SON DƏQİQƏ:

Xocalı uğruna qurban gedən 6 Milli Qəhrəman: müəllim, polis, hərbçi, traktorçu, fəhlə...

  45819   |  
Şriftin ölçüsü  

Bilmirəm, məqaləyə hansı sözlə başlayım? Qana bələnmiş qar deyimmi, qanına bələnmiş çarəsiz insanlarmı deyim, qan yaddaşımızmı deyim , nə deyim, hansı ifadəni işlədim ki, faciənin miqyasını, ağırlığını, acısını ortaya qoyum. Məndən əvvəldə həmkarlarım bu mövzuda kifayət qədər məqalə və bədii əsərlər yazıb. Çoxunu oxumuşam. Amma Xocalını bir cümləyə sığdıra biləcək ifadəni tapmaq heç kimə müyəssər olmayıb. Nəsə mən də yeni bir şoz, bir fikir kəşf edə bilmədim... O zaman keçək xatırlatmaya:

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. O müddətdə erməni ordusuna və 366 –cı motoatıcı alaya, üstəgəl rayonu mühasirəyə almış dövrün ənmüasir hərbi texnikasına qarşı adi avtomatla döyüşən igidlərin hesabına əhali tamamilə qırılmaqda qurtuldu. Bu gün Azərbaycanın Milli Qəhrəmanı adi ilə təltif olunmuş (ölümündən sonra) o igidlərin bir bir qismini ehtiramla xatırlamaq yerinə düşər.

Müəllimlikdən qəhrəmanlığa

Ələsgər Xanlar oğlu Novruzov 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində doğulub. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1968-70-ci illərdə Ermənistanın Leninakan şəhərində hərbi xidmətdə olub. Şuşa Pedaqoji Texnikumunu 1973-cü ildə bitirərək, öz kəndlərindəki məktəbdə bədən tərbiyəsi müəllimi kimi fəaliyyətə başlayır. 1979-cu ildə isə Xocalı şəhərinə köçür və 1 saylı məktəbdəişini davam etdirir.

1988-ci il hadisələri başlayanda gizli şəkildə yaradılmış Xocalının Müdafiə Şurasının ilk beş üzvündən biri də Ələsgər müəllim elan edilməmiş müharibə qızışdıqca, ermənilər azğınlaşdıqca onlara qarşı keçirilən əks-əməliyyatlarda həmişə fərqlənmiş, demək olar ki, ən cəsur döyüşçülərdən biri olmuşdur. O, 30-40 nəfərlik silahlı dəstəyə başçılıq edirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə... Ələsgər həmişəki kimi yenə də öz döyüşçüləri ilə postda idi. Ermənilər onun rəhbərlik etdiyi dəstənin tutduğu mövqeyə nə qədər mərmi yağdırsa da, onlar postu təslim etmədilər. Düşmən cəsur döyüşçünü böyük çətinliklə əsir götürür, o, Xankəndində min bir işgəncə ilə qətlə yetirilir. Doğma kəndi Kürdhacıda dəfn edilir Ölümündən sonra Məhəmməd Əsədov adına mükafata layiq görülür..
Ailəli idi. Üç övladı həyatda yadigar qalıb.

 

Qarabağın cəngavəri

 

Əlif Lətif oğlu Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində dünyaya gəlib.1970-ci ildə orta məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb. 1973-cü ildə Minsk şəhərində hərbi xidmətini başa vurduqdan sonra, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyib. 1976-cı ildə keçmiş SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub və 1979-cu ildə həmin məktəbi bitirib. 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirib. O gənclik illərindən başlayaraq erməni şovinizmini anlayır və mübarizəyə başlayır. Ermənilər onu zərərsizləşdirmək üçün üstünə şər atıb tutdururlar. Amma 1987-ci ildə Əlifin məhkəmə işinə yenidən baxılaraq 10 il həbs cəzası 6 ilə endirilir. Bir az sonra isə o, tam bəraət alaraq azadlığa buraxılır.

Əlif Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini davam etdirir. O, dekabr ayında daxili işlər orqanlarına qəbul olunaraq Xocalı Təyyarə Limanı Xətt Daxili İşlər Bölməsinə rəis təyin edildi. Əlif, eyni zamanda, Xocalı Aeroportunun komendantı idi. Əlif Hacıyev düşmənin nə qədər güclü olmasına baxmayaraq təslim olmur, onlarla cəngavər kimi vuruşur, dinc əhalinin təhlükəsiz yerə çıxarmaqdan ötrü misilsiz qəhrəmanlıq göstərirdi. Faciə günü xain düşmən gülləsi Qarabağ cəngavərinin vətən sevgisi ilə döyünən ürəyini də susdurdu, o, şəhidlik mərtəbəsinə yüksəldi. Ölümündən bir neçə gün sonra Əlifin tabutunu Bakıya gətirib Şəhidlər Xiyabanında dəfn etdilər.

 

Xocalının “Mixaylo” su

 

Tofiq Mirsiyab oğlu Hüseynov 19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulub. 1961-ci ildə burada birinci sinfə gedib və 1971-ci ildə onuncu sinfi bitirib. Ağdam şəhərindəki Kənd Təsərrüfatı Texnikumunun mexanizasiya fakültəsini bitirdikdən sonra, 1974-cü ildə Sovet Ordusu sıralarına çağırılıb. 1976-cı ildə hərbi xidmətini Qazaxıstan Respublikasının Alma-Ata şəhərində başa vurub. Sonra, Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi əmək fəaliyyətinə başlayır.

Məktəbdə işlədiyi müddətdə kapitan rütbəsinəcən yüksəlib. 1991-ci ildə Xocalı ərazi özünümüdafiə batalyonunun təşkilatçılarından biri kimi o, taborun komandiri təyin edilir. Meşəli kəndi uğrunda gedən döyüşdə onun taboru onlarla erməni yaraqlısını məhv etməyə müvəffəq olub. O, rayonda “Mixaylo” ləqəbi ilə tanınırdı. Ermənilər Naragux kəndindən tez-tez Xocalını top atəşinə tuturdu. O, düşmənin bu strateji top-batareya nöqtəsini susdurdu. Onun dönməz səyi nəticəsində Mehdikənd kəndinin fermasında yerləşən erməni quldurlarının artilleriyası, “Alazan” qurğusu sıradan çıxarıldı, ferma darmadağın edildi. Bununla yanaşı, on nəfər erməni yaraqlısı əsir götürüldü. Bu əməliyyata görə Tofiq Hüseynova mayor rütbəsi verildi. O, canlı qüvvə və texnika cəhətdən qat-qat üstün olan düşmənlə qeyri-bərabər döyüşdə axırıncı gülləsinə qədər vuruşaraq, əsir düşməmək üçün qumbaranı sinəsinə sıxdı və özü ilə bərabər ona yaxın erməni yaraqlısını da məhv etdi. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edildi. Ailəli idi. Üç övladı var.

 

Cəsur pulemyotçu

 

Səlimov Araz Bahadur oğlu 1 iyun 1960-cı ildə Xocalı şəhərində doğulub. 1975-ci ildə burada orta məktəbin səkkizinci sinifini bitirib. Sonra texniki-peşə məktəbində traktorçu peşəsinə yiyələnib.1978-ci ildə Sovet Ordusu sıralarında-Çelyabinsk vilayətində hərbi xidmət edir. 1980-ci ildə ordudan tərxis olunduqdan sonra Xocalıya qayıdır və burada südçülük –tərəvəzçilik savxozunda traktorçu işləyir.
1990-cı ildə könüllü olaraq Xocalı özünümüdafiə batalyonuna yazılır. Araz ilk gündən öz cəsarəti ilə fərqlənir, bir pulemyotçu kimi erməni təxribatlarına layiqincə cavab verirdi. Erməni yaraqlıları izinə düşərək onu, qardaşı Fəxrəddinlə birlikdə Əsgəranda vəhşicəsinə qətlə yetirirlər.

Xocalı faciəsi zamanı bu ailədən üç nəfər –ata və iki oğul şəhid olub. Ağdam şəhərində Şəhidlər Xiyabanında dəfn ediliblər. Evliydi. Bir oğlu, iki qızı var.

 

Rus polkovniki əsir alan igid

 

Aqil Sahib oğlu Quliyev 1963-cü ilin sentyabrın 19-da Ermənistanın Sisyan rayonunun Urud kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirib. Azərbaycan Neft Akademiyasının axşam şöbəsinə daxil olub. Üçüncü kursdan hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra 1985-ci ildə Xarkov Ali Milis məktəbinə daxil olub. Məktəbi fərqlənmə ilə bitirdikdən sonra 1988-ci ildə Milli Ordu qərargahına gələrək hərbi xidmətə yazılıb.

O, həmin il Qarabağ müharibəsi başlanmasını Xarkovda eşitdikdən sonra, körpə qızını götürüb Bakıya qayıtdı. 1992-ci il fevralın əvvəllərində Aqil Quliyevin rəhbərliyi ilə 366-cı motoatıcı alayın altı BMP-si heyət üzvləri ilə birlikdə girov götürülür. Heyətin sırasında bir rus polkovniki də olur. Fevralın 18-də o, qız-gəlinləri Xocalıdan çıxarmaq üçün 11 nəfər döyüşçüsünü götürüb, mühasirəni yarmaq üçün erməni postuna yaxınlaşır. Postda erməni quldurlarına göz açmağa imkan verməyib 21 nəfərini öldürürlər. Döyüş yoldaşı İlqar Musayevə güllə dəyir və Aqil onu təhlükəsiz yerə aparmaq istəyərkən, güllə onun qıçlarına da dəyir. Onun təcili cərrahiyyə əməliyyatına ehtiyac vardı. 1992-ci il fevralın 25-də, döyüş yoldaşları Quliyevi xərəyə qoyub Xocalı soyqırımından xilas etmək üçün çalışırdılar. Növbə ilə onu Kətik kəndinin yanına qədər gətirib çıxardılar. Lakin ermənilərin pusqusuna düşdülər. A.Quliyev də, onu aparanların hamısı həlak oldu. İgid komandirin meyitini beş gün sonra martın 2-də hadisə yerindən götürmək mümkün oldu. 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

 

“Qızıl ulduz”lu döyüşçü

 

Füzuli Salah oğluRüstəmov 25 dekabr 1965-ci ildə Tərtər rayonunun Hüsənli kəndində anadan olub. Ata-anasını erkən itirb. 1978-ci ildən Xocalıda babası Kərimin və nənəsi Tamaşanın himayəsində yaşayıb, burada da səkkizillik məktəbi bitirib. 1983-cü ildə Sovet ordusu sıralarına hərbi xidmətə çağırıldı. Füzuli hərbi xidməti tamamladıqdan sonra Xocalıya qayıdır. O, əvvəlcə Xocalı Üzümçülük Sovxozunda, 1990-cı ildən isə toxuculuq fabrikində işləyir. Münaqişə başlayanda Füzuli camaatını müdafiəyə çalışır. 1989-cu ilin iyun ayında kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıdır. Bunun üçün ona 4 ay həbs cəzası verirlər. 1990-cı ildə erməni yaraqlılarının Xankəndinə girişinin qarşısını almaq üçün Xocalı aeroportunu partlatmaq üçün 4 nəfərdən ibarət qrup yaradıldı. Qrupun tərkibində Füzuli də var idi. Əməliyyat uğurla başa çatdırılır.

Füzuli Rüstəmov Xocalı özünümüdafiə dəstəsi yaradılanda əvvəlcə həmin dəstədə, sonra isə hərbi batalyonda xidmətini davam etdirir. Faciə zamanı o, üç dəfə Xocalıya girib, qadın, uşaq və yaralıları təhlükəsiz yerə çıxarır. Ölümün pəncəsindən neçə-neçə insanı xilas edən Füzuli Rüstəmov özü düşmən gülləsinə tuş gəlir.

“Qızıl ulduz” medalını bacısı Füqurə Rüstəmovaya təqdim edilib.
O, Tərtər rayonunun Həsənli kəndində dəfn edilib.

 

Son olaraq: Zənnimcə, “Xocalıya ədalət!” çağrışı o vaxt həqiqi çağrış olacaq ki, Xocalı tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçəcək, köçkün sahibləri yenə öz yurdlarına dönəcək, 29 ildir sinəsi vətən həsrəti ilə yara bağlayan dirilərin qəlbi, Xocalı yolunda qurban getmişlərin narahat ruhları şad olacaq. Bəli o vaxt “Xocalıya ədalət!” deyə dünyaya bağırmaq lazımdı. Özümüz erməniyə həddlərini bildirməsək, dünya Xocalı faciəsini, Xocalı soyqırımını görməzdən gələcək! Necə ki, 29 ildir dünya “Xocalıya ədalət!” çağdışını vecinə almır!

Ümid sənədir, ancaq, Azərbaycan Əsgəri!

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-20
2021-04-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 17, 15, 13, 10, 08, 06, 03, 01,
March: 30, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK