adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Oktyabr 2020 14:31
18395
SİYASƏT
A- A+

ŞANLI ORDUMUZ DÜŞMƏNİN SONUNU YAXINLAŞDIRIR

Ali Baş Komandanın əmrləri dəqiqliklə icra olunur

 

Birmənalı şəkildə etiraf etmək lazımdır ki, 27 sentyabr 2020- ci ildən sonra bütün Azərbaycan cəmiyyətində köklü bir dəyişiklik baş verdi. Bu dəyişiklik təkcə yaşanan sevincdə, ürək ağrıdan itkilərimizdə deyil, o həm də məntiqimizdə, söz-söhbətimizdə və davranışımızdadı. İnanın ki, tam səmimi deyirəm, elə ki, əvvəldə vurğuladığım tarixdən öncəki zamana diqqət yetirsək görərik ki, Bakı, bütövklükdə Azərbaycan fərqli bir ovqatla yaşayırdı. İnsanların böyük əksəriyyəti öz gündəlik qayğılarını, alış-verişlərini, bizneslərini, bir də ki, COVİD-19-u düşünürdülər. Müəyyən zümrə isə pandemiyanın yaratdığı əsəbilikdən çıxmaq üçün qanunları pozmaqla, gizli toy məclisi qurub şadlıq etmək ovqatı ilə yaşayırdı. Bütün bunlar o zamanın gerçəyi idi. Amma...

Bir gerçək də var idi. İctimai nəqliyyatda, adamların seyrək əyləşdiyi çayxana və kafelərdə mövzu da əsasən şou əhli və bir də bu şou əhlinin xanımları idi. Ona görə də adam bu söhbətlərdən yorulub təngə gəlirdi. Yəni nə qədər hansısa xanım oxuyanın geyimini, bədənini müzakirə etmək olar? Görünür, 27 sentyabr 2020-ci il tarixi həm də hardasa labüd imiş – bizi özümüzə, Azərbaycanı özünə qaytarmaq üçün!

Belə bir məşhur  kəlam var. Kəlam sahibi deyib ki, “Türk özünə qayıdanda böyük olur”. Bəli, biz millət olaraq özümüzə qayıtdıq. Qayıdışımızla işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün Ermənistanın təxribatlarına sərt cavab verməklə əks hücuma keçməklə başladı. İndi artıq o başlanğıc ellikcə millət olaraq yaşadığımız reallığa çevrilib. Biz hər yerdə - evdə də, çöldə də, ictimai nəqliyyatda da əsgərlərimizdən, Ali Baş Komandanımızdan və qələbələrimizdən danışırıq. Deməli, həyat gerçəkliyi bizə öz dərsini verdi. Bizə xatırlatdı ki, kimliyimizi göstərməyin zamanıdı. Ali Baş Komandanımızın dediyi kimi, “Bu hüquqi baza bizə imkan verir ki, biz döyüş meydanında bu gün düşmənə dərs verək. Qovaq onları, rədd edək bizim torpaqlarımızdan!”.

Həqiqətən Şanlı Azərbaycan Ordusu bu gün düşmənə dərs verir. Özü də unudulmayacaq və tarixə böyük hərflərlə yazılacaq DƏRS! Bu dərsin səs-sorağı hüdudlarımızı çoxdan aşıb. Belə ki, dünyanın ən aparıcı dövlətləri, onların tanınmış hərbi ekspertləri, yüksək rütbəli zabitləri birmənalı şəkildə etiraf etməklə bildirirlər ki, “Azərbaycan Ordusu bu gün hərb sənətində yeni səhifə yazır. Onların taktika və strategiyaları tamamilə yenidir. Ona görə də 90-cı illərdə qalan Ermənistan Ordusu aciz və çıxılmaz duruma düşübdü. Cəsarəti çatıb məğlubiyyətini etiraf edə bilmir. Amma bunu mütləq edəcəkdi!”.

Doğrudan da söylənilən bu fikirlərin heç bir şərhə və müzakirəyə ehtiyac yeri yoxdur. Ona görə ki, bütün bu deyilənlər bu gün gözümüzün önündə sərgilənir. Həmin o sərgilənən məqamları biz qalib kimi, ermənilər isə məğlub kimi yaşayır. Bunu da onlara yaşadan Ali Baş Komandanımız və onun əmrlərini birmənalı şəkildə yerinə yetirən Şanlı Orudumuzdu! Əgər Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin açıqlamalarına diqqət yetirsək, onda görərik ki, düşmən tərəf hər gün nə qədər silah-sursat, hərbi texnika, eləcə də canlı qüvvə itirir. Onların obrazlı desəm, həyatını qaraldan isə təbii ki, AZƏRBAYCAN ƏSGƏRİDİR!

Bu gün itirilmiş torpaqlarımızın böyük bir hissəsini 30 gün ərzində geri almış Ordumuz düşmənin təxribatlarına, onların havadarlarının qarayaxmalarına baxmayaraq, azad etdikləri hər kənddə, hər şəhərdə, hər qəsəbədə bayrağımızı göylərə qaldırırlar. İndi Azərbaycan Bayrağı uzaq düşdüyü doğma məkana qayıdıb və qayıtmaqda da davam edir. Bax, belə məqamlarda qeyri-adi olaraq ürəyimizi sevinc hissi bürüyür... gözlərimiz ekrana sancılır. Biz oradan Ali Baş Komandanın çıxışını dinləyirik. Və onun hər çıxışının sonunda bizı müjdə etdiyi yeni adları, yeni ünvanları sevinc yaşları ilə yaddaşımıza yazırıq. Bu çıxışların sonunda Ali Baş Komandan yumruğunu sıxaraq “Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!” – deyir.

Təbii ki, indi dünya Qarabağın Azərbaycan olduğunu öz gündəliyinə daxil edib. Ölkəmizə akreditə olunmuş xarici media təmsilçilərinin hamısı bu sözü öz yazılarında, öz informasiyalarında xüsusi vurğulayırlar. Bizə qarşı ikili standartlardan yanaşan mətbuatı da artıq Qarabağın Azərbaycana aid olduğunu tirajlayır. Deməli, haqq-ədalət 30 ildən sonra da olsa, özünü büruzə verdi, gerçəklik qalib gəlməyə başladı. Doğrudur, biz bunu beynəlxalq hüquqdan, BMT-dən, ATƏT-dən, onun Minsk qrupundan, böyük güc sahibi, nüvə silahı olan dövlətlərdən, onların rəhbərlərindən gözləyirdik. Təəssüf ki, onlar bu addımı atmadılar. Əksinə, problemi dondurmaq yolunu tutdular. Sadəcə, danışıqlar xatirinə danışıqlar apardılar. Və bununla da düşmənə silahlanmaq, ərazilərimzdə məskunlaşdırma aparmaq imkanı yaratdılar. Deməli, məntiqlə yanaşsaq, problemi çözməli olanlar problemi yaradanın yanında dayandılar.

Bu gün dünyanın aparıcı KİV-lərinə müsahibələr verən Azərbaycan Prezidenti cənab İlham Əliyev, həmçinin prezident köməkçisi Prezident Adminstrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev, Xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycanın Baş Prokuroru Kamran Əliyev və digər səlahiyyətli dövlət adamları birmənalı olaraq vurğulayırlar ki, “Azərbaycan BMT-nin qətnamələrini yerinə yetirir. Öz torpaqlarını azad edir”. Və  ölkə prezidenti xüsusi olaraq qeyd edir ki, “Mənim yanaşmam həmişə belə olub, azərbaycanlılar təkcə Dağlıq Qarabağın hüdudlarından kənarda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar. İlk növbədə Şuşaya, Xankəndinə və azərbaycanlıların əsrlər boyu yaşadıqları digər torpaqlara”.

Bu da təbii ki, bütün xalqın arzusudur. Ölkə prezidenti də xalqın qarantı olduğundan, xalqla birlikdə olduğundan xalqın istəyini açıq şəkildə dünyaya bildirib və bildirməkdə də davam edir. Hər bir müsahibəsinin sonunda da təkrar-təkrar vurğulayır ki, “Ermənistan başa düşməlidir ki, o, artıq yolun kənarındadır. Artıq ondan ötrü heç kim vuruşmayacaq. Bəs sonra? Əgər o, bizimlə qarşıdurmaya davam edərsə və bundan sonra da Türkiyəyə ərazi iddiaları irəli sürərsə, başa düşməlidir ki, bizim qarşımızda necə dura bilər? Buna görə də düşünürəm ki, geosiyasi reallıqlar mütləq nəzərə alınmalıdır. Biz hər şeyi edəcəyik ki, bu belə də olsun”.

Göründüyü kimi, hər kəsə qarşı iddialı olan, hər kəsin önündə özünü yazıq, kimsəsiz və aciz durumda təqdim edən Ermənistan və onun rəhbərliyi tarixin ən böyük sualı qarşısında qalıb: o, seçim etməlidir – ya reallığı qəbul etmək, ya da bir dövlət olaraq son taleyi ağlamaq. Hadisələrin axarı daha çox son taleyi yaxınlaşdırır. Bunu ona Azərbaycan Əsgəri bir az da tez sürpriz edəcəkdir. O gün uzaqda deyil. Çünki Qarabağ Azərbaycandır!

 

Əbülfət MƏDƏTOĞLU

Əməkdar jurnalist