adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Iyul 2016 17:08
137149
RUBRİKA
A- A+

Dünyanın qara üzü: "Vatikanı aldatmış qadın"

Din – insanla Tanrı arasında inanc, ünsiyyət, özünüdərk, kainatı, yaradılışı qəbul etmə vasitəsi olmasına rəğmən, təəssüf ki, bütün zamanlarda başqa məqsədlər üçün istifadə olunub. Sadə xalqın idarəsi, din yaymaq adı altında əlavə torpaqların zəbt edilməsi, dinə gətirilmək bəhanəsi ilə milyonlarla insanların qırılması, sərvətlərin talan olunması və s. Siyahını uzadacaq dinlə bağlı tarixi hadisələr çox olub. Xüsusilə də səmavi dinlərin xronologiyasında belə ləkələr çoxluq təşkil edir. Zaman-zaman bir din önə çıxarılıb, digəri ləkələnib, sonra yerlər və növbələr dəyişib. Başqa sözlə, bu yerdəyişmə prosesinin arxasındakı çirkli və böyük əllər manipulyasiya çomağını həmişə möhkəm saxlayıblar. Çünki insanları ən yaxşı idarə etmək, inqilablara sürümək, qıcıqlandırmağın yolu məhz onun daşıdığı din və inancını "oynatmaq” üsuludur. Amma bununla belə hər bir dinin tarixində gizlədilməyə çalışdıqları, amma həmin böyük əllərin barmaqları arasından süzülüb axan həqiqətlər də az olmayıb. Bu dəfə "Dünyanın qara üzü”ndə bunlardan biri – qadınsız həyat "qanun”u ilə əsrlərdir dövr edən Vatikan kilsəsinin QADIN PAPAsı haqqında bəhs edəcəyik.   

Əvvəlcə qeyd edək ki, Papalıq tarixi İsa Peyğəmbərin müridi Müqəddəs Pyotrla başlayır. Odur ki, Papa adını daşımağa namizəd olan şəxs bakir, heç bir cinsi münasibəti və ya arzusu olmayan, ömürlərini dünya nemətlərindən uzaq tutan, amma bununla belə insanların izdivac istəyini tələb olunan şəkildə tənzimləyən, uşaqlarını xaçlayan, insanlara sevgi ilə yanaşan bir zahid olmalıdır. Amma bütün dinlərdə yüksək mövqedə olan dini xadim öz postundan istifadə edərək siyasi məsələlərə də qarışıb, dövlət və dünya idarəçiliyinə meyilli olub, hələ üstəlik əks və eynicinsli münasibətlərdən də uzaq qaçmayıb. Bu səbəbdən Vatikan kilsəsində qadın hakimiyyəti Papalıq dərəcəsində olmasa da, ən azından idarəçiliyə qədər yüksələ bilib. Məsələn, haqqında daha çox ədəbiyyat formalaşmış, hətta həyatı və fəaliyyəti dövrümüzdə ekranlaşdırılmış Papalardan olan Borciya Vatikan idarəçiliyini öz məşuqəsi olan Culiya Farnezeyə həvalə etmişdi. Sonralar elə onun qızı Lukresiya Borciya da Vatikanda ağalıq edən qadınlardan olub. Bəziləri isə qadınsız həyatlarının açığını elə qadınlardan intiqam almaqla çıxıb. Orta əsrlərdə tüğyan edən 150 illik inkvizisiya ərzində minlərlə günahsız qadın diri-diri odda yandırılıb. Şeytana xidmət adı altında Avropada gözəl, xüsusilə kürən qadınlar bir-bir "təmiz”lənib. Çünki əlləri o gözəllərə çata bilməyən rahiblər "ya mənimsən, ya da qara totpağın” sayağı düşüncəylə bu gözəlləri doğulduqlarına peşman ediblər. Bu yolda onlara çırkin qadınların az köməyi olmayıb. Qonşuluqda, qohumluqda olan gözəl, ərsiz qadınlardan qıcıqlandıqları və ya onları evliliklərinə təhlükə hesab etdikləri üçün üstlərinə şər atıblar. Kilsə də əxlaqsız, iblis övladı adıyla bu qadınları meydandaca odda yandırıb.      

Qadın Papaya gəlincə, əsrlər boyu xristian dünyası bu həqiqəti gizləməyə çalışıb. Həmin qadın Papanın adını belə ali dini rəhbərlər sırasından çıxarıb, qəbrini itirib, onun haqqında bütün məlumatları yandırıblar. Amma necə deyərlər: bütün cinayətlər öz arxasında iz qoyurlar. Bu addımı cinayət adlandırmaq xristianları qıcıqlandırmasın, amma həqiqətdir. Çünki sözügedən dinin qanunlarına zidd olsa da, O mövcud olub, insan əli onu tarixdən silməyə çalışsa da, Tanrının bəndələri sırasından çıxara bilməyib. Bütün dinlərin təməlində insana sayğı dayanır. Yaradılan Yaradanın xətrinə sevilir. Tanrının yaratdığı insanı qadın olduğu üçün, kilsəni aldatdığı üçün öldürüb, yeni doğulmuş körpəsini də vəhşicəsinə öldürmək cinayətdən başqa bir şey deyil və bu da Vatikanın ayağına yazılıb.

Məhz elə xristian araşdırmaçı və tarixçilərinin sayəsində qadın Papanın varlığı və kimliyi üzə çıxıb. Dominikan xronikaçıları Jan de Mayi, Stefan de Burbon, ingilis tarixçisi Martin Polonus, Marian Skott və başqaları Vatikanın qadın papası haqqında ilk məlumatları bəşəriyyətə ötürə biliblər.

Papa və ya Papessa İohann – doğum tarixi bəlli deyil. Haqqındakı məlumatlar məhv edildiyi üçün onun doğum tarixinin 784 və ya 822-ci ildə ola biləcəyini güman edirlər. Adı Aqnessa və ya Gilberta olduğu deyilən bu şəxsin Almaniyanın Maynts şəhərində doğulduğu bildirilir. Amma alman ailəsində doğma uşaq deyildi. Övladlığa götürülmüş bir ingilis uşağı idi. Hələ uşaq yaşlarından təhsilə həvəsi olan bu qızcığaz sərt, patriarxal rejimdə qadının irəli gedə bilməyəcəyini anlayaraq 12 yaşındaykən missioner atasının Afinadan olan dostunun oğlu ilə Yunanıstana qaçır. Təhsil almaq üçün qız görüntüsündən imtina etməli olur, kişi paltarında təhsil alır, sonralar elmi yazılar yazır. Amma yunan alimləri saqqal saxladığına görə, artıq yetkin yaşındaykən bu ölkədə saqqalsız dolaşa bilməyəcəyini anlayıb Romaya gəlir. Roma mühitində kişilər üzlərini təmiz təraş etdirirdilər. Ağlı, savadı, məntiqi düşüncələri, natiqlik qabiliyyəti, güclü təsiretmə bacarığı olan xanım tezliklə bu şəhərdə şöhrət qazanır. Xüsusilə rahib və kardinallardan ibarət olan məclislərə qatılaraq ətrafına xeyli tərəfdar toplaya bilir. Papa IV Leonun səhhəti pisləşəndə kardinallar Papalığa ən layiqli namizəd olaraq onu irəli çəkirlər. 855-ci ildə Leon vəfat etdikdə Vatikan tarixində ilk dəfə olaraq kənardan gəlmiş biri Papalıq kürsüsünə yiyələnir və Papa VIII İohann adını alır. Onun 2 il 5 aylıq hakimiyyət dövrü bəlkə də Vatikanın ən yaxşı dini rəhbərliyindən biri hesab olunur. Kilsə kasıblara əl tutur, yeni lazımi tikililər inşa etdirir, kilsədaxili əxlaqsızlığa son qoyulur. Amma özü məhəbbət macərasından yan qaça bilmir. Qadın duyğuları kişi görkəminə güc gəlir. Aşiq olduğu yüksək rütbəli kardinalla eşq macərası yaşayır. Təəssüf ki, bu sevginin bəhrəsi də onun kimliyini üzə çıxarır. Tezliklə hamilə qalan Papessa geniş rəsmi geyiminin altında dəyişmiş vücudunu gizlədə bilir. Amma tale onun yalanını üzə çıxarmalıydı. Odur ki, hamiləliyin son günlərində özünü xəstəliyə vurub, sevgilisi də daxil ən yaxın adamlarının əhatəsində doğuşu həyata keçirməyi planlasa da onun saydığı olmur, fələk öz saydığını ortaya atır. 857-ci ilin payızında Romada epidemiya yayılır. Tələb edilir ki, Papa xalq qarşısına çıxsın, ürək-dirək, xeyir-dua versin. Əlacsız qalmış Papessa tələbi yerinə yetirir. Elə xalqın gözünün qabağındaca doğuş sancısı başlayır və elə tribunadaca uşağını dünyaya gətirir və qadın olduğu ortaya çıxır. Heyrətə və dəhşətə gəlmiş kardinallar, eləcə də kütlə bunu xristianlığa qarşı ədəbsizlik sayıb Papessa və yeni doğulmuş körpəsini daş-qalaq olunur. Bəzi mənbələrdə kəsici silahlarla parçalandığı bildirilir. Elə öldürüldüyü yerdə də Müqəddəs Kliment kilsəsi yaxınlığında dəfn olunurlar. Qəbrinin üstündə qadın və uşaq heykəli qoyulur, üstündə də "Atalar atasının doğum xəyanəti” cümləsi yazılır. Lakin əsrlər sonra bu "ləkə”nin silinməsi üçün XVI əsrin sonunda Papa V Pinin əmri ilə heykəl uçurulub, qəbir daşı isə yoxa çıxıb. Üstəlik, Papessanın adı Papalar Siyahısından silinib. İndiyədək Roma Papaları xalq arasında rəsmi yürüşə çıxarkən məhz Papessanın basdırıldığı əraziyə çatmamış geri qayıdırlar. Bu, hadisəyə nifrətin hələ də saxlanılmasına işarədir.

Vatikanda yaşanmış bu gerçəklikdən sonra yenidən belə duruma düşülməməsi üçün 1200 ildir, Papalığa namizədlərin cinsiyyəti yoxlanılır. Rəsmi olaraq XVI əsrə qədər yoxlanıldığı bildirilsə də, əslində hələ də davam etdiyinə dair qeyri-rəsmi məlumatlar var. Gizlədilməsinə səbəb isə xoşagəlməz tarixlərinin gülüş hədəfi olmasına və yüksək dini mövqenin ciddiyətinin itirilməməsinə yol açmamaq cəhdidir. Bunun üçün ortası dəlik olan və "Sello Stercoraria" adlanan xüsusi kreslodan (hal-hazırda ilkin forması Roma muzeylərinin birində saxlanır) istifadə olunur. Namizədlər həmin kresloya oturdulur və bir neçə kardinal tərəfindən cinsi orqanları yoxlanılır ki, Vatikan tarixinə daha bir qadın Papa keçməsin.

Papessa İohann Vatikan tarixinin arzuolunmazı hesab edilsə də, dünyanın diqqətinə düşüb. Vatikanı aldada bilmiş bu xanımın təsvirləri rəssamların fırçasında, şairlərin qələmində özünə yer edə bilib. Böyük rus şairi Aleksandr Puşkin də 1835-ci ildə onun haqqında əsər yazıb. Papessanın bu hərəkətini təhsilə, elmə olan həvəsi ilə bağlayıb, qadınların tarix boyu aşağılanmasını pisləyib. 

Eləcə də 1972 və 2009-cu illərdə Papessa ilə bağlı filmlər çəkilib. Bir sözlə, tarix yazan qadını, elə tarixin özü də hər şeyə rəğmən yaşadır. 


Şəfiqə ŞƏFA