SON DƏQİQƏ:

GƏL, MİN BOYNUMA…

  72717   |  
Şriftin ölçüsü  

… Vəzifəli şəxs olur, heç kimi asanlıqla qəbul eləmirmiş. Elə ona görə də katibə qız onun yanına gələn hər adamı içəri buraxmırmış. Günlərin birində də çox arxalı bir adamın qohumu gəlib qıza yaxınlaşır və deyir:

- Rəisə deyin, Dadaşovun əmisi oğlu gəlib.

Qız isə diqqətlə ona baxır və dillənir:

- Mən deyə bilmərəm!..

- Bəs deyə bilməzsənsə, kim çatdırmalıdı rəisə mənim gəlməyimi?

Qız susur və dinmir. Sən demə, rəis də kamera vasitəsiylə onun yanına gələn adamı tanıyıbmış. Bu vaxt içəridən düymə basılır və katibəyə zəng gəlir. Rəisin amiranə səsi eşidilir:

- Ay qız, qapının ağzında gözləyəni içəri burax! Bəs sənə o demədi ki, Dadaşovun qohumudu?

Qız:

- Rəis, dedi, ancaq bildirmisən ki, hər adamı içəri buraxmayım…

Rəis qəzəblənir və deyir:

- Dadaşovun qohumu qapının ağzında durmalı deyil!

Əlqərəz, Dadaşovun qohumu içəri girir, rəislə görüşür, məsələni həll eləyir. Və çıxanda da başdan-ayağa katibə qızı süzür:

- Görün indi rəis sizin başınıza nə oyun açacaq?

Heç bu söhbətdən bir həftə keçmir ki, rəis katibəni işdən çıxarır. Qız da barmağını dişləyir və yadına Dadaşovun qohumu düşür. Fikirləşir ki, elə mənə zərb Dadaşovun qohumundan dəydi…

Yadıma «Papaq» filmindəki Həsənağa düşür. O Həsənağa ki, bir sözünü heç kəs iki eləyə bilmir. Bir dəfə də Notarius idarəsində əməkdaş onun bir sözünü iki eləyir və sonra da işdən qovulur. Belə ki, Həsənağanın qohumu gəlib növbə gözləmədən içəri keçmək istəyir. Amma idarənin əməkdaşı (xalq artisti Həsən Məmmədov) onu ləngidir. Və soruşur ki, sən kimsən növbədənkənar keçmək istəyirsən? O da deyir ki, Həsənağanın qohumuyam. Əməkdaş yenə dillənir:

- De ki, vallah, Həsənağanın qohumuyam...

- Allaha and olsun, Həsənağanın çox yaxın adamıyam...

İki-üç dəfə təkrarən əməkdaş həmin adamdan yenə soruşur. Axırda deyir ki, əgər Həsənağanın qohumusansa, onda gəl min mənim boynuma. Bu söz ona baha başa gəlir və idarənin rəisi başıalovlu özünü çatdırır onun yanına. Deyir ki, məgər sən bilmirsən Həsənağa kimdir? Həsənağa çox hörmətli, çox nüfuzlu bir kişidi. O istəsə bir dəqiqənin içərisində bizim idarənin altını üstünə çevirər. Sən də Həsənağanın qohumunu incidirsən və növbədə saxlayırsan. Götür papağını, çıx get burdan. Məmur da papağını götürür və sakitcə çıxıb gedir…

Bu gün də müxtəlif vəzifədə işləyən həsənağaların o qədər qohumları var ki?! Onların arasında özünü normal aparan, heç kimə dəyib-dolaşmayan sakit adamlar da az deyil. Amma elələri də var ki, Həsənağanın qohumu bunların yanında toya getməlidir. Yəni bu adamların xətrinə dəysən, gözlətsən, ayağını tapdalasan sənin başına bir oyun gələr ki, dəymişin dura-dura kalın tökülər və səni elə günə salarlar ki, dədənin toyu yadına düşməsə də, babanın toyunu çox asanlıqla xatırlayarsan.

Bəs necə? Bir dəfə reyd zamanı yol polisi əməkdaşı vəzifəli şəxsin bir qohumunu saxlamışdı. A kişinin oğlu, o yazıq yol polisinin başına olmazın oyununu açdılar. Hətta işdən çıxarılmasına qədər ona təyziq göstərdilər. Sadəcə olaraq, vicdanlı adamların hesabına həmin şəxs işdən qovulmadı. Nə var, nə var həsənağaların qohumuna qanunu pozduğuna görə, protokol yazılıb. İndi bu həngamələrdən sonra bu yazıq döyülüb-söyülən yol polisi ikinci dəfə həmin həsənağaların qohumlarına protokol yazar, yoxsa yazmaz? Əlbəttə, ikinci dəfə həsənağaların qohumuna protokol yazmağa gərək səndə şir ürəyi olmalıdır.

Elə bilirsiniz bu həsənağalar və həsənağaların qohumları onların ayaqlarını tapdalayan hər hansı adamı asanlıqla yola verirlər, bağışlayırlar?! Allah heç kimə, heç kəsə bu cür «mükafat» qismət eləməsin. Ən azından ona görə ki, belələrinə rast gəlsən və belələriylə üzləşsən anandan əmdiyin süd sənin burnundan töküləcək.

Bir dəfə yazıq bir avtobus sürücüsü yolda hansısa bahalı maşının sürücüsünə yol vermədi. Elə bil ki, dünya dağıldı və hər şey alt-üst oldu. Bu həsənağaların qohumlarından biri maşını verdi avtobusun qabağına və yerə düşüb avtobusu saxlatdırdı. Ürəyi bununla da soyumadı. Qapını açdırıb sürücüyə elə söyüşlər söydü ki, şəxsən mənim olmayan tüklərim biz-biz oldu. Bu söyüşü də söyən kişi, ya da cavan oğlan deyildi ha, bir qızıydı, ağzından od tökülürdü. Elə söyüşlər yağdırırdı ki, şəxsən o söyüşlərin birini mən bu yazıda qələmə almağa utanıram. Qadın olasan, bu cür söyüşlər söyəsən və insanlara məhəl qoymadan sürücünün üstünə yeriyəsən. Hətta maşının şəklini çəkdi və həsənağaların qohumu dedi ki, bir-iki saatdan sonra səni harda olsan yerin deşiyindən də tapdıracam və eşşək sudan gələnə kimi mal kimi çırpdıracağam.

Tay bilmirəm o həsənağaların qohumu o sürücünü tapdırdı, mal kimi çırpdırdı, çırpdırmadı, amma bir onu bilirəm ki, yazıq sürücü qorxusundan bəlkə də ya sarılıq xəstəliyi tutdu, yada şəkər oldu. Görünən o idi ki, abır-həyası olmayan bir qadın (əgər onu qadın demək mümkündüsə) kiməsə arxalanıb yazıq və kimsəsiz sürücünün yeddi arxa dönənini yuyub sərdi…

Bax belə! Onsuz da bugünkü həyatımız stresslə, gərginliklə və sıxıntılarla doludur. Və bir yandan da bu həsənağaların qohumları ilə üzləşəndə adam o dünyanı görüb gəlmir ey, elə o dünyada canı çıxır. Belə çıxır ki, həsənağaların qohumları hələ də çoxdur, onlar at oynada bilərlər və yeri gələndə kimisə yerə yıxıb eşşək sudan gələnə qədər döyərlər də. Belə anları Allah heç kəsə göstərməsin və Allah bu kimsəsizləri, yazıqları yolunu azmış və qudurmuş həsənağaların qohumlarından qorusun!..


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK