SON DƏQİQƏ:

TUT QURUSU…

  53332   |  
Şriftin ölçüsü  

… At arabası bir xeyli gedəndən sonra dərin bir çalaya düşdü. Arabanı sürən Cəmşid kişi möhkəm əsəbləşdi. Dedi ki, buna bax ey, təkər də düşməyə yer tapdı. Bir az atı dəhmərlədi, hətta qamçıyla quyruq tərəfindən bir zərbə də vurdu. At gücünü toplayıb arabanı dərin çaladan çıxardı. Çala bir deyildi, iki deyildi. Kəndin aşağı hissəsindən yuxarı başına qədər olan bu yolda o qədər çala-çuxur vardı ki, saymaq da olmurdu. Arabanı yaxşı sürən adamlar bu çala-çuxurları əzbər bilirdilər. Hətta gecə vaxtı gedəndə belə bilirdilər ki, harda çala-çuxur var. Ona görə də arabanı ehmalca sürürdulər…

… Təkərlərin cırıltısı adamın başına düşürdü. Ancaq Zəri arvad nə bu cırıltıdan, nə də çalaya düşən arabanın səsindən heç vaxt bezməzdi. Gözünü açandan elə bu araba onlardaydı. Bu dəfə də oğlu Cümşüd onu bacısıgilə aparırdı. Daha doğrusu, Zəri arvad kəndin yuxarı başında yaşayan qızının, nəvələrinin yanına gedirdi. Araba bir qədər gedəndən sonra yenə dərin bir çalaya düşdü. Cümşüd kişi əsəbləşdi:

- Çər dəymişlər harda çala var arabanı aparıb salırlar o çalanın içinə…

… Əlindəki qamçıyla ata yenidən bir zərbə ilişdirdi. At güc verdi və çalaya düşmüş arabanı ordan çıxardı. Arabanın təkərləri isə hələ də cırıldayırdı. Cümşüd kişi də deyirdi ki, gərək gedim kolxozun qarajına, orda zavqar Məhəmməddən araba təkəri yağı alım və təkəri yağlıyım. Bəlkə bundan sonra arabanın təkəri belə cırıldamıya. Hər dəfə deyirdi, vaxt tapıb gedə bilmirdi…

Zəri arvad evdə saxladığı tut qurusunu, ərik qurusunu, alça qurusunu və alma qurusunu çox səliqə ilə torbalara yığmışdı. Çünki hər il tut mövsümü gələndə həyətlərindəki iri gövdəli tut ağacını çırpdırar, ondan doşab bişirər, bir qədər də günün altında qurudardı ki, qışda nəvələri yesin xəstələnməsin. Onsuz da uşaqlar qəndə necə alışıblarsa, bir də görürsən ki, qəndə darışdılar, yedilər və dişləri başladı çürüməyə. Ancaq tut qurusunun özgə ləzzəti vardı…

Qapıya çatanda nəvələri onu uzaqdan görüb heç arabanın darvazadan içəri girməyinə imkan vermədilər. Beş nəvəsinin beşi də sevinə-sevinə qışrıqdı:

- Nənəm gəldi, nənəm gəldi!

… Darvaza açılardı və araba da həyətə daxil olardı. Heç Cümşüd də bacısıgildə çox ləngiməzdi. Hal-əhval tutardı, yeznəsini soruşardı, uşaqlarla görüşüb bir sətkan çay içəndən sonra tələsik arabya minib deyirdi:

- Sahədə küləşim qalıb. Axşam düşməmiş gedib onu daşımalıyam. Bu çər dəymiş at da lap əldən düşüb. İki dəfə gedəndən sonra tay heyi qalmır. Ona görə də tez bir vaxtda özümü otlaq sahəsinə çatdırmalıyam.

Zəri arvad evdən gətirdiyi torbanı nəvələrinə verdi. Nəvələrindən böyüyü səbrini basmadan torbanın ağzını açdı. Gördü ki, torbanın birində tut qurusu var, o birilərində isə ərik, alça, alma. Sevinə-sevinə torbaları götürüb evlərinin ikinci mərtəbəsinə qalxdı. O biri uşaqlar da onun arxasınca qaçdılar. Ortancıl dilləndi:

- Nənəm təkcə bunları sənə gətirməyib ki, aç torbanı bizə də ver!

Böyük qardaş əlinin arxasıyla tərini silərək sakit səslə «heç ürəyinizi sıxmayın, hamınıza bundan pay verəcəm. Əvvəl anama göstərim, sonra da bir yerdə bölüşərik» - dedi.

Böyük qardaş torbaların hamısını anasına verdi. Başları pay-pürüşə necə qarışmışdısa, nənələri yaddan çıxmışdı. Nənələri Zəri arvadın da çöhrəsindən nur yağırdı. O qədər sakit, o qədər mehriban xanım idi ki, hətta nəvələri onun çiyninə çıxır, arvadı əldən salır, amma buna yenə bir söz demirdi.

Axşamüstü Zəri arvad nəvələrini başına yığdı. Dedi ki, bilirsiniz də, o biri nəvələrimi də çox istəyirəm, sizi də. Sizin payınızı ayrı saxlıyıram. Amma bir oğul nəvəm var, çox dəcəl uşaqdı. Bir dəfə gördüm ki, sizə saxladığım tut qurusunu bir-bir üfürüb cibinə yığır. Nə təhər təpindimsə, bir də qorxusundan tut qurusu yığılan yerə ürzükmədi…

… Hər dəfə Zəri arvad qızıgilə gələndə toy-bayram olardı. Yeznəsi isə çox sərt və ağızdan portov adam idi. Tez-tez söyüş söyərdi. Hətta qayınatasını da söyməkdən belə çəkinməzdi. Heç qayınatasının üzünü belə görməmişdi ha. Əsəbləşəndə bilmirdi arvadı söysün, yoxsa onun dədəsini. Nə qədər əsəbləşsə də, bir dəfə də olsun Zəri arvadı söyməmişdi. Deyirdi ki, o arvadı anam qədər çox istəyirəm. Qaynım bizim ailənin işinə burnunu soxur, ancaq o arvad mən haqsız olsam da həmişə qızını danlayır və məni müdafiə edir.

… İllər keçdi və günlərin bir günündə Zəri arvad da dünyasını dəyişdi. Artıq nəvələri də böyümüşdü. Eləsi vardı ali məktəbdə oxuyurdu. Zəri arvad rəhmətə gedəndən sonra tay bir kimsə onlara tut qurusu gətirmədi. Heç uşaqlar bunu gözləmirdilər də. Ancaq sadəcə olaraq hər dəfə dayısıgilə gedəndə o tut ağacını görərdilər və nənələri Zəri arvad yadlarına düşərdi. Çıxardılar tut ağacına, doyunca yeyərdilər və sonra da yerə düşərdilər. Bir dəfə də uşaqlar dayısıgilə gedəndə gördülər ki, tay tut ağacı quruyub və heç bir bar gətirmir. Onlar bir ağaca baxdılar, bir dayısı uşaqlarına. Dedilər ki, bunlar hamısı Zəri nənəmin üzünəymiş.

… Nənələri tez-tez yuxularına girərdi. Yuxularına girəndə də nəvələri kövrələr və nənələrinin nurani çöhrəsindən danışardılar. Deyərdilər ki, nənəm də yuxuda bizdən soruşur ki, balam, dayıngil sizə tut qurusu verirmi? Biz də susurduq və heç bir şey demirdik. Elə bil nənələrinə də ayan olmuşdu ki, oğlugilin həyətindəki o iri tut ağacı ona görə quruyub ki, dayısıgil bacısı uşaqlarına o tut qurusundan hər il pay verməyiblər. Və bir də o tut ağacı ona görə quruyub ki, tay Zəri arvad da bu dünyada deyildi. Tut ağacı da onun ayrılığına, həsrətinə dözməyib qurumuşdu…

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK