SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: MƏKTƏBƏ BİZNES GÖZÜ İLƏ BAXAN DİREKTORLAR

  23625   |  
Şriftin ölçüsü  

Zamanından və məkanından asılı olmayaraq, məktəb həmişə müqəddəs yer sayılıb. Çünki orda kimliyindən asılı olmayaraq, insanlara elm öyrədilir, tərbiyə verilir və həyatda atacaqları yol onlara göstərilir. Və müəllim peşəsi də dünyanın ən müqəddəs sayılıb-seçilən peşələrindən biridir. Çünki müəllim məktəbə gəlir, şagirdə dərs keçir, onların hər cür şıltaqlığına, nazına  dözür və ömrünü, gününü o şagirdlərə xərcləyir.

Bəlkə də dünyada müəllim peşəsi qədər çətin və ağır bir iş yoxdur. Ən azından ona görə ki, bütün günü onlar məktəbdə olur, əsəb gərginliyi keçirir, stress yaşayır və axırda da mükafatı dərs dediyi şagirdin qazandığı, əldə etdiyi uğurlar olur. Elə müəllim də 11 il dərs dediyi, tərbiyə verdiyi şagirdlərinin arzularına qovuşduğunu görəndə sanki ona yeni bir nəfəs, yeni bir ömür bəxş edilir. Həyatını, ömrünü təhsilə həsr edən və bu yolda saçlarını ağardan, müxtəlif xəstəliklər tapan müəllimlər öz məzunlarının uğurlarını görəndə çox rahat və sakit həyat tərzlərini  yaşayırlar.

Çox təəssüf ki, son 20 ildə cəmiyyətimizdə müəllimə münasibət bir o qədər də ədalətli, yaxşı olmayıb. Yəni müəllimlərin əziyyəti, zəhməti, onların çəkdiyi sıxıntılar əfsuslar olsun ki, cəmiyyət tərəfindən obyektiv qiymətləndirilməyib. Məhz buna görə də bir çoxları bu sıxıntılara, bu əziyyətlərə və bəzən haqsızlıqlara dözməyərək, o müqəddəs peşəni ataraq başqa bir işin qulpundan yapışıblar. Əgər bir cəmiyyətdə ki, müəllimə dəyər verilmirsə, onun əziyyəti qiymətləndirilmirsə, bu, o müəllimin günahı deyil. Bu, cəmiyyətin faciəsi və xəstəliyidir.

Gör nə günə qalmışıq ki, müraciət edəndə sürücüyə, qəssaba, hətta müğənniyə müəllim deyillər. Məgər bir çoxları bilmir ki, müəllim deyə kimə müraciət etmək lazımdır? Biz orta məktəbdə oxuyanda “müəllim” sözünü ancaq müəllimlərə və bir də o rayonun, o kəndin ən sayılıb-seçilən savadlı, hörmətli, dəyərli ziyalılarına deyərdilər. Və həmin o savadlı, o ziyalı, o hörmətli adam da bu sözə görə, onu deyənlərə hörmətlə yanaşardı. Başqa sözlə demiş olsaq, “müəllim” sözü o vaxtlar çox müqəddəs sayılırdı.

Mənim düşüncəmə görə, dünyada Allahdan və valideyndən sonra insana ən yaxın olan varlıq müəllimdir. Ona görə ki, müəllim hər hansı şagirdin üzərində onun valideynindən az əziyyət çəkmir. Bizim sinifdə hamımızdan dəcəl bir oğlan vardı, Allah rəhmətinə gedib – Şiraslan! Və bu Şiraslan heç vaxt ipə-sapa yatmazdı. Nə dədəsinin sözünə baxardı, nə anasının, nə də əmilərinin. Və məktəbə də çox vaxt gəlməzdi. Bir dəfə atası rəhmətlik Təvəkkül kişi Şiraslanın qulağından yapışıb məktəbə gətirdi. Düz aparıb məktəbin direktoru Əvəz müəllimin kabinetinə saldı və dedi ki,  Əvəz müəllim, mən bu uşaqla bacara bilmirəm. Bunu adam eləsən sən eləyəcəksən. Əvəz müəllim də Şiraslan kimi çox ipə-sapa yatmayan dəcəl uşaqların “fısını” almışdı və onları adam eləmişdi. Onun bir baxışı ilə, bir sözü ilə ən çətin tərbiyə olunun uşaq özünü yığışdırardı. Orda Şiraslana nə deyib, nə demədiyini bilməsək də, bir onu gördük ki, Şiraslan hər gün dərsə gəlir, dava-dalaş salmır və özünü sakit aparır. Və hətta bəzi dəcəl uşaqların təhrikinə baxmayaraq, cızığından çıxmırdı. Əvəz müəllim ona nə demişdi, bir kəlmə də bizə danışmadı. Amma onu görürdük ki, tay o dəcəllikdən, o ipə-sapa yatmamaqdan bir əsər-əlamət qalmayıb. Yəni Əvəz müəllim digər şagirdlər kimi ipə-sapa yatmayan Şiraslanı da adam elədi.

Bax, indi bizim məktəblərdə Əvəz müəllim kimi direktorlar çox azdır. Bəlkə də barmaqla sayıla bilər. Bu gün Bəhmənlidə elə həmin məktəbdə və aşağı hissədəki məhəllədə də məktəb var. Və o direktorlar da insaf naminə deyək ki, yaxşı işləyirlər. Elə bu da rəhmətlik Əvəz müəllimin qoyduğu ənənənin hesabına. Amma onlar heç biri Əvəz müəllimin yerini verə bilməzlər. Heç özləri də deməz ki, biz Əvəz müəllim kimi direktoruq.

40-50 il bundan əvvəl direktorlar indiki kimi təyin olunmurdu. Kollektivdə ən çox nüfuzu, hörməti, savadı və əxlaqı, tərbiyəsi olan müəllimlər direktor təyin olunurdu. Və bəzən heç direktor seçilən adam işin ağırlığından və çətinliyindən o vəzifədə qalmaq istəmirdi. Məsələn, mənim bibim oğlu Fəxrəddin Məmmədov Allahyar Əliyev adına Böyük Bəhmənli tam orta məktəbin direktoru vəzifəsindən öz ərizəsi ilə gedib. Hətta Təhsil Şöbəsindən razılıq verilməsə də, o, inadından dönməyib və getmək istədiyini bildirib.

Son 15-20 ildə isə direktor təyinatında müəllimlərin istedadı, təcrübəsi, savadı və kollektivdəki nüfuzu bir o qədər də nəzərə alınmayıb. Bir çox direktorlar halal yolla deyil, müxtəlif yollarla bu vəzifədə əyləşiblər. Xüsusən də Bakı şəhərində məktəb direktoru olmaq üçün kimlərsə dəridən-qabıqdan  çıxıb və axırda da gəlib bu vəzifədə əyləşib. Və həmin vəzifədə əyləşəndən sonra məktəbə təhsil gözü ilə deyil, biznes gözü ilə baxıb. Ona görə də

Bakıda bəzi məktəb direktorları 10-15 ilin içərisində böyük var-dövlət əldə edib, ev-eşik qazanıb, qiymətli maşınlar alıb. Bakının Yeni Günəşli yaşayış sahəsinin “D” massivində 282 nömrəli tam orta məktəb var. Valideynlər həmin məktəbin direktoru Camal müəllimdən çox narazılıq eləyirlər. Bir dəfə yolunuz o məktəbə düşsə görərsiniz ki, orda vəziyyət necədir və hansı ab-hava var. Məktəbin həyətində və stadionunda məişət tullantılarının əlindən tərpənmək mümkün deyil. Görəsən, Camal müəllim bir dəfə kabinetindən çıxıb məktəbin həyətinə və stadionuna göz gəzdiribmi? Yəqin başı o qədər vacib işlərə qarışıb ki, heç olmasa sentyabrın 15-nə qədər məktəbin həyətindəki və stadionundakı tullantıları görməyib. Nə isə...

Əfsuslar olsun ki, bəzi məktəb direktorları təhsil ocağına elm, savad ocağı kimi deyil, biznes mərkəzi kimi baxır. Və düşünür ki, hansı addımları atmaqla pul qazanmaq olar. Buna dərs saatları, sinif rəhbərliyi və digər məsələlər daxil edilir... Biz bu barədə çox danışıb hörmətli oxucularımızı yormaq istəmirik. Görünən odur ki, bəzi məktəb direktorları boş vakant yerlərini vaxtında Təhsil Nazirliyinə bildirmək istəmirlər. Rayon təhsil şöbələri və məktəb direktorları əlaqəyə girərək bu yerləri bir müddət gizli saxlayırlar. Çünki həmin yerləri digər müəllimlərə verməklə öz şəxsi maraqlarını təmin edirlər.

Yeni Təhsil naziri Emin Əmrullayev çox islahatçı, savadlı və təcrübəli bir ziyalıdır. Çünki fəaliyyətə başaladığı ilk gündən Azərbaycan təhsilində şəffaflığı, obyektivliyi və ədaləti önə çəkib. Üstəlik də çıxışlarında çox səmimidi və hər şeyə olduğu kimi münasibət bəsləməyə maraq göstərir. Təbii ki, bu addımlar da çəmiyyət tərəfindən hörmətlə qarşılanır və cənab nazirə inam daha da artır. Nazir Emin Əmrullayev təhsildəki vakant yerlərlə bağlı deyib: “Müəllimlərin işə qəbulu müsabiqəsi üçün bu il təqdim edilən vakant yerlərin sayı ötən ildəkindən çoxdur”. Cənab nazirin sözlərinə görə, bu il 8322 vakant yer təqdim edilib  ki, bu da ötən il təqdim edilən yerlərdən 1014 yer və ya 14 faiz çoxdur. Bəzi ixtisaslarda vakant yerlərin sayı azalıb, bəzilərində isə sabit qalıb.

Cənab nazirin çıxışından göründüyü kimi, əvvəlki vaxtlarda məktəb direktorları və rayon təhsil şöbələri vakant yerləri gizlədiblər.  Görünür, təzə nazir gələndən sonra bir çox təhsil şöbələri və məktəb direktorları ehtiyat edərək hər şeyi olduğu kimi və dəqiq Təhsil Nazirliyinə çatdırıblar. Amma bizim aldığımız qeyri-rəsmi məlumata görə, bu gün də elə təhsil şöbələri və məktəb direktorları var ki, onlar yenə vakant yerlərinin sayını dəqiq bildirmirlər. Bax, bu məsələlər də Təhsil Nazirliyinin nəzarətində  olmalı, vakant yerlərini gizlədən təhsil şöbələri və məktəb direktorları məsuliyyətə cəlb edilməlidirlər.

Yazımızın sonunu nikbin notlarla bitirmək istəyirik. Axı sentyabrın 15-i Azərbaycanda yeni dərs ilinin başlanğıcıdır. Bu il 1-ci sinifə minlərlə şagird gedəcək. Və eyni zamanda onlar “ilk zəng”in səsini eşidəcəklər. Düzdür, əvvəlki kimi dərs ili təmtəraqlı, haylı-küylü olmayacaq və “Bilik günü” də keçirilməyəcək. Buna baxmayaraq, Azərbaycanda dərs ili başlayır və biz bu münasibətlə bütün Azərbaycan müəllimlərini və şagirdləri, tələbələri təbrik eləyirik. Qoy onlar yeni dərs ilinin sevincini elə əvvəlki kimi yaşasınlar və heç bir sıxıntı və çətinliklə üzləşmədən dərs ilini başa vursunlar. Bir daha müəllimlərə və şagirdlərə “Yeni dərs iliniz mübarək olsun!” – deyirik.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK