SON DƏQİQƏ:

Dünyanın qara üzü: "Mələklər bizimlədir"

  139905   |  
Şriftin ölçüsü  

Xristian dinində belə bir inanc var: yeni doğulmuş körpə xaç suyuna çəkilən zaman Tanrı tərəfindən həmin uşağa qoruyucu mələk təyin olunur və ta ömrünün son anına qədər onu qoruyur. Dünyasını dəyişdikdən sonra isə onun ruhunu Tanrıya təslim edir. Eyni zamanda hər gün şər qarışanda səmaya çəkilərək qoruduğu insanın gündəlik işləri ilə bağlı hesabat aparan mələklərə məlumat verir. Eynən bizim inanclardakı sağ və sol çiyinlərin mələkləri kimi. Qoruyucu mələyin işi təkcə insanı hifz etmək deyil, onun ümdə missiyası insan çətinə düşərkən köməksiz qaldığı an Tanrıya asiləşməsini önləməkdir. Deyək ki, əli yerdən-göydən üzülmüş bəndə insanlardan, Yaradandan imdad diləyir, heç kim dadına çatmır. Təbii ki, üzərinə sel kimi gələn dərdin altında o, həyatdan küsə, inancını itirə bilər. İnancsız insan isə ən qatı cinayətkardan da təhlükəlidir. Çünki qəlbində Tanrı xofu və insan sevgisi olmayan insan vəhşiləşir, ali duyğularını itirir. Ona görə də qoruyucu mələk təyin olunduğu insanın dadına vaxtında yetişməklə, bütün bu proseslərin qarşısını alır. İndi nə dərəcədə işinin öhdəsindən yaxşı gəldiyini deyə bilmərəm. Hər halda yaxşı gəlsəydi, dünyada heç bədbin, Tanrıdan küskün, ən pisi, cani olmazdı. Amma bəlkə də bunda da bir qüdrət var. Necə deyərlər: "Dinsizin öhdəsindən imansız gələr”. Bəzən məzlumun haqq səsini qaçaq-quldur eşidir, qisasını alır. Ola bilsin ki, qoruyucu mələklərə də əmr olunur ki, hansısa bəndənin qorunmasında ləngisin, çünki onun köməyinə mələk yox, insan göndəriləcək.

Qərəz, "Dünyanın qara üzü”ndə bu qoruyucu mələklərin təyin olunduğu insanın yanında necə mövcud olmasına işıq tutacağıq. Çünki qara rəng arxasındakıları gizlətmək üçün çəkilmiş örtükdür. Biz bu örtüyün ucunu qaldırıb boylansaq, nələr görərik.  

Ümumiyyətlə, dinindən asılı olmadan, insanı qoruyan bir varlığın olması fikri belə ürəyi rahatladır. Hətta inanmasan da yaxşı psixoloji təsirdir. Təxminən ağır xəstəyə "tezliklə sağalacaqsan” demək kimi müsbət nəticələr verir.  

Bəs insan öz qoruyucu mələyinin yanında olduğunu hiss edə bilirmi? Bu hissiyat təkcə dar məqamlardamı duyulur?

Xristianların iddiasına görə yox, mələk hər an qoruduğu insana özünü hiss etdirə bilər. İnanmayanlar da bunları oxuyanda "kürkünə birə düşəcək”.  Bu aşağıdakı məqamlardır:

* Yuxu – təkcə dincəlmək üçün insana verilən istirahət deyil. O həm də keçmişi və gələcəyi bir göz qırpımında "səhnələşdirən”, insana xüsusi mesajlar ötürən məqamdır. Qoruyucu mələklər ən çox yuxudaykən öz insanının qonağı olurlar. Onlar insanla heç vaxt sözlü kontakta girmirlər, sadəcə özlərini göstərib gedirlər, bir növ varlıqlarını hiss etdirirlər. Bəzən toxunub keçirlər.

* Mələklər ayıqkən də qonaq gələ bilirlər. Bu daha tükürpədici olur, yəni yuxudaykən gördüyümüz mələyi təxəyyül məhsulu hesab edə bilərik, bəs ayıqkən? Əgər gözləriniz önündə durduq yerdə rəngbərəng, xırda şarlar əmələ gəlirsə, ola bilsin ki, görmə qabiliyyətinizdə problemlər yaranıb, gözünüzü yoxlatdırın. Amma müayinədən sapsağlam çıxırsınızsa, deməli o şarlar mələyin "əl işi”dir. Bunu həm reallıqda, həm də video çəkilişlərində görmək mümkündür. Əsasən də təbiətin qoynunda çəkdirdiyiniz videolara sonradan baxanda, xəfif rəngli kürəcikləri görmək mümkün olur. Qorxmayın, daha doğrusu qorxmaq üçün artıq gecdir. Çünki sizin yerinizə mələk qorxduğu üçün, vəhşi təbiətin gözlənilməz sürprizlərindən sizi qorumağa gəlibmiş.

* Qəfildən küləksiz havada və ya dar məkanda (otaqda) xəfif, ətirli meh əsir. Öz parfümünüzü, otaqda olan kəslərin ətirlərini tanıyırsınız. Deməli, bu, həmin qoxu deyil. Həm də qapalı yerdə meh necə əsdi? Sanki meh deyil də, kimsə yanından keçdi. Əlbəttə, bu mələkdir, öz varlığını hiss etdirir, ola bilsin ki, həmin gün sizin üçün o qədər də uğurlu yazılmayıb. Ona görə də mələk öz təyinatı üzrə təcili yanınıza enib.  

* Eynilə qəfil havanın hərarəti məhz sizin üçün dəyişə bilər. Yəni isti havada, özünüzü tamamilə halsız hiss etdiyiniz məqamda birdən üzünüzdə, boynunuzda sərinlik hiss edirsiniz. Ola bilsin ki, hava kəskin dəyişib, ətrafınızdakı insanlardan soruşun, dərhal illüziyaya qapılmayın. Amma ətrafdakılar hələ də isti havadan şikayət edirlərsə, deməli bu sərinlik mələkdəndir. Əksinə də ola bilər, soyuq havada istilik gətirər. Deyilənə görə bu, mələyin sizi qucaqlamasıdır.  

* Biz mələkləri görməmişik, ancaq yazıçılar və rejissorların sayəsində təsəvvür edirik və ya onların prototiplərini seyr edirik. Belə deyirlər ki, mələklər ağ və qanadlıdırlar. Bilmirəm. Ömər Xəyyam demiş: "O dünyaya gedib-gələn də olmadı ki, dəqiq təsvir edib, dedi-qoduya son qoysun”. Amma dini inanclarda da onlar belə qanadlı təsvir olunurlar. Odur ki, qarşınıza təsadüfən çıxan ağ lələyi əyilib yerdən götürün və özünüzlə saxlayın. Hər halda bu ağ göyərçin,  ququ quşu və s. qanadlının da lələyi ola bilər. Sizdən nə gedir? Götür deyirlər, götürün də. Ən azından uğur gətirər. Hələ yol getdiyiniz vaxt çiyninizə, başınıza ağ lələk düşürsə, "voobşe” qazandınız, uğur sizindir!

* Bilirsiniz ki, uşaqların (bütün dinlərə görə, hətta buddizmdə də belədir) beş yaşına qədər bəsirət gözləri açıq olur. Onlar başqa məxluqları da görə bilirlər. Hələ ev heyvanlarının görmə və duyma qabiliyyəti xüsusidir. Əgər beş yaşınadək uşaq evin hansısa nöqtəsinə baxıb gülür, şənlənirsə, deməli həmin mələk onu əyləndirir. Dinlərarası fərqli düşüncəyə bax da... Bizimkilər deyir ki, uşaq bir yerə baxıb gülürsə, onu şeytan oynadır. Xristianlar isə deyir, mələk əyləndirir. Olsun! Şeytan da bir mələkdir... Eyni müşahidəni heyvanlar üzərində də aparmaq olar. Amma bunun əksi də var: uşaq və heyvan bir nöqtəyə baxıb qorxursa, ordakı paranormal məxluq xoşniyyətli deyil.

* Mələkləri nəinki təklikdə, ictimai yerlərdə də görmək mümkündür: təbii ki, ana bülbül və qanadlı şəkildə deyil, rəqəm şəklində! Təsadüfən, telefon nömrəsində, ay tarixində, avtobus nömrəsində sizin üçün əhəmiyyətli olan rəqəmlər təkrarlanır. Doğum günü, ayı, ili və ya toy gününüz və s. Üstəlik bir yox, dəfələrlə. Yəni həmin gün hara getsəniz, mistik şəkildə bu rəqəmlər təkrarlanacaq. Bilin ki, mələyiniz diqqətiniz çəkmək istəyir. Xüsusilə də "333” və "11:11” rəqəmlərini görmək mələyinizin inadla özünü göstərmək istəyindən irəli gəlir.

* Və ən əsası! Mən şəxsən bu hissəsini xristian mənbələrindən oxuyanda az qala qanım donacaqdı, tüklərim biz-biz oldu. Bəlkə də sizin tükləriniz daha sözəbaxandır. Hər halda, ürpədicidir. Oturduğunuz yerdə... boynunuzun arxasına istilik duyub... saçın kəllə hissəsində (makuşka) tərpəniş, ya da sığal hiss edə bilərsiniz... Təbii ki, insan diksinə bilər, amma qorxmayın, mələyiniz sizə şəfqət göstərir. Xristianlar iddia edirlər ki, saç təpəciyi ilə mələk arasında sanki antenna kimi rabitə var. Qadınların nəzərinə! Saçlarınız həcmli görünsün deyə çox da "makuşka” ilə oynamayın. Onları kəsdirməklə mələklə aranızda rabitəni kəsmiş olursunuz.

İndi oxuyub deyə bilərsiniz ki, bu xristian inanclarıdır, bizə nə? Düzdür, xristianlar belə, müəmmalı inanclarda bizləri kölgədə qoyarlar. Amma nəzərə alsaq ki, mələk məsələsi bütün dinlərdə var, onda niyə oxuduqlarımızı beynimizin hafizə köşəsində tutmayaq ki?!  


Şəfiqə ŞƏFA



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19
2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK