adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Yanvar 2021 14:59
126965
MƏDƏNİYYƏT
A- A+

Azad Qarabağda turizm potensialı:Təbiəti, tarixi abidələri, müalicə mərkəzləri...

Mən qarabağlıyam! Dünyanın ən gözəl və ecazkar guşəsi, dünyanın ən qiymətli təbii sərvətlərinə, dünyanın ən qədim tarixinə məskən olan Qarabağdan! Bir dəfə Qarabağ üçün qəlbimin yanıb-qovrulduğu günlərdən biri idi və həmin vaxt təsadüfən əlimə bir məqalə düşdü. Məqalədə tanınmış yazıçı Aqil Abbasın yurdumuz haqqında fikirləri yanan ürəyimi bir daha yandırdı. A. Abbas yazırdı:“ Mən həyat yoldaşım İradəylə birlikdə dünyanın çox yerlərini görmüşəm. İsveçrəni də görmüşəm, Alp Dağlarını da. Alp Dağları Qarabağın yanında heç nədir. Qarabağ kimi gözəllik bu dünyada yoxdur”. Həmin günü yuxum ərşə çəkildi, xəyallarım kükrədi, 28 il üzünə həsrət qaldığım, o zümzüməli bulaqları, çağlayan şəlalələri, gurultusunda ağız deyəni qulaq eşitməyən dağ çaylarını, yamyaşıl meşələri, “Xanlıq” xalçası kimi minbir rəngə çalan çəmənləri yaddaşımda yenidən çanlandı.

Bəli, bizim üçün yaşamalı-ölməli, turistlər üçün isə gəzməli, görməli, bilgi toplamalı, istirahət etməli, haqqında xatirələr yazılmalı məkandı Qarabağ!

Qarabağın təbiəti

Atam “Kamaz” sürücüsü idi. Bu səbəbdən tez-tez bizi götürüb dağlara –gəzməyə aparardı. Ona görə də, Qarabağın gəzmədiyim bir köşəsi qalmamışdı. Yay tətilimin keçdiyi Kəlbəcər rayonu nəinki Azərbaycanın, eləcə də, dünyanın heç bir köşəsinə bənzəmir . Yay yeni başlayanda aran kəndləri malını-heyvanını, ailəsini götürüb Taxtabaşına köçürdülər. Sünbüllü, Gülnazoğlu, Qərvənd , Hacı Pənahın, Buzxana, Boğaz, Gicitkanlı, Çala , Şurabad, Çullu, Solaxayıçala , Köhnə binələr, Mahmudun yurdu, Məndilin yurdu, Səlim bəyin yurdu, Ləzgi və digər yurdlar, birlikdə Taxtabaşı yaylağı adlanırdı. “Zülfüqarlı İstisuyu” , “Böyük isti su” aran əhalisinin ən çox getdiyi yerlər olardı.

İşğaldan əvvəl Şuşaya təşrif buyuran turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz və əsrarəngiz təbiətə malik Cıdır düzü idi. Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə "Üçmıx" adı verilib. Cıdır düzündə hər il may ayında "Xarı-bülbül" mahnı festivalları keçirilirdi. Rus rəssamı V.Vereşşagin Şuşa barədə belə yazmışdır: "Onun evləri düzgün formalı qəşəng və hündürdür, çoxsaylı qəşəng pəncərələrdən evlərə işıq düşür. Şəhər qayalar üzərində yerləşir və elə həmin qayalardan çıxarılan daşlardan tikilmişdir. Bütün küçələrə enli plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir". Ümumiyyətlə, Şuşa şəhər arxitekturası, tikilmiş hər ev bir sənət əsəridir və şəhərin təbii gözəlliklərinə bir qatqıdır.

Laçın rayonunun unikallığı o idi ki, 1 saatın içərisində hava bir neçə təbə düşürdü. Gün işıldadığı anda qəflətən duman gəlir, duman çəkiləndə isə qara, zəhmli buludlar göyün üzünə yayılardı. O anda elə bir yağış başlardı ki...

Bakıdan cəmi 505 km uzaqda olan, dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşən Laçının Minkənd kəndi yay fəslini ən az yaşayan bölgəmizdi. Azərbaycanın aran rayonlarında havanın tempraturu 43-45 dərəcə isti olanda Minkənddə havanın temptaturu 15-18 dərəcə olur. Ərazisindən Həkəri və Bərgüşad çayları axan Qubadlı da, Bəsitçay hövzəsində yerləşən təbii çinar meşəsi sahəsinə görə, dünyada ən böyük çinar meşəsi olan Zəngilan da adıgedən rayonlardan geridə qalmır. 104 kəhriz və 99 bulağı olan Cəbrayılın, Araz çayı boyunca İranla həmsərhəd olan Füzulinin, aran və dağlıq hissəyə malik olan Ağdamın gözəlliklərini duymaq üçün ən azı bir dəfə o yerlərdə olmaq yetər.

Qarabağın tarixi abidələri və məkanları

Qarabağın təbiəti ibtidai insanların yaşaması üçün əlverişli olduğuna görə, bu yerdə qədim insan məskənləri mövcuddur. Bir dəfə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovla müsahibəmdə o bildirdi ki, İşğal edilmiş ərazilərdə təxminən 4500 abidə aşkar edilib. Bəli, bütün dünyaya da məlumdur ki, Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biridir. 2 mln il yaşı olan Azığ düşərgəsi insanlarının yaşadığı ərazidir. Qarabağ ərazisi paleolit dövrünün Quruçay mədəniyyəti yaradıcılarının Tunc və Dəmir dövründə mövcud olan və bir-birini əvəz edən Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir. Qarabağın dağlıq və düzən hissəsində aşkar edilmiş qədim daş abidələr-Xocalıdakı dolmenlər, Xankəndindəki kromlexlər, eləcə də, Qarabağın müxtəlif yerlərindən aşkar edilmiş antik dövrə aid daş qutu qəbirlər həmin dövrün ideologiyasını-mənəvi düşüncə əks etdirən maddi mədəniyyət nişanələridir. Qarabağ tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. 60-cı illərdə təsərrüfat işləri zamanı xeyli küp qəbirlər (küb qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV -II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir.

Qarabağın təbii möcüzələri və sağlamlıq ocaqları

Hələ 1138-ci ildə Kəlbəcərdə zəlzələ zamanı yerin çatlaması nəticəsində İstisu mineral bulaqları əmələ gəlib. El arasında “Böyük istu su” və “Zülfiqarlı İsti suyu” daha çox məşhurdu. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular Çexiyanın məşhur olan Karlovı-Varı bulaqlarının eynisi olsa da, bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir. Bir sözlə, Kəlbəcər İstisuyu və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. Təbii sərvətlərlə zəngin olan Laçında Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.

Bir dəfə Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Romik Məhərrəmovdan müsahibə alarkən, o, Şuşanın respublikada turizm üçün ən unikal məkan olduğunu söylədi:” Şuşa dəniz səviyyəsindən 1160–1210 m yüksəklikdə yerləşdiyinə, havasının , suyunun minbir dərdə dərman olması səhhətində problem olanları da bura cəlb edib. Şuşanın sanatoriya və kurortları keçmiş sovet məkanında -Baltikyanı respublikalarda, eləcədə Avropa ölkələrindən üstün olub və özünəməxsusluğu ilə seçilib. Əsrarəngiz təbiətinə görə, bu yerlərə güclü turizm axınını olub. Şuşa kurortunun əsası 1941-1945 -ci il ildə qoyulsada inkişafı müharibədən sonra başlayıb. 1969-cu ildə “Narzan” tipli karbohidratlı Şırlan mineral suyu 30 km. məsafədən çətin dağ yolları ilə Şuşa şəhərinə gətirilib. Şuşa kurortunda tənəffüs yolları,, sinir-əsəb , maddələr mübadiləsi, qan azlığı ilə yanaşı mədə-bağırsaq xəstəliklərinin müalicəsi də mümkün olub”.

Baş həkim bunu da vurğulayıb ki, təməli 1939-cu ildə qoyulan ixtisaslaşdırılmış respublika uşaq sanatoriyasında hər il 800-1000 vərəmli uşaq müalicə alırdı:” Şuşa turist bazası isə 1970-ci ildə müstəqil fəaliyyətə başlayıb, sonradan “Şəfa” turist bazasına çevrilib. Əlavə 6 kottec quraşdırılıb və turist bazası əvvəllər il ərzində 6000 nəfər turist qəbul edirdisə, sonra turistlərin illik sayı 11-12 min nəfərə çatırdı”. Yadımdaykən qeyd edim, 1984-cü ildə Şuşa Səyahətlər və Ekskursiyalar bürosu, 1990-cı ildə Zamanpəyə kəndi yaxınlığında 8 kottecdən ibarər 120 nəfərlik “Soyuqbulaq” turist bazası açıldı. Ümumiyyətlə, Qarabağ bölgəsi turizm üçün potensial gücə malik bir ərazidir.

Zənnimcə, Müzəffər Azərbaycan Ordusunun böyük Qələbəsindən sonra başlanacaq tikinti-quruculuq işlərini sürətləndirmək, turizmin bütün növləri üzrə turların reallaşdırılmasına tələsmək lazımdır.

Əntiqə Rəşid