idman növü” tanımadıqları vaxt Tolstoy fəal şəkildə müxtəlif fitnes növləri ilə məşğul olub. Məişət işlərindən və yaradıcılığından əlavə üzgüçülük, qaçış, velosiped sürüşü, gimnastika ilə aktiv məşğul olub. Eyni zamanda yaxınlarına və dostlarına da tövsiyə edib, təhsil verdiyi uşaqları buna cəlb edib. Özünün dediyinə görə: "Kitabdan ağır heç nə qaldırmayan ədib gələcəkdə oxucuları maraqlandırmayacaq”.


7. Selfi! Bax, bu xüsusi maraqlıdır. Əslində "avtoportret” sözü ilə əvəzləsək, selfilər ta qədim rəssamlardan var. Amma fotoaparatla ilk selfinin tarixi 1914-cü ildən hesab edilirdi. Rus knyajnası 13 yaşlı Anastasiya həmin il öz selfisini çəkib. Mobil telefonlar çıxandan bəri isə hər kəsin özünü çəkdiyi "fotosessiya” nədənsə 2012-ci ildən populyarlaşdı. Şəxsən mən, 2000-ci ildən selfi ilə məşğulam. Güzgü vasitəsilə, ya da təbiət qoynunda yuxarıdan çəkilişlə özümü çox əbədiyyətə həkk etmişəm. Zamanı azca qabaqladığım üçün sevincimdən salto atıram, amma Tolstoy zamanın özünü salto atdıraraq baş-ayaq çevirib. Təsəvvür edirsiz, XIX əsrdə selfi! 1860-cı ildən Rusiyada fotoqrafiya bumu başlayır. Tolstoy cəmiyyət həyatından nə qədər uzaq gəzməyə çalışsa da bu dəbdən yan keçə bilməyib. Hətta çox sevdiyi məşğuliyyətinə çevirib. Yazıçı həm öz puluna fotoaparat alıb, həm də bir neçə hədiyyə edilmiş brend aparatları da olub. Və ilk selfisini də 1862-ci ildə güzgü qarşısında özü çəkib! Bununla da selfi tarixini daha önə darta bilib.       

Yazının əvvəlində Lev Tolstoyu zaman yolçuları siyahısına namizəd göstərmişdim. Sonda əminliklə deyə bilərəm ki, dahi yazıçının yuxarıda sadalanan uzaqgörənlikləri onu bu siyahının ən əsas simalarından biri edir. Ümumiyyətlə, böyük şəxsiyyətlər hərtərəfli qabiliyyətləri ilə fərqləniblər, elə buna görə də seçilmişlər hesab olunurlar.  


Şəfiqə ŞƏFA