SON DƏQİQƏ:

MÖCÜZƏ

  60424   |  
Şriftin ölçüsü  

… Heç vaxt möcüzə elə-belə baş vermir və heç bir insan da möcüzə yaratmaq gücünə malik deyil. Bəzən elə olur ki, kimsə sehrbazlıq eləyir, müxtəlif foks göstərir. Və camaat da deyir filankəs möcüzə elədi. Amma filankəs heç vaxt Allahın izni olmadan möcüzə göstərə bilməz. Kimlərsə buna maraq göstərə və hətta özündən bir fikir uydura bilər ki, mənə istedad verilib və möcüzə göstərirəm.

Allah-Təala möcüzəni seçdiyi və sevdiyi peyğəmbərlərə qismət eləyib. Məsələn, Musa peyğəmbərə 9 möcüzə göstərməyi bəxş edib. Həmin möcüzələrdən biri o idi ki, Musa peyğəmbərin əsası yerə atılanda ilan kimi hərəkət edib gedirmiş və əjdahaya dönürmüş. O əsanı yerə vuranda ordan su çıxarmış və insanlar da bulaqdan çıxan bu suyu doyunca içərlərmiş. Allah-Təala Musa peyğəmbərə bir möcüzə də veribmiş: əsasını yerə vuranda dəniz iki yerə bölünərmiş və burdan onun özü və silahdaşları keçib gedərmiş. Və Firon da nə qədər çalışsa da, onları yaxalayıb məhv edə bilməzmiş. Çünki Allah-Təala bu möcüzəni Musa peyğəmbərə qismət eləmişdi və bu möcüzəni də görən insanlar Allahın dediklərini onlara çatdırdıqlarına görə, Musa peyğəmbərə sığınmışdılar. Ona asi olanlar da var idi. Məsələn, Firon deyərdi ki, Allah yoxdu. Elə mənim özüm Allaham. Bu Allahsız adamın da əlindən ancaq baş kəsib qan tökmək gəlirmiş. Sonda da Musa peyğəmbəri təqib edərkən ordusu ilə bir yerdə dənizin dalğalarının arasında məhv oldu.

Əgər bu gün də kiminsə ürəyindən və qəlbindən Fironluq keçirsə, onlar məhv olmuş Fironun həyatını gözünün qarşısına gətirməlidilər və Allaha asi olmamalıdılar. Yəni Allahla allahlıq eləməməlidilər.

Mən elə də dindar adam deyiləm. Amma Allahımı və peyğəmbərimi tanıyıram və həmişə də Ulu Yaradanı zikr edirəm, yada salıram. Təbii ki, hər insanın ürəyində Allah sevgisi olanda o daha mərhəmətli, daha işıqlı və daha rəhmli olur. Nəyə görə bunu deyirəm?! Ona görə deyirəm ki, biz insanlar bir çox halda Allahın böyüklüyünü və əbədiliyini yaddan çıxarırıq. Və hətta onun möcüzələrini belə unuduruq.

Allahın ən böyük möcüzələrindən birini biz bu gün görürük. Sadəcə, çoxlarımız düşünmürük ki, bu Allahın möcüzəsidir. Mənim 61 yaşım var və hələ indiyə qədər iyun ayının bu dərəcə sərin keçdiyini görməmişəm. Çünki Ramazan ayı başlayandan iyunun 24-nə qədər payız havasını yaşayırıq. Çünki oruc tutanlar, namaz qılanlar əziyyət çəkməsin deyə Allah-Təala bu havanı biz insanlara qismət eləyib. Allah-Təala sevdiyi insanları heç vaxt çətində və darda qoymayıb. Və bir kimsə yolunu azıbsa, çaşıbsa, Ulu Yaradan ona da rəhm edib. Sadəcə olaraq biz insanlar Allahın böyüklüyünü hələ bir o qədər də dərk eləyə bilməmişik.

