adalet.az header logo
  • Bakı 12°C

Bayrağa hörməti belə aşılayırlar? - Eminquey yazır

EMİNQUEY AKİF
112100 | 2020-11-27 14:33

Sosial şəbəkələr bar-bar bağırır. Pərviz adlı bir tələbə onlayn dərsdə başına bayraq keçirib oynadığı üçün universitetdən qovulub.

Əziyyət çək, oxu, imtahan ver, bal topla, axırda da bambılı hərəkətinə görə bütün əziyyətlərini puç elə. Bu, səhvdir, anlayıram. Çox güman ki savadı var, ağlı yox.

Amma universitetdən qovulmaqla nəticə dəyişəcəkmi?

Başqa islah üsulları yoxdurmu?

Cəza kimi təhsil haqqını çoxaltmaq olmazmı?

Olmaz.

Çünki bizdə hər hansı bir uğura görə üniversitetlər hədiyyə kimi təhsil haqqını azaltmırlar, bizdə bu düşüncə, bu sistem yoxdur. 

Məsələn, Pərvizin valideynləri ilə danışıldımı? Müəllimləri ilə söhbət edildimi? Axı onun tərbiyəsində birbaşa müəllimlərin və valideynlərin rolu var.

Onun müəlliminə deyildimi, bu uşağı niyə belə yetişdirmisən?

Onun valideynlərindən soruşuldumu, bu uşağa niyə belə tərbiyə vermisən?

Universitetdən məhrum olan Pərvizin səhərsi avaralığa yuvarlanmayacağını kim sığortalayıb?

İndi deyərsiniz ki, onlayn dərsdə belə hoqqa verən uşaq onsuz da avaradır. Mən razı. Amma onlayn dərslərin nə dərəcədə effektiv olduğunu da hamımız yaxşı bilirik. Nə bizim müəllimlər, nə də tələbələr buna hazır deyildi.

Dünyaya gəliş məqsədimiz nəticədə bu dünyadan çıxıb getmək olsa da, biz bu dünyaya həm özümüzü, həm də digərlərini qazandırmaq üçün gəlmişik. Oxuyursan, alim olursan, dünya qazanır. Oxuyursan, həkim olursan, dünya qazanır. Səhvlərin də olur, doğruların da. Bundan təbii dünyada nə var?

Baxıram ki, hərə bir dəyənək alıb əlinə, eynəyini endirib burnunun üstünə, müəllim ədası ilə Pərvizi qabağına qoyub danlayır, cəza verir. Niyə? Hansı haqla?

Pərviz kimi uşaqlar səhərsi əlinə təsbeh alıb qızlara söz atan, dava-dava deyən mənasız bir adam olsalar, cəmiyyət nə qazanacaq?

Mənzurə, Elnur kimi müğənnilər bayraqdan paltar geyinmişdilər. Adını çəkdiklərim yekə-yekə adamlardılar. Artıq özləri övlada tərbiyə verəcək yaşdadırlar. Anlaya bilmirlər ki, bizim bayraq anlayışımız bayrağını alt paltara etiket kimi yapışdıran ingilisdən, amerikandan tamamən fərqlidir. Biz bayrağı başımızdan aşağı endirənlərdən deyilik, nəinki qurşağımızdan. Bu adamlar pis. ya yaxşı, bu gün ortadadırlar. Sənət adamıdırlar. Pis, ya yaxşı, cəmiyyətə özlərini yedirdə biliblər. Bununla belə səhv edirlər. Cəzasız qalırlar.

Amma...

Bir gəncdən söhbət gedirsə, o, hələ həyatının təhsil mərhələsindədir. Onu dışlamaq, onu universitetdən qovmaqla bayrağa hörməti aşılamaq mümkün deyil.

Dünya ölkələrində həbsxanalara tədrislər təşkil edirlər, cəzaçəkənlərə diplom verib cəmiyyətə qazandırırlar. Universitetlər də bu işdə maraqlıdırlar. 

Elina yadınızdan çıxdımı?

Onu da dışlayıb intihara məcbur etmədilərmi?

Bir qısa hekayə oxudum, hüquqşunas Aqil Layıc yazmışdı.

Bir dəfə Şəki Apelyasiya Məhkəməsində bir cinayət işi baş tutur.Tibb universitetinin 4-cü kurs tələbəsi rayonlardan birində babasından qalan tüfəngi özü ilə götürdüyü yerdə qanunsuz silah gəzdirdiyi üçün həbs edilir.

Tələbənin ayna qəfəsdə müdafiəsi belə idi:

- Möhtərəm hakim, anam və atam rəhmətə gedib, anama söz vermişdim ki, həkim olacam, 600-dən yuxarı bal toplamışam, qiymətlərim əladır. O tüfəng baba yadigarıdır, onu və digər əşyaları xatirə kimi Bakıda kirə qaldığım evə aparacaqdım. Mənim barəmdə azadlıqdan məhrum etmə cəzası seçiblər. Anamın ruhu şad olmayacaq, mənim təhsilim yarımçıq qalacaq. Məni azadlıqdan məhrum etməyin, yalvarıram Sizə. Məni cəmiyyətə qazandırın!

Mənim sözüm bu tələbənin çıxışı ilə bitər.

Sözünün üstə söz demək istəmərəm...

TƏQVİM / ARXİV