SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: YÜZÜNCÜ QAPI

  44416   |  
Şriftin ölçüsü  

... Dünyanın çox sirli qapısı var. Və dünyanın bu sirli qapısının çoxları doxsan doqquzunu aça bilib. Amma bir qapını hər adam aça bilmir. Çünki bəziləri düşünür ki, nazirdisə, icra başçısıdırsa, hüquq-mühafizə orqanlarında məsul vəzifədə işləyirsə, bütün qapıları aça bilər. Düzdür, onlar vəzifə və gücləri hesabına bu qapının doxsan doqquzunu açmağı bacarırlar. Amma o yüzüncü qapı nə vəzifəyə baxır, nə var-dövlətə baxır, nə də şan-şöhrətə. Və bu yüzüncü qapını yalnız Ulu Yaradan insanın üzünə aça bilər. Bax, elə əsl məsələ də bu yüzüncü qapını açmaqdır.

Pul, var, dövlət hələ o demək deyil ki, o bəndə Allaha yaxındır və əməli-salehdir. Düzdür, Allahın elə bəndəsi var ki, var-dövləti başından aşır, ancaq bir dəqiqə də, bir an da böyük Yaradnı unutmur. Və Allah-Təala biz insanları var-dövlətlə, vəzifəylə, şan-şöhrətlə sınağa çəkir. Kimlər ki, bu sınaqdan, bu imtahandan səbrlə çıxırlar, o adamlar Allah tərəfindən mükafatlarını da alırlar.

Bir rəvayət yadıma düşür. Varlı bir adam olur, var-dövləti aşıb-daşır. Nə qədər varlıydısa, bir o qədər zalım və zülmkar olur. Yaxınları, ağsaqqalları ona öyüd-nəsihət versə də, heç nəyi vecinə qoymur; öz bildiyini eləyir. Deyir ki, pulum var, nə istəsəm eləyə bilərəm. Və günlərin bir günü bu adam ağır xəstəliyə düçar olur, qazandığı var, dövlət heç biri onun köməyinə çatmır. Oğlanları deyirlər ki, atamızın çox böyük günahları olub. Onu qır qazanında qaynadacaqlar. Ona görə də gəlin kənddən bir halal adam tapaq, atamızı dəfn edəndən sonra qəbiristanlıqda onun qəbrinin yanında yatsın. Sorğu-sual eləyəndə günahının yarısını boynuna götürsün. Təmiz bir halal adam tapırlar. Deyirlər ki, atamın qəbrinin yanında yat, sorğu-sual olunanda günahının yarısını boynuna götür! Onun əvəzində sənə bir küpə qızıl verərik. Kişi də deyir ki, qızılınız-mızılınız mənə lazım deyir, gedib yataram.

... Qəbrin yanında yatır, görür ki, budu, sorğu-sual eləyənlər gəldi. Sorğu-sual eləyənlər görürlər ki, burda bir meyit var, bir də diri adam. Deyirlər ki, qoy birinci bu dirini sorğu-sual eləyək, görək burda neyniyir. Başlayırlar onu sorğu-suala tutmağa. Adını, soyadını soruşurlar. Əməl dəftərinə baxırlar, görürlər ki, bu adam çox təmiz adamdı. Cəmi bir dəfə yerdən bir ip götürüb əynindən düşən şalvarını bağlayıb. Elə bu sualı da ona ünvanlayırlar:

- O ip sənin deyildi, niyə onu götürdün?

Kişi and-aman edir ki, vallah, yolun ortasında qalmışdı, sahibi də yoxuydu. Köhnə bir kəndir idi, mən də şalvarımı bərkitmək üçün o ipi götürüb istifadə elədim.

Kişi görür ki, bir ipin sualına cavab verməkdə çətinlik çəkir, tez aradan çıxır, kəndə qayıdır. Rəhmətə gedənin oğullarına deyir ki, gedin atanızın zibilinə cavab verin. Mən bir kəndirin sualına cavab verənə qədər dilim-ağzım qurudu. O ki, qala o qədər zülmlər eləmiş atanız ola.

Yəqin ki, bu dünyada günahsız insan yoxdu və hamımızın günahı var. Amma günah da var, günah da. Biri var günah balaca bir fındıq boyda olsun, bir də var dağ boyda olan günah. Bax, o dağ boyda olan günaha istər bu dünyada, istərsə də o dünyada cavab vermək çox çətindi.

Bu yaxınlarda qəzetlərin birində oxudum ki, uzun müddət nazir işləmiş bir adam indi oruc tutur, namaz qılır, ibadət eləyir və Quran oxuyur. Yəqin o nazir əvvəlki günahlarını yumaq istəyir. Ancaq onun namaz qılmağı da, oruc tutmağı da, Quran oxumağı da çox gecdir. Çünki o, ibadəti nazir olanda eləmək lazım idi ki, indi də bu günahların üçün əziyyət çəkməyəsən. Hər halda, bizim nazirlər necədir, onları bir xalq bilir, bir özləri, bir də Ulu Yaradan! Əgər sən nazir olanda kasıblara zülm eləmisənsə, zəkat verməmisənsə, kiminsə haqqını yemisənsə, ətrafına yaltağı, dələduzu, vucdansızı toplayıb bu camaatın dərisini soymusansa, bunun günahı o qədər də yüngül deyil. Hər halda, hər şeyə qiymət verən Ulu Yaradandı!

Axı yüzüncü qapıdan danışırdıq. Bayaq dedik, yüzüncü qapını nə vəzifəylə, nə də pulla, var-dövlətlə açmaq çox zor. Yüzüncü qapı insanın əməlinə, qəlbinin və ürəyinin təmizliyinə Allah sevgisinə görə açılır. Bu qapını da heç bir bəndə yox, yalnız və yalnız Ulu Yaradan açır adamın üzünə. Çünki biz bir-birimizi aldada bilərik, bir-birmizə kəf gələ bilərik, bir-birimizə yalan danışa bilərik. Amma Allahı heç vaxt aldada bilmərik. Bəzilərinin ürəyindən Allahlıq da keçir. Və düşünür ki, mən bu vəzifədəyəmsə, elə nöyzənbulla, Allah kimi bir şeyəm. Və onu düşünmür ki, o, sadəcə olaraq bir bəndədi, Allahın yaratdığı şans hesabına gəlib oturub o vəzifədə. Günlərin bir günündə o vəzifədən təpəsi üstündə elə gələcək ki, heç qiyamətə qədər, bir də ayağa qalxa bilməyəcək.

İnsan yaxşı günündə, kefinin kök anında, var-dövlət başından aşanda Allahı yada salmalıdı. O var-dövləti, o şan-şöhrəti itirəndən sonra çoxları Allahı tanıyır və çətin vəziyyətə düşdüyü üçün Allahdan kömək istəyir. Tay bilmirəm, Allah onların səsini eşidir, ya eşitmir. Amma bildiyim odur ki, dualar da olunanda gərək onu əməli-saleh adam eləsin. Yəni təmiz, namuslu və vicdanlı adamların müqəddəs kitabda buyurulduğuna görə, duaları daha tez qəbul olunur. Məsələn, bir vaxtlar yağış yağmayanda camaat yığışıb Həzrəti Məhəmmədin yanına gedərmişlər ki, o, Allaha dua eləsin. Peyğəmbər də Allaha dua eləyən kimi yağış yağarmış, bütün quruyan ağaclar, taxıl bu sudan içərək cana gələrmiş.

İndi bildiniz yüzüncü qapı hər adamın üzünə niyə açılmır? Bax, elə gərək əməlin və əqidən təmiz olar ki, bu yüzüncü qapı da bizim üzümüzə açıla. Amma təmizikmi? Qoy bu suala bizim hər birimizi tanıyan adamlar cavab versinlər.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK