adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Yanvar 2021 11:59
76607
MƏMLƏKƏT
A- A+

 20 Yanvar şəhidlərinin xatirəsi ehtiram və qürurla yad edildi - Ağdamdan FOTOLAR

Bu gün Qanlı Yanvar faciəsindən 31 il ötür. Bu müddət ərzində şəhidlərin qəhrəmanlığı zamanın qan yaddaşına köçüb, məzarları xalqımızın and yerinə çevrilərək xatirələri ehtiramla yad olunur. Şəhidlərimiz 31 ildir ki, nəinki Azərbaycan vətəndaşları, eyni zamanda yaxın-uzaq ellərdə yaşayan bütün soydaşlarımız tərəfindən ehtiramla anılır.. 

Adalet.az saytı xəbər verir ki, Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçənlər  Ağdam rayonunda da  sevgi və ehtiramla yad edilir. Başda Ağdam icra hakimiyyətinin başçısı Vaqif Həsənov olmaqla rayon infrastruktur rəhbərləri, şəhid ailələrinin üzvləri ,  ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri anım mərasimində iştirak etdilər. Tədbir ulu öndər Heydər Əliyevin abidə kompleksinin ziyarəti ilə başladı. Sonra  rayonun girişində Şəhidlər Xiyabanı abidə kompleksinə gül-çiçək dəstələri düzülməklə davam etdi. Daha sonra Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin məzarları ziyarət olundu. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ruhuna dualar oxundu.

 

Qeyd edək ki, keçmiş sovet dövlətinin hərb maşınının 1990-cı il 20 yanvar tarixində  Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. O qanlı gecədə milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Lakin sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmadı. Bu yolda şəhidlər verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşdu. Azərbaycan tarixinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq..
 

XÜSUSİ QEYD: Bu dəfəki anım mərasimi əvvəlki illərdə baş tutan mərasimlər kimi göz yaşı ilə keçmədi! Tədbirdə hər kəsin simasında kədərlə bərabər bir qürur hissi də vardı. Azərbaycan Ordusunun misilsiz qələbəsi Azərbaycanın şəhid yarasına önəmli bir məlhəm oldu! 

20 yanvar şəhidlərimizində qisasını alan Azərbaycanın Müzəffər Ordusuna eşq olsun! Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 Əntiqə Rəşid