adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: QAZİLƏRƏ ZÜLMÜ ALLAH GÖTÜRMƏZ

FAİQ QİSMƏTOĞLU
57134 | 2021-02-23 11:56

O insanlar ki, dövlət, vətən, xalq uğrunda döyüşə atılır, şəhid olur, qalib olur, qazi olur, biz onları gözümüzün üstündə saxlamalıyıq. Əgər onları gözümüzün üstündə saxlamasaq, bizim gözlərimiz kor olar, dilimiz lal olar, qulağımız kar olar. Ən azından ona görə ki, o şəhidlərin, o qazilərin, o qaliblərin qanı töküldüyü torpağın üstündə biz rahat yaşayırıq, gəzirik və işləyirik.

Əgər o şəhidlər, o qazilər, o qaliblər olmasaydı, bu gün yekə-yekə danışan və onlara qarşı ədalətsizlik edən vəzifə sahibləri rahat isti otağında kresloda əyləşib kef eləyə bilməzdilər. Hətta bəziləri irəli gedərək bu gün də köhnə adətlərindən əl çəkmir, insanları incidir, pul almamış kiminsə məsələsini həll etmək istəmirlər.

Bu cür vəzifəli şəxslər heç cürə başa düşmək istəmirlər ki, o şəhidlər, o qazilər vətən qarşısında öz borclarını əbədi olaraq yerinə yetiriblər. Amma vəzifə kreslosunda əyləşən bir nazir, bir icra başçısı varmı ki, onun övladı ya şəhid olsun, ya da iki ayağını, iki gözünü və ən azından bir ayağını itirsin. Bəlkə var, biz bilmirik! Əgər varsa, deyin, qoy bu xalq, bu millət bilsin. 

Insanın dərdi olmasa, kədəri olmasa, aclıqdan, yalavaclıqdan çətinlik çəkməsə, heç vaxt dərdli adamı başa düşməz. Və bizim də məmləkətdə vəzifə  kreslosunda əyləşən bəzi məmurların bu dərddən, bu kədərdən, bu sıxıntıdan xəbərləri yoxdur. Xəbərləri yoxdur ona görə deyirik ki, ən azından nəslində bir şəhidi olan, bir qazisi olan adam yaxşı bilir ki, onların ata-anası, doğmaları hansı əzab-əziyyəti yaşayır.

Şəhidlər və qazilər bu vətəni heç kimin boynuna minnət qoymadan müdafiə etdilər. Bu, Azərbaycanın müstəqilliyi və azadlığı yolunda gedən mücadilədə də belə olub, Birinci və İkinci Qarabağ savaşında da. Onlar getdilər və 30 il çiynimizdə olan ağır yükü götürdülər. Və işğal altında olan torpaqlarımızı yağılardan təmizlədilər. Eşq olsun o şəhdlərə və o qazilərə!

Amma bu gün ürək ağrısıyla bir faktı xatırlatmalıyıq ki, şəhid ailələrinə və qazilərə heç də vəzifəli adamların hamısı yetərincə qayğı və diqqət göstərmir. Məsələn, bu günlərdə rayonlardan birindən gələn qazi iki çəliklə güclə bizim redaksiyaya qalxmışdı. O, icra başçısının haqsızlığından, ona olan laqeyd münasibətindən yana-yana danışırdı. Deyirdi ki, mən ağır yaralanmışam, bədənimdə çoxlu qəlpə var, işləyə də bilmirəm. 4 sot torpaq istəyirəm ki, orda balaca bir dükan açım, balalarımı  dolandırım. Amma icra başçısı bələdiyyənin üstünə göndərir, bələdiyyə də başımın altına yastıq qoyaraq məni aldadır. Hansı ki, heç bir xidməti olmayan adamlara 4 sot torpaq çox asanlıqla verilir. Çünki onların pulları var. Mənim isə pulum yoxdur. Bir canım vardı, onu da vətən yolunda qoymuşam. Ermənilərin gülləsinin, topunun mərmisinin yeri məni bir o qədər də incitmir. Məni ağrıdan və yandıran vəzifəli şəxslərin yalanları və boş vədləridir.  Həmin qazi bu sözləri deyib hönkür-hönkür ağlayırdı.

Ümumiyyətlə, bu gün yaralı qazilərə əlillik dərəcəsinin verilməsində də çox böyük bir haqsızlıq, ədalətsizlik və özbaşınalıq var. Məsələn, ayağını itirən qaziyə həkim-tibb komissiyası ikinci dərəcə deyil, üçüncü dərəcəli əllik statusu verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıbov bildirir ki, Nazirlər Kabinetinin məlum qərarı əsasında əlillik dərəcəsi müəyyənləşdirilir. Dizdən yuxarı ayaq kəsilibsə, ona ikinci dərəcə, dizdən aşağı kəsilibsə, üçüncü dərəcə verilir.

Çox qəribə bir cavabdır. Bu adam Vətən yolunda ayağını itirb ey! Əgər dizdən yuxarı və dizdən aşağı ayaq yoxdursa, deməli,  bu adam mütləq ikinci dərəcəli əlillik statusu almalıdır. Nazirlik zəhmət çəkib Nazirlər Kabinetinə müraciət etməlidir və Nazirlər Kabineti də o qərarda dəyişikliklər etməlidir. Bu gün onlarla İkinci Qarabağ Savaşının qazisini tanıyıram ki, onların ayaqları dizdən aşağı kəsilib. Indi bu yazıqlar nə günah eləyiblər, vətən uğrunda döyüşüb ayağını itiriblər də. Əgər ayaq yoxdusa, deməli, həmin insan yeriməkdə, işləməkdə çətinlik çəkəcək. Üstəlik də ikinci dərəcə ilə üçüncü dərəcənin arasında xeyli pul fərqi var. Niyə canını vətən yolunda qoymuş qazi öz halal haqqını almamalı, həftələrlə, aylarla həkim-tibb ekspertizalarının qarşısında  süründürülməlidir?! Bu gün elə adam var heç xəstə deyil, amma müxtəlif yollarla  əlillik dərəcəsi alıb. Özü də üçüncü dərəcə yox ha, birinci və ikinci dərəcə. Son vaxtlar nazirlik tərəfindən yüzlərlə belə saxta əlillik dərəcəsi almış insanlar aşkarlanıb.

Bu vətən, bu torpaq, bu dövlət üçün canlarını qurban verib qazi olanların öz halal haqları özlərinə qaytarılmalıdır. Axı heç kim bilməsə də, onları müayinədən keçirən həkim-tibb komissiyaları və həmin komissiyanın üzvləri çox yaxşı bilirlər ki, ayağı itirmək nə deməkdir. Onlar ayaqlarını istehsalat prosesində yox ey, torpaqlarımızı erməni işğalından azad edərkən itiriblər. Və bir də istehsalat prosesində ayağını itirən insanlar da yazıq deyilmi?

Ümumiyyətlə, bizim fikrimizcə, bu məsələyə tezliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aydınlıq gətirilməli, yaranmış mövcud nöqsan aradan qaldırılmalı, ayağını itirən qazilərə  ikinci dərəcəli əlillik statusu verilməlidir. Bu işin ləngidilməsi və ayağını itirən qazilərin incidilməsi “beşinci kalona” xidmət etmək deməkdir. Eyni zamanda, bu cür hərəkətlərlə bəzi məmurlar bilərəkdən o qaziləri hökumətdən və dövlətdən narazı salmaq istəyirlər.

Ona görə də bir daha aidiyyəti  qurumlar zəhmət çəkib qazilərlə bağlı bu problemi tezliklə yoluna qoymalıdır ki, söz-söhbətlər uzanmasın və narazıların sayı çoxalmasın. Əgər bu addımlar vaxtında atılmasa, söz-söhbətlər də böyüyəcək, qazilər də dövlət qurumlarının ədalətsiz mövqeyindən haqlı narazılıq eləyəcəklər.

Və bir də dövlət qurumları fikirləşməlidir ki, hələ müharibə başa çatmayıb və o qazilər bu vətən, bu xalq üçün bundan sonra lazım gələrsə, o biri ayaqlarını da qurban verə bilərlər. Bunu vəzifəli şəxslər başa düşməli və anlamalıdılar. Başa düşüb anlamırlarsa, narazılıqları yaratdıqlarına görə, həm dövlət tərəfindən cəzalarını alacaqlar, həm də Allah tərəfindən. Bunun geci-tezi var...

TƏQVİM / ARXİV