Görürsünüzmü, yaydır. Ötən il bu vaxt havanın temperaturu 36 dərəcədən yüksək olurdu. Çöldə, bayırda, günün altında gəzmək mümkün deyildi. İsti o qədər şiddətli idi ki, adam bir qədər günün altında qalsaydı, ürəyi gedərdi. Bu gün isə tam fərqli bir havanın, şəraitin şahidi oluruq. O havanın ki, isti iyun günlərində buna çox nadir hallarda təsadüf edilə bilər. Bəlkə də bizdən yaşlı nəslin nümayəndələri iyun ayında bir neçə gün sərin havaların şahidi olublar. Amma çox çətin ki, mayın 27-dən iyunun 24-nə qədər davamlı olaraq havalar çox sərin keçsin. Bu sərinlik bir daha göstərir ki, hər şey Allah-Təalanın iradəsi və istəyi sayəsində öz həllini tapır. Və Allahın izni olmadan biz bəndələr bir saniyə yaşaya bilməz, bir addım ata bilməz və bir qurtum su içə bilməz. Biz bunları bilə-bilə bir çox halda Allahsızlıq edirik. Bəlkə yalan deyirəm? Kiminsə qəlbinə dəyiriksə, kiminsə könlünü qırırıqsa, kiminsə halal haqqını yeyiriksə, hansısa yetimin çörəyini əlindən alırıqsa, təmiz, şərəfli, namuslu adamlara böhtan atırıqsa, qeybətini eləyiriksə, çox böyük günahlara batırıq…

Hətta son vaxtlar hər şeyi inkar edən dahilər, elm xadimləri belə Allahın varlığını qəbul etməyə məcbur olublar. Hətta bizim kənddəki Allahsız Cəfər kişi də Allahın yoluna qayıdıb. Və qorxur ki, 95 yaşa qədər Allahsız olub. Heç olmasa indi anlayır ki, Allah var və onun haqq-hesabı da hər bir insanla nə vaxtsa çəkiləcək. Cəfər kişi indi ölümünü saatbasaat, dəqiqəbədəqiqə gözləyir. Hələ ki, Əzrayıl gəlib onun yaxasından yapışmayıb. Hələ ki, Cəfər kişinin Əzrayılın qorxusundan ayaqları titirəyir. Ayaqları titrəyir ki, elədiyi günahları görəsən Allah-Təala bağışlayacaqmı?

Bu yaxınlarda internet şəbəkəsində Amerika alimlərinin kosmosdan peyk vasitəsilə çəkdiyi şəkillər yayılıb. Hansısa planetdən isə çox qeyri-adi şəkillər və görüntülər yayılıb. Bu şəkillərə və görüntülərə baxanda bir daha Allahın varlığına və böyüklüyünə heç kəsdə şəkk-şübhə qalmır. Çünki o şəkillər o qədər qeyri-adi və maraqlıdır ki, ona baxmaqla insan bir daha Allahın varlığını dərk edir. O adamlar Allahı dərk eləmir ki, onlar cahil və nadandılar. O adamlar həm də nə üçün dünyaya gəldiklərini və nə üçün yaşadıqlarını da anlaya bilmirlər.

Üzr istəyirəm, həmin adamlarla heyvanlar arasında heç bir fərq yoxdur. Hələ bəzi heyvanlar onlardan yaxşıdılar. Çünki belə bir deyim var: «Quş su içəndə Allaha səcdə eləyir». Yəni bu həm də hər hansı heyvanın şükranlığıdı. Biz insanlar isə həyatda bütün canlılardan daha kamilik, daha şüurluyuq və daha müdrikik. Amma buna görə Allaha şükür eləməyi çox vaxt yadımızdan çıxarırıq. Var-dövlət, vəzifə gözümüzü o qədər tutub ki, bəzən Allah da yadımızdan çıxır. Allah yadımızdan çıxandan özümüz insanlıqdan çıxır və vəhşi bir heyvana bənzəyirik…

Möcüzələr var və həmişə də olacaq. Və bu möcüzəni də yalnız və yalnız Allah göstərə bilər. Və bu möcüzəni də Allah çox vaxt ya özü, ya da bizə peyğəmbərləri vasitəsilə göstərir. Necə ki, Musa peyğəmbərə, İsa peyğəmbərə, Yusif peyğəmbərə möcüzələr verilmişdi və onlar da o möcüzəni insanlara göstərirdilər. Düzdür, bəzi Allahsız adamlar bu möcüzələrə inanmır, hətta peyğəmbərləri daş-qalaq eləyirdilər. Allahın sevib-seçdiyi peyğəmbərləri daş-qalaq eləyən insanlar axırda özləri o daş-qalağın altında qaldılar və məhv oldular. Möcüzələr bayaq dediyim kimi, həmişə olub və bundan da sonra yenə baş verəcək. Amma bunun hər hansı insanın istedadı və qabiliyyəti kimi yox, yalnız Allahın göstərdiyi möcüzə kimi qəbul eləmək lazımdı. Necə ki, biz bu möcüzəni Ramazan ayında – mayın 27-dən iyunun 24-nə qədər görürük…


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK