adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Böyük yolun başlanğıcı

MEHMAN CAVADOĞLU
73385 | 2021-02-01 18:27

Yanvarın 30-da işğaldan azad olunmuş Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. 10 noyabrda qəbul olunmuş üçtərəfli bəyanatda atəşkəsə nəzarət üçün belə bir sülhməramlı mərkəzin yaradlacağı öz əksini tapsa da, onun mexanizmi və formatı haqqında konkret bir söz deyilmirdi. Sənəddə sadəcə olaraq göstərilirdi ki, “münaqişə tərəfləri tərəfindən razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək məqsədi ilə sülhməramlı mərkəz yerləşdirilir”.

Sonradan bunun türklərlə rusların yaradacağı ortaq bir mərkəz olacağı hər iki ölkənin ən yüksək səviyyəli rəsmiləri tərəfindən açıqlansa da, əvvəl-əvvəl iş düyünə düşmüş kimi görünürdü. Mərkəzin “gələn həftə”, “ayın əvvəlində”, “ayın sonunda” fəaliyyətə başlayacağı haqqında KİV-ləri başına götürmüş anonslara rəğmən məsələ acı bağırsaq kimi uzandığına görə bağlı qapılar arxasında çox ağır danışıqların getdiyini təxmin eləmək çətin deyildi. Çünki söhbət sıradan bir müşahidə məntəsindən yox, böyük  geopolitik hadisədən, bir NATO dövlətinin bölgəyə rəsmi girişindən gedirdi. Bu məhz geosiyasi amilə görə elə həssas bir məqamdır ki, artıq hərbi kontingentin sayının məhdudluğu da, missiyasının humanitarlığı da onun mahiyyətini kiçiltmək gücündə deyildi.

Özünü bütün rus çarları və imperatorlarının, kommunist liderlərinin, bir sözlə, onu bilavasitə Rusiya dövlətinin başında oturtmuş Yeltsindən başqa az qala, hamının varisi sayan V. Putinin 2007-ci ildə söylədiyi məşhur Münhen nitqiylə dünyanı faktiki olaraq yenidən soyuq müharibə dövrünə qaytarmasının başlıca səbəbi də elə bu NATO, daha dəqiq desək, onun durmadan Şərqə doğru genişləndirilməsi amiliydi. İndisə NATO Şərqə doğru onun öz razılığı və imzasıyla genişlənirdi. 

Doğrudur, bu, Rusiyanın Türkiyə ilə ilk sıx hərbi əməkdaşlıq formatı deyildi. Təbii ki, söhbət S-400 “Triumf” zenit-raket sisremlərinin alqı-satqısı kimi NATO-nun kuluarlarında böyük səs-küy doğuran bir layihənin gerçəkləşdirilməsindən yox, Suriya ilə bu gün də davam eləyən birgə müşahidə missiyasının qurulmasından gedir. Amma Putin Suruyanı Rusiyanın sovetdən qalma “halal müstəmləkəsi” saysa da, onu Cənubi Qafqaz qədər “özününkü” hesab eləmir. Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş vermiş və faktiki olaraq Cənubi Osetiya ilə Abxaziyanın öz müstəqilliklərini elan eləməsiylə (oxu: Rusiyanın tərkibinə keçməsiylə) başa çatan “beş günlük müharibə” də rəsmi Tiflisin vaxtsız NATO ritorikası ucbatındandan baş vermişdi. Şimali Atlantika alyansına üzv olmaqla bağlı parlamentin yekdilliklə çıxardığı qərardan sonra keçirilən referendumda əhalinin də 77 faizinin buna səs verməsi Kremlin səbr kasasını daşdırmışdı. Hərçənd, NATO-nun təsəvvür edildiyindən xeyli astagəl qurum olması, onun bu cür impulisiv və vaxtsız qərarlarla genişlənmədiyi heç kimə sirr deyildi. 

Təbii ki, bu gün Türkiyə  Azərbaycana NATO üzvü kimi və yaxud qurumun hər hansı gizli-açıq xeyir-duasıyla yox, Rusiya ilə  anlaşma çərçivəsində gəlib. Onun bu gəlişindən bəlkə də ən çox narahat olan elə alyansın özü, xüsusilə onun aparıcı ölkələridi. Üstəlik, qardaş ölkənin heç həmin qurumun daxilində də işləri rəvan getmir, hər fürsətdə dışlanır, sıxma-boğmaya salınır, hətta məsələ müttəfiqlərinin sanksiyasına məruz qalmaq dərəcəsində absurda çatır. Bütün bunlara baxmayaraq bir NATO dövlətinin Azərbaycanda rəsmi missiya ilə hətta simvolik mövcudluğu belə 44 günlük müharibədə möhtəşəm bir qələbəyə imza atmış rəsmi Bakının həm də böyük diplomatik qələbəsidi. 

Əslində, Rusiyanın özü də bu gəlişdən məmnun deyildi, onun sadəcə, məcburiyyət üzündən, artıq tam qələbənin beş addımlığında olan Azərbaycanı atəşkəsə razı salmaq üçün belə bir anlaşmaya getməsi daha ağlabatan versiya kimi görünür. Rus qoşunlarının atəşkəslə bağlı imzalanan üçtərəfli bəyanatın mürəkkəbi qurumamış, elə gecəykən münaqişə bölgəsinə daşınmasına rəğmən Monitorinq Mərkəzinin iki ay yarımdan sonra təşkil edilməsi də bu versiyanı xeyli gücləndirir. Mərkəz üçün yer axtarılması, tapılması, tikintisi, nə bilim, tərkibi, mandatı barədə müharibənin özündən uzun çəkən müzakirələr də göstərir ki, Kreml hər vəchlə məsələni gündəmdən çıxarmağa çalışırmış. Nə qədər ki, atəşkəs sazişinin imzalanması ərəfəsindəki gərgin günlərdə və saatlarda, eləcə də sonrakı mərhələdə gedən danışıqların üstünə çəkilmiş qalın sirr pərdəsi götürülməyib, bütün bunlar ehtimal olaraq qalacaq, uzun-uzadı vurnuxmaların dəqiq səbəblərini prosesin iştirakçılarından başqa heç kim bilməyəcək. 

Türkiyənin Monitorinq Mərkəzində iştirakına nail olmağımız türk əsgərinin Azərbaycanda rəsmi mövcudluğu yuxarıda da söylədiyimiz kimi diplomatik qələbədi. Böyük yolun başlanğıcıdı. Bundan əlavə, hazırda münaqişə bölgəsində sülhü təmin edən ölkənin erməni sevdalı olması heç kimə sirr deyil. Bunu təkcə 30 ilin acı təcrübəsinə görə demirik, həmin ölkənin ən müxtəlif səviyyəli rəsmi şəxsləri elə indinin özündə də bunu hər addımbaşı nümayiş etdirməkdən, hətta açıq-aşkar dilə gətirməkdən belə çəkinmirlər. Mandatı və statusu Putindən başqa heç kimə, hətta missiyanın rəhbərinə də məlum olmayan sülhməramlılar da həmin ab-havayla hərəkət eləyir, özlərini daha çox, hətta lazım olduğundan da qat-qat çox ermənilərin havadarları kimi aparırlar. Bir sözlə, türk əsgərləri olmasaydı Minsk qrupunun həmsədr ölkələri arasında təklənmiş duruma düşmüş Azərbaycan yenə də eyni aqibətlə üzləşəcəkdi. 

Məlumdu ki, BMT- nin birmənalı mövqeyinə rəğmən həmsədr ölkələrin danışıqlar prosesindəki əsas məramı əsla münaqişənin beynəlxalq hüquq normalarına uyğun həlli deyildi. Kameralar qarşısında nə deyilməsindən asılı olmayaraq, məqsəd prosesi sonsuzluğa qədər uzadaraq Azərbaycanı təslimçiliyə sürükləmək və işğalı rəsmiləşdirmək idi. Müxtəlif sülh platformalarına qucaq-qucaq pul xərclənən pullar bu məqsədə xidmət edirdi. Ən qəribəsi sülh carçılarının öz arqumentlərini müharibə partiyasına xas çox sadə bir formulla əsaslandırırmalarıydı: “Siz müharibəni uduzduğunuz üçün reallıqla barışmalısınız”. Bunu bərkdən deməsələr də, hər fürsətdə eyham vurmaqdan çəkinmirdilər. 

İndi məlum olur ki, uzun illərdi bu mandat çərçivəsində  aparılan danışıqların nəticəsində formalaşmış, təxminən bir-birinin təkrar eləyən, sadəcə, həmsədr ölkələrin daxili rəqabətinin nəticəsi olaraq fərqli epitetlərlə təqdim olunan və ayrı-ayrı detalları ütülü şəkildə mətbuata sızdırılan Madrid və ya Kazan prinsipləri təsəvvür edildiyindən də qat-qat biabırçı bir sənəd imiş. Bu günlərdə Rusiyanın keçmiş daxili işlər naziri, hazırda təhlükəsizlik şurasında Putinin müavini vəzifəsində çalışan Rəşid Nurqaliyev ermənilərin antirus həmlələrinə cavab olaraq həmin danışıqların indiyə qədər sirr kimi saxlanan ən xırda detallarını da açıqlayıb. Məlum olub ki, məsələ heç də ictimaiyyətə sırınan “beş rayon, sonra iki rayon, daha sonra referendum” kimi sadə formul ətrafında getmirmiş. Bütün detallara varmadan bircə onu deyək ki, həmin planda Azərbaycanın ərazi bütövlüyü, qaçqınların qayıdışı və s. məsələlərin heç adı çəkilmirmiş. Təsəvvür edin ki, ermənilər bu variantla da razılaşmırmış. Bəs,  həmsədrlər bütün bunları bilə-bilə hətta ən məğlub durumda olduğu vaxtlarda belə bir qarış torpağını heç kimə güzəştə getməyəcəyini dəfələrlə bəyan eləmiş Azərbaycanı, artıq qalib Azərbaycanı indi hansı üzlə bu qədər destruktiv, həyasız mövqe sərgiləyən ermənilərlə yenidən danışıq masası arxasına qaytarmaq istəyirlər? 
Mövzudan qismən yayınmağımızın əsas səbəbi odur ki, artıq “status” kimi Minsk qrupunun da tarixin arxivinə gömülmək vaxtı çatıb və növbəti mərhələdə prosesin ağırlıq mərkəzi heç sübhəsiz, bölgədə yaranmış yeni hərbi-siyasi reallıqların üzərinə köklənməlidi. Bu situasiyada isə müşahidə müssiyasında türk əsgərinin iştirakı ikiqat əhəmiyyət kəsb edir. Rusiyanın açıq tərəfkeşliyi şəraitində təkcə münaqişə tərəflərinin atəşkəsə necə əməl eləməsi yox, həm də atəşkəsin qarantı olan sülhməramlıların özlərini necə aparması məsələsi aktuallaşır ki, burda da türklərin əvəzsiz rolunun nədən ibarər olmasını söyləməyə ehtiyac qalmır.

Azərbaycanın 44 günlük müharibədə qazandığı möhtəşəm qələbə bölgədə yeni əməkdaşlıq perspektivləri açdı. İstər 30 illik işğal dövründə, istərsə də  son müharibənin gedişində ona qarşı çıxanlar, açıq düşmənçilik mövqeyində dayananlar, istərsə də gözləmə mövqeyi tutanlar erməni vandallarının xarabazarlığa çevirdikləri ərazilərdə açılan investisiya imkanlarından pay almaq, yeni geopolitik imkanlardan yararlanmaq üçün artıq bölgəyə axışmağa başlayıblar. Bir sözlə, hamı kabab iyinə gəlir. Qoy olsun. Bütün umu-küsülər geridə qalsın. Amma unutmayaq ki, bu investisiya piroqundan ən böyük pay heç şübhəsiz, ona ən çox haqqı çatan, müstəqillik illərinin bütün çətin anlarında daim qan qardaşlarının yanında duran, onun təmənnasız hayanı olan  Türkiyəyə çatmalıdır.

M. Cavadoğlu 
 

TƏQVİM / ARXİV