SON DƏQİQƏ:

“Ənənəvi təhsili heç nə əvəz edə bilməz” - MÜSAHİBƏ

  55253   |  
Şriftin ölçüsü  

“Onlayn təhsil nə qədər yaxşı olsa da, nə qədər bu cür təhsil üçün şərait yaradılsa da, bu müəyyən həyati bacarıqların, elə sosiallaşmanın özünün qarşısını alır. Onlayn təhsil daha çox öyrənməyi öyrənə bilən şagirdlər üçündür. Daha çox tələbələr, yuxarı sinif şagirdləri üçün uyğun gələ bilər bu təhsil. İbtidai sinif üçün bu təhsili bir o qədər də uğurlu hesab etmirəm”. “Ədalət” qəzetinin qonağı Tofiq İsmayılov adına 6 №-li məktəb-liseyin direktoru, Əməkdar müəllim Gülşən xanım Orucovadır.

-Artıq 1 ilə yaxın müddətdir ki, onlayn təhsil davam edir. Təbii ki, ənənəvi təhsillə onlayn təhsil arasında fərqlər də özünü göstərdi. Siz bunu necə müşahidə etdiniz?

-Onlayn təhsil aydın məsələdir ki, zərurətdən irəli gəldi. Yəni məcbur idi ki, onlayn təhsilə keçdik. Pandemiya elan olunduğu dövrdə şagirdlərin təhsildən uzaqlaşması prosesi baş verirdi. Bunun qarşısını almaq üçün teledərslərə, sonradan isə “Zoom”, “Teams” proqramları vasitəsilə onlayn dərslərə keçid oldu. Onlayn təhsil proses ərzində qazanılan təcrübənin nəticəsi oldu. İlk olaraq onlayn təhsil narazılıqla qarşılanırdı. Amma sonradan təcrübənin qazanılması uşaqların təhsildən qalmasının qarşısını aldı. Artıq 1 ilə yaxın müddətdir ki, şagirdlər distant təhsildən bəhrələnirlər. Deyərdim ki, qazanılan təcrübə zaman keçdikcə daha da təkmilləşir. Bir şeyi də vurğulayım, onlayn təhsil nə qədər yaxşı olsa da, nə qədər bu cür təhsil üçün şərait yaradılsa da, bu müəyyən həyati bacarıqların, elə sosiallaşmanın özünün qarşısını alır. Ənənəvi təhsili heç nə əvəz edə bilməz. Onlayn təhsil daha çox öyrənməyi öyrənə bilən şagirdlər üçündür. Daha çox tələbələr, yuxarı sinif şagirdləri üçün uyğun gələ bilər bu təhsil. İbtidai sinif üçün bu təhsili bir o qədər də uğurlu hesab etmirəm.

-İbtidai sinifdə şagirdlər müəllimdən öyrənirlər. Məktəbə adaptasiya da məhz bu dövrdən başlayır. Həmin dövrdə şagirdlərin müəllimlə birbaşa təmasda olmaması təbii ki, onların emosional-psixoloji vəziyyətlərinə də təsir edir...

-Onlayn təhsilin zərərlərinin ən çox hiss olunduğu ibtidai sinif şagirdləridir. Xüsusilə də, 1-ci sinif şagirdləri. Müəllimi tanımayan, məktəb mühiti ilə tanış olmayan, heç bir bacarığa yiyələnməyən şagird birdən-birə komputer qarşısında oturub müəyyən komandaları həyata keçirməlidir. Bu, həqiqətən də, çox çətindir. Etiraf edək ki, valideynlər heç də həmişə müəllimin öyrədə biləcəklərini övladlarına aşılaya bilmirlər. 1-ci sinifdə riyazi yazı qaydaları, hüsnü-xətt qayları var ki, müəllim şagirdin əlindən tutub öyrədir. Bunu komputer vasitəsilə heç cür etmək olmaz.

“Ən gözəl tərbiyə şəxsi nümunədir”

Onlayn təhsildə məni narahat edən bir məqam var, bu nədən ibarətdir? Hazırda 1-ci yarımil üzrə qiymətləndirilmə aparılır. Bunun isə obyektivliyinə heç kim zəmanət verə bilmir. Biz hər zaman demişik ki, ən gözəl tərbiyə şəxsi nümunədir. Əfsuslar olsun ki, bəzi valideynlər uşaqlarını yalana, aldatmağa, real göstəricini gizlətməyə yönəldirlər. Sonra da şikayətlənirlər ki, mənim uşağımda bu yalan haradan əmələ gəldi? Söhbət ondan gedir ki, onlayn qiymətləndirmə zamanı valideynlərin uşaqlara kömək etməsi, nənələrin, babaların stolun yanından uşağa nələrisə deməsi, sualların cavablandırılması şagirddə belə bir təsəvvür formalaşdırır ki, müəllimi aldatmaq olar. Bax bu məni ən çox narahat edən amillərdən biridir. Hər şeyi düzəltmək olar, bir tək yalandan başqa.

Düşünürəm ki, onlayn dərslər həmişə lazım olacaq. Niyə? Fors-major hallar hər zaman var. Şagird xəstələnə bilər, onun təhsildən ayrılmaması üçün onlayn təhsil olmalıdır. Demirəm ki, kütləvi şəkildə, amma müəyyən situasiyalarda onlayn təhsilə ehtiyac var.

İnşaAllah ki, pandemiya bitsin və ənənəvi təhsilə qayıdaq. Ənənəvi təhsilin əsas göstəricisini bizə bu qələbəni qazandıran əsgərlərimizin simasında gördük. Birliyin, Vətənpərvərliyin əsasını Azərbaycan təhsili təşkil edir. Torpaq üzü görməyən əsgərlər canlarından, qanlarından keçdilər. Allah Şəhidlərimizə rəhmət eləsin.

-Amin. Allah Şəhidlərimizə rəhmət eləsin. Sizə belə bir sual da vermək istəyirəm. Onlayn təhsil zamanı dərs prosesindən kənarda qalanlar da oldu. Sizin məktəbdə bu hal müşahidə olundumu?

-Mərkəzi məktəb olduğuna, təşkilatçılıq məktəbimizdə yüksək səviyyədə olduğuna görə təhsildən yayınanlara rast gəlməsək da, qiymətləndirmədə iştirak etməyən şagirdlərimiz oldu. Təhsil Nazirliyindən bizə təqdim olunan qaydalara əsasən biz həmin şagirdləri sıfır balla qiymətləndirdik və onlara 1 ay müddətində yenidən qiymətləndirmədə iştirak etmək imkanı verildi. Həmin şagirdlər qiymətləndirilmədə iştirak etməlidirlər ki, onların 1-ci yarımil üçün nəticələri bəlli olsun.

-Mən sizə təşəkkür edirəm ki, dəvətimi qəbul etdiniz. Çox minnətdaram, Gülşən xanım.

-Mən sizə təşəkkür edirəm.

Rövşən Tahir

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 25 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK