SON DƏQİQƏ:

HƏR KƏS KİMƏSƏ OXŞAYIR…

  74900   |  
Şriftin ölçüsü  

… Dünyada elə insan yoxdur ki, onun oxşarı olmasın və tapılmasın. Hətta Amerika prezidenti Obamanın bizim məmləkətdə bir oxşarı da üzə çıxdı. Və o da deyilənlərə görə, Amerikaya gedib orda öz oxşarını görməsə də şəklini həmin ünvana göndərib. Təbii ki, bu oxşar insanlar hardasa bir-birini tamamlayırlar. Səhv eləmirəmsə, Bakıda Kubanın prezidenti Fidel Kastronun bir oxşarı da vardı. O Kubaya gedib Fidel Kastro ilə deyilənlərə görə görüşmüşdü və onunla da dostluq eləyirdi…

Belə çıxır ki, bu oxşar insanlar elə ürəkcə də, qəlbcə də bir-birinə çox yaxındılar. Onların bəzən danışığı da, hissləri də, oturuş-duruşları da bir-birinə bənzəyirlər. Və bir çox halda adam bu oxşarları görəndə hətta birinciylə səhv salır.

Sözümüzün canı heç də o deyil ki, dünyada oxşar insanlardan söhbət açaq. Sözümüzün canı odur ki, bu yaxınlarda bizim bir dostumuz var – Rəhman Salmanlı. Onun oğlunun toyuydu. Allah bütün valideynlərə övlad toyu qismət eləsin. Rəhmanla bağlı bir neçə həftə bundan əvvəl bir yazı da qələmə almışdım «Dərdin üstünə yeriyən adam». Nə yaxşı ki, biz Rəhmanın sevincli anlarının şahidi olduq və nə yaxşı ki, Rəhman bu sevincini bizimlə bölüşə bildi.

… 30 ildən çox görmədiyim tələb yoldaşlarımı həmin toyda yenidən gördüm: Loğman, İbrahim, Məzahir, Mübariz, Habil, Tofiq, Gövhər, Zemfira, Əməl. Düzdür, bunlardan bir neçəsiylə hardasa görüşmüşük. Ancaq nə Habillə, nə İbrahimlə, nə Gövhərlə, nə də Zemfira xanımla uzun illərdir hal-əhval tutmurduq. Görüşəndə heç bir-birimizi tanımadıq. Çünki bizim universiteti bitirəndə 22 yaşımız vardı. Görün o vaxtdan bəri nə qədər zaman və illər ötüb. Bu zaman və illər bizi dəyişdirib. Hətta hamımızın çox istədiyi Gövhər Rzayeva Loğman Rəşidzadəni görəndə heç tanımadı. Bir qədər fikir verəndən və söhbət eləyəndən sonra bildi ki, qarşısındakı ağsaçlı, «simpotiçni» oğlan Loğmandı.

Toyda vaxt və zaman necə gəlib keçdisə, onu hiss eləmirdik. Hiss elədiyimiz o idi ki, bir-birimizlə yenidən görüşürük. Ürəyimizi və qəlbimizi yenidən açırıq. Çox keçmədi ki, bizim fakültəni bitirmiş tələbə dostumuz istedadlı naşir, yazıçı-publisist Vasif Quliyev də gəlib çıxdı. O da bizim dostların arasında əyləşdi. Ümumiyyətə, bizim fakültəni bitirən əksər dostlarımız çox istiqanlı, səviyyəli və səmimi insanlardı. Loğmanla Vasif möhkəm «vurdular». Halal xoşları olsun! Toyda da içməyəndə bəs harda yeyib-içilməlidir?

Özü də adam var ki, 50-100 qram araq içəndə o dəqiqə pis vəziyyətə düşür. Amma bizim dostlarımız Loğman da, Vasif də deyib-gülür, lətifələr danışır və stolun ətrafında xoş aura yaradırdılar. Hətta mənim kimi içki qəbul etməyən adam da onların söhbətindən, duzlu-məzəli lətifələrindən doymurdu. Hərdən bir müğənninin, musiqinin səsini eşitsək də, Loğmanın danışdığı lətifələr və hadisələr mənim yaddaşıma hopurdu. Elə iki daşın arasında dostumuz Loğman Rəşidzadə bir hadisə danışdı. Dedi ki, bir dəfə maşınla harasa gedirdim. Yol polisləri məni saxladı. Sonra da yol polisi məndən soruşdu:

- Müəllim, siz Aqil Abbasa yaman oxşayırsınız.

Mən də çox fikirləşmədim və dedim:

- Ay rəhmətliyin oğlu, oxşuyursunuz nədi, elə mən Aqil Abbasın özüyəm.

Yol polisi bu sözləri eşidəndən sonra mənə hörmətlə yanaşdı və bildirdi:

- Aqil müəllim, sizə yaxşı yol!

Bir neçə gün sonra bu hadisəni Aqil Abbasa da danışdım. O da uğunub özündən getdi. Dedi ki, düz deyir, Loğman Rəşidzadə mənə çox oxşayır. Sonra da Aqil müəllim vaxtilə onun adında istifadə edib qəşəng qızlarla tanış olan bir neçə dostunu xatırladı. Aqil müəlim elə duzlu, elə şirin danışdı ki, biz də uğunub getdik…

Bir dəfə də mən Vaqif Bəhmənlinin adından istifadə eləmişəm. 1979-cu ildə Vaqif Bəhmənlinin ilk şeirlər kitabı: «Bahar-payız arası» çapdan çıxmışdı. Həmin kitabdan nə az, nə çox, düz 100-nü alıb qucağımda «Beşmərtəbə»nin yanında kirayəşin yaşadığım evə gedirdim. O vaxt şairə, şeirə çox böyük məhəbbət və sevgi vardı. İki qəşəng qız kitabları əlimdə görüb soruşdular:

- Bu nə kitabdı belə aparırsınız?

- Mənim kitabımdı, çapdan çıxıb.

O kitabdan ikisini götürüb aftoqraf yazaraq həmin qızlara bağışladım. Çünki Vaqifin ilk kitabında şəkli verilməmişdi. O qızlarla uzun müddət münasibətimiz oldu. Günlərin birində yalan danışdığımı onlara dedim. Qızlar isə heç bir şey eləmədən səmimi bir formada dilləndilər:

- Vallah, biz səni elə Vaqif Bəhmənli kimi tanıyırıq.

Mən də and-aman elədim ki, mən Vaqif Bəhmənli deyiləm, onun əmisi oğluyam. Tək mən deyildim e, bizim kənddən bir neçə cavan oğlan da qəşəng qızlarla tanış olanda özünü Vaqif Bəhmənli kimi təqdim eləmişdilər. Qızlardan da birinin şeirdən, poeziyadan başı çıxırmış. Deyib ki, əgər sən Vaqif Bəhmənlisənsə, onun bir şeirini denən. Təbii ki, bizim həmyerlimiz də onun şeirini deyə bilməyib və dili topuq vurub. Qız da dillənib ki, bax, sən altıncı adamsan ki, yalan danışaraq özünü Vaqif Bəhmənli kimi təqdim eləyirsən.

Ümumiyyətlə, istedadlı adamlar həmişə çox sadə, çox səmimi və çox da təvazökar olublar. El mənim tanıdığım Aqil Abbas da, Vaqif Bəhmənli də, Loğman Rəşidzadə də çox səmimi və istedadlı yazarlardılar. Təki insanın bir oxşarı olsun və oxşar da ondan nəsə bəhrələnsin. Bunun nəyi pisdir? Allah bütün yaxşı, ədalətli və istedadlı insanları qorusun və o cümlədən adlarını çəkdiyim dostlarımızı da hifz eləsin.

Allah mənim dostum və qardaşım, tələbə yoldaşım Rəhman Salmanlını da bax belcə sevindirsin. İnanın, «Cıdır düzü»ndən qayıdanda Rəhmanın sevincli anlarını görərək ürəyim dağ boyda oldu. Ürəyim dağ boyda oldu ki, Allah Rəhmana oğul toyu görməyi qismət elədi. Allah-Təala bundan sonra Rəhmanı yenə sevindirsin. O sevincə Loğman, Məzahir, Mübariz, İbrahim, Habil, Gövhər, Zemfira və bu sətirlərin müəllifi də yenidən qoşulsun…


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK