SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: MASKANIZI TAXIN, POLİS VAR!

  55083   |  
Şriftin ölçüsü  

... Deyirlər ki, biz hər şeyə səbr edən, dözən millətik. Bunu elə-belə demirlər ha, bizim başımıza o qədər yadellilər və içimizdə olan sapı özümüzdəki baltalar oyun açıblar ki, həmişə dözmüşük. Guya dözməyib neyniyəcəydik? Dünyanı dağıdacaqdıq? Onsuz da bizi çoxları dişinə vurub içimizi və çölümüzü bilirlər. Və bilirlər ki, biz bərkik, yoxsa boş? Amma bu o demək deyil ki, elə içimzdə olanların hamısı boşdu. Çünki içimizdə dolu insanlar da çoxdu...

... İndi bu koronavirus ki var, bizi daha möhkəm sınağa çəkir. Dözənlər dözür, dözməyənlər heç özləri də bilmirlər ki, nə eləyirlər. Amma görünən odur ki, bu pandemiya ilə zarafat eləmək olmaz. Ən azından ona görə ki, pandemiya onunla zarafat eləyənlərin kürəyini yerə çırpıb və canını alıb. Kürəyinin yerə çırpılmağını və canının alınmağını istəmirsənsə, gərək deyilənlərə, tövsiyələrə, həkimlərin və ekspertlərin, o cümlədən Operativ Qərargahın tapşırıqlarına əməl eləyəsən. Qulaqardına nəyisə vurmayasan! Elə ki, “əşi, bunlar boş şeydi, kim nə deyir, özü üçün danışır və bizi qəsdən qorxuzurlar” – deyib düşündün, vay o adamın halına!

Əvvəlki vaxtlarla müqayisədə bu gün Bakıda əksər insanlar ictimai nəqliyyatda və metroda maskadan istifadə eləyir. Ona görə əksər insanlar deyirik ki, biz gördüyümüzü xatırladırıq. Gördüyümüz də odur ki, indi əksər sərnişinlər bu maskadan demək olar ki, yararlanırlar. Sanki insanlarda bir inam var ki, bu bəla tezliklə bizdən əl çəkib gedəcək öz işinin dalınca...

... Məsələnin görünən və görünməyən tərəfləri də var. Görünən tərəf odur ki, çoxluq maskadan istifadə eləyir. Görünməyən tərəf ondan ibarətdir ki, hələ də ictimai nəqliyyatda maska taxmayan insanlar az deyil. Xüsusilə biləndə ki, polis nəzarəti yoxdur, bunu kimsə bilmir, avtobusa minərkən maskasını taxır və sonra da görürsən ki, o yan-bu yana baxdı, irad tutan olmadı, maskanı çıxarıb ya cibinə qoyur, ya da qoluna taxır!

 Bir çoxları isə maskanı avtobusda, ya da metroda olarkən ağızlarından çənələrinə sallayırlar. Və bu da guya maska taxmaqdır. Bu maska taxmaq deyil ey, görə-görə özünü ölümün qucağına atmaqdır. Hələ əksəriyyətimiz pandemiyanın törədə biləcəyi ağır faciəni tam təsəvvür edə bilmirik. Ancaq görünən odur ki, bu gün məmləkətimizdə koronavirusdan dünyasını dəyişənlərin sayı artıq 600-ə çatır. Düzdür, başqa ölkələrlə müqayisədə bu o qədər də böyük rəqəm deyil. Amma biz hamımız bir yerdə olsaydıq və həkimlərin dediklərinə  əməl etsəydik, inanın, virusa yoluxanların və ölənlərin sayı yarıbayarı azalardı.

Əfsuslar olsun ki, biz hamımız Operativ Qərargahın məsləhətlərinə və həkimlərin tövsiyələrinə əməl eləmirik. Artıq ÜST bildirir ki, payız aylarında, yəni sentyabrın axırından bu virusun yayılma ehtimalı və ikinci dalğanın gəlməsi gözlənilir. Bir çox Avropa ölkələri məktəbləri və iş yerlərini açsa da, xəstəliyin  yenidən yayılmasına görə, sərt karantin rejiminə keçiblər. Təbii ki, bizim məmləkət də bu cür təhlükədən sığortalanmayıb. Şəhərlərdə, rayonlarda və kəndlərdə bir balaca nəzarət zəifləyən kimi, respublikamızda virusa yoluxma halları artır.

... Bir neçə gün bundan əvvəl Şəkinin bazarında neçə adamın virusa yoluxma halı qeydə alınıb. Təbii ki, bu da sanitar və gigiyenik qaydalara əməl olunmaması nəticəsində baş verir. Rayonlarda karantin rejimi olsa da, əksər insanlar yasda, bazarda və digər qapalı yerlərdə maskalardan istifadə eləmirlər. Bax, bu da acı nəticə! İndi Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah o bazarda üç günlük karantin elan edib. Yəni bazar bağlanıb.

Bu cür hadisələr istər-istəməz bizim hər birimizdə məsuliyyət  hissini və diqqəti artırmalıdır. Diqqəti artırmalıdır ki, kimliyindən asılı olmayaraq, ictimai nəqliyyatda və qapalı yerdə mütləq maska taxılmalıdır. Bu gün mənim ən çox istifadə etdiyim 50 nömrəli marşrutda maska taxmayanlar az deyil. Dəfələrlə sürücü və sərnişinlər belələrinə öz iradlarını bildiriblər. Bu iradlardan nəticə çıxaranlar da var, onu qulaqardına vurub əlini yelləyib gedənlər də! Çevik Polis Alayı və Post Patrul Xidməti tez-tez reydlər keçirir. Bu reydlər zamanı 50 nömrəli marşrutda maska taxmayanlar saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 211.1. maddəsilə məsuliyyətə cəlb edilərək 100 manat miqdarında cərimə edilirlər. Və maska taxmayanlar da cərimə ediləndə bərk əsəbləşirlər. Nəticə çıxarmaq əvəzinə cərimə olunduğuna görə, polisi qınayırlar. Amma çox nahaq yerə! Bu gün polis ictimai nəqliyyatda gedən sərnişinlərə nəzarət etməsə və onları məsuliyyətə almasa, görün maska taxmayanların sayı nə qədər çoxalar?!

Bu günlərdə Müşfiq qəsəbəsindən şəhərə qayıdırdım. 114A avtobusunda maska taxanlarla yanaşı, taxmayanlar da az deyildi. Sürücü bunu hiss edib dedi ki, tez maskanızı taxın! Qarşıda polislər  avtobusu saxlayıb bizi yoxlayacaq! Hardasa avtobusda 15 nəfərə yaxın maska taxmayan sərnişin vardı. Onların bəzisi maskanı taxdı, bəziləri isə sürücünün onlarıa məzələndiyini təsəvvür edib maskanı taxmadılar. Hansı ki, maska taxmayanların cibində və qolunda maskalar vardı. Avtobus dönəndə polislər sürücünü saxladılar. Qalxıb avtobusun salonunda maska taxmayan 7-8 nəfəri yerə düşürtdülər. Yerə düşəndən sonra onlar əllərindəki, qollarındakı maskanı taxmağa başladılar. Amma artıq gec idi. O sərnişinlərin hər biri 100 manat məbləğində cərimə edildi.

Görünür, polisin qorxusu olmasa, hələ də maska taxmayan sərnişinlər kifayət qədər olacaq. Lap polis yoxdur və həmin sərnişinin öz taleyinə biganə münasibət göstərməsinə nə ad vermək olar? Və bunun bir adı var: laqeydlik və məsuliyyətsizlik! İndi hər avtobusa bir polis qoyulası deyil ki?!

... Biz bir az da dözsək... bir az da qaydalara əməl etsək... bir bir az da səbrli olsaq... bu bəladan özümüzü, ailəmizi və canımızı xilas edə bilərik! Ən azından ona görə ki, bu cür şəraitdə, özü də stresli bir məqamda uzun müddət yaşamaq insanları depressiyaya salır, havalandırır və digər xəstəliklər yaradır. İnanın, bu gün koronavirusdan ölənlə yanaşı, onun stresindən, gərginliyindən dünyasını dəyişənlər heç də az deyil.

Zarafat deyil, 6 ay evdə oturasan, işləməyəsən və belə bir mühitdə ömür yaşayasan. İstər-istəməz adam evdə olanda ya əsəbləşir, ya uşaq onu hövsələdən çıxarır, ya da hansısa ailədaxili problem onun səbrini tükəndirir! Gəlin, bu bəladan qoyulan qaydalara əməl etməklə birlikdə çıxaq, özümüzü, ailəmiz, dünyamızı bu faciədən xilas edək və köhnə, rahat, sakit həyatımıza qayıdaq!..

                                                                  

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-30
2020-10-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 29, 27, 24, 22, 20, 17, 15, 13, 10, 08,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK