İLK VƏ ƏN GÖZƏL AZANI ŞUŞADA HAFİZ SƏDİRZADƏ OXUYACAQ
İşğaldan azad olunmuş kəndlərimizdə səsi olan əsgərlərimiz bayrağımız qaldırılanda Azan oxuyurlar. Nə gözəl! Amma baxıram ki, bu bəzilərinin xoşuna gəlmir və insanları incidəcək statuslar yazırlar.
Dostlar, görünür siz Azanı başa düşmürsüz. Azan insanları nəyə çağırır, xeyrül-əmələ və savab işlər görməyə. İndi əsgərlərimiz xeyrül-əməl edib, savab işlər görüb torpaqlarımızı düşmənlərdən azad edirlər. Və Azan oxumaqla digərlərini də belə xeyrül-əməllərə və savab işlər görməyə çağırırlar. Burda pis nə var?
Mən özüm hər gün Qarabağın tanınmış xanəndəsi Hafiz Sədirzadənin (şair, tədqiqatçı, Azərbaycanı xilas etmək üçün İslam ordusu ilə bağlı İstanbula gedib Sultanla görüşən Məhəmməd ağa Müctehidzadənin oğludu) Ağdamda məlahətli səslə oxuduğu sonuncu Azana qulaq asıram. Ruhum təzələnir.
Və inanıram ki, Şuşa azad ediləndən sonra bu müqəddəs şəhərdə Gövhər ağa məscidinin minbərindən Hafiz Sədirzadə Şuşanın ilk və ən gözəl Azanını oxuyacaq!
Hafizin Ağdamda oxuduğu sonuncu Azanı tez-tez saytımızda yerləşdiririk, buyurun, qulaq asın.
Qoy həmin Azan sizin də ruhunuzu oxşasın.
Qoy Azərbaycanın azad olunmuş bütün torpaqlarında Azan səsi eşidilsin.