adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Dekabr 2020 10:39
173123
MƏMLƏKƏT
A- A+

Şuşaya bayraq sancan XTQ Yaşar və qardaşları: Şəhid Füzuli, polis Fərman, döyüşçü Sadiq...

Bu gün bütün yazılarımızın, məqalələrimizin baş qəhrəmanları Vətən Müharibəsinin igid əsgərləri: iştirakçıları, qaziləri və şəhadətə ucalmış qəhrəmanlarıdır. 44 günlük müharibədə ölüm-dirim savaşıyla xalqa əbədi bir sevinc yaşadan hər bir igidimiz haqqında məlumat toplayıb oxucuya çatdırmaqda bizim boynumuzun borcudur və yaxından tanıdığım, vətənə - yurda sevgisi ilə seçilən bir ailə haqqında oxucularıma məlumat verməyi özümə borc bilirəm..

 

Abdallı Əhəd kişinin oğulları

Bu ailənin qorxmazlığına, cəsarətinə, ağır davranış və ləyaqətinə görə, hər zaman nəinki Abdal kəndində, elə Ağdam rayonunda da hörmətə -ehtirama layiq olub. Qardaşlar Sadiq, Fərman, Füzuli 1989-ci ildən başlayaraq erməni terrorçularına qarşı döyüşlərə atılıb. Sadiq Hüseynov yerli batalyonların birində, Fərman Ağdam Polis İdarəsinin əməkdaşı kimi, Füzuli isə 708 saylı hərbi hissədə vətənə xidməti özlərinə borc bildilər. Hazırda Sadiq də, Fərman da veteran döyüşçülərdi. Silahdaşları hər iki qardaşın igidliyi, cəsurluğu haqqında ağızdolusu danışırlar.

 

Füzuli Hüseynov zirvəsi...

708 saylı hərbi hissənin 3-cü MAT-ın sosial siyasi işlər üzrə komandir müavini N. Hətəmovun onun haqqında yazdığı xidməti xasiyyətnamədə deyilir: “Sıravi Füzuli Hüseynov1992-ci ilin 2 mart tarixində Azərbycan Silahlı Qüvvələrinə hərbi xidmətə çağrılıb. Xidmətinə Ş.Mirzəyev adına 836 saylı alayda başlayıb. May ayında Ağbulaq, Dəhraz uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Mayın 15-də isə Abdal kəndinin müdafiəsində xüsusilə fərqlənib.1993-cü ilin oktyabrında kəşfiyyat bölüyündə xidmətini davam etdirib. Döyüşlərdə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən dəfələrlə yazılı və şifahi şəkildə təşəkkürnamə alıb. 1993-cü ilin yanvarın 1-dən 708 saylı hərbi hissənin 3-cü MAT-ın 1-ci bölük, 1-ci taqımında yenidən döyüşlərə qatılıb. 1994-cü ilin aprelin 17-də Qiyaməddinli kəndi ərazisində əsgəri xidmətini yerinə yetirərkən qəhrəmancasına həlak olub”.

 

Silahdaşı, çavuş Eyvaz Tağıyev bildirir ki, cəmi 23 yaşı olan, amma təcrübəsi ilə hamımızı həmişə heyrətləndirən Füzulinin gətirdiyi kəşfiyyat xəbərləri nəinki əsgərlərimizi qoruyurdu, həmçinin düşmənlərin də itki verməsinə və geri çəkilməsinə şərait yaradırdı: “Ermənilərin Novruzlu kəndinə hücum edəcəyi haqqında xəbər eşidən komandanlıq həmin gecə Füzulini kəşfiyyata göndərdi. Hamımız həyəcanla onun geri dönüşünü gözləyirdik. Aradan 2-3 saat keçdikdən sonra o geri döndü və bir başa komandanlığa erməni ordusunun ağır texnika və canlı qüvvə ilə Novruzluya hücuma keçməyə hazır olduğunu bildirdi. Döyüş əmri verilən kimi silaha sarıldıq. Düşmənin gözləmədiyi tərəfdən ordumuz hücum etdi. Gözlənilməz zərbədən çaş-baş qalmış Ermənistan ordusu itki verərək geri çəkilmək məcburiyyətində qaldı”.

Bəli, həmin gecə Füzuli növbəti kəşfiyyat əməliyyatında olarkən, ermənilərin basdırdığı piyadalar üçün minanın üstünə çıxır. O, minanın partlaması nəticəsində şəhidlik zirvəsinə ucalır. Amma vətənə olan sevgisi, cəsurluğu, zəkası və ləyaqəti ilə dostlarının , silahdaşlarının, tələbə yoldaşlarının, doğmalarının, bir sözlə, onu tanıyanların qəlbinə, yaddaşına özünü əbədi həkk etməyi bacarır.

 

Hüseynov qardaşlarının sonbeşiyi Yaşar

Günümüzün qəhrəmanı Yaşar Hüseynov - O, 1981-ci ildə Ağdam rayon Abdal kəndində Zərnigar və Əhəd Hüseynovların ocağında dünyaya gələn sonbeşik oğuldu . Gözünü açandan , ağlı kəsəndən evlərində döyüşçü görüb. Elə döyüşçü kimi də böyüyüb. Atalar deyib niyyətin hara , mənzilində ora. Yaşar böyüdükcə, ailəsinin, yaxınlarının yurd həsrətini anladıqca hərbçi olmağı düşünüb və hərbçi olub. 20 ildir Azərbaycan Ordusunda xidmətdədir. 2014-2016-cı illərdə baş verən döyüşlərdə Xüsusi Təyinatlı kimi yaxından iştirak edib. Hətta 2014-cü ilin avqust əməliyyatında yaralanıb. 4 günlük Aprel döyüşlərində də xüsusi fəallığı ilə seçilənlərdən olub. Ən böyük arzularından biri doğulduğu kəndə, beşinci sinifə qədər oxuduğu məktəbə getmək olan Baş gizirə Vətən Müharibəsində iştirak etmək də qismət olub.

Şuşaya ilk bayrağı sancan və 28 ildən sonra Gövhərağa məscidində azan oxuyan əsgərimiz Yaşar Hüseynovun həmin görüntüləri sosial şəbəkələrdə yayılanda yurd həsrətində olan, Azərbaycan Ordusunun qüdrətini anlayan hər kəs o süjeti kövrələ-kövrələ, sevinc göz yaşları ilə izlədi. Həmin tarixi kadrlar haqqında mediaya açıqlama verən Y. Hüseynov bildirib ki, II Qarabağ müharibəsində əvvəl gündən döyüşə atılıb: “9 oktyabrda yaralandım və buna baxmayaraq xidmətə qayıtdım. Komandirimiz Gündüz müəllimlə Cocuq Mərcalıdan hərəkətə başlayanda arzumuz var idi ki, Şuşaya gedib salamat çıxaq, bayraq taxaq və bir yerdə azan verək. Şuşaya düşmənin gözləmədiyi istiqamətdən girdik. Onlar bizi Laçın və Xankəndi istiqamətindən gözləyirdi, amma biz bunu bildiyimiz üçün hücum istiqamətimizi dəyişdik. Şükür Allaha ki, biz buna nail olduq. Komandanlığın rəhbərliyi altında Şuşaya girib düşməni şəhərdən təmizlədik və noyabrın 8-də Şuşa şəhərində icra hakimiyyətinin binasına çıxaraq Qondarma Dağlıq Qarabağ “respublika”sının bayrağını yerə atıb, öz bayrağımızı orda sancdıq və azan verdik. Bu hissləri sözlə ifadə edə bilmirəm, möhtəşəm bir hiss idi. Hətta azan verəndə məni ağlamaq tutdu, amma özümü zorla ələ aldım. Azandan sonra dövlət himnimiz səsləndi”.

Baş Gizir Yaşar Hüseynov ailəlidir, 2 övladı var. Bəli, canında, qanında qəhrəmanlıq, cəsurluq, qorxmazlıq olan bir şəcərə hər zaman xalqın hörmət və ehtiramına layiqdi.

 

Onun bu igidliyi Ali Baş komandan tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə qiymətləndirildi.

 

Əntiqə Rəşid

“Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri