adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: CAMAATA ZÜLM ELƏMƏYİN...

FAİQ QİSMƏTOĞLU
56571 | 2021-02-03 12:16

Açın, metronu!

 

Çoxlarımız deyirdik ki, balam, bu sərt karantin rejimi götürülsün, məktəblər, ali təhsil ocaqları, iş yerləri fəaliyyətə başlasın! Deməyinə düz deyirdilər ey. Çünki nə vaxta qədər məktəblilər onlayn vasitəsilə təhsil alacaqdı və iş yerlərinin də ağzı bağlı qalacaqdı. Və bir də axı insanlar evdə oturmaqdan, işsizlikdən və bekarçılıqdan beziblər axı.

İş yerlərinin və məktəblərin açılmasıyla çoxları ən azı psixoloji gərginlikdən və sıxıntıdan çıxdılar. Və gün o gün olsun ki, iri ticarət mərkəzləri, mollar işləsin. Zarafat deyil ey, düz bir ilə yaxındır ki, iri ticarət mərkəzlərinin və molların ağzı günə qalıb. Düz bir ilə yaxındır ki, həmin ticarət mərkəzlərində işləyən insanlar ailəsinə, evinə çörəkpulu apara bilmir, bekarçılıqdan və işsizlikdən təngə gəliblər.

Heç olmasa məktəblərin və kiçik iş yerlərinin açılması bu sıxıntını az da olsa aradan qaldırır, insanlarda sabaha inamı bir qədər də artır. Bunlar hamısı çox gözəl! Bizim bir orta məktəb müəllimimiz vardı – Balaca müəllim!

Rəhmətlik deyərdi ki, yaxşı danışdın. Çox gözəl, çox pakizə! İndi de görüm, keçən dəfəki dərs yadında qalıb, ya yox! Biz də coğrafiyanı əzbərləyərdik. Xala xətrin qalmasın, hansı mövzunu hazırlaşırdıqsa onu danışa bilirdik. O biri mövzular isə yadımızdan çıxırdı. Və bunu rəhmətlik Balaca müəllim yaxşı bilirdi. Və tez-tez də xatırladırdı ki, mən sizi ruhdan salmamaq üçün “5” yazıram. Ancaq siz də nə özünüzü, nə də məni aldatmayın. Bütün dərsləri və mövzuları yaxşı oxuyun. Təbii ki, biz də sevimli müəllimimizin nəsihətindən ibrət götürürdük və qüsurlarımızı təkrarlamırdıq.

İndi rəhmətlik Balaca müəllimin sözü olmasın, bunlar çox gözəl, çox pakizə! Ay hörmətli Nazirlər Kabinetinin Operativ Qərargahı! Bir qərarı verməmişdən öncə onun mənfi fəsadlarını da nəzərə alın. Ancaq təəssüf ki, bunu çox vaxt nəzərə almırsınız. Çox uzağa getməyək, fevralın 1-dən çıxardığınız yeni qərar qüvvəyə minib. Yəni məktəblər və digər iş yerləri fəaliyyətə başlayıb. Siz heç bilirsiniz, səhər, günorta, axşam saatlarında avtobuslardan istifadə edən sərnişinlər hansı zülmü çəkirlər?

Siz özünüz deyirsiniz ki, ara məsafəsi saxlayın. Özünüz deyirsiniz və özünüz də dediklərinizə şərait yaratmırsınız. İndi biz bir-bir deyək, siz də kömək eləməsəniz, heç olmasa, eşidin: metronun “Əhmədli” stansiyasından “20 Yanvar”a işləyən M-1, M-2 avtobusları və eləcə də “Gənclik” stansiyasına qədər hərəkət edən M-1A marşrutunda fevralın 1-dən ayaqüstə durmaq mümkün deyil. Yenə fevralın 1-dən əvvəl həmin marşrutlarda sərnişinlər birtəhər ayaqüstə dayana bilirdilər. Amma fevralın 1-dən burda sərnişinlərə ayaqüstə durmaq da mümkün olmayıb. Üstəlik də yaşlı və xəstə adamlar saatlarla avtobusda ayaqüstə dura bilmirlər. Bax, bu gün mən (yəni fevralın 3-də) metronun “Xalqlar dostluğu” stansiyasından “Gənclik”ə qədər M-1A avtobusunda getdim. İçəridə adam əlindən tərpənmək mümkün deyildi. Səhhətimdə problem olduğu üçün heç mən basabas olan avtobusa minməli deyiləm. Ancaq Allah adamın əlacını kəsəndə hansı addımı desən ata bilir.

İçəridə havasızlıqdan ürəyim sıxılırdı. Bunu görən orta yaşlı bir adam qolumdan yapışdı və əyləşənlərdən birinə dedi ki, bu kişinin vəziyyəti ağırlaşıb, qalx, otursun! O orta yaşlı adam da sağ olsin, ayağa qalxdı və mənə yer verdi. Sonra da bir xanım cibindən dərman çıxarıb mənə uzatdı. Dedim ki, çox sağ ol, evdən çıxanda bütün dərmanlarımı atmışam. Əlimi çantama aparıb ürək dərmanlarından birini çıxararaq qəbul elədim. Bir qədər sakitləşdim. Amma mənim kimi o avtobusda neçə-neçə yaşlı və xəstə adamlar vardı. Onların nələr çəkdiyini bir mən bilirdim, bir də həmin adamlar.

Görəsən, heç olmasa bu qərarları qəbul edən Operativ Qərargahın üzvləri çox yox, bir dəfə belə basabas yaranmış avtobuslara miniblər, ya yox?! Qoy bunlara həmin məsul şəxslərin özləri cavab versinlər. Amma nə mən, nə də hörmətli oxucularımız inanmazlar ki, Operativ

Qərargahın üzvləri nəinki basabas yaranmış avtobuslara, heç oturacaqları dolmayan marşruta da minməzlər. Çünki onların hər birinin xidməti və şəxsi avtomobilləri var. Belə bir deyim var: “Sənin dərdini o adam başa düşər ki, onun da dərdi olsun”. İndi hörmətli Operativ Qərargahın üzvləri hardan biləcəklər ki, Bakıda fevralın 1-dən sonra avtobuslara minən sərnişinlər hansı çətin anlar yaşayırlar.

Biz demirik ki, Operativ Qərargah hər adama bir avtobus, bir avtombil verməlidi. Biz deyirik ki, Operativ Qərargah zəhmət çəkib milyonlarla sərnişini bu sıxıntıdan qurtarmaq üçün metronun açılmasına icazə versin. Əks təqdirdə, bu qərar olmayana qədər hər gün basabas yaranan avtobuslarda koronavirisa yoluxma halları da olacaq, sərnişinlər ayaqüstə bir saat yarım, iki saat getməklə cəhənnəmi gözlərilə görəcəklər.

Bu cür “münbit” şəraitdən istifadə edən taksi sürücüləri də qiymətləri qaldırıb. Yanacağın qiyməti artanda bir çox taksi sürücüləri “Neftçilər” metrostansiyasının yanından “20 Yanvar”a 1 manat 50 qəpiyə gətirirdilər. Fevralın 1-dən isə bu qiymət 2 manata qalxıb. Sözün açığı, 1 manat, 1manat 50 qəpik olanda avtobuslarda basabasa getməkdənsə, o pulu verib taksiylə 20 yanvara gedirdim. Amma 2 manat olandan sonra mənim maddi durumum imkan vermir ki, yenidən taksiyə pul verim və mənzilbaşına yollanım. Onda belə çıxır ki, mən gündə 4-5 manat yolpulu verməliyəm və üstəlik də mənim kimi digər insanlar bu pulu ödəyib harasa getməlidilər. Cüzi maaşla dolanan insanlar Operativ Qərargahın günahı üzündən niyə gündə 4-5 manat ödəməli və üstəlik də avtobusda basabasda getməklə koronavirusa yoluxmalıdır?

Kim bilməsə də, Operativ Qərargah və Bakı Nəqliyyat Agentliyi çox yaxşı bilir ki, Bakıda 3 milyona yaxın sərnişini avtobuslarla rahat mənzilbaşına aparmaq mümkün deyil. Çünki əvvəllər bu sərnişinlərin böyük bir yükü metronun üzərinə düşürdü. Və metroda da heç vaxt indi avtobuslarda olduğu kimi, basabas yaranmırdı. Çünki avtomobil yolunda tıxaclar olsa da, metroda bu, qətiyyən mümkün deyil. Qatarlar tez-tez gəlir və hətta çox vaxt oturacaq yerləri axıra qədər dolmurdu.

Bir neçə faktı da M-1A avtobusu ilə bağlı xatırlamaq istəyirik. Belə ki, “BakBus”un M-1, M-2 və M-2 A avtobusları uzaq məsafələr qət etsə də, metrodan metroya dayanır. Eyni zamanda, köhnə avtobuslardan ibarət olan M-1 A marşrutu isə təəssüf ki, bu qrafiki pozur, harda gəldi avtobusu saxlayır, sərnişin götürür və düşürür. Hətta fevralın 2-də bir neçə sərnişin həmin avtobusların sürücülərinə öz etirazlarını bildirdilər. Sürücü isə camaatın haqlı narazılığına bir söz demədi və susdu.

Ona görə də Bakı Nəqliyyat Agentliyi bu məsələlərə xüsusi diqqət yetirməli, qanunu pozan sahibkarları və sürücüləri məsuliyyətə cəlb eləməlidilər. Əks təqdirdə, bu cür qanun pozuntuları uzun müddət davam edəcək Ümumiyyətlə, Bakı Nəqliyyat Agentliyinin insaf naminə

deyək ki, üzərinə çox ağır yük düşür. Onlar həm öz işlərini görməlidi, həm də işləməyən metronun sərnişinlərini daşımalıdı. Bu isə birmənalı olaraq çox çətin bir vəzifədi. Deyirlər ki, yüz dəfə imam üçün ağlayanda, bir dəfə də yezidi ağlamaq lazımdı. İndi Bakı Nəqliyyat Agentliyinin yükü o qədər ağırdı ki, məlum qurum nə qədər çalışsa da, paytaxtımızda sərnişinlərin mənzilbaşına normal daşınmasını təmin edə bilmir.

Yenə qayıdaq Operativ Qərargahın üzərinə. Və bu qərargah bir çox qərarlarıyla camaata zülm eləyir. O qərarlardan biri də Bakıda metro stansiyalarının işləməməsidir. Hörmətli Operativ Qərargah, bu camaatın əsəbləri ilə oynamayın! Məktəblərə, təhsil ocaqlarına, bir çox iş yerlərinə icazə vermisiniz, zəhmət çəkin, metronun açılmasına da razılıq verin!

Əgər siz koronavirusu bəhanə gətirirsinizsə, bunlara heç də camaat inanmır. Çünki bir avtobusda 50 nəfər əvəzinə 150-200 sərnişin olur. Amma bir metro qatarında uzaqbaşı 40-50 nəfər yol gedir. İndi görün camaat hansı vəziyyətdədir. Əgər tezliklə metronun açılmasına icazə verməsəniz, onda şəhərimizdə sərnişinlərin vəziyyəti daha da ağırlaşacaq, virusa yoluxma halları bir qədər də artacaq. Görünür, bizdə bir çox məmurlar müstəqil qərar qəbul etməkdə bir o qədər də fəal deyillər. Gərək hər şeyə cənab prezident münasibət bildirə.

Biz bunu dəfələrlə həll olunmayan problemlır zamanı hiss etmişik. Necə ki, bir neçə gün bundan əvvəl 18 şəhidin məzarı su içindəydi, heç bir aidiyyəti qurum problemi həll eləmirdi. Cənab prezident bir neçə saatın içində problemi yoluna qoydu. Əgər bütün işləri cənab prezident həll edəcəksə, onda digər dövlət qurumları nə işlə məşğuldular?!

TƏQVİM / ARXİV