SON DƏQİQƏ:

Allahverdi Bağırovun ruhu Xankəndində doğulacaq! – Eminquey yazır

  125961   |  
Şriftin ölçüsü  

Qəzetimizin 1992-ci il 28 fevral tarixli arxivindən tapdığım Milli Qəhrəman Allahverdi Bağırovun yalnız və yalnız bizim qəzetə verdiyi müsahibəni kiril qrafikasından latın qrafikasına köçürməyi özümə borc bildim. Müsahibəni rəhmətlik Surxay Əlibəyli alıb. Allahverdi Bağırovun həmin müsahibəsini sizə təqdim etməklə fikrim heç də I Qarabağ müharibəsini günümüzün Böyük Vətən  Müharibəsilə, ordumuzla, xalqımızla müqayisə etmək deyil. Sadəcə, Allahverdi Bağırovun yarım qalan arzularının bu gün çin olacağına içdən inandığım üçündür.

 

“Ağdam Azərbaycanın Stalinqradıdır. Bir neçə nömrə əvvəl biz bu sözü elə-belə yazmamışdıq. Müharibə  dövründə alman faşistlərinin burnu Stalinqradda ovulduğu kimi və almanların zəfər yürüşünə Stalinqradda son qoyulduğu kimi, erməni faşistlərinin də zəfər yürüşlərinə son qoyulub. Bu danılmaz həqiqətdir ki, əgər ermənilər Ağdam cəbhəsini yara bilərlərsə, bütün Azərbaycanın erməni taunundan xilas olmağı çox çətindir. Bu gün həmin cəbhədə vuruşan oğullardan biri də Ağdam Xalq Cəbhəsinin liderlərindən biri və ağsaqqalı Allahverdi Bağırovdur. Allahverdi hadisələr başlayandan canı ilə, qanı ilə mübarizənin ön sıralarında gedir”.

 

- Allahverdi bəy, şəxsən mənim ən çox sevmədiyim bir məsələ var, o da intizamsızlıq. Jurnalist aşıq kimi gördüyünü çağırar. Döyüşçülər saqqallıdırlar, şəhərdə silahla gəzirlər, hətta bəzən əmrə də tabe olmurlar.

- Bu bizim döyüşçülərə aid deyil. Siz məni iyirmi ildən çoxdur tanıyırsınız. Məni həmişə bir ağsaqqal kimi seviblər və sayıblar. Və mən özüm də çox gözəl bilirəm ki, hərbin birinci qanunu intizamdır. Bizim özünümüdafiə qüvvələrinin əsgərləri bütün intizama tabedirlər. Amma onu da gizlətmirəm ki, ermənilərdə olan intizam, plan və strategiya bizdə, bizdə deyəndə, yəni bütün Azərbaycan özünümüdafiə qüvvələrində yoxdur.

- Siz demək olar ki, hər gün döyüş əməliyyatlarında iştirak edirsiniz. Bunun uğurlusu da olur, uğursuzu da. Naxçıvanik uğrunda döyüşdə də müəyyən itkiniz olub.

- Bəli, həmin döyüşdə 8 nəfər itirmişik. Amma bu bizim günahımızdan deyil. Erməninin güclü silahına və texnikasına qarşı bizim xalq cəbhəsinin uşaqları avtomatla vuruşurdular. Mən sizə deyirəm, avtomat bugünkü döyüşdə quşatan kimidir. Həmin vaxt biz mühasirəyə düşdük. Nə qədər kömək çağırsaq da, səsimizə səs verən olmadı. Amma bizim əvvəlki danışığımızla lazımi anda bizə kömək gəlməliydi. Sözün düzü, xalq cəbhəsinin döyüşçülərinə bir qədər ögey gözlə baxırlar. Bu çox pisdir. Biz bu gün dəhşətli bir düşmənlə vuruşuruq. Burada ögey-doğmalıq olmamalıdır. Həmin gün biz 8 nəfər itirsək də, döyüş tapşırığını yerinə yetirdik. Naxçıvanikdən düşmənin digər tərəfinə kömək keçə bilmədi. Amma onu da deyim ki, Vətən bizə doğma baxandan sonra kim bizə ögey baxırsa baxsın, biz son damla qanımıza kimi döyüşəcəyik. Bir ağdamlı kimi deyirəm, qardaşım Eldarın goruna and içirəm, Azərbaycanın bayrağını, bax, bu əllərimlə Xankəndinin ortasına sancacam.

- Bu günlərdə ermənilərin girov apardığı iki körpə uşağı dəyişmisiniz. Ümumiyyətlə, əsirlərin dəyişməsində xalq cəbhəsinin xüsusi əməyi var.

- Arvad-uşağı girov tutmaq kişilik deyil. Biz bunu dəfələrlə hava əlaqəsi vasitəsilə ermənilərə də demişik. Və hələ ermənilər bircə fakt da göstərə bilməz ki,azərbaycanlılar arvad-uşağı girov tutub. Bunu yazaq hər kəsin öz kişiliynə, öz qeyrətinə. Bu düzdür ki, əsirlərin dəyişilməsi prosesi adətən xalq cəbhəsinin üzərinə düşür. Amma digər təşkilatların, xüsusən hüquq mühafizə orqanlarının zəhmətini də danmaq günahdır. Mən bu işdə respublika Prokurorluğunun, eləcə də Ağdam Rayon Prokurorluğunun fəaliyyətini qeyd etmək istərdim.

- Soruşmaq pis çıxmasın, bəs sizi kim maliyyələşdirir. Yeməyinizi, içməyinizi, geyiminizi kim verir?

- Əvvəla , Azərbaycanın bütün rayonları sağ olsunlar. İndicə elə siz şahidi oldunuz ki, Qobustan rayonunun camaatı, İsmayıllı rayonunun camaatı bizə xeyli lazımi vəsait gətiriblər. Amma mən Rəşid Məmmədovun, Nadir və Ağa İsmayılov qardaşlarının mərdliyini ayrıca qeyd eləmək istərdim. Dörd ildir bu adamlar olub-qalanlarını son manatlarını ermənilərlə mübarizəyə həsr ediblər. Bizim döyüşçülərin bütün yeməyi, içməyi, geyimi, eləcə də başqa məsələlər onların hesabınadır. Özü də təkcə bizim yox, Ağdamdakı digər özünümüdafiə qüvvələrinin də ərzaqla təminatı bu adamların şəxsi büdcəsi hesabınadır. Bunu onların özlərindən də soruşa bilərsiniz.

- Allahverdi bəy, sizin fikrinizcə, bu müharibə nə vaxta qədər uzanacaq?

- Əgər ortada ögey-doğmalıq olarsa, əgər yenə də respublika rəhbərliyi qətiyyətsizlik göstərərsə və bir də, özünümüdafiə qüvvələri ayrı-ayrılıqda düşmənə, özü də bir nöqtədən idarə olunan düşmənə qarşı mübarizə apararsa, müharibə uzun çəkəcək. Yox, əgər hamı bir yumruq kimi birləşib vahid və eyni zamanda ağıllı komandanlığa tabe olarsa və birgə mübarizə apararsa, biz tezliklə qalib gələ bilərik. Lap mən qələbə gününü də deyərəm. Özü də mən o qələbə gününə inanıram. Amma bunu kiçik bir sirr sayıb demirəm.

- Qəzetimiz vasitəsilə nə demək istərdiniz?

- Dediyimi dedim. Axırıncı sözüm odur ki, Azərbaycanın bütün qeyrətli oğullarını Qarabağ uğrunda döyüşə səsləyirəm. Haydı, qardaşlar, öləlim Vətən yolunda. Əgər bu gün Vətən yolunda ölməsək və ya ölməyi bacarmasaq, onda gələcək nəsil cəmdəyimizə tüpürəcək. Amma ölsəm də, mən Xankəndində öləcəm.

 

Surxay Əlibəyli

28 fevral, 1992-ci il, “Ədalət” qəzeti

 

Artıq 10-cu gündür ki, polad kimi möhkəm, şanlı Ordumuz Qarabağ uğrunda gecə-gündüz mübarizə aparır. 30 ildir millətimizin yaddaşına həkk olunan işğal tarixlərini qazıyıb qələbə tarixlərilə əvəzləyirlər. 30 ildir öz yurdundan didərgin düşmüş insanlarımızın qaçqın və məcburi köçkün statusları artıq qarış-qarış, kənd-kənd ləğv olunur.

Günlər öncə tamam başqa bir səbəbdən – koronavirusla mübarizədə qaldırılan “Biz birlikdə güclüyük!” şüarı bugün Qarabağ uğrunda öz missiyasını davam etdirir. Hamının gözü, qulağı cəbhədən gələn xəbərlərdə, Ali Baş Komandan İlham Əliyevin rəsmi tvitter səhifəsindədir. Hamı gözləyir ki, nə vaxt növbəti azad olunan rayonumuzun, şəhərimizin, kəndimizin müjdəsi veriləcək.

Daha şəhid xəbərləri hüznlə, kədərlə yox, sevinclə qarşılanır. Xalq “Hər şey Vətən üçün” amalı uğrunda təkcə övladından deyil, həm də malından, mülkündən də keçib.

Birlik və həmrəylik qələbəmizin açarıdır. Ordunun nizam-intizamlı olması, vahid komandanlıqdan idarə olunması, döyüş ruhu, dezinformasiyaların yayılmasının qarşısının alınması, insanları bir an da olsun ruh düşkünlüyünə uğramağa imkan  verilməməsi bizə Qarabağı bəxş edəcək.

Çox, çox inanıram ki, işğaldan azad olunan gün Allahverdi Bağırovun ruhu Xankəndində doğulacaq! Xankəndinin ortasına sancılan bayraq təkcə ordumuzun mübariz əsgərlərinin əliylə deyil, həm də bunun arzusunda olan Allahverdi Bağırovun və başqa qəhrəmanlarımızın əliylə sancılacaq!

Qələbə bizimlədir!

Qarabağ Azərbaycandır!

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK